Müəllif: Fasim ƏLİZADƏ
Son onillər ərzində Azərbaycan Hökuməti özəl bölmənin, həmçinin qeyri-neft sektoru sahələrinin inkişafında çox addımlar atıb və əhəmiyyəti nəticələr əldə edib. Ölkədə aparılan islahatlar müəssisələrin mülkiyyət formasını dövlətdən özələ keçirməyə imkan verib - ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) 80%-i özəl sektorun payına düşür.
Lisenziyaların alınmasında köklü islahatlar, müxtəlif dövlət qurumları tərəfindən yoxlamaların aparılmasına iki il müddətinə qadağa qoyulması iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına təkan verdi və onların ÜDM-dəki payı 40%-dən 70%-ə qədər artdı.
Lakin hələ də qeyri-neft sektoru məhsullarının ixracında vəziyyət arzuolunan səviyyədə deyil. Ölkə ÜDM-ində qeyri-neft sektorunun payı 70%-ə çatdığı halda, 2016-cı ilin yekunlarına görə, onların ixracda payı 15%-i keçməyib.
İxracın stimullaşdırılması üzrə tədbirlər
Son illərdə ölkənin iqtisadi bloku tərəfindən sahibkarlığın dəstəklənməsi və ixracın artırılması istiqamətində görülən tədbirlərin sayı yüzlərlə ölçülür. Cari ilin beş ayının yekunları Azərbaycan Hökumətinin sahibkarlığın inkişafında və ölkə ixracının stimullaşdırılmasında fəaliyyətinin ilk nəticələrini göstərir.
«İlin əvvəlindən «Made in Azerbaijan» brendinin populyarlaşması üzrə tədbirlər hesabına ümumi ixracatı 44%, qeyri-neft ixracatını 22%, kənd təsərrüfatı məhsullarının ixracatını isə 40% artırmaq mümkün olub», - deyə İqtisadiyyat nazirinin müavini Sahil Babayev «Şərq tərəfdaşlığı: ticarətə hazır ol» layihəsinin təqdimatının gedişində bildirib.
Onun sözlərinə görə, qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir qisminin geri qaytarılması proqramı üzrə Azərbaycan ixracatçılarına altı ay ərzində 1,3 milyon manat qaytarılıb. «Qeyri-neft məhsullarının ixracının təşviqi mexanizmləri çərçivəsində dövlət ixracatçılara onların xərclərinin bir hissəsini qaytarır, məhsulun gömrük dəyərinin 3-6%-ni ödəyir», - deyə nazir müavini bildirib.
Mövcud 11 iqlim qurşağından 9-nun buradan keçməsi nəzərə alınarsa, Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun məhsullarının ixracı üçün potensial böyükdür. Ölkədə kiçik və orta sahibkarlığı (KOS) inkişaf etdirən zaman hansı bazarlara hansı məhsulları göndərməyin mümkün olduğunu müəyyən etmək vacibdir. Avropa Birliyinin «Şərq tərəfdaşlığı: ticarətə hazır ol» layihəsi çərçivəsində Beynəlxalq Ticarət Mərkəzinin (BTM) ekspertləri Azərbaycanda kiçik və orta biznes sahibkarları və fəaliyyətdə olan assosiasiyalarla iş aparacaqlar. BTM-in əsas məqsədi Azərbaycan sahibkarlarının məhsullarının Avropa Birliyinə ixracına dəstək verməkdir. BTM, o cümlədən kiçik və orta biznesə məhsullarının rəqabət qabiliyyətinin artırılmasında və beynəlxalq bazarlara çıxarılmasında yardım edir. Bu zaman KOS-lara treninqlər, informasiya təminatı, beynəlxalq ekspertlərin cəlbi ilə dəstək verilir, bu isə məhsuldarılığın artırılmasında, məhsulun keyfiyyətinin, dizaynının yaxşılaşdırılmasında yardımçı olur. KOS-lara, həmçinin beynəlxalq sərgilərdə iştirak üçün kömək edilir.
KOS-ların məhsullarının ixracının stimullaşdırılması üzrə BTM-lə əməkdaşlıq beş istiqaməti əhatə edəcək. Birinci istiqamət, məqsədlərin müəyyən edilməsi və bazarların təhlilidir. İkinci istiqamət KOS-ların məhsullarının rəqabət qabiliyyətinin artırılması ilə bağlıdır. Üçüncü istiqamət KOS-lara dəstək verən təşkilatların (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ixrac assosiasiyalarının və yeni yaradılmış KOS Agentliyinin) potensialının artırılmasını nəzərdə tutur. Dördüncü istiqamət, sahibkarların maliyyə resurslarına çıxışının artırılmasıdır. Nəhayət, beşinci istiqamət kiçik və orta biznesin beynəlxalq elektron kommersiya platformasının qlobal dəyər şəbəkəsinə inteqrasiyasıdır.
Sahibkarların maraqlarının daşıyıcıları
Azərbaycan hökuməti qeyri-neft sektorunun potensialının inkişafı məsələsində yalnız beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulmasına əsaslanmaqla qalmır. Həm də Azərbaycan istehsalçıları məhsullarının ixracının artırılması məsələsində xarici ölkələrdə açılan ticarət nümayəndəliklərinə və ticarət evlərinə böyük ümidlər bağlayırlar. Azərbaycanın işgüzar dairələri bu sahədə öz yerlərini tutmaq imkanına malikdirlər. Xarici ölkələrdə ticarət nümayəndəliklərinin yaradılmasında əsas məqsəd, ölkə məhsullarının satışının təşkili, sərmayə cəlbi məqsədi ilə Azərbaycanın təbliği və Azərbaycan sahibkarlarının maraqlarının qorunmasıdır. Amma əgər Azərbaycanın məhsul ixracatçıları ilə əlaqələr qurulmasa və dialoq nəticəsində ixracın önündə hansı maneələrin durduğu müəyyən edilməsə, ticarət nümayəndəliklərinin yaradılması üzrə addımlar səmərəsiz olacaq.
İyulun 7-də Bakı Biznes Mərkəzində «İxracatçılar klubu"nun növbəti iclasında Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin ticarət nümayəndəlikləri başçılarının təqdimatı keçirilib. Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev çıxış edərək bildirib ki, Azərbaycan məhsullarının bu ölkəyə ixracının özəlliyi daşınma məsələsinin həlli ilə bağlıdır, çünki Rusiyadan fərqli olaraq, iki ölkə arasında ümumi sərhədlər yoxdur. Bununla yanaşı, Əmirliklər bazarı Azərbaycan məhsullarının yalnız bu ölkənin deyil, həm də Fars körfəzinin kənd təsərrüfatı məhsullarının ən iri ixracatçıları sayılan digər ölkələrinin bazarlarına çıxışını asanlaşdıracaq.
«Buna görə, Azərbaycan bu bazarda öz yerini tutmaqla yanaşı, istehsal proseslərinin bir hissəsini BƏƏ-yə keçirməklə, Azərbaycan məhsullarının digər ərəb ölkələrinə və Afrikanın bir sıra ölkələrinə də ixracını təşkil edə bilər», - deyə Elnur Əliyev bildirib.
BƏƏ və Çin ticarət nümayəndələrinin çıxışları sahibkarlarda maraq oyatdı, çünki ənənəvi Rusiya bazarından fərqli olaraq, hər iki ölkə Azərbaycan KOS-larının ixracının artırılması üçün yeni perspektivlər açır. Azərbaycanın işgüzar dairələri tərəfindən yeni bazarların öyrənilməsinin perspektivli olmasını keçirilmiş ixrac missiyalarının və sərgilərin ilk nəticələri sübut edir, bunlardan sonra Çinə şərab, BƏƏ və digər ölkələrə ərzaq məhsulları ixracı başlayıb. 2017-ci ilin sonuna kimi ixrac missiyaları Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Avropaya, həmçinin, artıq ixrac əməliyyatları gerçəkləşdirilən Qətər, Qazaxıstan, Almaniya, Əfqanıstan və Pakistana göndəriləcək.
AZPROMO prezidenti Rüfət Məmmədov qeyd edib ki, ixrac missiyasının və sərgilərin gedişində milli stendlər təşkil edilir, orada dövlət məhsulun daşınması və bir təmsilçisinin bunda iştirakı ilə bağlı bütün xərcləri öz üzərinə götürür. Ancaq AZPROMO bütün sərgiləri əhatə edib qatıla bilməz. Yalnız cari il müxtəlif ölkələrdə belə tədbirlərin sayı 250-yə çatır və dövlət bu sərgilərdə özü iştirak etməyə qərar vermiş ixracatçılar üçün xərclərin 30%-ə qədərini ($5 mindən çox olmayaraq) ödəməyə hazırdır.
Rəqəmsal ticarət qovşağı
Ancaq Azərbaycan KOS-ları öz xarici ticarət fəaliyyətlərini ölkə sərhədlərini tərk etmədən də inkişaf etdirə bilər, buna Rəqəmsal Ticarət Qovşağı (RTQ) imkan yaradacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Şimal-Cənub və Şərq - Qərb dəhlizlərinin kəsişməsində yerləşən RTQ keyfiyyətcə yeni rol müəyyən edir. Onun yaradılmasında Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübələri istifadə edilib.
"Faktiki olaraq Azərbaycan müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Onun yaradılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların tərkib hissəsidir", - deyə Qasımlı vurğulayıb.
Onun sözlərinə görə, 2016-cı ildə RTQ-nı işə salmış Böyük Britaniyadan sonra Azərbaycan ikinci ölkədir ki, yalnız yerli sahibkarlara deyil, xarici sahibkarlara da ölkə ərazisində xarici ticarət fəaliyyəti ilə məşğul olmağa şərait yaradır. Bununla da Azərbaycan faktiki olaraq bütün sərhədləri silərək, dünya iqtisadiyyatı üçün açılır ki, bu da ölkəyə xarici sərmayə cəlbinə imkan yaradacaq.
Azexport.az layihəsinin rəhbəri Zaur Qardaşov bildirib ki, RTQ-nin işi azexport.az portalı çərçivəsində gerçəkləşdiriləcək. RTQ qeyri-rezidentlərə elektron kisədən və elektron imzadan istifadə etməyə imkan yaradacaq. «Bu, qeyri-rezidentlərə Azərbaycanda müəssisə açmağa, ixrac-idxal əməliyyatları yerinə yetirməyə, bank hesabları aparmağa, işçi götürüb, azad etməyə, həmçinin başqa əməliyyatlar yerinə yetirməyə imkan yaradacaq», - deyə o bildirib.
Başqa sözlə, xarici vətəndaşlar Azərbaycan səfirliklərinə və konsulluqlarına gələrək, "ASAN imza" almaq üçün fiziki identifikasiyadan keçməklə, bizim ölkədə idxal-ixrac əməliyyatları gerçəkləşdirə bilərlər.
Öz növbəsində, Azərbaycan KOS-ları öz məhsullarını yerləşdirərək, təklif etmək üçün virtual mağaza yaratmaq imkanı əldə edəcəklər. Yeri gəlmişkən, azexport.az portalının işə başlamasından keçən altı ay ərzində xarici sərmayəçilər tərəfindən $200 mln.-dan yüksək məbləğ sifariş verilib, bunun yalnız $65 mln.-u iyun ayına düşüb. Azərbaycan məhsullarına sifarişlər həm Rusiya, Ukrayna, Türkiyə, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ kimi ənənəvi bazarlardan, həm də Benin, Nigeriya, Toqo kimi yeni bazarlardan gəlib. İyun ayında bu ölkələrə Kolumbiya və Maldiv də qoşuldu, İsveç isə iri partiya qənnadı məhsullar sifariş verdi.
Gördüyümüz kimi, Azərbaycan Hökuməti qeyri-neft sektoru sahələrinin ixracının stimullaşdırılması yolunda təşkilati xarakterli, təbliğ və reklam istiqamətli addımlar atır, həmçinin çağdaş informasiya kommunikasiyalarından istifadə edir. Qeyri-neft sektoru ixracında uğurlu nəticə əldə etmək üçün heç zaman templəri azaltmaq olmaz, «Made in Azerbaijan» milli brendinin inkişafı üzrə işləri davam etdirmək və Azərbaycan malları üçün yeni bazarlar axtarmaq lazımdır. Qeyri-neft sektoru məhsullarının ixracında dayanıqlı artım milli iqtisadiyyatın çiçəklənməsinin və ölkə əhalisinin rifahının artırılmasının təminatçısıdır.
MƏSLƏHƏT GÖR: