Müəllif: Elya ƏNVƏRLİ
Azərbaycanın Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov 31 ildir İstanbulda yaşayır və Opera Teatrında işləyir. Bu illər ərzində o, 30-dan çox tamaşa qoyub. Mərhum bəstəkar professor Zakir Bağırovun oğludur, o, əvvəlcə skripka çalmaq öyrənib və Konservatoriyanı skripka sinfi üzrə bitirib. O, həmişə orkestri sevib. Hələ 14 yaşından orkestrlə birlikdə skripkada ispan bəstəkarı Lalonun konsertini ifa edib. Onaltı yaşında isə seçimlərdən keçərək orkestrin üzvü olub.
Bakıya növbəti səfəri zamanı dirijor «R+»un müxbiri ilə görüşüb. Bizimlə müsahibəsində maestro İstanbul Teatrındakı işi və ailəsi haqqında danışıb.
- Maestro, Bakı Konservatoriyasından sonra harada oxumusunuz?
- Moskvaya getdim və dirijorluq fakültəsinin tələbələri ilə tanış oldum. Onlar danışdıqları əhvalatlarla məndə maraq oyatdılar. Və sonra məndə dirijor olmaq istəyi yarandı. Amma daha əvvəllər də bu peşə xoşuma gəlirdi, axı mən dahi dirijor Niyazinin rəhbərliyi altında ifa etmiş və onun sənətinin sehrinə düşmüşdüm.
Sonra, Leninqrad Konservatoriyasında opera və simfonik dirijorluğu fakültəsində Latviyadan olan tanınmış sovet dirijoru və skripkaçısı, SSRİ Xalq Artisti Arvid Yansonsun sinfinə daxil oldum. Bu, möhtəşəm bir məktəb idi. Daha sonra Leninqrad Konservatoriyasının təyinatı ilə Moskvaya getdim və Böyük Teatrda 4 il çalışdım. Qurultaylar Sarayında tamaşalar və konsertlər zamanı dirijorluq edirdim. Bu işimlə yanaşı, kinematoqrafiyada orkestrə dirijoluq edirdim. Mən filmlər üçün çox musiqi yazmışam.
- Sonra İstanbula getdiniz?..
- Məni SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Türkiyəyə göndərdilər, bu günə kimi orada işləyrəm. İş qrafikim çox gərgindir. Mövsüm ərzində 3 və ya 4 yeni əsər tamaşaya qoyuram. Azərbaycan tamaşalarından «İldırımlı yollarla», «Məhəbbət əfsanəsi» əsərlərini səhnəyə qoymuşam. Özü də yeni əsərləri əvvəlcə dinləyirik, sonra əsəri notlarla öyrənməyə başlayırıq. «İldırımlı yollarla» baletinin musiqisini dinlədikdən sonra, mənə baletə yeni libretto yazmaq təklif edildi. Və iş prosesində biz baletin yeni məzmununa uyğun olaraq, musiqi nömrələrinin yerini dəyişməli olduq.
- Yəqin ki, sizi musiqiçilər nəsli adlandırmaq olar. Mümkünsə, bir qədər ailəniz haqqında məlumat verərdiniz...
- Həyat yoldaşım - pianoçu Züleyxa Qarayeva dahi bəstəkar Qara Qarayevin qızıdır. O, İstanbul Dövlət Texniki Universiteti yanında Türk Klassik Musiqisi Dövlət Konservatoriyasının «İspirtohane» Mədəniyyət və Sənət Mərkəzinin fortepiano şöbəsinin müdiridir. Mən nə deyə bilərəm - o, dəyərli milli və beynəlxalq musiqi-mədəniyyət ənənələrinin davamçısı, Azərbaycan musiqisinin ilhamlı və yorulmaz təbliğatçısı, maarifçi və fədakardır.
Bizim bir oğlumuz var, İstanbulda Konservatoriyanı bitirdi. Berklidə caz məktəbinə daxil oldu. Üç il oxudu və bitirincə, mükafat qazandı. Sonra Nyu York Universitetinin aspiranturasında təhsil aldı. İndi Vaşinqtonda yaşayır, caz dərsi keçir, peşəcə diplomat olan bir azərbaycanlı qızla evlənib.
- ...Və sizin oğlunuz - professor Zülfüqar Bağırov da Azərbaycan musiqisini təbliğ edir...
- Bəli. Bu yaxınlarda ABŞ-da onun "Qarabağ" diski nəşr edilib, diskdə o, dahi Üzeyir Hacıbəyovun, Qara Qarayevin, atam Zakir Bağırovun caz interpretasiyasında işlədiyi musiqilərinə yer verib. Bunu bilmək çox gözəl və qürurvericidir ki, Azərbaycandan kənarda yaşamasına - əvvəlcə oxumasına, sonra da işləməsinə baxmayaraq, o, milli mədəniyyətimizi və ənənələrimizi mənimsəyib, daha çox insanın bilməsi üçün onları təşviq etməyə çalışır.
- Sizin bacınız da musiqiçidir?
- O, konservatoriyada musiqi nəzəriyyəsi dərsi keçirdi, Leyla xanım indi işləmir, nəvələri ilə məşğuldur. Onun oğlu rəssamdır, atası - Azərbaycanın Əməkdar rəssamı Arif Əbdürrəhmanov kimi.
- Hörmətli atanız barədə məlumat verin...
- Atam - Zakir Bağırov ötən əsrin 1950-ci illərinin əvvəllərindən Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib. 1970-ci ildən Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub. Musiqili mühitdə böyüyüb, sonradan musiqiçi olmamaq nadir hallarda baş verir. Musiqi məni hər tərəfdən əhatəyə almışdı. Burada heç bir təəccüblü iş yox idi. Zakir Bağırov "Aygün" və "Qoca Xottabıç" operalarının, "Kəndimizin mahnısı" və "Qayınana" operettalarının, Xalq Çalğı Alətləri Orkestri üçün suitanın, fortepiano və orkestr üçün konsertin, orqan və fuqa üçün improvizənin, kamera-instrumental əsərlərin və romansların müəllifidir.
O, bir çox dram əsərləri və kinofilmlər üçün də musiqi yazıb. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, eləcə də "Çahargah" muğamının əsasında arfa üçün solo əsər yazıb. Atam qeyri-adi insan idi.
- Yeri gəlmişkən, siz həqiqətən ona çox oxşayırsınız, xarici görünüşcə də...
- (Gülür) Bundan çox məmnunam.
- Boş vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?
- Avtomobilləri çox sevirəm; səyahəti çox sevirik, Türkiyənin bütün görməli yerlərində olmuşuq.
- Müasir dirijorların frak deyil, daha çox sürtük geyinməsinə necə baxırsınız?
- Orkestr üçün, xüsusilə yayda asan idarə etmək üçün Qərbdə köynək geyinirlər. Elə dirijor mühitində də hamı buna alışıb.
- Hansı musiqiləri ifa etməyi sevirsiniz?
- Müxtəlif müəlliflərin musiqilərini. İfa etdiyin musiqini sevmək lazımdır, əks halda, yenilik olmayacaq.
- Başqalarına az məlum olan peşəniz barədə danışaq. Dirijor əməyinin gücü nədədir?
- Dirijor sənətinin özəllikləri sırasında çoxsəsli orkestrdən hər kəs öz işini yerinə yetirdiyi vahid alət yaratmaq, həmçinin orkestrin hər bir üzvünün emosional durumunu, vəziyyətini birləşdirmək bacarığı gəlir.
- Bir dirijor kimi ilk konsertiniz yadınızdadırmı?
- Bəli, əlbəttə, bir ömürboyu yadımdan çıxmaz. Bu, Rimski-Korsakov adına Leninqrad Konservatoriyasının zalında ilk kütləvi konsertim idi. Orada Sergey Raxmaninovun 2-ci Simfoniyasına dirijorluq etmişəm. Həmin həyəcanlı anlarda anladım ki, yeni bir peşə qazandım və qarşımda musiqi əsərlərinin ifası ilə bağlı tamamilə yeni perspektivlər açılır.
- Klassik musiqinin populyarlaşdırılması üçün nə etmək lazımdır? Bəlkə klassik musiqinin bu gün az populyar olması barədə deyilənlər indiki dövrün yanlışlarıdır?
- Düşünürəm ki, klassik musiqini populyarlaşdırmağa ehtiyac yoxdur. Sadəcə, son 300 il ərzində olduğu kimi, onu ifa etməkdə davam edilməlidir ...
- Türkiyədə işləmək necədir?
- Türkiyədə 7 opera teatrı, elə o sayda da Dövlət Simfonik Orkestri, eləcə də sponsor ianələri hesabına işləyən çox sayda bələdiyyə orkestri var. Yalnız İstanbulda üç dövlət konservatoriyası var. Eləcə də böyük şəhərlərdə konservatoriyalar var.
Türkiyə dinləyiciləri, əlbəttə, Qərb və rus musiqisinə çox böyük maraq göstərir, həm də Azərbaycan mədəniyyətinin nailiyyətlərinə diqqətlə yanışır. Belə musiqi mühitində yaşayan yaradıcı insan, çətin ki, biganə qala bilər - yaratmaq, yaratmaq və yaratmaq istəyəcək.
Əgər aprel ayında Bakıda böyük Sergey Prokofyevin violonçel konserti, macar bəstəkar Bela Viktor Bartokun musiqisi və Amerika bəstəkarı Leonard Bernstaynın caz kompozisiyası ilə çıxış etmişdimsə, iyul ayında mənim ifamda unudulmaz Sergey Raxmaninov səsləndi. Və həmişə Türkiyə və Azərbaycanda belə olacaq - yeni musiqilər, yeni təəssüratlar və yeni dinləyicilər.
- Bakıya tez-tez gəlirsiniz?
- İldə bir neçə dəfə Bakı Dövlət Filarmoniyasının dəvəti ilə Bakıya gəlirəm. Burada Vətəndə konsert proqramını elə tərtib etməyə çalışıram ki, Bakıda nadir hallarda ifa olunan musiqilər səslənsin.
- Hər dəfə Vətənə gələndə nə hiss edirsiniz?
- Suala-sualla cavab verəcəyəm. İnsan evinə gəldiyi zaman nə hiss edə bilər?
- Sizə uğurlar arzulayırıq...
MƏSLƏHƏT GÖR: