Müəllif: Xəzər AXUNDOV
Enerji böhranı dövründə formalaşan yeni iqtisadi reallıqlar, Azərbaycanın qeyri-neft sektorunun inkişafına müəyyən düzəlişlər edib. İqtisadiyyatın kapitallaşmasına yönələn investisiyaların böyük hissəsi xarici sərmayəçilər tərəfindən təmin edilir, bu zaman vəsaitlərin önəmli hissəsi istehsal layihələrinin və iqtisadiyyatın real sektorunun digər seqmentlərinə yönəldilir. Maraqlıdır ki, yeni şərtlər İsveçrə, Rusiya və Türkiyəni Azərbaycanda investisiya fəallığının templəri baxımından lider mövqelərə çıxarıb: keçən ilin yekunlarına görə, bu ölkələrdən Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 20 dəfə və ya daha çox artıb.
Azərbaycanda qeyri-neft sektorunun yaradılmasına yönəlmiş genişmiqyaslı islahatların əsası 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasının başlanması ilə qoyuldu. Bu, fermer təsərrüfatlarının, kənd təsərrüfatı emal müəssisələrinin yaxşılaşdırılmasına, kiçik istehsal sahələrinin, logistika və xidmət şirkətlərinin inkişafına səbəb oldu.
2009-cu ildən müxtəlifprofilli texnoparkların, biznes-inkubatorların inkişafı üzrə layihələrə, sonrakı dövrlərdə isə sənaye məhəllələrinin yaradılmasına başlandı ki, böyük və orta sənaye müəssisələrinin yaranması, eləcə də yüksəktexnologiyalı sahələrin inkişafı üçün əsas oldu.
Bu təşəbbüslər milli iqtisadiyyatın strukturunu kökündən dəyişdi; məsələn: bir 10 il əvvəl əgər ÜDM-də qeyri-neft sektorunun payı 40% təşkil edirdisə, indi bu göstərici artıq 70%-ə çatıb.
Birbaşa büdcə yatırımları, dövlət təşkilatlarının və fondların vəsaitləri 2004-2014-cü illərdə enerji, nəqliyyat, kommunal, kənd təsərrüfatı, rabitə və digər sahələrdə infrastrukturun maliyyələşməsinin ümumi məbləğinin üçdə-ikisini, eləcə də bir sıra sənaye layihələrinin həyata keçirilməsini təmin edib. O cümlədən, böhrandanəvvəlki 2013-cü ildə məcmu yatırımlarda rekord göstərici qeydə alınıb - $28 milyarddan çox olub və bu məbləğin üçdə-ikisindən çoxu büdcə və dövlət qurumlarının payına düşüb.
Lakin son illərdə enerji resurslarının qiymətinin davamlı şəkildə aşağı olması dövlət büdcəsinin investisiya imkanlarını məhdudlaşdırdı və bu gün hökumətin siyasəti özəl yerli və xüsusilə xarici sərmayələrin cəlbinə yönəlib ki, bu da iqtisadiyyatı xammal asılılığından azad etməli və qeyri-neft ixracını artırmalıdır.
Son məsələ çox vacibdir, çünki daxili bazarın həddindən dar olması üzündən, son illərdə gerçəkləşdirilən idxalı əvəzetmə siyasəti obyektiv məhdudiyyətlərlə üzləşir. Halbuki, uzunmüddətli dövrdə qeyri-xammal sənaye məhsullarının ixracı istehsalın genişləndirilməsi üçün əsas hərəkətverici amil ola bilər.
Əslində, 1 il əvvəl qəbul edilmiş milli iqtisadiyyatın 2020-ci ilə qədər "yol xəritəsi", eləcə də Ələt qəsəbəsində yaradılmış Xüsusi İqtisadi Zona bütünlükdə ixracyönümlü istehsala investisiya kapitalı cəlb etmək üçün nəzərdə tutulub.
Bu məqsədlə son illərdə qanunvericilik islahatları və inzibati islahatlar həyata keçirilir, eləcə də biznes mühiti optimallaşdırılır.
Qeyri-neft sektorunun inkişafında yeni mərhələ, onun prioritetlərinin ixrac istiqamətində dəyişməsi investisiyaların strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib. Son üç ilin ən əhəmiyyətli dəyişiklikləri arasında infrastruktur layihələrinin maliyyələşdirilməsinin, eləcə də sosial və yaşayış obyektlərinin tikintisinin azalmasını göstərmək olar. Halbuki, son vaxtlara qədər bütün sərmayələrin, demək olar ki, 40%-i bu sektorların payına düşürdü və vəsaitlərin böyük hissəsi dövlətə məxsus idi.
Bu meyil hökumətin büdcə xərclərinin optimallaşdırılmasını təmin etmək istəyi ilə bağlıdır - azalma siyahısına bir sıra qeyri-prioritet investisiya layihələri, həmçinin qaytarılma müddəti uzun olan layihələr (yol tikintisi, bələdiyyə infrastrukturunun yenidən qurulması və s. kimi layihələr) düşüb.
Əksinə, sənaye sektorunda və xidmət sahələrində sərmayələr müəyyən dərəcədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin birinci yarısında istehsal yönümlü obyektlərə 5,611 milyard manat sərmayə yönəldilib (bu, 7,138 milyard manata bərabər olan məcmu sərmayələrin 78,6%-nə bərabərdir).
Sərmayələrin strukturunda ikinci yeri xidmət və servis sektoru obyektlərinin tikintisi tutur: 2017-ci ilin yanvar-iyun aylarında bu məqsədlə 1,142 milyard manat (bütün sərmayələrin 16%-i) yönəldilib. Eyni zamanda, mənzil tikintisi sahəsi yalnız 385,5 milyon manat (sərmayələrin 5,4%-i qədər) vəsait cəlb edə bilib.
Yerli və xarici sərmayələrin nisbətində də köklü dəyişikliklər baş verib: hələ
bir neçə il bundan əvvəl daxili sərmayələr (dövlət və özəl) bütün sərmayələrin, demək olar ki, dörddə-üçünə bərabər idi. Bu gün biz tamamilə fərqli mənzərə görrük. 2017-ci ilin birinci yarısında əsaslı kapitala yönəldilmiş xarici sərmayələrin həcmi 4,283 mlrd. manatı ötüb (bütün sərmayələrin 60%-nə bərabər olub), məcmu daxili sərmayələrin payı isə 40% və ya 2,855 mlrd. manat təşkil edib.
Maraqldıır ki, daxili və xarici sərmayələrdə yaranmış nisbət yalnız dövlət büdcəsinin maliyyə imkanlarının azalması ilə bağlı deyil. Qanunvericiliyin optimallaşdırılması, müsbət biznes mühitinin formalaşdırılması, investorlar üçün fiskal güzəştli rejimin tətbiqi və ixracatçıların təşviqi üzrə mexanizmlərin yaradılması hesabına ölkə iqtisadiyyatındakı xarici kapitallaşma həcmini önəmli şəkildə artırmaq mümkün olub.
Bundan başqa, yatırımların özünün strukturu dəyişib - həm sahə istiqaməti, həm də sərmayəçilərin coğrafi ünvanı baxımından. Son vaxtlara qədər, bütün xarici sərmayələrin, təxminən, beşdə-dördü hasilat sahəsinə, habelə neft və qaz (daşınma, saxlanma və s.) infrastrukturunun inkişafına yönəldilirdi. Burada dominant rol Böyük Britaniyaya məxsus olurdu ("bp"nin enerji xammalı hasilatı üzrə layihələrdə iştirakı hesabına, Böyük Britaniyanın payı xarici sərmayələrin, təxminən, yarısını təşkil edirdi). Hollandiya, Norveç və xammal hasilatında iştirak edən bir sıra başqa ölkələr də nəzərəçarpacaq rol oynayırdı.
Ancaq ötən ilin statistikası xarici sərmayəçilərin prioritetlərində müəyyən dəyişikliklər olduğunu göstərir: xarici kapitallaşma vektor qeyri-neft sektoru istiqamətinə yönəlib. Ümumiyyətlə, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayələr 98,3% artaraq, $1,706 milyardı keçib. Lakin bəzi ölkələrn sərmayələşdirmə templəri 20-dən dəfədən çox artıb.
Bu baxımdan, 2016-cı ildə İsveçrə şirkətləri Azərbaycanın qeyri-neft sektoruna $370,5 milyon sərmayə yatırıblar (illik artım 23,6 dəfə olub). Rusiya Azərbaycanın qeyri-neft sektoruna sərmayələri isə 22,8 dəfə artaraq, $363,2 milyona çatıb. Sərmayə artımı templəri baxımından, üçüncü yer Türkiyəyə məxsusdur - 39.5% artımla $307,5 mln. yatırılıb. Qeyri-xammal sektorunda sərmayələr üzrə dördüncü və beşinci yerlərdə isə Böyük Britaniya ($ 174,4 mln) və Hollandiya ($ 127,9 mln.) gəlir.
Bu çərçivədə, İsveçrə biznesinin son illərdə artan fəallığı maraqlıdır. Azərbaycan və İsveçrə arasında yetərincə uzun zamandır, zəruri hüquqi baza yaradılıb: o cümlədən sərmayələrin qarşılıqlı təşviqi və qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılması üzrə 20-dən çox ikitərəfli saziş imzalanıb. Lakin buna baxmayaraq, nisbətən uzun müddət ərzində - 1995-2013-cü illər arasında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna İsveçrə sərmayələri yalnız $185,3 mln. təşkil edib.
Bu müddət ərzində Azərbaycanda İsveçrə kapitallı 80-dən çox şirkət yaradılıb: onlar xidmət sektoru, sənaye, ticarət, tikinti, rabitə, nəqliyyat, maliyyə, və s. sahələrdə təmsil olunublar. İsveçrə ilə münasibətlərdə sıçrayış isə 2014-cü ildə tanınmış İsveçrə şirkəti «Stadler Rail Group» ilə birlikdə Gəncədə birgə vaqon istehsalı müəssisəsinin yaradılmasından sonra baş verib.
Bu kapitaltutumlu layihənin həyata keçirilməsi bizim ölkənin qeyri-neft sənayesinə sərmayə artımı üçün, bir növ, katalizator rolunu oynadı. Son vaxtlar bir sıra İsveçrə şirkətlərinin kənd təsərrüfatı və turizm sahələrinə sərmayələrə maraq göstərməsindən aydın olur ki, bu artım gələcəkdə də davam edəcək.
Rusiya biznesinin fəallığının nəzərəçarpacaq səviyyədə artması isə daha perspektivli görünür. Azərbaycan Rusiyanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsində 5-ci yeri tutur. Böhranaqədərki 2014-cü ildə ikitərəfli ticarət dövriyyəsi rekord - $4 milyard səviyyəyə çatmışdı.
"İki ölkə arasındakı investisiya əməkdaşlığı yetərincə dayanıqlı irəliləyir: Azərbaycan bazarında 600-dən çox Rusiya ilə birgə yaradılmış şirkət məhsuldar çalışır", - deyə bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Rusiya biznesi bütündükdə ölkəmizin iqtisadiyyatına $3 milyard sərmayə yatırıb. Bunun $2,8 mlrd.-ı iqtisadiyyatın neft sektoruna yatırılmış sərmayələrdir. Bununla yanaşı, Rusiya şirkətlərinin neft sektoruna sərmayələrdən mənfəəti artıq $2 milyarda çatıb.
Ötən il Bakı və Moskva arasında investisiya fəallığı baxımından sıçrayış ili olub: Rusiya şirkətlərinin Rusiyadan Azərbaycana birgə və xarici sərmayələri rekord - $363,2 milyon səviyyəsinə çatıb, 2015-ci illə müqayisədə, $15,9 milyon artım olub. Sənaye sahəsində sərmayələrin genişləndirilməsi üçün ötən ilin mayında Rusiya-Azərbaycan Biznes Şurası (RABŞ) yaradılıb. Quruma neft və qaz sektoru, qida sənayesini, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsini, bank və sığorta seqmentlərini təmsil edən 30 (Rusiya) şirkəti daxil olub.
RABŞ sədri Pyotr Fradkovun sözlərinə görə, bu gün 15 birgə layihə üzərində işlənir, onlar avtomobilqayırma sənayesini, dəmir yolu nəqliyyatını, kənd təsərrüfatını, metallurgiyanı və başqa sahələri əhatə edirlər.
RABŞ-ın ilk təşəbbüslərindən biri, Azərbaycanda Rusiyanın «R-Farm» şirkəti ilə birlikdə Bakının Pirallahı rayonunda «Hayat Pharm» əczaçılıq müəssisəsinin yaradılmasıdır. Ötən ildən gerçəkləşdirilən layihəyə $74 milyon sərmayə yatırılacaq. Maqaqlıdır ki, Pirallahı Sənaye Parkı dərman istehsalına bir sıra digər ölkələrdən də sərmayələr cəlb edərək, bir növ, xaba çevrilib. 2017-ci ilin yanvar ayında burada Azərbaycan-İran birgə Əczaçılıq Fabriki «Caspian Pharmed»in təməli atıldı. Fabrikə birinci mərhələdə $20,6 milyon sərmayə yatırılacaq.
Başqa bir sərmayəçi - «Diamed Co» şirkəti $4 milyon sərmayə yatıracaq və tezliklə birdəfəlik şprislərin istehsalı üzrə yeni zavodun tikintisinə başlayacaq. Zavod 2018-ci ilin birinci yarısında istismara veriləcək. Amma yəqin ki, iş yalnız bununla bitmir. Hal-hazırda İqtisadiyyat Nazirliyi əczaçılıq məhsullarının birgə istehsalı üçün Türkiyə, BƏƏ, Yaponiya və Cənubi Koreya şirkətləri ilə danışıqlar aparır.
Azərbaycanın qeyri-neft sektorunda ənənəvi böyük investor Türkiyə ilə də əlaqələr fəal inkişaf etdirilir. Bu gün Azərbaycanda 3 000 Türkiyə şirkəti fəaliyyət göstərir və təxminən, 150 min Azərbaycan vətəndaşını işlə təmin edir. Türkiyə sərmayələrinin dörddə-üçündən çoxu iqtisadiyyatın qeyri-neft sektorunun payına düşür. Bu, əsasən, kənd təsərrüfatı və qida sənayesi, turizm, mehmanxana biznesi və xidmət sahələridir. Həmçinin telekommunikasiya, tikinti materialları və məişət texnikası, geyim və mebel istehsalı sahələrini əhatə edir.
Türk biznesi maliyyə-kredit sahəsində də fəaldır. Ölkəmizdə, xüsusilə türk kapitalının iştirkakı ilə 5 bank yaradılıb. Son illərdə Türkiyənin böyük sənaye holdinqləri (məsələn, MKEK, «Roketsan» və s.) Azərbaycanla müdafiə sənayesi inkişafı məsələsində əməkdaşlıq edir. Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, Azərbaycanda Türkiyə sərmayələri $10,1 milyarda bərabərdir və bunun $2,6 milyardı qeyri-neft sektorunun payına düşür.
"İnformasiya və rabitə, maliyyə və sığorta sahələri, ictimai iaşə sektoru, spirtsiz içkilər və tütün məhsulları, eləcə də sənaye və tikinti sahələri türk sərmayəçilərinin Azərbaycanda böyük maraq göstərdiyi sahələrdir", - Türkiyə Baş nazirinin müavini Nurettin Canikli bu yaxınlarda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda islahatların sərmayələrin təşviqi və ixracyönümlü istehsalatın inkişafı məqsədi ilə başlanan yeni mərhələsi Türkiyə biznesini ölkəmizə yatırımları genişləndirməyə cəlb edir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev düşünür ki, bu maraq qarşılıqlıdır.
"Bakı ilə və MDB arasında azad ticarət sazişinin mövcudluğu Türkiyə biznesi üçün istehsalın Azərbaycanda lokallaşdırılması və daha sonra ixracı üçün geniş imkanlar açır. Bu məhsullar MDB ölkələrinə göndərilən zaman gömrük rüsumlarından azad olunacaq", - deyə Dövlət Gömrük Komitəsinin rəhbəri vurğulayıb.
2016-cı ildə Türkiyə sahibkarları Azərbaycanın qeyri-neft sektoruna $307,5 mln. sərmayə qoyub (39,5% artıb). Türkiyə biznesinin artan fəallığı nəzərə alınarsa, ehtimal etmək olar ki, yaxın gələcəkdə də Türkiyə Azərbaycanın qeyri-xammal iqtisadiyyatının sabit lideri kimi aparıcı investor mövqeyini qoruyacaq.
MƏSLƏHƏT GÖR: