Müəllif: Namiq MAYILOV
- Cənab səfir, təəssüf olsun ki, görüşümüz Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərini atəşə tutması nəticəsində körpə qızcığaz Zəhra ilə nənəsinin dünyasını dəyişdiyi günlərə təsadüf edir. Bu hadisə zamanı daha bir qadın yaralanıb. Bu, erməni hərbçilərinin atəşkəs dövründə qadın və uşaqları öldürməsinə dair ilk fakt deyil. Azərbaycan dünya birliyini Ermənistanın bu əməllərini pisləməyə, onu sakitləşdirməyə çağırıb. Bakının bu çağırışına İsrail Dövlətinin reaksiyası necədir?
- Əvvəlcə onu deyim ki, kiçik Zəhra ilə nənəsinin ölümü haqqında xəbər bizi şoka salıb. Ümumilikdə, müharibədən qaçmaq mümkün deyilsə, heç olmasa, dinc insanların ölümünə yol verməməyə çalışılmalıdır. Hərbi əməliyyatlar zamanı uşaqların ölməsi ələlxüsus qəbuledilməzdir. Birincisi, o, sadəcə uşaq idi. İkincisi, onun yaşı o qədər az idi ki, milliyyətcə kim olduğunu heç özü də dərk etmirdi. Üçüncüsü, onun əsas hüququ - yaşamaq hüququ pozulub.
Belə hadisələr yalnız burada yaşanmır. 2014-cü il avqustun 22-də İsraildə də atışma nəticəsində 3 yaşlı oğlan uşağı Daniel Teqerman qətlə yetirilmişdi. Təəssüf ki, HƏMAS təşkilatı dinc insanlarla hərbçilər arasında fərq qoymur. Belə vəhşiliyə daha bir nümunə, 2001-ci il martın 26-da öldürülmüş Şalhevet Fasdır. Snayper əvvəl onun atasını, ardınca isə uşaq arabasında yatan körpəni vurmuşdu.
Belə cinayətlər dünyanın heç bir ölkəsinhdə qəbul edilə bilməz. Artıq qeyd etdiyim kimi, münaqişələr zamanı dinc sakinlərin ölümündən qaçmaq lazımdır. İkinci məsələ münaqişələrin yeni ölümlərdən qaçmaqla, sülh yolu ilə həllidir.
Ermənistanla-Azərbaycan arasındakı münaqişəyə gəlincə, İsrailin təcrübəsinə əsaslanaraq demək istərdim ki, bu problemin sülh yolu ilə həlli yeganə doğru yoldur. Biz Misir və İordaniya ilə iki sülh müqaviləsi imzalamışıq və bununla da zorakılığa son qoyulub.
Biz Prezident İlham Əliyevin sülhə siyasi yolla nail olmaq istəyini dəstəkləyirik. ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini də dəstəkləyirik. Çünki onların təklifləri hər iki ölkə üçün qəbul edilə biləcək təkliflərdir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi də vurğulamalıyam.
- Bu kontekstdə qonşu Ermənistanın Azərbaycanın tərəfdaşları, o cümlədən İsraillə hərbi əməkdaşlığından daim narazılıq etdiyini yada salaq. Əslində, bu, anlaşılandır: Ermənistan Azərbaycan ərazilərini işğal edib. Ermənistan-Azərbaycan münaqişəsi İsraillə-Azərbaycan arasında hərbi əməkdaşlığa mane ola bilərmi?
- Birincisi, onu qeyd edim ki, belə hallarda fərziyyələr irəli sürməmək daha yaxşıdır. Azərbaycan-İsrail münasibətləri müxtəlif sahələrdə, o cümlədən sizin də qeyd etdiyiniz kimi, müdafiə sahəsində çox yaxşı səviyyədədir. Bu münasibətlər münaqişə bölgəsində ötən ilin aprelindəki eskalasiyadan əvvəl də bu səviyyədə olub.
Azərbaycan Prezidenti Əliyevin Aprel hadisələrindən 8 ay sonra - 2016-cı il dekabrın 13-də dediklərinə də diqqət yetirmək lazımdır. O, Azərbaycanla-İsrail arasında münasibətlərin yüksək səviyyədə olmasının vacibliyini bildirib. Prezident o zaman hərbi sahədə əməkdaşlığa dair rəqəmlər də açıqlayıb.
(«İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya səfəri çərçivəsində mətbuata verdikləri birgə bəyanat zamanı bildirmişdi - R+).
- Bəs ümumilikdə, Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsi haqqında nə demək olar? Qarşılıqlı ticarət dövriyyəsinin, investisiyaların həcmi nə qədərdir və bu göstəricilər real potensialı əks etdirirmi?
- Bizim əməkdaşlıq potensialımız hələ maksimum həddə çatmayıb. Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biridir. Qeyri-neft sahəsində də vəziyyət ildən-ilə yaxşılaşır. Qeyri-neft sektorunda 2015-ci ilə aid ticarət dövriyyəsinə dair rəqəmlər söyləyə bilərəm. O zaman bu rəqəm 132 milyon dollar idi. 2016-cı ildə isə o, 260 milyon dollar təşkil edib. Yəni, praktik olaraq, 2 dəfə artıb. Lakin söhbət yalnız milyardın dörddəbirindən gedir və bu rəqəmi artırmaq üçün potensial var. Bunu hər iki tərəf anlayır və bu istiqamətdə müəyyən işlər artıq görülməkdədir.
Azərbaycan ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinin vacibliyini bəyan edib. Bu mənada, İsrailin əməkdaşlıq üçün yaxşı potensialı var. Bizim də yeni texnologiyalar inkişaf edib, bu sahədə yüksək biliklərə malikik. İsraildə özəl sektorun intensiv inkişafını xüsusi vurğulamaq lazımdır. Artıq pambıqçılıq, maldarlıq, pambıq sahələrində irriqasiya sisteminin, örtüllü şitilliklərin yaradılması və digər sahələrdə əməkdaşlığa dair işlər görülür. Bunlar özəl şirkətlərin də marağına səbəb ola bilər. Səhiyyə, əczaçılıq, informasiya texnologiyaları, kommunikasiya və təhsil kimi sahələrdə də əməkdaşlıq mümkündür.
Artıq dediyim kimi, ölkələrimiz arasında münasibətlərin inkişafında özəl sektorun rolu çox vacibdir. Lakin dövlətlərarası əməkdaşlığın vacibliyi də vurğulanmalıdır. Binyamin Netanyahunun Azərbaycana səfəri buna nümunədir. O zaman bir sıra digər sənədlərlə yanaşı, hökumətlərarası əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında da razılaşma imzalanıb.
Sənədlər ölkələr tərəfindən ratifikasiya olunub və hazırda biz komissiyanın ilk iclasının keçirilməsi üzərində işləyirik. Əməkdaşlıq üçün daha ciddi marağın olduğu sahələri üzə çıxarmağa, qarşılıqlı ticarət dövriyyəsini artırmağa, iqtisadi sahədə əməkdaşlığın inkişafına çalışırıq. Prioritet istiqamətlərin müəyyənləşdirilməsindən sonra, dövlət özəl sektorun əməkdaşlığı üçün şərait yarada bilər.
- Konkret layihələr varmı?
- Artıq qeyd etdiyim kimi, razılaşmalar yenicə ratifikasiya olunub və biz ilk sessiyanın keçirilməsi üzərində çalışırıq. Odur ki, əməkdaşlıq üzrə hansısa konkret plan haqqında danışmaq çətindir. Gündəlik hələ hazırlanmayıb. Lakin özəl sektor arasında əlverişli əməkdaşlığın qurulması üçün bütün sadalanan sektorlar nəzərdən keçiriləcək.
- Yeri gəlmişkən, yəqin ki, səfirlik Azərbaycanda biznes şəraitini öyrənmək, sonradan əməkdaşlıqda maraqlı olan İsrail şirkətlərini bu barədə məlumatlandırmaq üçün araşdırmalar aparır. Azərbaycan Hökuməti hazırda investisiya və biznes mühitinin yaxşılaşdırılması üçün fəal islahatlar aparır. Bunları nəzərə alaraq, Azərbaycandakı mövcud biznes mühitini necə qiymətləndirirsiniz?
- İlk növbədə deyim ki, biz Azərbaycanda həyata keçirilən islahatları izləyirik və hökumətin investisiyalar üçün şəraitin yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiririk. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, dövlətinin özünün inkişaf imkanlarının artırılması üçün onlar həqiqətən də vacibdir.
Səfirliyin rolu həm də ayrı-ayrı ölkələrdəki investisiya şəraiti haqqında məlumatların çatdırılmasından ibarətdir. Bu işlə burada da məşğul oluruq, eyni zamanda, İsraildəki investisiya imkanları barədə informasiyanı çatdırmağa çalışırıq. Təəssüf ki, İsraildə Azərbaycan səfirliyi yoxdur. O, ölkəsinin investisiya potensialı haqqında müntəzəm, detallı məlumatlar yaya bilərdi. Odur ki, mən bu informasiyaları İsrailə də çatdırmağa çalışıram.
Səfirliyi olmasa belə, Azərbaycan İsrail üçün strateji maraq kəsb edir və biz qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün mümkün olan hər şeyi etməyə çalışırıq.
Hazırda Azərbaycanda aparılan islahatlara xarakteristika verməyə çalışırıq. Azərbaycanın ayrı-ayrı rayonlarına baş çəkərkən sənaye parklarına və müəssisələrə də baxmağa çalışıram. Onların necə işlədiyini öyrənmək istəyirəm.
İsrail şirkətləri Azərbaycana maraq göstərir və onun bazarına daxil olmağa çalışır. Artıq səhiyyə, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sektorlarda müəyyən əməkdaşlıqlar qurulub.
- Demək, biznes mühiti artıq pis deyil. İşləmək üçün bazis var…
- Əvvəla, vəziyyəti qiymətləndirmək mənim səlahiyyətimdə deyil. İkincisi, bu, uzun prosesdir. Azərbaycan hökumətinin islahatları sürətləndirmək, qeyri-neft sektorunu inkişaf etdirmək qərarı verməsindən bu yana işlər görülür. Təəssüf ki, bəzən hər şey arzulandığı qədər yaxşı getmir. Lakin bu, uzun prosesdir və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini izləmək maraqlıdır. Düşünürəm, qarşıdakı illərdə hər şey daha yaxşı olacaq.
- Amma neft-qaz sahəsində də əməkdaşlığın inkişafı üçün real imkanlar var. İsrailin «Cənub Qaz Dəhlizi» layihəsinə qoşulması ehtimalını nəzərdə tuturam. O, özünün Aralıq dənizinin şelfindən hasil edlən qazını Avropaya nəql edə bilər…
- Bu sahədə Azərbaycanla-İsrail arasında 4 müxtəlif əməkdaşlıq istiqamətini qeyd etmək olar. Birincisi, Azərbaycan neftinin İsrailə ixracıdır. İkincisi, Avropaya qaz tədarükü yollarının şaxələndirilməsi. Bu mənada, TAP vəTANAP layihələrinin tezliklə reallaşdırılması cəhdlərini vurğulamaq lazımdır. Bu, istər Avropanın enerji təhlükəsizliyinin təmini, istərsə də gəlir əldə olunması baxımından vacibdir.
2009-cu ildə İsrail dənizdə qaz yataqları aşkarlayıb. Orada 900 milyon kubmetr ehtiyatın olduğu bildirilir. Hökumət bu həcmin bir hissəsini strateji ehtiyatlar kimi saxlamaq, 40-50%-ni isə ixraca yönəltmək qərarına gəlib.
İsrailin Energetika naziri Yuval Ştaynits Türkiyədə keçirilən və işini bu gün (2017-ci il iyulun 13-ü - "R+") başa vuracaq enerji konfransında iştirak edir. O, İsraildən qaz ixracı ilə bağlı iki variantın olduğunu bildirib. Variantlardan biri Türkiyəyədək qaz kəmərinin çəkilişi və oradan «mavi yanacaq»ın başqa yollarla Avropaya göndərilməsidir - bu, TAP da ola bilər, başqa boru xətti də. İkinci variant Yunanıstandan kəsə yolla İtaliyaya çıxmaqdır.
Birinci variant konfransda İsrail və Türkiyənin energetika nazirləri arasında müzakirə olunub. Bu il türkiyəli nazirin İsrailə səfəri də gözlənilir. Məqsəd danışıqların davam etdirilməsi və müqavilənin imzalanması imkanlarının nəzərdən keçirilməsidir.
Mən Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın 2 istiqamətini qeyd etdim. Üçüncü maddə İsrail yataqlarının istismarı ola bilər. 2016-cı ildə İsrail hökuməti offşor zonadakı 69 blokdan 24-nün istismarı üzrə tender elan edib. Tender bu il noyabrın ortalarınadək açıq olacaq. Artıq çox sayda şirkət ona maraq göstərir. Onların arasında Azərbaycan şirkətlərini də görmək istərdik.
Əməkdaşlığın dördüncü istiqaməti neft-qaz sektorunu müaşyiət edən sahələrdə əməkdaşlıq ola bilər; məsələn, monitorinq və dəstək, neft və qaz hasilatının təmini, İsrail nou-hausunun Azərbaycanın neft-qaz sektoruna cəlbi.
Dörd əməkdaşlıq sahəsini qeyd etdim. Lakin beşinci istiqamət də mümkündür. İsrail Azərbaycanın neft-qaz sahəsindəki çoxillik təcrübəsinə yiyələnməkdə çox maraqlıdır. Bu, istər akademik səviyyədə, istərsə də gələcək gəlirlərin menecmenti səviyyəsində ola bilər. ARDNŞ, Neft Akademiyası və SOCAR ilə əməkdaşlıq mümkündür. Bu 3 qurumun hər biri böyük təcrübəyə malikdir və biz onu öyrənməkdə maraqlıyıq.
- Bu gün Bakının böyük maraq göstərdiyi daha bir vacib məqam beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafıdır. Söhbət Azərbaycanın xab rolu oynadığı dəhlizlərdən gedir. Məsələn, sizi «Şərq-Qərb» layihəsi, məşhur Böyük İpək Yolu layihəsi maraqlandıra bilər. İsrailin bu layihələr marağı nə dərəcədədir?
- Birincisi, «Şərq-Qərb» nəqliyyat dəhlizi çox maraqlı və iddialı layihədir. Bir yandan sizdə böyük Çin bazarı var, digər yandan isə Avropa bazarı. Azərbaycan bu yolun üzərində son dərəcə əlverişli geostrateji mövqeyə malikdir. Əsas məsələ isə bu dəhlizin digər, artıq işləyən yollarla rəqabətə nə qədər davamlı olacağıdır. Əlbəttə, bu layihənin böyük imkanları var. O, daşımalarla bağlı vaxta, xərclərə xeyli qənaət olunmasına imkan verir. Lakin eyni zamanda bu, layihədə iştirak edəcək ölkəərə böyük çağırışdır. Söhbət gömrük, dəmir yolu xidmətləri və sair sahələrin fəaliyyətinin harmonizasiyasından gedir. Bütün bunlara nail olunarsa, əlbəttə ki, layihənin böyük potensialı var və o, bizim üçün də böyük maraq doğurur.
- Nəhayət, sonda. Azərbaycan-İsrail münasibətlərini sivilizasiyalar arasında dialoqu nümunə saymaq olar. Azərbaycanın qlobal dialoqdakı rolunu necə qiymətləndirirsiniz? Bəzən belə skeptik fikirlər səsləndirilir ki, Bakının səyləri dünyada multikultural dəyərlərin iflasa uğraması fonunda dənizdə bir damladır….
- Sovet İttifaqının dağılmasından sonra, dünyada sivilizasiyalar arasında toqquşma təhlükəsi haqqında danışılırdı. Bu gün isə biz Azərbaycanı görürük. O, multikultural dialoq, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birgə yaşayışı üçün platforma yaratmağa çalışır.
Misal kimi, burada yaşayan yəhudi icmasını, antisemitizmin heç bir əlamətinin olmadığını göstərə bilərəm. İsrail Azərbaycanı bir ölkənin ərazisində müxtəlif mədəniyyətlərin birgəyaşayışı üçün alternativ model sayır.
Təəssüf ki, müxtəlif ölkələrdə, xüsusilə müsəlman dövlətlərində biz bitib-tükənməyən qan-qada görürük; məsələn: Suriyada, İraqda, Yəməndə. Əfqanıstan və Pakistandakı terror aktlarını, bu ölkələrin sünni və şiə əhalisi arasındakı qarşıdurmaları da yada salmaq olar. Azərbaycan isə sünnilərlə-şiələrin nəinki sülh şəraitində yaşadığı, hətta birlikdə ibadət etdiyi ölkədir.
Burada başqa dinlərə, xristian, yəhudi icmalarına, hətta bəhayilərə qarşı hörmət və tolerantlıq var. Bu üzdən də biz dünyanı daha yaxşı hala gətirmək üçün müxtəlif mədəniyyətlərin nümayəndələrini Bakıya toplayan Azərbaycan Hökumətinin səylərini yüksək qiymətləndiririk.
- Müsahibəyə görə təşəkkür edirəm, cənab səfir.
MƏSLƏHƏT GÖR: