23 Dekabr 2024

Bazar ertəsi, 23:26

“QARABAĞ” ÇEMPİONLAR LİQASINDA!

Azərbaycan klubu Avropanın 32 ən yaxşı futbol komandasının sırasına daxil oldu

Müəllif:

01.09.2017

İnanılmazdır, amma reallıqdır. Ölkə çempionu “Qarabağ” Azərbaycan azarkeşlərinin uzun illər arzulamağa belə qorxduğu Çempionlar Liqasında. Əslində, bu tarixi qələbəni dərk etməyə müəyyən vaxt lazımdır. İstər-istəməz futbolçu, azarkeş, hətta jurnalist özü də möhtəşəm qələbəni bütövlüklə qəbul etməyə çətinlik çəkir.

Çempionlar Liqası Avropanın futbol üzrə ən nüfuzlu klub turniridir. Mötəbər yarışda qitənin ən güclü 32 komandası iştirak edir. Ümumilikdə, Avropada 600-dən çox klub fəaliyyət göstərir və hər biri 32 “əjdaha”nın sırasına düşməyi arzulayır. “Qarabağ”ın Çempionlar Liqasında iştirakı idmançımızın Yay Olimpiya Oyunlarındakı qələbəsinə bərabərdir. Kollektiv idman növlərində ölkə idmanı tarixində ən böyük nəticə deməkdir.

Azərbaycan çempionu “Qarabağ” hədəfinə çatmaq üçün son 5 ildə səylə çalışıb. Cari mövsümün əvvəlində rəhbərlik və baş məşqçi Qurban Qurbanov Çempionlar Liqasına vəsiqə qazanmaq istədiklərini deyəndə, əksəriyyət bu sözlərə inanmırdı. Reallıqda doğrudan da bu heyətlə Çempionlar Liqası səviyyəsinə yüksəlmək mümkün görünmürdü.

Azərbaycan çempionu “Qarabağ”ın tarixi zəfəri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə oyundan başlandı. Bakıda gürcülərin qapısından 5 cavabsız top keçirən Qurban Qurbanovun yetirmələri səfərdə də 1:0 hesablı qələbəyə sevindi. Bununla belə, iki oyunun nəticəsinə görə “Qarabağ” üçüncü təsnifat mərhələsinə adladı. Burada ölkə çempionu Moldovanın “Şerif” klubuna rəqib oldu. Bakıda qolsuz bərabərliyin ardınca Qurban Qurbanovun yetirmələri səfərdə Dino Ndlovu və Miçelin vurduğu qollar sayəsində 2:1 hesablı qələbə ilə tarixində ilk dəfə pley-off mərhələsində iştirakını rəsmiləşdirdi. Çempionlar Liqasında iştirak etmək üçün çempionumuz Danimarkanın ən güclü klubu “Kopenhagen”i üstələməli idi. Doğma paytaxtda keçirdiyimiz ilk oyunda “Qarabağ” 90 dəqiqə oyuna nəzarət etsə də, rəqib qapısına cəmi 1 qol vura bildi. Dino Ndlovunun zərbəsindən sonra dirəkdən qayıdan topu Mahir Mədətov tora göndərdi. Bu nəticədən sonra, “Qarabağ” səfərdə 1:2 hesablı məğlub olacağı təqdirdə belə sevinən tərəf olacaqdı. Gərgin anlarla yadda qalan Danimarkadakı matçın ilk hissəsində rəqib hesabı açdı. Ardınca ikinci hissədə Dani Ndlovu gözəl zərbə ilə hesabı bərabərləşdirdi. Dərhal “Kopenhagen” ikinci qolu “Qarabağ”ın qapısından keçirdi. Son dəqiqələr 5 futbolçu ilə müdafiəyə üstünlük verən Ağdam təmsilçisi yekunda bütün Azərbaycan xalqına sevinc bəxş etdi. 1:2 hesabı ilə uduzsaq da, səfərdə vurulan qol sayəsində “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandı.

Çempionlar Liqasında iştirak etmək ölkə idmanı tarixində ən böyük uğurlardan biridir. Avropanın ən nüfuzlu klub yarışında mübarizə aparmaq həm klub, həm də ölkə üçün diqqət mərkəzində olmaq deməkdir. “Qarabağ” "ÇL"də iştirak etdiyinə görə, UEFA tərəfindən 12.5 milyon avro əldə edəcək. Əvəzində, klubun bütün oyunlarının teleyayımı, bilet satışı, matçlar zamanı stadionda reklam lövhələrinin yerləşdirilməsi hüququ eksklüziv olaraq Avropa Furbol Qurumuna keçdi. Çempionlar Liqasında matçlar qitədə 50, dünyada 100-dən çox ölkədə yayımlanır. Klubun oyunlarının icmalı əksər TV-lərdə nümayiş etdirilir. Çempionlar Liqasında iştirak həm “Qarabağ”, həm də Azərbaycan üçün böyük təbliğat olacaq. Bu yarışda iştirak həm də siyasi cəhətdən Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq. Mötəbər yarışda mübarizə aparan klublar daim dünyanın aparıcı menecerləri və komandalarının diqqətində olur. Özünü yaxşı tərəfdən göstərən futbolçumuz gələcəkdə karyerasının Avropanın top çempionatlarında davam etdirə bilər. Artıq “Qarabağ”ın maraqlandığı xarici futbolçular Azərbaycanda çıxış etməyi geriyə addım kimi dəyərləndirməyəcək. Çünki bu ölkənin klubu “Qarabağ” Çempionlar Liqasında iştirak edir. Bu həm də Bakıya çoxlu sayda əcnəbi turistlərin gəlişi deməkdir. Qonşu ölkələrdəki azarkeşlər Çempionlar Liqasının oyunlarını izləmək üçün Azərbaycana səfər edəcək.

Tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib. Komandanın uğurlarını yüksək qiymətləndirən dövlət başçısı “Qarabağ”ın oyunlarını izlədiyini deyib: “Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Bu qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi. Eyni zamanda, Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılsın. 

Artıq “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri məlumdur. C qrupunda yarışacaq “Qarabağ” mübarizəyə Londonda “Çelsi” sınağı ilə başlayacaq. İlk ev oyununda isə rəqib “Roma” olacaq.

 

                                                      C QRUPUNUN TƏQVİMİ 

I tur, 12 sentyabr                                                                                 IV tur, 31 oktyabr

“Çelsi” - “Qarabağ”                                                                                   “Roma” - “Çelsi”

“Roma” - “Atletiko”                                                                           “Atletiko” - “Qarabağ”

 

II tur, 27 sentyabr                                                                                 V tur, 22 noyabr 

“Atletiko” - “Çelsi”                                                                                “Qarabağ” - “Çelsi”

“Qarabağ” - “Roma”                                                                             “Atletiko” - “Roma”

 

III tur, 18 oktyabr                                                                                    VI tur, 5 dekabr 

“Çelsi” - “Roma”                                                                                     “Çelsi” - “Atletiko”

“Qarabağ” - “Atletiko”                                                                         “Roma” - “Qarabağ”

 

“Qarabağ”ın tarixi uğurunda futbolçu və məşqçilərin rolu danılmazdır. Bununla belə, qrupda layiqli çıxış etmək üçün Ağdam təmsilçisi ən azı iki transfer reallaşdırmalıdır. Hazırda Dani Kintana zədəlidir. Ağabala Ramazanov mötəbər oyunlarda komandaya kömək edəcək səviyyədə deyil. Heyətdə hücumçu kimi yalnız Dino Ndlovu var. Onun zədələnməsi komandanı pis vəziyyətdə qoya bilər. “Qarabağ”ın qrup mərhələsinin oyunlarına qədər ən azı 1 hücumçu və 1 mərkəz yarımmüdafiəçisi ilə güclənəcəyi gözlənilir. 

Xatırladaq ki, cari mövsüm Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olunub. “Qarabağ” Çempionlar Liqasında layiqli çıxışını davam etdirir. Daha üç klub - “Qəbələ”, “Zirə” və “İnter” Avropa Liqasında mübarizə aparıb. “Zirə” və “İnter” ikinci, “Qəbələ” isə üçüncü təsnifat mərhələsində uduzmaqla yarışla vidalaşıb.

Beləliklə, Azərbaycan böyük futbol ailəsinin üzvü olmaqla, ən azı, yanvara qədər Çempionlar Liqasının matçlarına ev sahibliyi edəcək. Paytaxt Bakıda dünyanın tanınmış “Çelsi”, “Roma” və “Atletiko” kimi klublarının oyunlarını izləmək mümkün olacaq. “İştah diş altındadır” deyiblər. Azarkeşlər artıq “Qarabağ”ın qrupda toplayacaq xallarını saymağa başlayıb. Gəlin, Azərbaycan çempionuna, sadəcə, dəstək olaq və böyük futboldan həzz alaq.



MƏSLƏHƏT GÖR:

531