24 Noyabr 2024

Bazar, 03:06

QIŞ MEYVƏLƏRİNİN ŞAHI

Azərbaycan xurmasına yüksək tələbat onun istehsalının və emalının genişlənməsinə şərait yaradır

Müəllif:

15.09.2017

Yapon atalar sözü var: "Xurma yetişən zaman həkimlər işsiz qalır". Həqiqətən, mikroelementlərlə və vitaminlərlə zəngin olan şirəli və dadlı giləmeyvənin çox sayda əvəzolunmaz və faydalı xüsusiyyətləri var. Azərbaycanda bu meyvəni qədimlərdən becərirlər, özü də uğurla bir neçə növünü becərirlər. Xurmaya tələblə bağlı isə həqiqətən, heç bir problem olmayıb - qonşu ölkələrdə, xüsusilə Rusiyada çox böyük uğurla satılır. Buna görə, bu bitkinin Azərbaycanın kənd təsərrüfatı üçün iqtisadi əhəmiyyəti yetərincə yüksəkdir. Mənfəət potensialının hələ də olması bağçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirməyin və artırmağın vacibliyini ortaya çıxarır.

Bu istiqamətdə ilk addım kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi və təşəbbüsü ilə yaradılmış Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Birliyini göstərmək olar. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev Göyçayda qurumun təsis edilməsinə həsr edilmiş tədbirdə bildirib ki, "rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalının, həmçinin ixracının genişləndirilməsi bizim üçün prioritetdir. Bu baxımdan, Azərbaycan Prezidentinin "Made in Azerbaiyan" markasının təşviqi ilə bağlı 5 oktyabr 2016-cı il tarixdə verdiyi sərəncam xüsusi rola malikdir".

Son onillərdə Azərbaycan xurması üçün, xüsusilə Rusiya istehlakçılarında müşahidə olunan böyük tələbat yerli fermerlərin bu meyvənin becərilməsinə ayırdıqları torpaq sahələrinin genişlənməsini stimullaşdırıb. Beləliklə, 2000-ci ildən 2016-cı ilə kimi Azərbaycanda xurma bağlarına ayrılmış torpaq sahələri 3,9 min ha-dan 9,5 min ha-ya qədər artırılıb. Özü də bu maraq ölkənin, demək olar ki, iqlimin bağ əkməyə imkan verdiyi bütün bölgələrində artır.

Torpaq sahələrinin genişləndirilməsinə müvafiq olaraq xurma istehsalı da əhəmiyyətli dərəcədə artıb və göstərilən dövr ərzində o, ildə 142.9 min tona çatıb. Özü də yığılan meyvənin böyük hissəsi Gəncə-Qazax regionunun payına düşür, 2016-ci ildə bu bölgədən 62 min tondan çox xurma yığılıb. Daha sonra Aran bölgəsi gəlir - 42.3 min ton. Fermerlərin sözlərinə görə, bağlar yüksək məhsul verir - bir ağacdan ildə 250 kq meyvə yığılır, hektardan isə 5-6 ton götürülür. Özü də bağ sahibləri dərman preparatları və herbisidlər istifadə etmirlər, buna görə xurma ekoloji təmiz və yüksəkkeyfiyyətli qida hesab olunur. Bununla yanaşı, onun istehsalında böyük sərmayə yatırımları və xüsusi qayğı tələb edilmir.

Bu ağacın geniş yayılmasının əsas səbəbi onun keyfiyyəti ilə bağlıdır - bu, şaxtayadözümlü və gözəl ağacdır, vitamin və minerallarla zəngin, yüksək qida və müalicəvi xassələrə malik dadlı meyvələri var. Azərbaycanda xurmanın «korolyok» növünü xüsusilə sevirlər, bizdə ona "xirnik" deyirlər. Yalnız Balakən rayonunda bağbanlar xurmanın 10-dan çox növünü sayırlar. Balakənli fermer Tofiq Osmanovun sözlərinə görə, əvvəllər rayonda becərilən xurma kiçik ölçülü olurdu, amma indiki kənd sahibkarları seçimlə təkmilləşdirmə apararaq daha böyük meyvələr yetişdirməyə nail olublar.

Meyvənin yetişməsi qış aylarında baş verir, lakin məhsulun sənaye üsulu ilə emalı üzrə müəssisələrin olmaması üzündən meyvə uzun müddət ağacda qalaraq xarab olur və ya quşlar üçün yemə çerilir. Buna görə də, mövcud potensialdan daha səmərəli istifadə üçün xurma emalını tənzimləmək lazımdır. Bunu etmək üçün imkanlar, Azərbaycan alimlərinin elmi tədqiqatları var. Azərbaycanın konserv sənayesinin tanınmış texnoloqu Məmməd Axundov hələ sovet dövründən respublikanın konserv zavodlarında xurma emalına başlayıb. O, xurmadan onlarca növ mürəbbə, meyvə şirəsi, doşab və digər ərzaq məhsulları alıb ki, bunlara keçmiş SSRİ respublikalarının istehlakçıları arasında böyük tələbat olub.

"Xurma meyvələrinin emalını tənzimləmək elə də bir problem deyil. Bizdə meyvə və tərəvəz emalına yalnız təsərrüfatçı yanaşmaya və texnoloji biliklərə ehtiyac var. Texnoloji xətlərə və avadanlıqlara gəldikdə isə, bu gün bütün bunlar İtaliya və digər Avropa ölkələrindən gətirilə bilər. İnanıram ki, belə müəssisələrin olmaması konserv sənayesinin böyük çatışmazlığıdır. Ölkənin təbii ehtiyatlarına bu cür laqeydlik və diqqətsizlik cinayətə bərabərdir ", - deyə ekspert M. Axundov bildirib.

Bu gün Balakən rayonunun 30 kəndinin 805 hektar bağ sahəsində xurma yetişdirilir və məhsulun 60-70% -i Rusiya bazarlarına göndərilir. Məhsuldarlıq ildən ilə artır, istehsal tələbatı üstələyir. Fermer İbrahimxəlil Mikayılovun sözlərinə görə, əlavə məhsulu emal üçün vermək olardı. Ancaq təəssüf ki, bu cür müəssisələr sadəcə yoxdur. Fərdi tədarükçülər bölgəyə gəlir, məhsulun bir hissəsini alır və Rusiya bazarlarına ixrac edir. Xurmanın qalan hissəsi isə yerli bazarlarda və Bakıda satılır. Bir çox fermerlər xurmanın qurudulması ilə məşğul olurlar və bu, əsasən, kustar üsullarla həyata keçirilir. Satılmayan məhsulları bağbanlar soyuducu kameralara qoyurlar və qışda satırlar.

Balakəndə yalnız bu yaxınlarda ABAD mərkəzinin yardımı ilə paketlənmiş quru xurma istehsalı üzrə yeni layihəyə start verilib. Bu barədə rayona səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib və bu məhsulun xarici bazarlara çıxış üçün çox böyük potensiala malik olduğunu vurğulayıb.

"Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir", - deyə dövlət başçısı bildirib.

Ekspertlər hesab edirlər ki, bu cür layihələrin sayının artması xurma becərilməsi ilə məşğul olan təsərrüfatların gəlirlərini artıraccaq. Elə indi də bu məhsul müvəffəqiyyətlə və elə də kiçik olmayan pullara satılır. Bazar araşdırmaçılarının fikrinə görə, Rusiya bazarlarına ən bahalı xurma Azərbaycandan və Çindən gəlir. Eyni zamanda, Azərbaycan məhsulu Rusiya alıcılarının ehtiyaclarının 70% -dən çoxunu əhatə edir.

Eyni zamanda, iqtisadçı-ekspertlər müəyyən mənada, yalnız bir bazardan asılılığı təhlükəli meyil sayırlar və tez xarab olan meyvələrin daha uzaq satış istiqamətlərinə çatdırılmasını asanlaşdıran layihələrin işlənməsinin zəruriliyini qeyd edirlər.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyində əmindirlər ki, sertifikatlaşdırma prosesinin sürətləndirilməsindən sonra, bu məhsullar Avropaya və ərəb dünyasına satıla bilər. Hökumətdən qeyd edirlər ki, belə olan halda fermerlər də təşəbbüs göstərməlidirlər və dünya standartlarına cavab verən məhsul istehsalını təşkil etməyə nail olmalıdırlar. Yuxarıda qeyd edildiyi kimi, emal müəssisələrinin sayını əhəmiyyətli dərəcədə artırmaq lazımdır ki, bu, məhsulların satışının səmərəliliyinin maksimal səviyyədə artırar və uyğun olaraq fermerləri təsərrüatı genişləndirməyə stimullaşdırar.

Azərbaycan Prezidenti İlham Əliyevin daha öncə qeyd etdiyi kimi, bu gün üçün xurma fındıq və pomidordan sonra Azərbayjana xarici valyuta gətir üçüncü kənd təsərrüfatı məhsuludur. Bu məhsulun satışdan alınan illik gəlir 68 milyon dollardır. Və yalnız bir neçə effektiv layihə bu məbləği əhəmiyyətli dərəcədə artır və xurmanı lider səviyəyə qaldıra bilər.



MƏSLƏHƏT GÖR:

525