24 Noyabr 2024

Bazar, 06:17

İMTAHANA ÇƏKİLƏN İMTAHAN

2019-cu ildən Azərbaycanda orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanları yeni formada keçiriləcək

Müəllif:

01.10.2017

Təhsil sahəsində hər hansı yeni bir qərar bütün sistemin yenidənqurulması üzrə böyük işlərlə - planlaşdırmadan tutmuş metodik təlimatların və kadrların hazırlanmasına və təhsil sisteminə, yəni məktəbə tətbiq edilməsinə qədər olan işlərlə qarşılaşmalı olur. Məlumatsız adamlar, şagirdlər və valideynlərə elə gəlir ki, bütün dəyişikliklər xaotikdir, yəni layihənin işlənməsi və onun həyata keçirilməsi arasında aralıq mərhələlər gizli qalır.

İndi də ali və orta ixtisas məktəblərində yeni model buraxılış və qəbul imtahanlarının tətbiqi barədə bu yaxınlarda elan edilmiş xəbər ictimaiyyətdə müxtəlif cür müzakirələrə səbəb olub. Bir çoxları sanır ki, bizim təhsil sistemi onsuz da keçid dövrü yaşayır, onu onsuz da daima yeniliklərin tətbiqi ilə silkələyirlər. Bu cür qlobal dəyişiklikləri belə bir qeyri-sabit əsas üzərində necə tətbiq etmək olar?

Dövlət İmtahan Mərkəzinin (DİM) və Təhsil Nazirliyinin rəsmiləri isə bildirirlər ki, yeni model - ölkə təhsilində milli kurikulumun doqquz illik fəaliyyətinin bir növ nəticəsidir. Milli kurikulum 2009-cu ildən tətbiq olunur. 2017-ci ildə buraxılış imtahanları, eləcə də orta ixtisas məktəblərinə imtahanlar (bütün təhsili kurikulum əsasında oxumuş məzunlar - doqquzuncu sinif şagirdləri üçün imtahanlar) yeni standartlar əsasında həyata keçirilib. 11-ci sinif məzunları - tam orta təhsil üçünsə yeni standartların tətbiqi 2019-cu ilə planlaşdırılır.

 

Mərhələ mərhələ ardınca

Bundan sonra buraxılış imtahanları üç fənn - ana dili, riyaziyyat və ingilis dili üzrə aparılacaq, qəbul imtahanlarında fənlərin sayı isə beşdən üçə qədər azalacaq. Bu zaman qəbul zamanı profil fənlərdən imtahan vermək lazım gələcək, amma buraxılış imtahanında olan fənlərdən imtahana ehtiyac olmayacaq. Qəbul zamanı buraxılış imtahanlarının nəticələri nəzərə alınacaq. İçlərindən doğrunun seçildiyi test cavabları ilə yanaşı, imtahanlarda cavab variantları olmayan açıq suallar da tətbiq olunacaq.

Aydındır ki, təhsil rəsmiləri yeni modeli iki ildən sonra tətbiq etməyi düşünürlər, yəni bu qısa müddət ərzində əsasında sınaq imtahanları keçiriləcək tamamilə yeni metodik təlimatlar işlənməlidir. Bu nə dərəcədə təsirli olacaq? Bu, məzunlar üçün əsl şoka çevrilməyəcəkmi? Bundan əlavə, repetitorlar da abituriyent hazırlığı dərslərinə yenidən baxmalıdırlar.

Yeni təhsil sisteminə keçid haqqında fərman 1997-ci ildə imzalanıb. Dünya Bankı bu sistemin formalaşdırılması üçün kredit verib. Bank təhsil sistemində islahatlara kredit vermək üçün mövcud sovet təhsil sistemindən tam imtinanı şərt qoyub.

2009-cu ildə milli kurikulum standartının tətbiqindən əvvəl bir çox mərhələlər olub: məktəblərdə tətbiqi nəzərdə tutulan metodologiyanın tədqiqi, pilot məktəblərin axtarışı, standartların formalaşması, milli kurikulum standartları, təsdiq və işlənmə, dərsliklərin hazırlanması, müəllimlər üçün təlimlər və yalnız bundan sonra məktəblərdə tətbiqi. Beləliklə, buraxılış /qəbul imtahanları sisteminin islahatı ümumi dəyişiklik proqramının məntiqi davamıdır.

Biliyin qiymətləndirilməsinin strukturunda dəyişikliklər davamlı olaraq baş verir, onlara alışmaq asan deyil, amma mütəxəssislərin fikrincə, təhsil sahəsində bu, qaçılmaz prosesdir. İmtahanlarda tədricən yeni suallar və üsullar tətbiq olunur. Belə alınıb ki, məktəblilər və onların valideynləri yenilikləri və onların nəticələrini öz üzərlərində sınamalıdırlar.

Ayrıca olaraq, repetitorluq ənənəsini də qeyd etmək lazımdır. Repetitorluq ənənəsi özlüyündə köhnə sistemin dağılması mərhələsində ortaya çıxdı. Bu, narahat 90-cı illərə təsadüf edir. Biz müstəqillik qazandıq, dərslikləri və proqramları dəyişməyə başladıq. Bəzi məktəblərdə köhnə sovet dərslikləri, digərlərində isə Rusiya dərslikləri ilə dərs keçirdilər. Tələsik "işlənmiş" Azərbaycan dərsliklərinə etibar etmək məcburiyyətində qaldıq. Buna görə, təlimatlar, proqramlar, vasitələr daima çatışmırdı və qəbul imtahanlarının gedişatından xəbərdar olan repetitorlar vəziyyətdən çıxış idi. İndi ekspertlərin fikrincə, bu, elə də vacib deyil.

"Məktəb proqramının çətinləşdiyini söyləyə bilmərəm. Məsələn, 90-cı illərin yeddinci sinfində kvadrat tənliklər keçirdik, indi səkkizinci sinifdə keçirlər. Sadəcə, repetitorluq mədəniyyəti elə böyüyüb və geniş yayılıb ki, çox vaxt uşaqlar məktəbdə məşğul olmağa səy göstərmirlər, istənilən halda repetitor yanına gedəcəklər", - deyə təhsil üzrə məsləhətçi vurğulayır.

 

Yeni model nə vəd verir?

Yeni qiymətləndirmə proqramı məlumatların analizi əsasında qurulacaq. Şagirdlərin əlaçı olması bizdə ənənə halına gəlib. Ekspert deyir ki, xaricdə belə şey yoxdur. Qərbdə uşağın meylini müəyyən etməyə çalışırlar ki, diqqət yetiriləcək fənləri və inkişaf etdiriləcək qabiliyyətləri bilsinlər. İnkişaf etmiş ölkələrdə işsizlik səviyyəsinin 3% -dən çox olmaması bununla bağlıdır.

Bu ildən etibarən məktəblərdə, nəhayət ki, profilləşmə tətbiq edilir. İndi məktəblilər universitetlərə girərkən ehtiyac duymayacaqları fənlər üzrə ümumi təhsil minimumu keçəcəklər. Profil fənlər üzrə isə yeni siniflər yaradılacaq. Tibb universitetinə daxil olmaq istəyən şagird 10-11-ci siniflərdə profil kimya və biologiya fənləri üzrə daha çox məşğul olacaq, digər fənlərə isə yalnız lazımi minimum səviyyədə diqqət yetirəcək. Əslində, bu, repetitorluğa leqal məktəb alternativi olmalıdır.

 

Məsləhətçinin sözlərinə görə, islahatlar yolunda növbəti addım fənlərin dərəcəyə bölünməsidir. Məsələn, gələcək mühəndis qənaətbəxş səviyyədə ingilis dilinə ehtiyac duyacaq, tərcüməçi isə əla səviyyədə bilməlidir. Bu, qəbul imtahanlarına hazırlığı daha da optimallaşdırmağa kömək edə bilər.

Çoxlarını yeni sistemə keçid, xüsusilə test sisteminin ləğv edilməsi və cavab variantları olmayan, özü yazılmalı açıq sualların tətbiqi qorxudur. Açıq suallara cavabların qiymətləndirilməsi zamanı qiymətləndirmə meyarları necə olacaq?

Məsləhətçinin sözlərinə görə, ən çətin məsələ inşaların qiymətləndirilməsidir. Çünki hər hansı bir inşa subyektiv bir fərdi mövqedir, qiymətləndirmə zamanı ondan imtina etmək qərarına gəlinib. Bu vəziyyətdə məktəblilərin təhlil etmək, cümlə qurmaq, mətni planlaşdırmaq və düşüncələrini dolğun ifadə etmək vacibdir.

Texniki mövzularda gəlinməli dəqiq doğru cavab var. Lakin bu vəziyyətdə də qiymətləndirmə variasiyaları mümkündür - səhvlər olubmu, həll nə dərəcədə düzgün olub, hansı mərhələdə səhvlər qeydə alınıb və s.

 

Rəqabətqabiliyyətli təhsil  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradıcılarından biri olan başqa bir ekspert «R +»a müsahibəsində bildirdi ki, bütün dünyada ali təhsil heç də seçilmişlərin imtiyazı deyil, dövlətin öz vətəndaşlarına təmin etdiyi xidmətdir. Təhsil almaq vətəndaşın konstitusiya hüququdur. Dünya texnologiya ilə idarə olunur, ənənəvi peşələrə qoyulan tələblər getdikcə mürəkkəbləşir, buna görə də təhsil hamı üçün əlçatan olmalıdır.

"2006-cı ildə Kiyevdəki forumda çıxış edirdim və Azərbaycandakı qəbul imtahanlarının təcrübəsini bölüşmürdüm. Həmin il 140 min nəfər məktəbi bitirmişdi, onlardan 120 min nəfər ali məktəbə ərizə vermişdi. Ali məktəblərdə 26 min yer var idi, ancaq 24,2 min nəfər qəbul edildi. Dedim ki, qalan 1800 nəfərlik yer boş qaldı, çünki abituriyentlərin səviyyəsi tələblərə cavab vermədi".

Ekspert deyir ki, növbəti gün İngiltərədən olan nümayəndə mənə qarşı çıxdı: "120 min ərizə verənin ən azı 80 mini yerlə təmin edilməlidir. Bunun əvəzinə siz 1800 yeri boş qoydunuz. Dünya genişlənir, indi istənilən şəxs bütün dünya üzrə istənilən işə iddia edə bilər. Buna görə də gənci dünya əmək bazarında rəqabətqabiliyyətli etmək üçün, onun təhsilə çıxış imkanları təmin edilməlidir".  

Sorbonnaya daxil olmaq üçün imtahan vermək və pul ödəmək lazım deyil, yalnız fransız dilini bilmək yetərlidir. Dünyanın bu ən qədim universiteti bütün istəyənlər üçün açıqdır, amma istəyənlərin heç də hamısı onu bitirə bilmir - oxumaq və imtahanları vermək üçün zəhmət çəkmək lazımdır. Bəs, bizdə nə baş verir? Qəbul imtahanından keçə bilməyən abituriyent sənədlərini başqa ölkələrin - Türkiyənin, Rusiyanın, Çinin, Ukraynanın, Gürcüstanın ali məktəblərinə verərək oxuyur. Təhsil haqqı da bu ölkələrin büdcəsinə gedir.

Ali məktəblərin özlərində xüsusi ödənişli hazırlıq kursları yaratmaq planlaşdırılırdı, lakin bu təşəbbüs davam etdirilmədi.

90-cı illərdə qəbul komissiyası həmin mərhələdə lazım olan hər şeyi ən yaxşı səviyyədə etdi - test sistemi anti-korrupsiya məsələlərini həll edərək qəbul olunmaq istəyənlərin hamısı üçün bərabər imkanlar təmin etdi. Amma bu gün buna ehtiyac qalmayıb. Testlər ildən-ilə daha da mürəkkəbləşir. Müasir dünya isə biliyin həcminin yox, tənqidi düşüncənin, məntiqin yoxlanılmasını tələb edir. Biliklərin müəyyən edilməsi üçün başqa mexanizm işləmək lazımdır. Ali məktəblərdə müsabiqələr, olimpiadalar, laboratoriyalar yaratmaq lazımdır ki, hüquqşünas olmağı arzulayan yeddinci sinif şagirdi artıq indidən yurisprudensiya üzrə treninqlərdən keçə bilsin.  

Digər ekspert hesab edir ki, bütün ixtisas qruplarında riyaziyyatın mövcudluğu anlaşılmaz və faydasızdır. Humanitar sahəyə gedən şəxs ona maraqlı olan və gələcəkdə lazım olacaq fənlərdən imtahan verməlidir. Tarixçinin və hüquqşünasın akademik səviyyədə riyaziyyat biliklərinə ehtiyacı yoxdur.

Həm də nəzərə almaq lazımdır ki, bir ayın içində iki məsuliyyətli imtahan vermək psixoloji baxımdan da mürəkkəbdir: "Hələ psixoloji olaraq formalaşmamış gəncləri bu cür stress və gərginlik altına salmaq olmaz".

Buraxılış və qəbul imtahanlarının birləşdirilməsinə baxmayaraq, buraxılış imtahanlarında fənlərin sayının artması və ya qəbul imtahanlarında sayının azalması, əslində sualların mürəkkəbliyi səviyyəsinin artmasıdır.

"Buraxılış və qəbul imtahanlarının birləşməsi buraxılış imtahanlarında fənlərin sayının və mürəkkəblik səviyyəsinin artması deməkdir. Məktəblərimiz buna hələ hazır deyil", - deyə o qeyd edib və əlavə edib ki, bu prosesi mövcud şəraitlə həyata keçirmək çətin olacaq.

Digər tərəfdən, onsuz da ağrılı olan islahatlar və yeniləşmə prosesini daha da ağırlaşdıran problem kadrların olmamasıdır. Bakı məktəblərindən birinin direktoru vəziyyəti belə təsvir edir: "Bəli, təhsilin aşağı səviyyəli olması haqqında danışırlar. Ancaq indiyə kimi fəaliyyət göstərən sertifikatlaşdırma komissiyası yaradılmayıb. Mən özbaşına bacarıqsız müəllimi işdən qova bilmərəm. Bu, Təhsil Nazirliyinin də qarışdığı mürəkkəb bürokratik prosedurdur. Bundan əlavə, bütün bacarıqsız müəllimlərin işdən çıxarılması sosial partlayışa gətirib çıxarar - çox sayda insan işsiz qala bilər".  

Hər müəllimə minimum dərs yükü - həftədə ən azı 6 saat dərs verilməlidir. Kadrların olmaması islahatların daha keyfiyyətli həyata keçirilməsinə mane olur.

Gözlənilənlər çətinliklərlə bağlı olsa da, istənilən halda, bu, xaotik proses deyil. Təhsil müşaviri olan ekspertimizin fikrincə, dünyada təhsil sistemi ilə tanınan və kurikulumlarla optimal işləyən bir çox qərb ölkələri də oxşar prosesdən keçiblər.

"Məsələn, Niderlandda mövcud təhsil sistemi sayca beşinci kurikulumdur. Bəlkə də, dayanıqlı işləyən modeli yaratmazdan əvvəl bizim də daha çox vaxta və daha yeni kurikulumlara ehtiyacımız olacaq. Lakin təəssüf ki, bütün bu işlər təhsil prosesindən ayrılmadan baş verir, nəticədə, məktəblilər və onların valideynləri stresli vəziyyətə düşürlər",- deyə ekspert vurğulayıb.


MƏSLƏHƏT GÖR:

503