27 Dekabr 2024

Cümə, 13:19

«SAAKAŞVİLİ» ƏMƏLİYYATI

Ukrayna prezidentinə qarşı həm düşmənləri, həm də dostları birləşir?

Müəllif:

01.10.2017

Sentyabrda Ukraynanın daxili siyasi həyatına daha bir nadir səhifə əlavə olunub. Artıq ikinci dəfədir ki, burada əsas «nyusmeyker» Gürcüstanın sabiq prezidenti, daha sonra Ukrayna dövlət başçısının məsləhətçisi, İslahatlar Şurasının sədri və Odessa vilayətinin qubernatoru vəzifələrini tutmuş Mixail Saakaşvili olur. Amma, bəlkə də, o, Ukraynada tezliklə başlayacaq daha miqyaslı oyunlar üçün sadəcə öz rolunu oynayır.

Saakaşvilinin Ukraynada ilk peyda olmasının məqsədi hələ də müəmma olaraq qalır. Əvvəlcə Ukrayna prezidenti Pyotr Poroşenko onu ölkənin ən aparıcı vilayətlərdən birinin, çoxmillətli liman şəhərinin başına qoyaraq, korrupsiya ilə mübarizə sahəsində usta kimi təqdim etdi. Lakin Saakaşvili Odessanı «Ukraynada islahatlar laboratoriyası»na çevirə bilmədi. Onun Ukrayna karyerası 1 ildən də az davam etdi və sonda Saakaşvili nəinki vəzifəsini, həm də Ukrayna pasportunu itirərək, faktiki olaraq, vətəndaşlığı olmayan şəxsə çevrildi.

Bundan sonra bir müddət ABŞ-da yaşayan sabiq prezident oradan Avropaya yollandı və sonda yenidən Polşa vasitəsilə Ukraynaya keçmək qərarına gəldi. Onun ölkəyə daxil olmağa göstərdiyi ilk cəhd uğursuz alınsa da, sentyabrın 10-da Saakaşvili tərəfdarları, ultramillətçi «Donbas» batalyonunun üzvlərinin dəstəyilə, sözün əsl mənasında, «Şegeni» Nəzarət Buraxılış Məntəqəsini yarıb keçdi. Bu işdə ona Gürcüstandan olan sabiq cangüdənləri də kömək etdi.

İlk baxışdan, ağlabatan görünməyən bu vəziyyət çoxlarını çaşbaş salıb. Saakaşvili Ukraynaya hansı statusda və ən əsası, nə məqsədlə qayıdıb?

«Mən Ukraynanın bütün regionlarını gəzmək, xalqla söhbətləşmək qərarına gəlmişəm. Biz hər tərəfi dolaşacaq, xalqın tələblərini dinləyəcəyik… Oktyabrın 17-də Kiyevdə son dərəcə dinc şəkildə toplaşacağıq. Mən köhnə inqilabçı olsam da, daha bir inqilab təşkil etmək arzum yoxdur», - deyə Saakaşvili bildirib.

Sonradan o, Ukrayna vətəndaşlığını bərpa etmək üçün məhkəməyə üz tutacağını da deyib. Saakaşvili hesab edir ki, onun vətəndaşlığını «sadəcə, oğurlayıblar».

Əksər müşahidəçilər əmindir ki, Saakaşvilinin Ukraynada «ikinci zühuru» hansısa dəyişikliklərin müjdəçisidir və bu, heç bir halda öz-özünə baş verə bilməz. Birincisi, pasportu olmayan şəxsin kənar qüvvələrin yardımı olmadan ABŞ-dan Polşaya gəlməsi mümkün deyil. Yeri gəlmişkən, Vaşinqtonun Ukraynadakı xüsusi nümayəndəsi («Normand formatı»nda Vaşinqtonun təmsilçisi, MKİ-nin analitiki, Saakaşvilinin dostu olan Con Makkeynin tərəfdarı) Kurt Volker Saakaşvilinin Ukraynaya gəlişini açıq şəkildə alqışlayıb.

İkincisi, Saakaşvilini Lvova gedişində müşayiət edən insanlar qrupu da öz-özlüyündə çox şeydən xəbər verir. Xüsusilə sabiq baş nazir, «Batkivşşina» partiyasının lideri Yuliya Timoşenko. «Odda yanmaz, suda batmaz» Yuliya Vladimirovnanın Poroşenkoya qarşı planları varsa (və əlbəttə ki, var), Saakaşvili avanqard, vəziyyəti qızışdırmaq üçün ideal namizəddir. Poroşenkodan narazı elektoratın formalaşdırılmasına məhz bundan sonra başlanılmalıdır. Saakaşvilinin özü Poroşenkoya rəqib deyil. Çünki onun reytinqi son dərəcə aşağıdır (müxtəlif mənbələrə, məsələn, «Reytinq» qrupuna görə 2-3% ətrafında). Üstəlik, Ukrayna Konstitusiyasına görə də Saakaşvili prezident ola bilməz - bunun üçün seçkidən əvvəlki 10 ili fasiləsiz olaraq Ukraynada yaşamaq tələb edilir. Timoşenkonun dövlət başçısı postuna yiyələnməsi isə mümkündür. Ukrayna üçün o, kifayət qədər yüksək sayılacaq reytinqə malikdir - təxminən 9%.

İndi Poroşenko faktiki olaraq, ya Saakaşvilinin özbaşınalığına dözməli, ya da «Qərbin sevimlisi»nə əl qaldırmalıdır. Saakaşvilinin ölkə sərhədini yararaq Ukraynaya daxil olmasından keçən ilk günlər Poroşenkonun hələ səbir etdiyini göstərib. Hər halda, Saakaşvili nədənsə sərhədi qanunsuz keçdiyi, hüquq mühafizə orqanlarına müqavimət göstərdiyi üçün həbs edilməyib. Üstəlik, baş prokuror Yuri Lutsenko bildirib ki, Gürcüstanın sabiq lideri istədiyi yerə gedə bilər. Bundan başqa, əgər Saakaşviliyə sərhədi keçməkdə Ukrayna Milli Qvardiyasına daxil olan «Donbas» batalyonunun döyüşçüləri kömək edibsə, bundan sonra onlar necə mərkəzi hakimiyyətə tabe olacaq? Əgər sərhədçilər sərhəd pozucusunu saxlaya bilməyibsə, onlar ölkəni nə dərəcədə effektiv qoruyur və bunun fonunda prezidentin imici necə olacaq? Hər halda, Saakaşvilinin sərhədi keçməsi zamanı yaşanmış qarışıqlıqda müxtəlif məlumatlara görə, 10-dək hüquq mühafizə orqanı əməkdaşı yaralanıb.

Hazırkı prezident üçün daha pis xəbər isə Timoşenko ilə Saakaşvilinin arxasında oliqarx, Dnepropetrovsk vilayətinin sabiq rəhbərinin dayandığına dair şübhələrdir. Bəzi məlumatlara görə, Polşa-Ukrayna sərhədində Saakaşviliyə kömək etmiş «Donbas» batalyonunu məhz Kolomoyski dəstəkləyir. Bir sıra mətbuat orqanları yazır ki, hələ sərhəddəki qalmaqaldan bir müddət əvvəl İqor Kolomoyski İsveçrədə Saakaşvili ilə görüşübmüş. Belədirsə, demək, onlar ümumi məqsəd naminə köhnə düşmənçiliyi unudublar. Saakaşvili-Timoşenko alyansına Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Valentin Nalivayçenko, Lvov meri Andrey Sadovıy, sabiq müdafiə naziri Anatoli Qritsenkonu da aid edirlər. Saakaşviliyə nifrət edən (lakin Timoşenko ilə yaxşı münasibətləri olan) daxili işlər naziri Arsen Avakovun isə kimin tərəfində olacağı, hələ ki, məlum deyil. KİV-in məlumatına görə, Kolomoyski ilə Avakov da görüşüb. Avakovla Kolomoyski arasında sövdələşmənin mümkünlüyünə «Pyotr Poroşenkonun Bloku»ndan olan deputat Sergey Leşşenko da eyham vurub.

«Saakaşvili» kod adı altında əməliyyatın başlama vaxtı da ideal seçilib. Prezident seçkisinə hələ çox var. Lakin prosesə start verilməsinə o qədər də çox qalmayıb. Hazırda Donbasın reinteqrasiyasına dair yerində sayan qanun layihəsi, həmçinin BVF-in tələblərinə (müstəqil antikorrupsiya məhkəməsinin yaradılması, azad torpaq bazarının formalaşdırılması, pensiya sahəsində islahatlar, özəlləşdirməyə dair yeni qanun) əməl olunmasının vacibliyi Poroşenkonun əleyhinə işləyir. Müxalifət partiyaları isə yenidən prezidentə impiçment elan olunması haqda danışmağa başlayıb. Bu arada təhsil haqqında qanun da özünü yetirib. Yeni qanuna əsasən, 2018-ci ildən «milli azlıqların dilində» dərs keçilən siniflər yalnız ibtidai məktəblərdə olacaq. Orta məktəblərdə və ali təhsil ocaqlarında isə bütün tədris yalnız Ukrayna dilində aparılacaq. Buna artıq Rumıniya, Bolqarıstan, Macarıstan, Yunanıstan və Moldova narazılığını bildirib. Rumıniya prezidenti Klaus Yohannis hətta Ukraynaya oktyabra nəzərdə tutulan səfərdən imtina edib.

Beləliklə, Kiyevdə yeni Maydan baş verə bilərmi? Saakaşvilinin qəflətən tempi xeyli azaltdığını nəzərə alsaq, bunun yaxın zamanlarda baş verməyəcəyini düşünmək olar. İndi, yəqin ki, hər şey lokal siyasi savaşlarla məhdudlaşacaq. Məsələn, sentyabrın 8-də Kiyevin mərkəzində avtomobilin partlaması nəticəsində Timur Maxaurinin dünyasını dəyişməsindən sonra bunun Saakaşviliyə ünvanlanmış «mesaj» olduğuna dair fikirlər səslənməyə başlayıb. Maxauri Gürcüstanın sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin adamı idi. Lordkipanidze isə 2015-2016-cı illərdə Saakaşvilinin adamı olub, hətta Odessa vilayət polisinə rəhbərlik edib. Bəlkə də, bu, sırf təsadüfdür. Bəlkə də, yox…

Bütün bunların fonunda ölkənin cənub-şərqində gərginliyin artacağı istisna deyil. Yeri gəlmişkən, bu da Poroşenkonun əleyhinə işləyə bilər. Çünki seçicilərin arzulamadığı əsas şey cəbhədə döyüşməkdir. Ukrayna prezidenti ABŞ-dan hələ 2014-cü ildə vəd edilmiş müdafiə silahları da ala bilmir. Söhbət, ilk növbədə, «Javelin» tipli tankəleyhinə raketlərdən gedir. Ekspertlər deyir ki, hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, bu raketlər Ukraynanın itkilərini xeyli azaldacaq. Vaşinqton isə Ukraynaya bu silahların tədarük olunacağını bir daha bəyan etsə də, iş bəyanatdan o yana keçmir. Bununla yanaşı, sülhməramlı məsələsi birbaşa silah tədarükü söhbətlərilə əlaqələndirilir. Poroşenko silah-sursatla yanaşı, BMT-nin Ukraynanın şərqinə beynəlxalq sülhməramlı kontingent yerləşdirməsinə də çalışır.

Bu arada, heç kəsin gözləmədiyi halda, Rusiya prezidenti Vladimir Putin də bölgəyə sülhməramlıların yerləşdirilməsinə tərəfdar olduğunu bəyan edib. Lakin o, bunun sadəcə ATƏT-in xüsusi monitorinq missiyasının müşahidəçilərini qorumaq üçün lazım olduğunu deyib. Yəni Rusiya sülhməramlıların yalnız təmas xəttində yerləşdirilməsini istəyir. Kiyev isə hesab edir ki, BMT missiyası daha geniş mandata sahib olmalı, bütünlükdə, Donbas ərazisinə yerləşdirilməli və Rusiya ilə sərhədədək düzülməlidir. Ukraynalı analitiklərin fikrincə, Putinin sülhməramlıların yerləşdirilməsinə tərəfdar çıxması silah daşımalarının qarşısının alınması, yəni əslində vəziyyətin dondurulmasına hesablanıb.

Bu kontekstdə Saakaşvilinin Ukraynaya gəlişinə fərqli də yanaşmaq mümkündür. Gürcüstan parlamentinin sabiq sədri, «Demokratik hərəkat - Vahid Gürcüstan» partiyasının lideri Nino Burcanadze «Nezavisimaya qazeta»ya müsahibəsində Saakaşvilinin «MKİ-nin ciddi layihəsi çərçivəsində» çalışdığını bildirib. Onun sözlərinə görə, «layihə» 2018-ci ildə Rusiyada keçirilməli olan futbol üzrə dünya çempionatının pozulmasına və Rusiyada prezident seçkisinə təsir göstərilməsinə hesablanıb. Burcanadze bildirib ki, «bu qüvvələrə» Ukraynada, Moldovada və hətta, bəlkə də, Gürcüstanda «sabitliyi pozacaq hadisələr» lazımdır. Bu halda Rusiya cavab addımları atmaq məcburiyyətində qalacaq. «Saakaşvili bu planın icrası üçün əla namizəddir. Ukraynada yaşananlar Rusiyaya istənilən halda, təsir göstərəcək», - deyə siyasətçi bildirib.

Beləliklə, Ukraynaya Rusiya ilə ABŞ arasındakı savaşın ənənəvi meydanı kimi baxsaq, hərbi «söhbətin» sərhədləri artıq cızılıb. Qalır əldə olan silahlarla oyuna başlamaq. Elə həmin silahlar «stavka»nı qaldıra, lakin vəziyyəti dəyişməz saxlaya bilər. Saakaşvilinin Ukrayna ərazisində olub-olmaması kimi.



MƏSLƏHƏT GÖR:

505