24 Dekabr 2024

Çərşənbə axşamı, 00:05

MEDALLARIN BİR ADDIMLIĞINDA

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatında 4-cü yeri tutub

Müəllif:

15.10.2017

Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçuların Avropa Çempionatı möhtəşəm final görüşüylə yekunlaşdı. Həlledici oyunda çempionluq uğrunda qitə birinciliyinin son qalibi Serbiya və son finalçı Hollandiya mübarizə apardı. Yekunda Serbiya millisi növbəti dəfə Avropanın ən güclü komandası olduğunu təsdiqlədi. Hollandiya 2-ci, Türkiyə 3-cü yerlə kifayətləndi. Bürünc medal uğrunda görüşdə Türkiyəyə uduzan Azərbaycan millisi 12 il əvvəl olduğu kimi yenə də 4-cü yeri tutdu.

Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi 2005-ci ildə əldə olunan nəticəni təkrarladı. Milli qitənin ən güclü dörd komandası sırasına daxil olsa da, medal qazanmağı bacarmadı. Hərçənd qrupda nümayiş etdirilən mübarizə voleybolçularımızın ən azı bürünc medala layiq olduğunu göstərirdi. Bununla belə, son anda yığmanın ardıcıl iki məğlubiyyəti bütün ümidlərin üstündən xətt çəkdi.

Azərbaycan millisinin Avro-2017-dəki çıxışı iki fərqli hisslər yaratdı. Qrup mərhələsində voleybolçularımız rəqib tanımadı. Bütün görüşlərini qalib kimi başa vuran milli 14 finalda da güclü tərəf oldu. Macarıstan və Polşanı 3-0, Almaniyanı 3-1 hesabıyla üstələyən Azərbaycan yığması pley-offda yenidən bundestimlə üz-üzə gəldi. Bu dəfə Almaniyanı hər üç setdə məğlub edən voleybolçularımız “quru” hesabla qələbə qazandı. Yarımfinala qədər məğlubiyyətsiz irəliləyən milli Hollandiyayla görüşdən başlayaraq özünü toparlaya bilmədi. Çempionatın ən baxımlı görüşlərindən biri, sözün əsl mənasında, çox güc apardı.

Polina Rəhimova və Natalya Məmmədovanın güclü zərbələri, Kseniya Poznyakla Alyona Həsənovanın bloku, libero Valeriya Məmmədovanın müdafiədə etibarlı çıxışı, Kseniya Yaqubovanın əla ötürmələrini yarımfinalda izləmək mümkün olmadı. Hollandiya yığmasıyla görüşün ilk setində Azərbaycan üstün oldu. İkinci setdən başlayaraq bağışlanmaz səhvlərə yol verdik və nəticədə, rəqib ardıcıl iki setdə qələbə sevinci yaşadı. Dördüncü setdə əzmkar mübarizə sayəsində voleybolçularımız 7 xallıq fərqi aradan qaldırdı və hissəni qalib kimi başa vurdu. 5-ci həlledici hissədə tarixi qələbəni qazanmağa isə güc qalmadı. 2-3 hesabıyla məğlub olan Azərbaycan millisi bütün fikrini bürünc medal uğrunda görüşə yönəltməliydi. Amma yorğunluq, psixoloji təzyiq komandamıza oyununu bərpa etməyə imkan vermədi.

Bürünc uğrunda görüşdə rəqib Türkiyə oldu. Son illər Azərbaycan üçün uğursuz rəqib hesab olunan Türkiyə voleybolçuları bu dəfə də qalib gəldi. Millimiz yalnız ilk seti aktivinə yazdırdı. Sonrakı ardıcıl üç setdə türklər sevindi və 3-1 hesablı qələbə qazanmaqla bürünc medala layiq görüldü.

Qeyd edək ki, Azərbaycanın qadın voleybolçusu Valeriya Məmmədova Avropa Çempionatının "arzular komandası"na düşüb. 33 yaşlı idmançı çempionatın ən yaxşı liberosu seçilib. Simvolik komandada ümumilikdə 8 voleybolçu yer alıb. Onlardan hərəyə 3-ü çempion Serbiya ilə finalçı Hollandiyanı təmsil edib. Daha bir voleybolçu isə bürünc mükafatçı Türkiyə millisinin üzvüdür.

Mötəbər yarışdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa Çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib. Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə milli komandamızın heyətini təbrik edib. Bildirib ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa Çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər.

Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlət başçısı dedi ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırlatdı.

“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlətimizin başçısı vurğuladı ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, qrupdakı və dörddə bir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.

“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi. Dövlət başçısı bildirdi ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.

Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla, məşqçi kollektivinin əməyini qeyd etdi. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlət başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu dedi. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirdi. Dövlət başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirdi.

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən Prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa Çempionatında dördüncü yeri tutmağımızın böyük nailiyyət olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olmasa da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə apardı.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadın voleybolçularımızın Avropa Çempionatında uğurlu iştirakı ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa Çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Ümumilikdə, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisinin qitə birinciliyində çıxışını qənaətbəxş hesab etmək olar. Avropa Çempionatında 4-cü yeri tutmaq müsbət nəticə sayılır. Təəssüf ki, voleybolçularımız hələ də qitə birinciliklərində medal qazana bilmir. Yığmada ən çətin iş baş məşqçi Faiq Qarayevin üzərinə düşür. Millidə əsas heyətin layiqli əvəzedicisi olmadığı üçün bütün görüşlərdə eyni voleybolçular mübarizə aparır. Bu isə məşqçinin işini çətinləşdirir. Avro-2017-dəki bütün komandalarda ehtiyatda layiqli voleybolçular olduğu halda Azərbaycan millisində əvəzedici olmadı. Çünki 4 komandanın iştirak etdiyi ölkə çempionatında rəqabət yoxdur. Əsas voleybolçularımız xarici çempionatlarda çıxış etməklə formasını qoruyur. Milli, demək olar ki, bütün görüşlərdə eyni heyətə güvəndi və liderlər çempionatı əvəzetmə olmadan keçirdi. Unutmayaq ki, 2018-ci ildə Azərbaycan millisini daha nüfuzlu yarış - Dünya Çempionatında mübarizə gözləyir. Ona görə mundiala artıq bu gündən etibarən hazırlaşmaq mütləqdir.



MƏSLƏHƏT GÖR:

474