24 Noyabr 2024

Bazar, 01:38

İQTİSADİYYATIN GÜZGÜSÜ

Azərbaycan Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə görə MDB ölkələri arasında ən yaxşısıdır

Müəllif:

15.10.2017

Dünya İqtisadi Forumunun (DİF) qlobal rəqabət qabiliyyəti indeksi üzrə reytinqi ölkələrin sosial-iqtisadi vəziyyətinin güzgüsü hesab edilə bilər. DİF-in «The Global Competitiveness Report» hesabatı 2004-cü ildən başlayır və dünyanın müxtəlif iqtisadiyyatları arasında rəqabət qabiliyyəti üzrə ən kompleksli göstərici hesab olunur, həm də ölkələrin sabit iqtisadi inkişafını təmin etmək üzrə qabiliyyətini müəyyən edir.

Hesabat çərçivəsində aparılan araşdırmaların miqyası dünya ölkələrinin rəqabət qabiliyyətini xarakterizə edən 113 dəyişənlə müəyyən edilə bilər. Bu dəyişənlər 12 nəzarət göstəricisi üzrə birləşdirilib və bu göstəricilər sırasına makroiqtisadi göstəricilər, maliyyə və əmtəə bazarları, məşğulluq, təhsil, səhiyyə, biznes rəqabət, innovasiya, infrastrukturun inkişafı və s. daxildir.

 

Azərbaycan MDB ölkələri arasında ən yaxşısıdır

DİF-də təqdim edilmiş «The Global Competitiveness Report 2017-2018» hesabatında indeksi 4,7-yə bərabər olan Azərbaycan 137 ölkə arasında 35-ci yeri tutaraq göstəricisini 2 bənd yaxşılaşdırıb. Beləliklə, Azərbaycan bütün MDB ölkələrindən irəlidədir: Rusiya reytinqdə 38-ci, Qazaxıstan - 57-ci, Gürcüstan - 67-ci, Ermənistan - 73-cü, Tacikistan - 79-cu, Moldova - 89-cu, Ukrayna - 81-ci, Qırğızıstan - 102-ci yerdədir. Dünyanın ilk on ən rəqabət qabiliyyətli iqtisadiyyatları sırasına İsveçrə, ABŞ, Sinqapur, Hollandiya, Almaniya, Honq Konq, İsveç, Böyük Britaniya, Yaponiya və Finlandiya daxildir.

Azərbaycanda aparılan islahatlar DİF ekspertləri tərəfindən yüksək qiymətləndirilib ki, bu da ölkənin MDB-də lider mövqeyi ilə təsdiq edilib. Nəzərə almaq lazımdır ki, bu yüksək nəticə düşən neft qiymətləri fonunda yerli iqtisadiyyat üçün elə də yaxşı olmayan şəraitdə əldə edilib.

"Davos Dünya İqtisadi Forumunun hesablamaları, iqtisadi sahədə əldə etdiyimiz uğurları əks etdirir. Bu il iki pillə irəliləmiş Azərbaycan 37-ci yerdən 35-ci yerə yüksəlib və öz reytinqini daha da yaxşılaşdırıb. Bu, bizim böyük uğurumuzdur, tarixi nailiyyətdir. Qeyd etmək lazımdır ki, MDB məkanında liderliyi qoruyub saxlayırıq. Əslində, bu, bizim iqtisadi siyasətin uğurlarının dünyanın ən nüfuzlu iqtisadi forumu - Davos forumu tərəfindən yüksək qiymətləndirilməsi deməkdir ", - deyə Prezident İlham Əliyev DİF-in reytinqini şərh edərkən bildirib.

Qeyd etmək lazımdır ki, DİF-in reytinqində 4,7 indeksi və 35-ci yer son beş il üzrə ən yaxşı nəticədir.

2012-2013-cü illər üçün «The Global Competitiveness Report» hesabatında Azərbaycan 144 ölkə arasında 4,4 indekslə 46-cı yeri tutub; 2013-2014-cü illərdə göstəricilər müvafiq olaraq 4,5 və 39-cu (148 ölkə arasında); 2014-2015-ci illərdə - 4,5 və 38-ci (144 ölkə); 2015-2016-cı illərdə - 4,5 və 40-cı (140 ölkə); 2016-2017-ci illərdə - 4,6 və 37-ci (138 ölkə) olub. 2017-2018-ci illərdə isə indeks 4,7-ə bərabər olub, 137 ölkə arasında Azərbaycan 35-ci yeri tutub.

Eyni zamanda DİF-in reytinqi komponentlər üzrə yüksək nəticələr əldə edilən istiqamətlərin hansı olmasını, həmçinin hansı istiqamətlər üzrə işlərin gücləndirilməsinə və islahatların sürətləndirilməsinə şərait yaradılmasının vacibliyini müəyyənləşdirilməyə imkan verir.

 

Əlverişsiz xarici fon

Ötən illərdə də beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanın makroiqtisadi göstəriciləri həmişə ən yüksək nəticələrə nail olub, bu da ümumi reytinqin yüksəldilməsinə kömək edib. Lakin kənar amillərin kəskin pisləşməsi makroiqtisadi göstəricilərə mənfi təsir göstərib və ÜDM-in azalmasına səbəb olub.

Buna görə də DİF-in mütəxəssisləri makroiqtisadi göstəricilər üzrə Azərbaycanı 68-ci yerə çıxarıblar. Xatırladaq ki, ötən il ÜDM 3,8% azalıb və iqtisadi azalma nəzərə alınmaqla Azərbaycan ÜDM-in artımı göstəricisi üzrə 64-cü yeri tutub. Azərbaycanda bu mənfi təsiri yumşaltmaq üçün köklü islahatlar aparılıb və bu, sonradan iqtisadiyyatın qeyri-neft sektorunun sabit inkişafında özünü göstərib.

Neft qiymətlərinin düşməsi bir çox MDB ölkələrində milli valyutaların devalvasiya dalğasına səbəb oldu, sonra isə milli iqtisadiyyatlarda inflyasiyaya gətirib çıxardı. Azərbaycanda 2016-cı ilin yekunları üzrə inflyasiya 12,4% təşkil edib. Uyğun olaraq, bu göstəriciyə görə, DİF ekspertləri Azərbaycanı 127-ci yerə yerləşdiriblər. Bununla belə, Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin açıqlamalarına görə, 2017-ci ilin yekunları üzrə inflyasiya birrəqəmli göstəriciyə yaxın ola bilər.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun məhsullarının ixracının artması, həmçinin neftin qiymətinin bir barel üçün 50-60 dollar səviyyəsində sabitləşməsi buna imkan yaradacaq.

Beləliklə, Azərbaycanın makroiqtisadi göstəriciləri 2018-ci ilə tam yaxşılaşacaq və milli iqtisadiyyat sabit bir artım əldə edəcək, inflyasiya isə ənənəvi "axına" qayıdaraq, il üzrə 3-4% səviyyəsində olacaq.

 

Maliyyəyə məhdud çıxış

Azərbaycanda biznesin inkişafına mane olan maliyyə resurslarına çıxış problemini DİF ekspertləri birinci yerə çıxarıblar.

Ümumiyyətlə, biznes icmasının və əhalinin maliyyə resurslarına çıxışı məsələsi neftin qiymətinin düşməsindən əvvəl də milli iqtisadiyyatın zəif cəhətlərindən biri olub. Bir qayda olaraq, işgüzar dairələr banklardan qısamüddətli ticarət əməliyyatları üçün kreditlər alırdılar, çünki faiz dərəcələri yetərincə yüksək idi və bu, kreditlərdən real sektorda geniş istifadə olunmasına mane olurdu. Bankirlər kreditlərin bahalı olmasını sahibkarlar tərəfindən, xüsusilə də ölkənin regionlarında qoyulan sərmayələrin geri qaytarılmaması riskinin yüksək səviyyəsi ilə izah edirlər.

2014-2015-ci illərdə baş vermiş bank böhranı qeyri-ödəniş probleminin daha da dərinləşməsinə səbəb oldu, çünki milli valyutanın ikiqat devalvasiyası vaxtı keçmiş kreditlərin payını kəskin surətdə artırdı. Əhalinin əmanətlərini banklardan çıxarması ölkənin 12 bankının bağlanmasına gətirib çıxardı.

Aydındır ki, işgüzar dairələrin və əhalinin kapital bazarına çıxış imkanları məhdudlaşdı və təsadüfi deyil ki, maliyyə bazarı üzrə Azərbaycan 79-cu yerdədir. Azərbaycan banklarının etibarlılıq reytinqi daha pis vəziyyətdədir - 85-ci yer.

Bank sektorunun sağlamlaşdırılması və işgüzar dairələr üçün kreditlərin əlçatarlılığı aparılan islahatların diqqət mərkəzindədir. Bunun ən aydın sübutu Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Kredit Zəmanət Fondu» ASC-nin yaradılmasına dair qəbul edilmiş qərar ola bilər ki, bu, bank sektorunda vəziyyəti köklü dəyişməlidir.

Söhbət ondadır ki, Fond biznes layihələri üzrə banklar tərəfindən sahibkarlara verilmiş kreditlər üzrə faiz riskinin bir hissəsini öz üzərinə götürəcək. Beləliklə, gələn il Azərbaycanda işgüzar dairələrin maliyyə resurslarına çıxış göstəricisi əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

 

Təhsil və səhiyyə sahələrində köklü islahatlar

Ölkədəki təhsil və səhiyyə sisteminin beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi həmişə Azərbaycan hökuməti üçün ən mübahisəli məsələ olaraq qalır. Səhiyyə və ibtidai təhsil göstəricisi üzrə Azərbaycan 74-cü yerdədir. Səhiyyə sisteminin mənfi qiymətləndirilməsi 1000 yeni doğulmuş körpəyə görə ölüm sayının 27-yə bərabər olması ilə bağlıdır (100-cü yer), ölkədə nisbətən aşağı olan uzunömürlülük də burada rol oynayır - 70,8 ildir ki, bu da ölkəni 94-cü yerə endirib. Məsələn, iqtisadiyyatı bu gün ən rəqabət qabiliyyətli hesab edilən İsveçrədə 1000 yeni doğulmuş körpəyə görə ölüm sayı 3,4, uzunömürlülük isə 83,2 ildir.

Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsinə dair ümidlər icbari tibbi sığortanın (İTS) tətbiqi ilə bağlıdır. Hal-hazırda Mingəçevir şəhərində və Yevlax rayonunda İTS üçün pilot layihə gerçəkləşdirilir, 2018-ci ildə isə bütün Azərbaycan üzrə dövlət İTS proqramı başlamaq planlaşdırılır.

DİF ekspertlərinin fikrincə, ali təhsillə və tədris ilə vəziyyət səhiyyəyə nisbətən bir qədər yaxşıdır, lakin 68-ci yer bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Ən pis nəticə Azərbaycanda əlavə təhsilin alınması ilə bağlı olub - 90-cı yer, həmçinin məktəb idarəçiliyinin keyfiyyəti (72-ci yer), dəqiq elmlərin keyfiyyəti və elmi təhsil (66-cı yer) də bu qəbildəndir.

Qeyd edək ki, məktəb idarəçiliyi məsələsində 2020-ci ilə qədər təhsil müəssisələrinin özünü maliyyələşdirmə sisteminə keçməsi ilə əlaqədar dəyişikliklər gözlənilir.

Heç kimə sirr deyil ki, bir çox valideynlər birinci sinifdən başlayaraq, müxtəlif mövzular üzrə repetitorlar tuturlar. Yəni bəlkə də, məktəblərdə müxtəlif ödənişli dərnəklərin və digər əlavə xidmətlərin yaradılmasından söhbət gedir. Ancaq zaman göstərir ki, milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün Azərbaycanda təhsil islahatları aparılmalıdır.

 

Uğura gedən yol islahatların davam etməsindədir

Əlbəttə ki, «The Global Competitiveness Report 2017-2018» hesabatının 113 dəyişəninin hamısının təhlilini davam etdirmək və islahatların sürətləndirilməsi lazım olan sahələri göstərmək mümkündür. Amma ədalət naminə demək olar ki, islahatların köməyi ilə Azərbaycan hökuməti ölkədə biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli irəliləyişə nail olub. Bunun üçün iki göstəricini qeyd etmək kifayətdir - biznesə başlamaq üçün tələb olunan prosedurların sayına və vaxta görə DİF ekspertləri Azərbaycanı müvafiq olaraq ikinci və altıncı yerlərə çıxarıblar.

DİF ekspertləri Azərbaycan hökumətinin apardığı aqrar siyasəti yüksək qiymətləndiriblər - 12-ci yer. Xüsusilə qeyd etmək lazımdır ki, qabaqcıl texnoloji məhsulların əldə olunması üzrə 14-cü yer verilib. Bu da gələcək illərdə Azərbaycan iqtisadiyyatı üçün əlverişli perspektivlər deməkdir.

Azərbaycan hökumətinin ölkədə aparılan islahatları davam etdirməsi üzrə gördüyü işlər Azərbaycan göstəricilərinin bundan sonra da yaxşılaşmasına imkan verəcək. Bu da sonucda rəqabət qabiliyyətli iqtisadiyyat üzrə dünyanın ən yaxşı 10 ölkəsinin sırasına daxil olmağa imkan yarada bilər.



MƏSLƏHƏT GÖR:

437