24 Noyabr 2024

Bazar, 01:26

HƏM TƏLƏB VAR, HƏM TƏKLİF

Azərbaycan ixrac potensialını fəal şəkildə inkişaf etdirir

Müəllif:

15.10.2017

"Ticarət iqtisadiyyatın mühərrikidir", - məşhur şüarda belə deyilir. Əslində, ticarət dövlət iqtisadiyyatının üzərində dayandığı təməldir - məhz öz məhsullarının sərfəli satışı və başqalarına məxsus məhsulların sərfəli alışı faktı millətin maddi rifahını və ölkənin dünya arenasındakı rolunu müəyyən edə bilir.

Son vaxtlara qədər dünya ticarətində Azərbaycanın təklif edə bildiyi əsas əmtəə neft idi, o, həm də daxili tələbatı bütünlüklə təmin edən, iqtisadi tarazlığı müəyyən edən əsas vasitə idi. Lakin təbii ehtiyatlar - çox sərfəli məhsul olsalar da, əbədi deyillər, buna görə də Azərbaycan diqqəti yeni növ məhsullara yönəltməli, bir tərəfdən öz ixracatını şaxələndirməli, digər tərəfdən idxaldan asılılığı azaltmalıdır.

Bu ilin iqtisadi statistikasının göstərdiyi kimi, proseslər müsbət istiqamətdə gedir və qeyri-neft sektoru ilin ilk doqquz ayı ərzində 2,5% artıb. Qeyri-neft sənayesinlə 3,1% , kənd təsərrüfatında 2,8% artım olub ki, bu da müvafiq olaraq xarici ticarət dövriyyəsində öz əksini tapıb - onun həcmi 7% artıb.

«Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir»,- deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.  

Bu, ölkənin valyuta ehtiyatlarının 4,5 milyard dollar artmasına da təsir edib, hazırda onların həcmi 42 milyard dollara çatıb.

Beləliklə, Azərbaycanın ixrac göstəriciləri artır və ən önəmlisi enerji resursları və qeyri-neft məhsullarının satışından əldə edilən gəlirlər arasında fərq azalır. Beləliklə, 9 ay ərzində qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 1,07 milyard dollara çatıb.

Azərbaycan dünya bazarına neft və qazdan əlavə nə təklif edir? Hətta statistika komitəsinin hesabatı olmadan bunu müəyyən etmək asandır. Bunun üçün sadəcə, Rusiyanın aparıcı mövqe tutduğu qeyri-neft ixracatının coğrafiyasına baxmaq yetərlidir. Şimal qonşusu Azərbaycanın kənd təsərrüfatı məhsullarının, bəlkə də, ən qədim və ən sadiq müştərisidir. Lakin bu məhsulları çox həvəslə digər qonşu ölkələrdə də alırlar, çünki süni yetişdirilmiş və ya genetik modifikasiya olunmuş analoqların kütləvi yayılmasının fonunda Azərbaycan məhsulları hələ də dad və ekoloji təmizlik səviyyələrini qoruyur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan mənşəli meyvə və tərəvəz məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə çəki nisbətində 63% artıb.

Deməli, kənd təsərrüfatının inkişafına yardım göstərən çoxsaylı proqramlar öz bəhrəsini verməyə başlayır. Prezident İlham Əliyevin dediyi kimi, cari il kənd təsərrüfatı texnikasının alınması üzrə rekord ili olub - artıq indiyə kimi 8 min ədəd texnika gətirilib, ilin sonuna qədər daha 2 min ədəd də gələcək.  

Dövlət həm də suvarma, yol və s. daxil olmaqla lazımi infrastrukturun yaradılmasına yardım göstərir. İxracyönümlü məhsulların müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün ayrı-ayrı proqramlar var, aqroparklar yaradılır. Yeri gəlmişkən, ekspertlərin fikrincə, aqroparklar kənd təsərrüfatı sektorunun inkişafına lazımi artım templərinə nail olmaq baxımından əsas rol oynaya bilərlər, çünki bu sahədə tez-tez və obyektiv səbəblərdən müşahidə edilən riskləri minimuma endirməyə yardım göstərər və lazımi maliyyə resurslarına çıxışı təmin edər. Bu məsələ bu gün fermerlər üçün böyük bir problemdir, sirr deyil ki, banklar xüsusilə də kənd təsərrüfatı sektoruna kredit verməyə könülsüz yanaşırlar, çünki geri qayıtmama riski burada çox yüksəkdir. Qeyd etmək lazımdır ki, hazırda 2 aqropark artıq fəaliyyət göstərir, ümumiyyətlə, onların toplam sayı 38-ci olacaq.

Kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi yolunda əsas maneələr arasında, şəksiz, emalı və saxlanmanı təmin edən şirkətlərin tələb olunan sayda olmamasıdır. Əlbəttə ki, bu gün bu sahədə vəziyyət beş il əvvələ baxanda daha yaxşıdır, bölgələrdə soyuducu anbarlar, taxıl anbarları var və məhsulları alıcı tapana qədər orada saxlamaq mümkündür.  

Ancaq Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iri, ixrac üçün nəzərdə tutulmuş logistika mərkəzləri yaratmağın vaxtı çatıb. "Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində, o logistik mərkəzin təməlini də mən qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında", - deyə dövlət başçısı iş adamlarını bu prosesdə iştirak etməyə çağırıb.

Həmçinin istixanaların tikintisi də geniş vüsət alıb - 400 hektardan çox ərazidə yeni müasir istixana kompleksləri yaradılır, onların məhsullarının böyük hissəsi ixrac üçün nəzərdə tutulub. Kənd təsərrüfatı sektorundakı prosesləri paralel olaraq sənaye potensialının inkişafı üçün nəzərdə tutulan proqramlar da gerçəkləşdirilir, burada əsas diqqət tematik park və zonalara verilir.

"Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstil yönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır", - deyə Prezident İlham Əliyev xatırladıb. Yenə də bütün infrastruktur, bütün binalar - anbarlar, sənaye sahələrinin binaları dövlət tərəfindən təmin edilir. Yeni istehsal layihələrinin əsas meyarı daxili tələbat və ixracatdır.

Bir sözlə, ölkənin ixrac artımı əyrisinin təmini üçün ilk bənd olan yüksək keyfiyyətli məhsulların mövcudluğu aktiv həll mərhələsindədir. Amma başqa məqamlar da var - yeni bazarların öyrənilməsi, alıcıların tapılması və nəhayət, düzgün və sərfəli ticarətin aparılması. Bu gün bu məsələlər bəzən bir sıra səbəblər üzündən hətta böyük holdinqlər tərəfindən yerinə yetirilə bilmir.  

Məsələn, bu sahədə təcrübəsi olan kifayət qədər ixtisaslı mütəxəssis hələ yoxdur, məhsulların keyfiyyətli qurulmuş marketinq təbliğatı çatışmır və s. Tələbat artdıqca, əlbəttə, bu boşluqlar dolacaq, amma bu gün isə bütün ölçüdə şirkətlərə dövlət səviyyəsində yardım obyektiv zərurətdir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayevin sözlərinə görə, Azərbaycan öz məhsullarının 34 ölkənin bazarlarına ixrac imkanlarını öyrənir.  

"Biz xaricdə məhsullarımızın satışını təmin etməklə yanaşı, həm də yerli biznesin gələcək ixrac potensialını qiymətləndirmək istəyirik. Biz yerli sahibkarlardan müxtəlif sorğular aldıq və bunun əsasında 34 xarici bazarın təhlilinə başladıq. Hər bir bazar üçün konkret məhsul təchizatı imkanlarını təhlil edirik", - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, bu işdə Azərbaycanın xaricdə səfirlikləri və nümayəndəlikləri fəal kömək edir.

Marketinq problemlərinə gəldikdə isə, İqtisadiyyat Nazirliyi bu məsələ ilə də məşğul olur və artıq xarici telekanallarda Azərbaycan məhsullarının reklam nümayişinə başlanıb. Məsələn, "Rossiya-24" federal telekanalında Azərbaycan məhsulları, daha doğrusu, meyvələri və meyvə şirələri reklam edilir.  

"Əlbəttə, biz yalnız telekanallarla məhdudlaşmayacağıq, Azərbaycan məhsullarının reklamı ilə müxtəlif saytlarda, bilbordlarda, radiolarda və digər kütləvi informasiya vasitələrində reklamla məşğul olacağıq ", - S.Babayev əlavə edib.

Bununla paralel olaraq, gələn ildən Azərbaycan məhsulları xarici hava limanlarının «Duty Free» beynəlxalq hava sahəsində reklam olunacaq: "Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkəti (SOCAR) ilə uğurlu danışıqlar aparırıq.

Belə ki, yerli hava limanlarında «Made in Azerbaijan» brendi altında məhsulların stendi peyda olacaq və xarici ölkələrdəki SOCAR yanacaqdoldurma məntəqələrində Azərbaycan məhsullarının satışı başlayacaq ", - deyə Babayev vurğulayıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev əlavə edib ki, bu proses müəyyən vaxt aparacaq, çünki "biz bu mağazalara məhsullarımızın böyük çeşidi ilə çıxmaq istəyirik."  

"Bu istiqamətdə aktiv işlər davam edir. Yaxın gələcəkdə biz Azərbaycana qonşu ölkələrin hava limanlarında «Duty Free» salonlarında «Made in Azerbaijan» brendi altında rəflər yerləşdirməyi planlaşdırırıq, çünki bu ölkələrdə bizim məhsulları artıq tanıyırlar. İlin sonuna qədər biz konkret nəticələri görəcəyik", - deyə Y.Abdullayev bildirib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyi ixracın təşviqi mexanizminin əhatə etdiyi malların siyahısını genişləndirmək üçün təkliflər hazırlayıb. "İxracın və İnvestisiyaların Təşviqi Fondunun nəzdində fəaliyyət göstərən İxracatçılar Klubunun və biznes assosiasiyalarının nümayəndələri ilə birlikdə biz artıq hökumətə təqdim edilmiş yeni təkliflər hazırlamışıq", - deyə S.Babayev bildirib.

Nazir müavininin sözlərinə görə, çərçivəsində qeyri-neft məhsullarının istehsalçılarına malların gömrük dəyərinin 3-6%-i dövlət tərəfindən kompensasiya edilməklə çəkilən xərclərin bir hissəsini qaytarmağı nəzərdə tutan ixracın təşviqi mexanizmi çox uğurlu olub və ixracın genişlənməsinə yeni təkan verib.  

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən bu mexanizm çərçivəsində Azərbaycan ixracatçılarına artıq 2 milyon manat qaytarılıb.

Bir sözlə, proses gedir və Azərbaycanın ticarət zəncirinin bütün komponentləri nəzərdə tutulan həddə çatdığı zaman, ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılması ilə bağlı qarşıda duran məqsədə yaxınlaşdığını düşünmək olar.



MƏSLƏHƏT GÖR:

451