24 Noyabr 2024

Bazar, 01:27

BİR ZƏNCİRLƏ BAĞLANMIŞLAR

Yeni blokçeyn texnologiyasını öyrənməyə və Azərbaycanda tətbiqini sürətləndirməyə ehtiyac varmı?

Müəllif:

15.11.2017

Bu gün blokçeyn texnologiyası adi vətəndaşlardan ən böyük banklara, beynəlxalq qurumlara və dövlət qurumlarına qədər çoxlarının marağına səbəb olub. Bəs, əslində, blokçeyn nədir, onu harada və necə, bəzi hallarda isə nə üçün istifadə etmək mümkündür? Ən əsası, bu texnologiyanı Azərbaycanda tətbiq etmək üçün tələsməyə dəyərmi?

 

Şəbəkə qovşaqları

Sadə dillə desək, blokçeyn mərkəzi serveri olmayan verilənlər bazasıdır. Mərkəzləşdirilmiş verilənlər bazalarında bir server olur və bütün məlumatlar hətta fərqli kompüterlərə qoşulduqda belə ona daxil olur. Blokçeyndə isə mərkəzi server yoxdur. Bu şəbəkəyə qoşulanların hamısı qovşaq adlandırılır və onların hər biri blokçeyndə saxlanılan məlumatın kiçik bir nüsxəsinə malik olur.

Kompüterlərdən birində məlumat yeniləndikdə, o, bütün digər qovşaqlarda da yenilənir. Blokçeynin təhlükəsizliyinin yüksək səviyyəsi də bununla izah edilir, yəni blokçeynin içindəki məlumatların dəyişdirilməsi halında, hər kəs dərhal bu barədə məlumat alır.  

Bir çox insanlar blokçeyn və bitkoin anlayışlarını qarışdırırlar, hətta onları eyniləşdirirlər. Amma bu, heç də eyni şey deyil. Fərqi anlamaq üçün bilmək lazımdır ki, blokçeyn bitkoin yaratmaq üçün istifadə edilən bir texnologiyadır, amma həmin vaxtdan bu yana irəliyə doğru böyük bir addım atıb və ondan çox-çox qabağa gedib.  

Bitkoin - laylardan yalnız biridir, daha doğrusu, ilk blokçeynin ilk layı və ya səviyyəsidir, onda yalnız maddi dəyərin ötürülməsini gerçəkləşdirmək mümkündür. Sonra ikinci lay (səviyyə) - «Smart Contract» platforması gəlir, bu zaman blokçeyn texnologiyası yalnız maddi dəyərin ötürülməsi ilə deyil, həm də onun kimə ötürülməsi ilə bağlı qərar verir. Bu, necə baş verir?

Tutaq ki, siz avtomobil satmaq istəyirsiniz. Sizdə avtomobilinizin sənədləri var və bir yerdə mülkiyyət hüquqları üçün ödəməyə hazır olan bir alıcı var. Siz ağıllı müqavilə bağlayırsınız - satıcı avtomobil sənədlərini göndərir, alıcı isə bu müqaviləyə görə pulu göndərir. Siz bir-birinizi tanımırsınız və bir-birinizə güvənməyə bilərsiniz.  

Amma müqavilənin özü sənədlərin etibarlılığını və məbləğin uyğunluğunu yoxlayır, məlumatlar doğru olduqda, sadəcə onların yerlərini dəyişir - pulu satıcıya, sənədləri isə alıcıya göndərir. Əgər səhv aşkarlanarsa, bütün ilkin göstəricilər sahiblərinə qaytarılır - pul alıcıya, hüquqlar isə satıcıya qayıdır. Və belə bir müqaviləni istənilən mühitdə bağlamaq mümkündür.

Bu gün qeyri-maddi dəyərlərin - duyğuların, müxtəlif sentimentlərin və s.in ötürülməsinə imkan verəcək bir platformanın yaradılması üzərində işlər aparılır. Başqa sözlə, çox da uzaq olmayan gələcəkdə blokçeyn bizə malın və ya xidmətin son (maddi və ya qeyri-maddi) dəyərini ötürməyə imkan yaradacaq.

 

Qanunsuzdur, lakin maraqlıdır

Bəs, bu texnologiyanı harada tətbiq etmək olar? Bu gün blokçeyn, demək olar ki, hər bir sahədə, hətta zəruri olmayan yerlərdə də istifadə olunur. Bu texnologiyanın əsas tətbiqi bu gün verilənlər bazasıdır. Bu texnologiyanın şəffaflığı, məsələn, İtaliyada olduğu kimi onu seçkilərdə istifadə etməyə imkan yaradır. Şəffaflıqdan başqa, blokçeyn həm də səslərin operativ sayılmasına imkan verir - seçicilər tərəfindən verilmiş bütün səslər dərhal blok zəncirinə qoşulduğuna görə, səsvermənin nəticələrini səsvermənin bağlanmasından sonra bir dəqiqə ərzində əldə etmək mümkün olur.

Beynəlxalq yük daşımalarında blokçeyn texnologiyasının istifadəsi çox maraqlı ola bilər. Əgər yük haqqında məlumatlar blok zəncirinə qoşularsa, bu, gömrük rəsmiləşdirilməsi və yoxlanılması üçün vaxtın əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq, çünki bütün məlumatlar keçid məntəqələrinə əvvəlcədən gələcək. Bundan əlavə, bir gömrük məntəqəsini keçdikdən sonra bu məlumat dərhal növbəti məntəqəyə gedəcək, bunun əsasında ikinci gömrük nəzarəti daha bir neçə dəfə sürətli həyata keçirilə bilər.

Maliyyə sahəsinə gəlincə, burada blokçeyn əsasən göstəricilər bazası kimi istifadə olunur. Bundan əlavə, maliyyə sahəsində həm də fərdi blokçeyndən istifadə olunur, fərdi blokçeynin fərqi ondan ibarətdir ki, buna yalnız müəyyən sayda insanın çıxışı mümkündür. Bu cür blokçeyn daha çox qapalı və məxfi məlumatlara malik maliyyə korporasiyaları, banklar üçün daha əlverişlidir.

Bəzi ölkələr artıq blokçeynin istifadəsi üzərində ciddi düşünürlər və onun istifadəsinin mümkün olduğu sahələri öyrənirlər. Belə ki, ABŞ-ın bir sıra federal agentlikləri blokçeyn texnologiyasına bir neçə potensial əlavə üzərində düşünürlər.  

Bunlar sırasında xarici ölkələrə dövlət dəstəyi və subvensiyaların verilməsi; ödəniş vasitələri; dövlət tərəfindən buraxılan pasport, sosial təminat nömrəsi, doğum şəhadətnamələri kimi sənədlər; informasiya texnologiyaları və şəbəkə təminatı aktivləri; dövlət satınalmaları; royalti; patentlər, ticarət markaları və müəllif hüquqları; maliyyənin idarə olunması, həmçinin dövlət qulluqçularının məlumatları. Bəzi qurumlar kütləvi servis göstərilməsini təmin etmək üçün blokçeyndən istifadə olunmasının mümkünlüyünü nəzərdən keçirirlər. Bunların arasında Ştatlar Departamenti və Sağlamlıq İdarəsi var.

Amma hər şey beləmi sadədir? Bir çox insanlar blokçeynin yaradılmasını internetin yaradılması ilə eyni səviyyədə inqilabi dəyişiklik sayırlar, amma burda da qarışıqlıq var.

Birincisi, blokçeynin tətbiqi üçün çox sayda iştirakçısı olan böyük sistemlərin yenidən qurulması lazımdır. Hər bir sistem öz xüsusiyyətlərini və strukturunu qorumağa çalışır, dəyişikliklərə müqavimət göstərir. Buna görə blokçeyni kiçik topluda tətbiq etmək daha asan olur. Məsələn, İsveç hökuməti torpaq kadastrını yavaş-yavaş blokçeynə keçirir.

İkincisi, blokçeyn heç bir qanunvericilik bazası ilə tənzimlənmir və hələ bundan çox uzaqdır. Bu, bəzi ölkələrdə artıq qadağan etmək istədikləri bitkoin və digər kriptovalyutalarla olduğu kimi bu texnologiyaya güvənin azalmasına səbəb olur. Bu cür hallarda tənzimləyici bir bazanın yaradılması zərurətə çevrilir.

 

 

Azərbaycanda ilk addımlar

Azərbaycanda blokçeyn hələ öz tətbiqini tapmayıb, çünki ölkədə bu cür texnologiya ilə işləyə bilən proqramçıların çatışmazlığı var. Amma bu texnologiyaya bir sıra banklar, fond birjası və digər strukturlar artıq maraq göstərir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev yaxınlarda jurnalistlərə bildirib ki, onun strukturu artıq bu texnologiyadan istifadə etməyə hazırlaşır. «PwC» şirkəti də ölkədə blokçeynin tətbiqinə kömək edir. O, «Microsoft» şirkəti ilə birgə Vergilər Nazirliyi üçün blokçeyn texnologiyaları üzrə seminar təşkil edib.  

Bundan əlavə, ölkə öz kriptovalyutasını - «Azcoin»i təqdim etməyi planlaşdırır. Bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanında «azcoin.az» internet səhifəsi yaradılıb və Azərbaycan kriptovalyuta yaratmaq istəyən yeganə ölkədir. Sayt həm də elektron valyutanın yayılması və inkşafı sahəsində də müxtəlif layihələr işləyəcək.

Saytın yaradıcıları qeyd edirlər ki, «Azcoin» adlanan elektron valyuta eksperimental versiya kimi nəzərdə tutulur və gələcəkdə bütün zəruri texniki dəstək mexanizmləri ilə əlçatar olacaq.

«Azcoin» qlobal rəqəmsal dünyaya sürətli inteqrasiya üçün əsas vasitələrdən biridir. Onun köməyi ilə biz sərhədsiz yeni zamana giriş əldə edə bilərik, ev zonasında ödəniş əməliyyatlarını sürətləndirərik, yerli və qlobal səviyyələrdə elektron və optik şəbəkələrə çıxış əldə edə bilərik, həmçinin bu sahədə iş protokollarını texniki cəhətdən əsaslandırmağa və standartlaşdırmağa nail olarıq. Şübhəsiz ki, ölkədə blokçeyn texnologiyasının inkişafı və tranzaksiyalar üzrə gənc mütəxəssislərin hazırlanması da bizim əsas məqsədimizdir ", - deyə «Azcoin»in yaradıcıları qeyd edirlər.

Saytın müəllifləri milli kriptovalyutanın istifadəsi planlaşdırılan sahələri də sadalayıblar. Bu, kənd təsərrüfatı, sənaye və istehsal, təhsil və tibb, turizm sahələri, müxtəlif dövlət sektorları, eləcə də yerli və beynəlxalq köçürmələrdir. Tənzimləyici rolunu ölkənin Mərkəzi Bankı oynayacaq.

Amma bəziləri hesab edirlər ki, sadəcə blokçeynin (yaxud laytkoinin) kodlarını götürmək və surətini çıxarmaq və başqa bir ad vermək yetərli deyil. İT mütəxəssisi Orxan Əhmədovun sözlərinə görə, blokçeyn texnologiyasının yaradılması kriptovalyuta yaratmaqdan daha önəmlidir. Onun sözlərinə görə, layihə blokçeyn üzərində qurulmalıdır, sonra onun istifadəçilər tərəfindən dəstəklənməsi və pulların cəlbi üçün bu blokçeyn layihəsinin üzərində kriptovalyuta yaradılır.

"Kriptovalyutaların sadəcə pul köçürmələri üçün yaradıldığı vaxt keçib. İndi kriptovalyutalar yalnız layihənin özü üçün yaradılır. Ona görə də, artıq olanları yaradaraq onu yeni koin adlandırmaq, sadəcə, mənasızdır", - deyə O.Əhmədov bildirib.

Azərbaycanda blokçeyn texnologiyasını necə tətbiq etmək mümkündür? Təbii ki, ilk növbədə, blokçeyndən göstəricilər bazası kimi istifadə etmək, onunla işləməyi öyrənmək, bütün müsbət və mənfilərini bilmək lazımdır. Blokçeynin göstəricilər bazası kimi istifadə edilməsi hökumət tərəfindən xüsusi tənzimləmə tələb etmir və heç bir qanunu pozmur.

Bundan sonra, yuxarıda göstərildiyi kimi, qanunvericilik və tənzimləmə bazasını yaratmaq lazımdır. Yalnız bundan sonra bu texnologiya dövlət strukturlarının, eləcə də özəl şirkətlərin etibarını qazana bilər. Qanunvericilik yaratmaq üçün bu texnologiyanı artıq tətbiq etmiş ölkələrin təcrübəsindən istifadə etmək və bu sahədə ixtisaslaşmış xarici mütəxəssisləri dəvət etmək mümkündür.

Yalnız qeyd etmək lazımdır ki, əgər Azərbaycan blokçeynin tətbiqi ilə bağlı ciddi düşünürsə, bu, indi edilməlidir, çünki bu texnologiya yerində dayanmır və gündən-günə inkişaf edir. Bəlkə də, blokçeynin ümumi istifadə sahələrində yayıldığı və həyatın ən vacib sahələrinə tətbiq edildiyi zaman gəlib çatıb. Cəsarətlə ehtimal etmək olar ki, blokçeyndən istifadə edən əlavələr getdikcə çox yaradılacaq. Blokçeynin yeni layihələri onun əsas üstünlüklərinə - açıq olmasına, müdafiəli olmasına, təhlükəsizliyə əsaslanacaq. Məhz buna görə blokçeyn istifadəçilərə mümkün fırıldaq və ya göstəricilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaşada bilən istənilən digər servis üçün tutuşdurma obyekti olacaq.



MƏSLƏHƏT GÖR:

432