Müəllif: Fasim ƏLİZADƏ
Hər hansı bir ölkənin milli iqtisadiyyata sərbəst kapital cəlb edilməsi sahəsində uğurları çox vaxt beynəlxalq maliyyə institutlarının reytinq və qiymətləndirmələrindən asılı olur.
Bu il Azərbaycan Dünya Bankının (DB) analitikləri tərəfindən hazırlanmış «Doing Business-2018 Reforming to create jobs» («Biznesin aparılması - 2018: iş yerlərinin yaradılması üçün islahatlar) qlobal reytinqdə 190 ölkə arasında 57-ci yeri tutub. Oktyabr ayının sonlarında yayımlanan hesabata görə, Bakı öz mövqelərini səkkiz pillə yaxşılaşdırıb.
Dünya Bankının reytinqdə Azərbaycanın irəliləməsini ölkədə post-neft islahatlarının ilk nəticəsi kimi təqdim etmək mümkündür. Bu islahatlar daha öncəki «Doing Business-2017» hesabatı ilə müqayisədə biznes mühitinin yaxşılaşmasına imkan yaradıb. Həmin hesabatda Azərbaycan iki pillə düşərək biznes mühitin qlobal qiymətləndirilməsində 65-ci yeri tutmuşdu.
İrimiqyaslı islahatlar
Ekspertlərin fikrincə, Azərbaycanın mövqeyinin yaxşılaşması onunla bağlıdır ki, ölkə iqtisadi islahatların həyata keçirilməsi sahəsində ötən il önəmli nailiyyətlər əldə edərək, Avropa və Mərkəzi Asiya regionunun islahatçı dövlətləri sırasına çıxıb.
"Avropa və Mərkəzi Asiya regionunun iki iqtisadiyyatı iş mühitinin yaxşılaşdırılması üzrə bu il dünyanın on lider ölkəsinin sırasına daxil olub: Özbəkistan (beş islahat aparıb) və Kosovo (üç islahat). Ümumi reytinqdə elə də yüksək mövqe tutmayan Azərbaycan və Litva da (hər biri dörd islahat aparıb) regionun islahatçı ölkələri arasına daxil olub", - deyə «Doing Business-2018» hesabatında vurğulanır.
Son 15 il ərzində Azərbaycanda 33 islahat həyata keçirilib ki, bunun 7-si biznesə başlamaq üçün şəraitin asanlaşdırılması ilə bağlı olub, altı digər islahat kreditlərin alınması ilə, beş islahat vergilərin ödənilməsi ilə, qalanları isə başqa dəyişikliklərlə bağlı olub.
Yüksək imic
Son illər ərzində biznes mühitində ən yaxşı göstəricilərdən biri birinci indikator - biznesin açılması olaraq qalır. Biznesin qeydiyyatında aparılan islahatlar operatoru Vergilər Nazirliyi olan «bir pəncərə»nin yaradılmasına gətirib çıxarıb. Nəticədə, əgər 2003-cü ildə Bakıda biznes açmaq üçün 105 gün tələb olunurdusa, hazırda bu müddət, orta hesabla, 4,5 günə bərabərdir.
Qeyd edək ki, Azərbaycan müəssisələrin yaradılması indikatoru üzrə 18-ci yeri tutaraq, Fransa, Almaniya, İtaliya və Norveç kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Yeri gəlmişkən, Azərbaycanın ikinci ən yüksək göstəricisi də Vergilər Nazirliyi ilə bağlıdır - ölkə vergi ödənilməsinin asanlığına görə Avstriya, Belçika, Almaniya, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyəni geridə qoyaraq 35-ci yeri tutub.
Azərbaycanın vergi sistemi vergilərin sayına görə də ən əlverişli yerdədir. Avropa və Mərkəzi Asiya ölkələri üzrə vergilərin orta sayı 16,5, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan inkişaf etmiş ölkələrdə isə 10,9 olduğu halda Azərbaycanda cəmi 6-dır. Eyni zamanda Avropa və Mərkəzi Asiya ölkələrində bütün vergilərin ödənilməsi üçün 218 saat tələb olunursa, Azərbaycanda bunun üçün 195 saat yetərlidir.
Son illər Azərbaycan əmlakın qeydiyyatı üzrə göstəricisini də əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Dünya Bankının hesabatında 21-ci yeri tutub. Bu məsələdə irəliləyiş «ASAN xidmət»in inkişafı ilə bağlıdır. Ölkədə daşınmaz əmlakın qeydiyyatı proseduru və daşınmaz əmlakla bağlı digər sənədlərin qeydiyyatı yetərincə sadələşdirilib. Dünya Bankının araşdırmalarına görə, Azərbaycanda daşınmaz əmlak hüquqlarının qeydiyyatı üçün yalnız 3 prosedurdan keçmək lazım gəlir, orta hesabla, bunun üçün 5,5 gün tələb edilir. Bu göstəriciyə görə, Azərbaycan Avstraliya, Avstriya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ və Türkiyə kimi inkişaf etmiş ölkələri xeyli qabaqlayıb.
DB-nin analitikləri minoritar sərmayəçilərin müdafiəsi üzrə göstəricini də yüksək qiymətləndiriblər, bu göstərici üzrə Azərbaycan 10-cu yeri tutub. Azərbaycan səhmdarların maraqlarının toqquşması indeksi üzrə 7,7-yə bərabər göstərici və korporativ idarəetmə indeksi üzrə 7,3-ə bərabər göstərici ilə Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və bir sıra başqa ölkələri arxada qoyub.
DB-nin analitiklərinin hesabatı bu və ya başqa ölkəyə sərbəst vəsaitlərini yatırmaq niyyətində olan potensial xarici investorlar üçün bir növ kompas rolunu oynayır, buna görə, hökumətlər biznes mühitinin zəif yerlərinə xüsusi diqqət yetirirlər.
Həssas mövqelər
Əlbəttə ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün Dünya Bankının mütəxəssislərinin milli iqtisadiyyatla bağlı qeyd etdiyi zəif yerlərə daha çox diqqət yetirilməlidir.
Azərbaycanın ən aşağı göstəricisi kredit almaq indikatoru üzrə qeydə alınıb - 122-ci yer. Ölkə kreditə çıxışın genişləndirilməsi baxımından girov təminatı və müflislik haqqında qanunvericiliyin səmərəliliyi üzrə yüksək indeksdən çox uzaq olub.
Reytinqdə "Tikintiyə icazələrin alınması" indikatoru üzrə yüksəlməyə nəyin mane olması sualı da açıq olaraq qalır. Bu hissə ilə bağlı Azərbaycan 161-ci yeri tutub. Bu indikator müəssisələrin tikintisi üçün tələb olunan prosedurların ümumi sayını, zaman və pul xərclərini, o cümlədən bütün zəruri lisenziya və icazələrin alınmasını əks etdirir.
Belə ki, Dünya Bankının ekspertləri göstərir ki, Azərbaycanda tikintiyə icazə alma prosedurlarının sayı 21-ə çatır və gözləmə müddəti 242 gün təşkil edir. Halbuki Avropa və Mərkəzi Asiya ölkələrində tikintiyə icazə almaq üçün keçilməli prosedurların sayı 16-dır və bunun tələb olunan gözləmə müddəti 168 gündür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində vəziyyət daha əlverişlidir - 12,5 prosedur və 154 gün.
Biznesin enerji sisteminə qoşulma göstəricisi üzrə ölkənin mövqeyi bir qədər yaxşı görünür. Bu göstərici üzrə reytinqdə Azərbaycan 102-ci yeri tutub. Qeyd etmək lazımdır ki, bu indikator elektrik enerjisi sisteminə daim qoşulmaq üçün lazım olan prosedurların sayına, habelə sahibkarın bu prosesə sərf etdiyi vaxta və xərclərə əsaslanır.
Beləliklə, Azərbaycanda sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçməlidir və 69 gün çəkir. Avropa və Mərkəzi Asiyanın başqa ölkələrində isə buna görə, orta hesabla, 5-6 prosedur və 113 gün tələb olunur.
Qüsurları aradan qaldırmaq
Beləliklə, Azərbaycan rəhbərliyi ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün fəal addımlar atır. Hakimiyyətin 1 noyabr 2017-ci il tarixindən etibarən sahibkarların yoxlanılmasına daha üç il müddətinə moratorium tətbiq edilməsi barədə qərarını qeyd etmək kifayətdir.
Ancaq aydın olur ki, Azərbaycanda bir sahibkarın, məsələn, bir anbar tikmək kimi sadə bir arzusu ciddi vaxt və pul itkisinə səbəb ola bilər. Buna baxmayaraq, tikinti icazələri və enerji şəbəkələrinə qoşulma problemini də biznesin qeydiyyatı üçün çətinliklərin aradan qaldırılması kimi həll etmək mümkündür. Xatırladaq ki, Azərbaycan bu göstərici üzrə hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bir çox inkişaf etmiş ölkələrini geridə qoyur.
Xarici investorlar üçün «Doing Business» göstəricilərinin vacibliyini və Azərbaycan rəhbərliyinin kapitalın cəlbi məsələsində göstərdiyi möhkəm iradəni nəzərə alaraq, zəif göstəricilər üzrə islahatların sürətləndiriləcəyini gözləməyə dəyər. Bundan əlavə, ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün bir sıra mühüm istiqamətlərdə uğurlu islahatların təcrübəsi artıq mövcuddur. Həm də bütün sahələrin inkişafı üçün strateji yol xəritələri də artıq gerçəkləşdirilir.
MƏSLƏHƏT GÖR: