19 Dekabr 2024

Cümə axşamı, 12:58

YALAN SƏNAYESİ

Diplomatik müşavir Sami Al-Maşad: «Ermənistanın tarixi təhrif edən, həqiqətə zidd iddiaları çoxdur»

Müəllif:

15.11.2017

Misirli diplomatik müşavir Sami Al-Maşad Azərbaycan tarixi və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinin tarixinə, dünyanın güc mərkəzlərinin bu və digər bənzər münaqişələrlə bağlı mövqeyinə dair çoxsaylı məqalə və kitabın müəllifidir. «Bu mövzular yalnız məni deyil, ümumilikdə beynəlxalq ictimaiyyəti maraqlandırmalıdır. Dağlıq Qarabağdakı problem Avropa üçün ən əhəmiyyətli münaqişədir. O, faktiki olaraq lokal səviyyədən beynəlxalq səviyyəyə yüksəlib və biz onu həll etməliyik. Lakin bu münaqişənin real həlli yalnız beynəlxalq hüquq çərçivəsində mümkündür. Elə etmək lazımdır ki, problem dondurulmuş vəziyyətdə qalmasın. Çünki onun fəsadları regionda növbəti müharibəyə aparıb çıxara bilər», - deyə «Region Plus» jurnalının qonağı olan Sami Al-Maşad bildirib.

Al-Maşad deyir ki, o, regionla bağlı araşdırmalar aparan zaman yalançı erməni alimləri tərəfindən tarixin kobud şəkildə təhrif olunduğunu görüb və bu səbəbdən də, saxtakarlıqların ifşasına töhfə vermək qərarına gəlib. Nəticədə, o, bu saxtakarlıqlardan ibarət bütöv bir ensiklopediya hazırlayıb. 

- Sami, ensiklopediyanız nədən bəhs edir?

- O, tarixin təhrifinin qarşısını almağa hesablanıb. Biz burada ermənilərin yol verdiyi saysız-hesabsız tarixi saxtakarlıqlara rast gəldik. Bu saxtakarlıqları sənədlər əsasında araşdırır, ermənilərin dediklərini, yazdıqlarını sübuta yetirəcək heç bir sənəd tapa bilmirik. Biz diqqətimizi, ilk növbədə, Azərbaycanın, həmçinin etnik təmizləmə və demoqrafik vəziyyətin dəyişməsi məqsədilə erməniləri azərbaycanlıların kütləvi qətliamına yönəltmiş dövlətlərlə bağlı əsl tarixin öyrənilməsinə, eyni zamanda ermənilərin ilk dəfə Qafqazda nə vaxt peyda olduqlarını müəyyənləşdirməyə, İrəvanda aparılmış etnik təmizləmələrin tarixini üzə çıxarmağa yönəltmişik. Tarix bizə bu cinayətlərlə bağlı həqiqətləri göstərir. Ensiklopediyamız İrəvanın necə Ermənistanın paytaxtına çevrildiyindən, İrəvan xanlarından, ermənilərin Çuxur-Saada (İrəvan) köçürülməsinin səbəblərindən, İrəvan xanlığının sakinlərindən və onların mənşəyindən, həmçinin Qaraqoyunlu dövlətinin ərazisində erməni kilsəsi tərəfindən mənimsənilmiş Azərbaycan torpaqlarından bəhs edir.

Ensiklopediyanın ikinci hissəsində beynəlxalq birliyin, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) kimi qurumların milli zəmindəki münaqişələrin, sərhəd mübahisələrinin həllindəki rolu, onların həlli üçün mövcud olan modellər və vasitələr müzakirə olunur. Ensiklopediyada forma və məzmununa görə Dağlıq Qarabağ münaqişəsinə bənzəyən bir çox problemlərdən danışılır. Lakin BMT Təhlükəsizlik Şurasının, BƏM-in onların həllinə yanaşması fərqlənir. Necə deyərlər, ikili standartlar göz qarşısındadır.

Ensiklopediyamızın sonunda Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki rolu müzakirə olunur, cinayət tribunalının keçmiş Yuqoslaviya ilə bağlı qərarı təhlil edilir.

- Erməni saxtakarlıqlarının izlərinə hansı tarixi əsər və ya sənədlərdə rast gəlmisiniz?

- Bu gün belə hallar istər internetdə, istər müxtəlif kitablarda kifayət qədərdir. Ermənilərin ali məktəblər üçün buraxdığı əksər kitablarda yer almış məlumatlardan belə məlum olur ki, onlar yaşadıqları ərazilərə dair tarixi faktları bilməyən, yalanlara inanan cahil bir nəsil formalaşdırmağa çalışır.

- Cənubi Qafqaz ərazisində erməni dövlətinin yaradılması haqda nə deyə bilərsiniz?

- Buralarda Ermənistan adında heç nə olmayıb. Bu, onların hər yanda durmadan yaydıqları ağ yalandır. Ermənistanın bir dövlət kimi foralaşmasının tarixi I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanına bağlıdır. Həmin fərmana əsasən, Azərbaycanın Naxçıvan və İrəvan (Erivan) xanlıqları «Erməni vilayəti» adlı yeni inzibati ərazinin xeyrinə ləğv edilib. Ona isə rus rəsmiləri nəzarət edib. Sonradan - 1849-cu ildə Erməni vilayətinin adı dəyişdirilərək Erivan quberniyası qoyulub.

Əsas hədəflərinə nail olmağa çalışan ermənilər rus hakimiyyətini Azərbaycandakı alban xristian patriarxiyasının ləğvinə, onun mülkiyyətinin isə erməni kilsəsinə verilməsinə razı sala bilib. Keçmiş Albaniyanın qərb bölgələrinin (Qarabağ regionu) yerli alban əhalisi dövlət suverenliyini itirdikdən sonra, ermənilərin köçünün də davam etməsilə tədricən qriqoryanlıqla assimilyasiya olublar. Yəni bölgədə albanların erməniləşdirilməsi prosesinə başlanılıb.

- Tarixi detallara varmadan yalnız onu deyək ki, ermənilər buranın köklü əhalisi olduqlarını iddia edirlər. Halbuki nüfuzlu alimlər ortaya onların buralara sonradan köçürüldüklərini sübut edən dəlillər qoyur.

- Müqəddəratı təyinetmə və ərazi bütövlüyü prinsipləri arasında qarşılıqlı əlaqənin olduğunu nəzərə alsaq, görürük ki, Ermənistanın iddialarının heç bir əsası yoxdur. Çünki ermənilər buranın köklü əhalisi deyil, onların yaşadıqları bu torpaqlar tarixən heç zaman onlara məxsus olmayıb. Ümumiyyətlə, ermənilərin tarixi təhrif edən, həqiqətə zidd iddiaları çoxdur. Beynəlxalq hüqunun prinsiplərinə, məsələn, dövlətlərarası münasibətləri tənzimləyən, hər bir dövlətin ərazinin toxunulmaz olduğunu təsdiqləyən BMT Nizamnaməsinə əsasən, xalqlar suverenlik hüquqlarını dövlət və ya insanlar qrupu tərəfindən hər hansı repressiyaya, hədəyə yol vermədən əldə etməlidir. Bununla yanaşı, hər bir dövlət işğala məruz qaldığı təqdirdə, öz torpaqlarını suverenliyini tam bərpa edənədək qorumaq hüququna malikdir.

Ermənilərin arqumentləri isə xülya və yalan üzərində qurulub - guya bu ərazilər Ermənistana məxsusdur. Tarixdə belə fakt yoxdur; bu fikirlərə yalnız ermənilərin özlərinin buraxdığı yalan dolu kitablarda rast gəlinir. Bundan başqa, ermənilərin yaşadıqları hər yerdə daim muxtariyyət, müstəqillik tələb etdikləri də hər kəsə məlumdur.

- Müasir Ermənistanın qonşuları ilə münasibətlərini necə qiymətləndirirsiniz?

- Ermənistan dünyada qonşuları ilə ən pis münasibətlərə malik dövlətlərdəndir. Gəlin, onun hər bir qonşusu ilə münasibətinə ayrılıqda nəzər salaq.

Türkiyə ilə münasibətlər. Təəssüf ki, burada böyük rol hər iki xalqın bir-birinə qarşı tolerantlıq səviyyəsindədir. Ermənilər Türkiyəni 1915-ci ildə «erməni soyqırımı» törətməkdə günahlandırır, Ankara isə deyilənləri rədd edir. Türklər 100 il əvvəl baş vermiş həmin hadisələrin müasir Türkiyə yox, Osmanlı imperiyası tərəfindən törədildiyini bildirir. Yeri gəlmişkən, bununla yanaşı, türk istorioqrafiyası «soyqırımı»nı erməni saxtakarlığı sayır.

Tarix elə gətirib ki, Türkiyə ilə Ermənistan bir-birinə yaxşı münasibət bəsləmir. Ermənistan hələ də Türkiyəni Şərqi Anadolunu ermənilərin əlindən almaqda günahlandırır. Türkiyə isə analoji qaydada Ermənistanı Qarabağ müharibəsinə görə tənqid edir. Ankara bu məsələdə türk müttəfiqi olan Azərbaycana açıq dəstək verir. Ermənistan-Türkiyə sərhədi 1994-cü ildən bağlıdır. Nə qədər ki, hər iki tərəf millətçi mövqedən çıxış edir, münasibətlərin düzələcəyinə ümid yaranmayacaq.

Gürcüstanla münasibətlər. Ermənistanla Gürcüstanın təhlükəsizlik məsələlərinə yanaşması fərqlidir. Əslində, onlar bu məsələdə iki fövqəldövlətin mövqeyindən çıxış edirlər. Bu, 2008-ci ildə Gürcüstanla Rusiya arasında baş vermiş müharibədən sonra özünü daha aydın göstərməyə başlayıb. Moskva istər ikitərəfli, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın əsas hərbi-siyasi tərəfdaşıdır.

Ümumiyyətlə, postsovet dövründə Gürcüstanın Ermənistana və ermənilərə münasibəti pis olub. Bu, Tbilisinin Moskva-İrəvan alyansına mənfi münasibətindən irəli gəlir.

İrəvan isə öz növbəsində, Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlığı müşahidə etməklə məşğuldur. Bu əməkdaşlıq Ermənistanın kommunikasiya blokadasını daha da gücləndirir.

Bu iki dövlətin regional etnik münaqişələrin həllilə bağlı mövqeyinə gəlincə, Gürcüstan dövlətlərin ərazi bütövlüyü (Abxaziya və Cənubi Osetiya ilə bağlı), Ermənistan isə müqəddəratı təyinetmə prinsipini (Dağlıq Qarabağ) dəstəkləyir.

Bu iki dövlət arasındakı münasibətlərdə Gürcüstanın əhalisinin əksəriyyəti erməni olan Cavaxetiya regionu da vacib rol oynayır. Ermənistanla həmsərhəd olan bu inzibati ərazidə 100 min erməni qarşılıqlı fobiya və narahatlığa səbəb olub. Lakin iki tərəf arasında ortaq baxışlar da var. Məsələn, Ermənistan Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımır, Gürcüstan isə öz növbəsində Qarabağ münaqişəsilə bağlı neytrallıq nümayiş etdirməyə çalışır.

Qlobal səviyyəyə gəlincə, Aİ-nin «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində onların mövqeləri çox bənzərdir. Bundan başqa, Ermənistanla Gürcüstan bir-birinə ABŞ-la münasibətlər vasitəsilə də bağlıdır. Yəni Birləşmiş Ştatlarda güclü erməni icması var, Gürcüstan isə Vaşinqtonun ciddi siyasi dəstəyini alır. Bütün sadalananların nəticəsi olaraq, Tbilisi ilə İrəvan arasında kifayət qədər sabit «modus vivendi» hökm sürür.

İranla münasibətlər. İranın strateji cəhətdən Ermənistana meyilli olması Tehranın Azərbaycandan hələ də ehtiyat etməsilə əlaqəlidir. Söhbət Azərbaycanın mümkün irredentizm və Xəzər dənizinin resursları uğrunda mübarizədən gedir. Nəhayət, İran Qafqazda mövqelərini gücləndirməklə, ABŞ-ın burada mövcudluğuna qarşı çıxa, ənənəvi rəqibləri olan Türkiyə ilə İsrailin strateji iddialarına cavab verə bilər.

Belə ümumi düşüncələrlə yanaşı, Ermənistan-İran alyansının dərin köklərini, onun sülhə, regional sabitliyə təsirlərini də vurğulamaq lazımdır. Bu baxımdan, dini fərqliliyə rəğmən, iki ölkəni bağlayan coğrafi və tarixi amillər qeyd olunmalıdır. Eyni zamanda Tehranla İrəvanın alyans yaratdığı dövrü - ötən əsrin 90-cı illərindəki vəziyyəti, bunun hər iki tərəf üçün maddi-iqtisadi səmərəsini unutmaq olmaz.

Nəhayət, iki ölkə liderinin nümayişkaranə şəkildə qurduğu dostluq münasibətlərinin əsl strateji məqsədlərini müəyyənləşdirmək üçün «səthi» siyasətin çərçivələrindən çıxmaq lazımdır. Bu tərəfdaş ölkələrin hər biri qarşılıqlı səmərəli diplomatik prosesdə vacib rol oynayır. Söhbət onların hər birinin Böyük Qafqaz regionundakı müvafiq rolunu təmin edən prosesdən gedir. Onların gizli gündəmi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə göstərdiyi səylərə, həqiqətən də, zərbə vura bilər.

Rusiya ilə münasibətlər. Moskva da özünün regional siyasətində, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərində İrəvanın mövqeyini nəzərə almaya bilməz. Bu, Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasının qarşısını almaq cəhdlərinə də aiddir. Bəzən bu, «iti idarə edən quyruq»» prinsipini xatırladır. Son illərdə Ermənistan Rusiya üçün daha vacib ölkəyə çevrilir. Moskva anlayır ki, Ermənistanı «itirmək» onun Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunun sonu demək olacaq.

Məhz bu səbəbdən Kreml Ermənistanın 2013-cü ilin noyabrında Aİ-nin Vilnüsdə keçirilən «Şərq tərəfdaşlığı» sammitində Brüssellə assosiativ saziş imzalamaq cəhdinə qısqanc münasibətini gizlətməmişdi. Moskvanın İrəvana təsir imkanlarının sərhədlərisə 2008-ci ilin avqust müharibəsindən sonrakı dövrdə Ermənistan-Gürcüstan münasibətlərinin fonunda daha aydın görünməyə başlayıb.

Bu müharibə Ermənistan üçün bir sınaq idi. Rusiya (Ermənistanın hərbi-siyasi müttəfiqi) ilə Gürcüstan (tarixən Ermənistanın yaxın qonşusu və əsas nəqliyyat yolu) arasındakı müharibə zamanı İrəvan neytrallığını qoruyub saxladı. Halbuki Moskva ona Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması üçün təzyiq göstərirdi.

Münasibətlərin coğrafi, siyasi və regional kontekstini nəzərə alsaq, Rusiya ilə Ermənistan arasında hələ ki, başqa əməkdaşlıq formatı mümkün görünmür. Nə qədər ki, İrəvan investisiya və silah tələb edəcək, Moskva isə onun Qafqazda mövcudluğuna şərait yaradan strateji tərəfdaşa ehtiyac duyacaq, bu əməkdaşlıq formatı davam edəcək.

- Biz rəsmi İrəvandan Azərbaycanla yanaşı, mütəmadi olaraq Türkiyə və Gürcüstana qarşı da ərazi ididaları eşidirik. Ermənistan Türkiyənin «erməni soyqırımı»nı tanımasını tələb edirsə, məsələnin araşdırılması üçün birgə elmi komissiyanın yaradılmasına, arxivlərin açılmasına niyə razılıq vermir?

- Tarix boyu Qərb ermənilərə öz hədəflərinə nail olması üçün əlverişli şərait yaradıb. Qərb hər zaman, xüsusilə 2001-ci ilin 11 sentyabrından sonra islam dünyasına qarşı bir çox iddia irəli sürüb. Ermənistanın «soyqırımı» məsələsindən əl çəkməməsi də dünya birliyinin, xüsusilə Qərbin onlara acımasına nail olmaq, bununla da, öz müqəddəratını təyinetmə prinsipindən yararlanmaq məqsədi güdür. Üstəlik, xristian Qərbinin əsas hədəflərindən iri hərəkətdə olan islam dalğasının, islam həmrəyliyinin qarşısının alınmasıdır.

Osmanlı İmperiyasının ermənilərə qarşı «soyqırımı» törətdiyi təsdiqlənərsə, bu, islamın imicinə mənfi təsir göstərəcək, Qərbin fəal şəkildə təbliğ etdiyi islam terroru ideyasının təsdiqi olacaq. Ermənistan isə bu ziddiyyətlərdən istifadə edərək fövqəldövlətlərin işinə yarımaq cəhdlərini davam etdirəcək.



MƏSLƏHƏT GÖR:

509