Müəllif: Sənan ŞƏFİZADƏ
Triatlon («triathlon» - yunan sözlərindən yaranıb, «tri» - üç və «athlon» - yarış deməkdir) - bu, açıq suda üzməkdən, velosiped yarışından və qaçışdan ibarət olan bir idman növüdür; bu növlər ardıcıllıqla bir-birinin ardınca gəlirlər.
Triatlon kütləvi üzgüçülük mərhələsi ilə başlayır, finiş isə atlet tərəfindən qaçış seqmentində başa çatır. Mərhələlərin dəyişməsi tranzit zonasında baş verir, burada hər bir idmançının avadanlığını saxlaması üçün öz yeri olur.
Triatlon Avropa və Amerikada ən kütləvi həvəskar idman növlərindən biridir. Onun populyarlığı marafon qaçışlarının populyarlığı ilə müqayisə edilə bilər.
Triatlonda ən nüfuzlu çalışma "dəmir məsafə", yəni «Ironman Distanje» sayılır.
Bu çalışmanı yerinə yetirənlər arasında 48 yaşlı həvəskar triatlonçu Rüfət Həsənov da var. O, «R +»a bu idmanın xüsusiyyətləri barədə danışıb.
- Rüfət, siz Azərbaycanda ikinci «dəmir adam »sınız, xahiş edirəm danışın, bu status nə deməkdir?
- Triatlet mühitində daha məşhur ad - «Ironman» istifadə olunur. "Dəmir məsafə"də starta çıxan və müəyyən edilmiş vaxt normativində onu tamamlayanlara bu qeyri-rəsmi status verilir.
- Bəs, "dəmir məsafə" nədir?
- Bu statusu almaq üçün açıq suda 4 km üzmək, 180 km velosiped sürmək və son mərhələdə 42 km-lik marafon qaçmaq lazımdır. Bütün bunları dayanmadan, demək olar ki, birnəfəsə başa çatdırmaq lazımdır. Buna 17 saat verilir, əgər finişə çatdınız və normativlərə uyğunlaşdınız - sizi finişdə bu unudulmaz sözlərlə qarşılayırlar - «Mr. Hasanov - you are Ironman». Bunun üçün mən 15 saat sərf etdim.
- Ciddi məsafədir - fiziki cəhətdən az adam bunun öhdəsindən gələ bilər. Bunu etməyə necə qərar verdiniz?
- "Dəmir məsafə" barədə ilk dəfə eşitdiyimdə və bunu başıma yerləşdirəndə, mən sadəcə inanmırdım ki, bu, ola bilər, düşünürdüm ki, yalnız fövqəl insanlar bunu edə bilər.
Yalnız "uzun triatlon"nun nə olduğunu öyrənmək iki həftə çəkdi. Mən başa düşdüm ki, bu, heç də avantüra macərası deyil, zəhmətdir, təlimlərə metodoloji yanaşmadır və ən əsası, doğru həyat tərzidir. Qoy, mənim bu sözlərim pafoslu görünməsin, mən başa düşdüm ki, bu, fiziki və mənəvi cəhətdən möhkəmliyimi sınamaq üçün bir fürsətdir.
- Bir sual vermək istəyirəm - bütün bunlar 48 yaşlı bir kişinin, ailəsi, işi, formalaşmış istirahət və maraqları olan bir adamın nəyinə lazımdır?
- Birmənalı cavab vermək çətindir. Mənim tam bölüşdüyüm bir versiya var ki, dözümlülük uğrunda dəmir qaçış - sivilizasiyalı ölkədə yaşayan orta statistik şəhər adamının qarşıdan gələn orta yaş böhranına cavabıdır. İzah edirəm - 40 yaşı keçmiş kişi bir seçim ilə qarşı-qarşıya qalır: ya yaxınlaşan ahıl yaşı qəbul edirsən, məqsədli şəkildə şəxsi rahatlıq zonasını genişləndirirsən, ya da bu böhranla mübarizə aparmağa cəhd edirsən. İnanıram ki, bir çox insanlar "dəmir məsafə"nin startına bu motivasiya ilə çıxırlar.
Mən bu versiyanı arqumentləşdirməyə çalışacam: eyni zamanda «Ironman» yarışının rəsmi startına üç min adam çıxır, bunların yalnız yüz nəfəri bundan
pul qazanan peşəkarlar olur. Qalan 2900 nəfəri buna öz peşə, ailə və digər vəzifələrinin yerinə yetirə-yetirə, boş vaxtlarında hazırlaşan həvəskarlardır. Həm də triatlon startının ən ədalətli qaydalarından biri də bütün iştirakçıların 5 il üzrə yaş qruplarına bölünməsidir. Özü də ən çox iştirakçı 40-45 və 45-50 yaş qruplarının payına düşür. Bu, «Ironman» yarışının kimə və nə üçün lazım olduğunu göstərir.
- Deməli, cavab yetərincə sadədir, - orta yaş böhranının həlli, yəni idman avtomobili və gənc həyat yoldaşı arzusu əvəzinə kişi həddindən uzun sürən dözümlülük yarışını seçir?
- Bu qəribə səslənir, amma doğrudur, demək olar ki, belədir. Amma mənim üçün əsas səbəb bu, deyil. Mənim məsələmdə daha çox uşaqlarım "günahkardır". İnanıram ki, Yer üzündə insanın əsas təyinatlarından biri növbəti nəslin layiqli tərbiyəsidir. Belə bir hikmətli söz var: "Uşağı tərbiyə etməyə dəyməz, istənilən halda onlar sənə bənzəyəcəklər - özünüzü tərbiyə edin!" Beləliklə, böyük ehtimalla mənim uşaqlarım, özləri də bilmədən, məni bu işə cəlb elədilər. Rejimə, düzgün həyat tərzinə, intizama riayət edərək, mən bunları öz uşaqlarıma ötürməyə ümid etdim. Bu mənim motivasiyam oldu.
- Bəs, bu "özünütərbiyə" nə deməkdir? Nə qədər vaxt aparır və əsas çətinlik nədir?
- Məndə bu, düz il yarım çəkdi, özü də həftədə 8 - 12 saat məşq edirdim, həftədə 6 gün, arada günə iki məşq də salırdım. Yarış yaxınlaşdıqca həcm arta bilər. Bir məşq 3-3,5 saat çəkə bilər, amma belə uzun məşqlər, ümumiyyətlə, az olur və onlar həftə sonuna planlaşdırılır.
Özünütərbiyə məsələsinə gəlincə, bir neçə qayda mövcuddur, onlar çox deyil, amma vacibdir: bunlar bərpa (düzgün yuxu), düzgün qida və təlim rejiminə riayət edilməsi prinsipləridir. Praktiki olaraq, mən bütün məşqlərimi səhər saatlarında edirdim. Bunun ücün səhər saat 6-da hazır olmaqdır. Vaxtında yatmaq çox vacibdir. İdeal olaraq, saat 10:00-da erkən yatmaq tam bərpanı təmin edir. Əlbəttə, bu, həmişə yüz faiz alınmır, amma çox hallarda mən bunu bacarırdım.
- Deməli, "dəmir adam"ın sirri sağlam həyat tərzi və düzgün vərdişlərdədir?
- Bəli, həm də mütləq doğru təlim proqramındadır. Axı, həftə ərzində siz dörd müxtəlif növ - üzgüçülük, velosiped, qaçış və ümumi bədən tərbiyəsi üzrə məşq edirsiniz. Yalnız məşqlərin həcmi və intensivliyi deyil, həm də düzgün ardıcıllığı da vacibdir. Məni gözəl insan, idmançı və məşqçi Mixail İvanov hazırlayırdı. Bu həm də çox maraqlı təcrübədir, çünki o məni uzaqdan - Amerikadan məşqlərə nəzarət edirdi.
- Bu, necə mümkündür?
- Hər şey olduqca sadədir - müasir texnologiyaların üstünlükləri hesabına. Mənim hər məşqimdən sonra o, məşqlərim barədə ətraflı məlumat alırdı - qət edilən məsafə, sürət, nəbz, oksigen istehlakı, yüksəkliyə dırmanmaq barədə. Bu məlumatları əldə edəndən sonra o, mənim üçün məşqləri elə qururdu ki, özüm də bilmədən dözümlülük həddini artırırdım. İlyarım ərzində hər həftə məşq planı alırdım - mənə isə bu planı yerinə yetirmək qalırdı.
- Mən bildiyim qədər, texniki avadanlıq xərcləri baxımından triatlon olduqca bahalı idman növüdür?
- Bu, heç də tam belə deyil. Əlbəttə, olduqca xərc aparan tərəfləri var, şose velosipedi, dəbilqə, qış təlimləri üçün velotrenajer, GPS saat, hidrokostyum, velosipedin daşınması üçün xüsusi çamadan, qaçış ayaqqabısı almalısan, hovuz və idman zalına abunə olmalısan, məşqçi tutmalısan. Ancaq inanın ki, dünyanın müxtəlif şəhərlərində 5 yarışa qatıldım və tamamilə fərqli iştirakçıları gördüm. Elələri var idi ki, «seçmə» velosiped sürürdü, yalnız iki təkəri 10 min $-a başa gəlmişdi, üstəgəl eyni məbləğ də velosipedin özünə getmişdi. Amma tranzit zonasında bu bahalı "raket"lə yanaşı, 300 $-lıq sadə alüminium "şose" velosipedi də vardı. İstənilən halda velosiped özü getmir ki, onun sürəti güclü ayaqlara bağlıdır. Yəni büdcə vacib məsələdir, amma bu, həlledici faktor deyil.
- Finiş xəttini keçəndə nə hiss etdiniz?
- Sevinc və eyni zamanda kədər: sevinc ona görə ki, məqsədə çatdım və finiş xəttinə gələ bildim, məni dəstəkləyən və mənə görə narahat olanları, yaxınlarımı, nəhayət ki, sevindirə bildim. Kədərləndim ona görə ki, məşqçi ilə gözlədiyimizdən pis nəticə göstərdim. Əlbəttə ki, daha çox sevindim. Fürsətdən istifadə edərək, mənə bir vaxtlar əlçatmaz fantaziya kimi görünən bu məqsədə çatmaqda dəstək olanlara - «Kapital Bank»ın idarə heyətinin sədri Rövşən Allahverdiyevə və «PMD Group» şirkətlər qrupunun rəhbəri Araz Ağayevə təşəkkür edirəm.
Yalnız onların maliyyə dəstəyi üçün deyil, həm də onların mənə inanmalarına görə, onların etimadı mənim üçün çox əhəmiyyətli idi. Qardaşım Yusifə xüsusi təşəkkürümü bildirirəm, o mənimlə birlikdə hər yerə getdi və hər bir yarışda məni dəstəklədi. Məni dəstəkləyə-dəstəkləyə, özü də bilmədən bu işə qoşuldu və Bakı yarımmarafonunu qət etdi. Düşünmək istərdim ki, tezliklə biz birlikdə hansısa starta çıxacağıq. Və əlbəttə, həyat yoldaşım Leylaya böyük təşəkkür edirəm, o, bu çətin əhvalatın sonunu səbirlə gözlədi və evin əziyyətinin böyük hissəsini öz boynuna götürdü.
- Rüfət, hədəfə çatdın, sonra nə olacaq?
- Bir az geniş cavab verəcəm: triatlonun verdiyi ən yaxşı şey hər gün hiss etdiyim mükəmməl energetikadır. Səhər saatlarında məşq etdikdən sonra ofisə gələn insan günün qalan hissəsində də özünü yaxşı hiss edir. Bu hiss çox dəyərlidir. Buna görə də, mən məşqləri davam etdirirəm və növbəti mövsümdə «Ironman»ı təkrarlamağı və nəticələrimi yaxşılaşdırmağı planlaşdırıram. Axı, bu yarışın cazibəsi həyatın mahiyyətini əks etdirir: sənin əsas rəqibin özünsən.
Lakin bu, hamısı deyil - bizdə bu yarış haqqında çox az bilirlər. Ancaq hamı ilə birgə yarışa yaşlılar - baba və atalar çıxır. Bu da hamısı deyil - "dəmir məsafə"ni qət etməyə əlil insanlar çıxır, mən bir adam gördüm, üzürdü, qaçırdı, velosiped sürürdü, amma bir qolu çiynindən yox idi. Bədənin imkanlarının yalnız 5%-ni istifadə edirik - bunu başa düşmək üçün ən yaxşı motivasiya deyilmi? Öz üzərində işləmək - cismən və ruhən böyümək lazımdır.
- "Dəmir adam" oxucularımıza nə arzulayır?
- «Ironman» yarışının rəsmi başlanğıcının Azərbaycanda keçiriləcəyi günü arzulayıram. Bunun üçün xarici idmançılara əlavə, təşkilatçı ölkədən ən azı 500 nəfər, yəni sadə həvəskarlar - menecerlər, hüquqşünaslar, həkimlər, tələbələr və təqaüdçülərlə starta çıxmağa hazır olmalıdır.
Buna görə mən cinsindən, yaşından, sosial vəziyyətindən asılı olmayaraq, bütün oxuculara müraciət edirəm: idmana dəstək heç də divanda oturub peşəkarların qələbəsinə sevinmək deyil. İdman sağlamlıqdır və gündəlik məşqdir, qarşınıza yüksək məqsədlər qoyun, onlara çatmaq göründüyündən daha asandır.
Və ən başlıcası - mən heç də "dəmir adam" deyiləm, mən "dəmir məsafə"ni qət edən adi bir insanam.
MƏSLƏHƏT GÖR: