Müəllif: Valentina REZNİKOVA
Muzeylərdə çalışan insanların fəaliyyəti Misirin kahinlər kastasının fəaliyyətinə bənzəyir, çünki gələcək nəsillər üçün müqəddəs olan dəyərləri nəsildən-nəslə ötürür. Ancaq yaddan çıxarmaq olmaz ki, muzeyləri qorumaqla yanaşı, həm də elmi, maarifçilik və təbliğ fəaliyyəti ilə məşğul olurlar. Bir müddətdir ki, həm də pedaqoji fəaliyyətlə məşğuldurlar, çünki uşaqlar və yeniyetmələr üçün xüsusi proqramlar hazırlanır. Azərbaycanda muzey işinin inkişafını, bütün dünyada olduğu kimi, böyük əhəmiyyət verilir. Bu istiqamətdə yaradıcılıq fəaliyyətini dəstəkləmək və inkişaf etdirmək məqsədilə 1946-cı ildə beynəlxalq təşkilat ICOM - Beynəlxalq Muzey İcması yaradılıb. İnformasiya texnologiyalarının inkişafı ilə muzeylərə virtual ziyarət imkanı yaranıb, bu, əlbəttə ki, çox vacibdir. Ancaq hələ ki, heç bir kamera birbaşa muzeyləri ziyarət edərkən yaşadığımız hissləri bəxş etməyə qadir deyil.
Niyyətin çin olması
Bakıda çox gözəl Azərbaycan Dövlət Teatr Muzeyi mövcuddur və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında çalışır. 2004-cü ildə muzeyin kollektivi "Teatr tarixi materiallarının toplanması və saxlanması" nominasiyası üzrə Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülüb. Muzeydə son dərəcə gözəl eksponatların toplandığı bir neçə sərgi zalı var ki, bu eksponatlar qurulduğu gündən bu günə kimi Azərbaycan teatr sənət yoluna işıq tuturlar. Onlar dramatik, opera, balet və kukla teatr sənətlərinin tarixini yaşadırlar.
Muzey 1934-cü ildə yaradılıb və 1935-ci ildə ona Azərbaycan dramaturgiyasının klassiki Cəfər Cabbarlının adı verilib. Bu, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk teatr sənəti muzeyi idi. Noyabrın 25-də muzeyin 83 yaşı tamam oldu. Hər şey Ağakərim Şərifovun ideyasından başladı, o, 1926-cı ildə teatr texnikumunun ilk məzunları ilə birlikdə Moskvada olmuşdu. Onlar orada Baxuşin muzeyini ziyarət etmişdilər. Sərgi zalları Şərifovda silinməz təəssürat yaratmışdı. O, özü 1920-ci ildən gələcək nəsillərə xatirə saxlamaq üçün məşhur aktyorların əşyalarını toplayırmış. Həmin vaxt teatr texnikumunun direktor müavini işləyən Ağakərim Şərifov Moskvadan dönəndən sonra Bakıda belə bir muzey yaratmaq üçün nələrin edilməsi üzərində düşünməyə başlayıb. Beləliklə, o, 1926-cı ildə Tağıyev teatrının foyesində ilk teatr sərgisini təşkil edir. Sərgi Bakı sakinlərinin böyük rəğbətini qazanıb. Ancaq bu, planın praktik təcəssümünün yalnız başlanğıcı olub. O, 1927-ci ildə elə həmin Tağıyev teatrında, lakin üçüncü mərtəbədə teatr eksponatlarının daha geniş bir sərgisini təşkil edir. Açılış çox təntənəli olub. Bu barədə onda yerli qəzetlər yazıblar.
Hətta Moskvada çap olunan «Pravda» qəzeti də hadisəni diqqətdən qaçırmamışdı. Bu, Cənubi Qafqazda ilk teatr muzeyi idi! Bu, Şərifovun Azərbaycanın teatr tarixi muzeyinin yaradılması xahişi ilə Xalq Təhsili Komissarlığına müraciət etməsinə imkan yaradıb. Onun xahişi eşidilib və nəhayət, Azərbaycan teatrlarının mövcud arxivlərinin daimi saxlanılması üçün Dövlət Teatr Muzeyinə verilməsi barədə sərəncam verilib. Bir müddət kiçik ekspozisiya Dövlət Muzeyində (indiki Azərbaycan Tarix Muzeyində) kiçik bir otaqda saxlanıb, lakin sonra Tağıyev Teatrının üçüncü mərtəbəsinə köçürülüb.
- Muzeyin ilk direktoru kim təyin edilib?
- Əlbəttə, 1942-ci ilə qədər muzeyə Ağakərim Şərifov başçılıq edib, - deyə əməkdar mədəniyyət işçisi, Azərbaycan Teatr Muzeyinin direktoru, ICOM-un üzvü Sevinc MİKAYILOVA «R +»a müsahibəsində bildirir.
- Bu gün Teatr Muzeyi Neftçilər prospekti, 49 ünvanında (Muzey Mərkəzində) yerləşir. Muzeyin açılışından bu yana onun fondları çox artıb və artıq bu gün eksponatların sayı 137 min təşkil edir. Bu sıraya tanınmış aktyorların şəxsi əşyaları və rekvizitləri, dekorasiya və kostyum eskizləri, rejissorluq eksplikasiyaları (izahatları), proqramlar, afişalar, əlyazmalar, fotoşəkillər, şəxsi yazışmalar, tanınmış mədəniyyət və incəsənət xadimlərinin portret təsvirləri və s. daxildir. Muzey Mərkəzinin üçüncü mərtəbəsində yerləşən yeddi zalı Azərbaycan teatr sənətinin, demək olar ki, əsr yarıma bərabər tarixi ərzində baş verənlərin sənədli sübutu olan unikal eksponatlarla doludur. Muzeydə 600-dən çox tanınmış teatr xadiminin şəxsi arxivləri saxlanır. Onların arasında Cəfər Cabbarlı, Aleksandr Tuqanova, Adil İsgəndərov, Hökümə Qurbanova, Möhsün Sənani, Hamlet Qurbanov, Yaşar Nuriyev, opera müğənnisi Yelena Titarenko və s. kimi bir çox başqa teatr xadimlərinə aid şəxsi əşyalar və arxivlər var. Həm də xatirə əşyaları, fotoşəkillər və neqativləri, dekorasiya maketləri, rekvizitlər də burada saxlanır.
Yüz il bundan əvvəl afişa və proqram vərəqlərinin necə olması və necə görünməsi haqqında unikal, sənədli təsdiq məlumatları da burada saxlanır! Ən qədim eksponat 1873-cü ildə oynanılmış ilk tamaşanın - Mirzə Fət-Əli (onun adı əvvəlcə belə yazılırdı) Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının afişasıdır. İlk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1908-ci ildə tamaşaya qoyulmuş və Şərqin ilk operası olan "Leyli və Məcnun"un premyerasının proqram vərəqi bizdə saxlanır. İlk proqramlar və plakatlar çox vaxt ipək parçalar üzərində çap edilib. Ekspozisiya zallarında gəzərək teatr afişalarını forma, faktura və görünüşündə siz vaxtın, həyatın necə dəyişdiyini, hansı yeni ideoloji qaydalar gətirdiyini görə bilərsiniz. Bu, hətta afişa mətnlərinin yazılmasından da görünür: ərəb əlifbasının yerini latın əlifbası tutur, sonra kiril əlifbası, daha sonra yenidən latın əlifbası gəlir. Bunlar həm bizim üçün, həm də nəvələrimiz üçün soydaşlarımız tərəfindən qorunmuş orijinal nümunələrdir. Öz işini və öz ölkəsinin teatr mədəniyyətini, həqiqətən, sevən insanlar tərəfindən saxlanılıblar.
- Ekspozisiyalar dəyişməz saxlanırlar və ya yenilənirlər?
- Mütləq yenilənməlidirlər! Çünki fondlara hər il əlavələr olunur, hər mövsümün sonunda ölkəmizin teatrlarından yeni materiallar gəlir. Bundan əlavə, teatrların və korifey sənətkarların yubiley mərasimləri, beynəlxalq konfranslar və festivallar, dövlət səviyyəsində müxtəlif tədbirlər üçün biz ölkəmizin teatr sənəti ilə bağlı səyyar sərgilər təşkil edirik.
- Necə düşünürsünüz, muzey canlı, yoxsa xatirə məlumatlarının mənbəyidir?
- Canlı, əlbəttə! Keçmiş bizimlə informasiya faktlarının, keçmişin insanlarının enerji yaddaşını qoruyan əşyalarının dili ilə danışır.
Sevinc xanım yalan danışmır. O, peşəsini sevən hər kəs kimi, inanır ki, həqiqətən, muzeydə saxlanılan eksponatlar müqəddəsdir. İnanır ki, onların hamısının sakral önəmi var, çünki onların arxasında öz talelərini və ürəklərini teatr sənətinə qurban verən insanların həyatı gizlənib. Şəxsi həyatlarının və peşə talelərinin necə alınmasına baxmayaraq, məhz onlar bizdən öncə bu yolda gedənlər olublar. Muzeyə gələnlər Azərbaycan teatr sənətinin ustalarının şəxsi və peşə taleləri barədə soruşurlar, ziyarətçilər yalnız tələbələrlə, uşaqlarını gəzməyə çıxaran valideynlərlə məhdudlaşmır, həm də turistlər bizə baş çəkirlər. Hər bir yaş qrupunun öz marağı və həvəsi var. Uşaqlarda rekvizitlərə böyük maraq var, hələ dünyada olmadıqları zaman hər şeyin "necə olması" və "necə görünməsi" barədə maraqlanırlar! Tələbələr bütün eksponatlara, demək olar ki, tədqiqatçı kimi yanaşırlar. Amma turistlər tamamilə hər şey maraqlandırır. Onlar Azərbaycanda teatrın yaradılmasının və inkişafının bütün detallarına və şərtlərinə metodik yanaşırlar və son dərəcədə diqqətlə öyrənirlər. Muzeyə xaricdən çox sayda məktub və yardım üçün müraciətlər gəlir. Bunlar həm fərdi xahişlər, həm də müxtəlif təşkilat və qurumlardan gələn istəklərdir. O cümlədən keçmiş sovet respublikalarından gəlir: Özbəkistandan, Gürcüstandan, Qırğızıstandan, Rusiyadan...
- Deyin, görək, hazırda sizin işçilərin hansısa muzey və ya teatr ilə əlaqə saxlayırlarmı?
- Bəli. İndi Taqanroqda Faina Ranevskayanın muzeyi yaradılır, bildiyiniz kimi, o, bir neçə il Bakıda yaşayıb. Onlar bizə informasiya yardımı üçün müraciət etdilər və bizdə həvəslə onlara kömək etdik. Yaxın vaxtlarda "Kinosozvezdie" (Rusiya) portalının təşkilatçılarına yardım etdik və sovet dövründəki filmlərdə fəal çəkilmiş Bakı aktyorları haqqında informasiya materialı təqdim etdik.
Ancaq müasir muzey işi yalnız məlumatların toplanması və saxlanması, teatr keçmişinin elmi araşdırılması, film üzərində işləyərkən və ya kitab, məqalə, reportaj yazılan zamanı materialların təqdimi ilə məhdudlaşmır. O daha geniş, daha əhatəlidir. Özü də, internetin yaranmasından sonra insanlar muzeylərə virtual ziyarət imkanı qazanıblar. Bu isə artıq müəyyən mənada arzuolunmaz bir rəqibdir! Razılaşın ki, evdən heç ayrılmadan Luvr və Tretyakov qalereyasının salonlarında gəzmək çox rahatdır. Digər tərəfdən bu, bizi eksponatlarla birbaşa təmas qurmaq, onların cazibəli maqnetizmini hiss etmək fürsətindən məhrum edir. Bunun teatr ulduzunun əlində olan rekvizit və ya qrim əşyası, yaxud da teatr kostyumu olması əsas deyil. Əsas odur ki, keçmişdən gələn enerji ismarıcını özümüzdən keçirərək hiss edə bilərik. Bunu isə heç bir ekran deyil, hətta ən yüksək texnologiyalısı belə insan vermək qabiliyyətində deyil! Buna görə də, bizim kimi teatr sənəti tarixi muzeylərini özümüz gəzməliyik.
Əks əlaqə: uşaqlar
Amma necə olar ki, muzeydə saxlanılan məlumat darıxdırıcı-memorial və yə arxaik sayılmasın? Sevinc xanım və onun elmi işçiləri də bu barədə düşünürlər. Onlar ziyarətçilərlə qarşılıqlı əlaqə yaratmaq üçün yeni iş formaları axtarırlar. İlk öncə uşaqlarla işin müxtəlif formalarını. Muzey işçiləri üçün bu, işin ən vacib sahəsidir. Böyüməkdə olan bir insanın həyatında incəsənət qaçılmaz bir zərurət halına gəlməlidir. Nəfəs alma istəyi kimi, məsələn.
- Ən mühüm incəsənət növlərindən biri kimi teatr sənətinin populyarlaşması üçün proqramlar tərtib edərək həyata keçiririk. Bunlar imitasiya oyunlarıdır - bura rəssamları, maket ustalarını, hekayə yazarlarını və hətta müəyyən mənada aktyorları da cəlb edirik, əlbəttə, bu, interaktiv fəaliyyətdir. Uşaqlara belə tədris formasını çox sevirlər. Tələbələr üçün isə digər proqramlar işləmişik. Onlar daha mürəkkəbdir və araşdırma işləri ilə bağlıdır, - deyə Sevinc xanım bildirir.
Görüş zamanı muzeyin direktoru telefonla söhbətdə kiməsə səbirlə səhnənin oyun maketinin necə olması, oyun qutusunda işıq olması üçün nələri etmək barədə tövsiyə verirdi. Muzeyin uşaqlarla bu cür işləməsi mənə çox qəribə göründü. Amma direktor izah etdi ki, yazıçıların, rəssamların, işıqlandırıcıların, rejissorların işdəki rolu bir sənət forması kimi teatr anlaşılması ilə yanaşı, gələcəkdə teatr sənətinə sevginin qarantı olacaq uşaqların yaradıcı təxəyyülünün oyadılması üçün də çox vacibdir. Hələ isə onlar zalları gəzərək Mirzə Fətəli Axundov, Hüseyn Ərəblinski, ilk muğam operasının banisi Üzeyir Hacıbəyov, ilk azərbaycanlı opera müğənnisi Şövkət Məmmədova haqqında suallar verirlər, onlar adı teatr olan incəsənət növünə sevgi kimi "cücərəcək" məlumatlar toplayırlar. Muzeyin əməkdaşları ziyarətçilərin gözündə həmişə maraqlı qalmaq üçün mümkün olan hər şeyi edirlər. Ekspozisiya zallarında vaxtaşırı tematik sərgilər təşkil olunur, ehtiyat fondunda saxlanılan nadir eksponatlar nümayiş etdirilir, böyük incəsənət ustalarına həsr olunmuş xatirə axşamları keçirilir, onların fəaliyyəti barədə mühazirələr oxunur. Ancaq bu, muzeyin gündəlik işinin ənənəvi hissəsidir. İndi ziyarətçilərlə yeni qarşılıqlı əlaqə formaları üzərində işləyirlər. Həyat interaktiv təsir və ya kvest kimi tamamilə fərqli yanaşmalar və daha fəal əməkdaşlıq tələb edir. Bunun üçün isə işçilər bu cür iş forması üzrə bacarıqlara sahib olmalıdırlar.
- Muzeyin əməkdaşlarının müasir həyatın şərtlərinini diqtə etdiyi tələblərə cavab verməsi üçün nələri edirsiniz?
- Mədəniyyət və Turizm Nazirliyi mütəmadi muzey işçiləri üçün treninqlər keçirir. Hesab edirəm ki, bu, bizim ümumi işimizin vacib bir hissəsidir. Bu, yeni bilik və bacarıqları muzey pavilyonlarında tətbiq etməyə imkan yaradır. Bizim işimiz yalnız maarifləndirmək və tərbiyə eləməklə məhdudlaşmır, həm də böyüməkdə olan nəslə şəxsiyyətini sənət sevgisi ilə formalaşdırmaqda yardım edəcək istiqamətlər veririk. Böyük Sənət tanımaq və anlamaq insanı nəcibləşdirməklə yanaşı, həm də təmkinli, deməli, özünə inamlı və güclü edir. Biz bunu anlayırıq, buna görə də yeni qarşılıqlı əlaqə formaları axtarırıq. İndi biz Azərbaycan teatrının yaranma günü münasibəti ilə gənclər üçün bir sıra tədbirlər keçirmək ideyası üzərində işləyirik. Ola bilər ki, müsabiqə əsasında işlənsin. İdeya hələ işlənmə mərhələsindədir və bu səbəbdən, hələ bu barədə danışmağa hazır deyiləm...
...Söhbətin sonunda muzeyin sərgi salonlarını gəzdik və direktor mənə bütün kütləvi tədbirlərin keçirildiyi otağı göstərdi. Otağın küncündə bu tədbirlərdə dekorasiyanın bir hissəsi kimi istifadə edilən köhnə teatr tumbası mulyajı gördüm.
Sevinc xanım fikirli halda ona baxaraq, məyus halda dedi ki, bütün bunları yenidən düzəltmək lazımdır, çünki estetik qavrayış və tarixi həqiqət baxımından mulyaj XIX əsrin sonuna aid çağın ruhuna uyğun gəlmir. Sonda əlavə etdi ki, uzun müddətdir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr quruluşu fakültəsinin tələbələri ilə yaradıcılıq əlaqələri qurulması variantları üzərində düşünür. Amma hələ ki, bu, yalnız bir yaradıcı dostluğu barədə arzu olaraq qalır.
- Muzey direktoru Sevinc Mikayılova daha nələr barədə arzu edir?
- Çox şey barədə. Məsələn, muzeyin zallarında interaktiv sensorlu monitorlar quraşdırılması, muzey işini və teatr sənətini sevənlər üçün gənclər klubunun yaradılmasını. Muzeyin bütün əməkdaşlarının sağlam və xoşbəxt olmasını. Və daha çox şeylər...
- Qoy, sizin bütün arzularınız gerçək olsun!
MƏSLƏHƏT GÖR: