23 Noyabr 2024

Şənbə, 15:41

STOP QİÇS!

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova: «Azərbaycan dünyada İİV ilə mübarizə təcrübəsinin önündə gedir»

Müəllif:

01.12.2017

1988-ci ildən dekabrın 1-i BMT Baş Assambleyasının qərarı ilə Ümumdünya QİÇS-lə Mübarizə günü kimi qeyd olunur. Bəşəriyyətə 1981-ci ildən tanış olan bu dəhşətli xəstəlik indiyədək 35 milyon insanın həyatına son qoyub. Hazırda dünyada 36,7 milyondan artıq insan İİV/QİÇS virusu ilə yaşayır.

Son illərdə həkimlərin səyi nəticəsində İİV/QİÇS birmənalı olaraq, öldürücü xəstəlik sayılmır - İİV-dən sağalmaq mümkün olmasa da, bir sıra dərmanların qəbulu ilə insanın bu xəstəlikdən ölməsinin qarşısı alınır.

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova «R+»a müsahibəsində ölkədə İİV/QİÇS-lə mübarizədən, xəstəliyə qarşı həyata keçirilən profilaktik tədbirlərdən danışıb.

- Azərbaycanda İİV/QİÇS-lə bağlı vəziyyət nə yerdədir?

- Əgər MDB və Yaxın Şərq ölkələrilə müqayisə aparsaq, Azərbaycanda İİV-lə bağlı durum daha yaxşıdır. Azərbaycan əhali arasında İİV infeksiyasına yoluxma hallarının nisbətən az olduğu ölkələr sırasındadır. Eyni zamanda İİV yayılmaqda davam edir və biz hər zaman ona yeni yoluxmuş insanları aşkar edirik. Demək, hələ rahatlaşmaq olmaz. Ölkədə İİV epidemiyasının qarşısının alınması üçün çox işlər görülüb. 2016-2020-ci illər üçün QİÇS-lə Mübarizəyə dair Dövlət Proqramının əhatəsi çox genişdir - kadrların hazırlanması, İİV-ə qarşı könüllü və pulsuz yoxlanılma üçün məntəqə şəbəkələrinin yaradılması və s. 2016-cı ildə Azərbaycanda İİV-ə qarşı yoxlamadan 585,2 min nəfər keçib. Onların 49,4 mini yoxlamadan ekspress-test üsulu ilə keçirilib. Demək olar ki, İİV-ə yoluxma hər 1000 nəfərdən 1-də rast gəlinir.

Azərbaycan dünyada İİV ilə mübarizə təcrübəsinin önündə gedir. Ümumdünya Səhiyyə Təşkilatı İİV/QİÇS-in yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələrini daim yeniləyir. Bu gün dünyada İİV-lə mübarizə strategiyasında konkret hədəf qoyulub - «90-90-90». Yəni 2020-ci ilə İİV daşıyıcısı olan insanların 90%-i statusunu bilməli, xəstələrin 90%-i antiretrovirus terapiyası (ARV terapiya) keçməli, müalicədə olan pasiyentlərin 90%-də isə virus yükü azaldılmalıdır.

Dünyanın aparıcı beynəlxalq təşkilatları bu hədəf uğrunda çalışır. Azərbaycanda da bu istiqamətdə istər Səhiyyə Nazirliyi, istər ÜST, Vərəm, QİÇS və Malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən böyük işlər görülüb. İİV-lə mübarizə taktikası durmadan təkmilləşdirilir. Əvvəllər müalicəyə pasiyentin immuniteti müəyyən həddədək düşdükdən, onun həyatına təhlükə yaradan ağır infeksiyanın özünü göstərməsindən sonra başlanılırdı. İndi ÜST israrla tövsiyə edir ki, pasiyentin antiretrovirus terapiyası vasitəsilə müalicəsinə İİV aşkara çıxan kimi başlanılmalıdır. Müalicəyə ilkin mərhələdə başlanılması xəstənin ağır, həyati təhlükəli vəziyyətə düşməsini əngəlləmək məqsədi daşıyır. Terapiya zamanı orqanizmdə virusun səviyyəsi o qədər azalır ki, insan ətraf üçün təhlükə yaratmır. İİV-in müalicəsi pasiyenti tam sağaltmır. Lakin o, virus yükünü azaldır. Nəticədə, İİV daşıyıcısı olan insan normal həyat tərzi keçirə, ailə qura, dünyaya sağlam övladlar gətirə bilir. Azərbaycan ARV terapiyasının aparılması sahəsində böyük təcrübəyə malikdir. Ən vacib məqamlardan biri odur ki, dərmanların və müayinənin ucuz olmadığına baxmayaraq, dövlət İİV infeksiyasına qarşı zəmanətli müayinə və ömürlük müalicə kimi ağır yükü öz üzərinə götürüb. Bütün bunlar ölkədə sözügedən xəstəliyin yayılmasının qarşısını almaq üçün edilir. Azərbaycanda QİÇS-in ilk dəfə üzə çıxdığı 1987-ci ildən başlayaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyalı 6575 nəfər qeydiyyatdan keçib. İİV-lə yaşayanların yalnız 5510-u ARV terapiyaya cəlb olunub.

Nəzərə almaq lazımdır ki, müalicə yalnız pasiyentin dərmanları qəbul qaydalarına riayət etdiyi halda effekt verir. Nəzərə alsaq ki, xəstələrin 47%-i narkotik aludəçisidir, onların gündəlik dərman qəbuluna nəzarət etmək çox çətindir. Odur ki, bu insanlara müalicə rejiminə əməl etməyin vacibliyini dəfələrlə izah etmək lazım gəlir.

- İİV-ə yoluxmuş insanları necə aşkar edirsiniz?

- İlk növbədə, İİV-ə qarşı yoxlamadan keçmənin vacibliyi təbliğ olunur. İİV/QİÇS ilə mübarizədə bu, əsas amildir. İnsanın infeksiyaya yoluxub-yoluxmadığını tez bir zamanda üzə çıxarmağın etibarlı yolu var. Ekspress-test adlanan bu üsul 15 dəqiqə ərzində insanda İİV-in olub-olmadığını böyük ehtimalla göstərir. Artıq bir neçə ildir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi Səhiyyə Nazirliyinin dəstəyilə bütün ölkə ərazisində İİV üzrə kütləvi könüllü yoxlama və konsultasiya aksiyaları keçirir. Belə aksiyaları ticarət mərkəzlərində, avtovağzallarda, ali təhsil ocaqlarında, özəl və dövlət qurumlarında təşkil edirik. Bu aksiyalar Ümumdünya QİÇS-lə mübarizə gününə, hər il mayın 3-cü həftəsinin bazar günü keçirilən QİÇS qurbanlarının xatirə gününə və «Avropa İİV-ə qarşı yoxlama həftəsi»nə həsr olunur. Biz «İİV-ə qarşı milli yoxlama həftəsi» də keçiririk. Bir aksiya digərini əvəzləyir və il ərzində müxtəlif müəssisələrdə, idarələrdə minlərlə insan yoxlamadan keçir. Bu işlərin xüsusilə ali məktəblərdə aparılması vacibdir. Çünki orada yoxlamadan əsasən gənc, seksual fəal insanlar keçir. Daha bir vacib istiqamət risk qruplarıdır. Bunlar narkotik aludəçiləri, qeyri-ənənəvi seksual oriyentasiyaya malik insanlar və seks biznesilə məşğul olanlardır. Bu dairələrdə yoxlamaların aparılması üçün mobil laboratoriyalar var. QHT-lər, QİÇS-servis təşkilatlarla birlikdə bu mobil laboratoriyalar risk qruplarına aid insanların toplandığı yerlərə yollanır. Elə orada, yerində yoxlama aparılır və onlara lazımi məlumatların yazıldığı materiallar, İİV-dən müdafiə vasitələri verilir. Risk qruplarına aid insanlar yoxlamaya xüsusi təbliğat üsulu ilə də cəlb olunur. Bu təbliğatı vaxtilə onların dairəsində olmuş bir nəfər aparır.

Risk qruplarına aid insanlar arasında xəstələrin aşkarlanması faktları adi əhali ilə müqayisədə bir qədər çoxdur.

- Bu yaxınlarda İtaliyada məqsədli şəkildə 20 qadını bu xəstəliyə yoluxdurmuş bir şəxsi mühakimə etdilər. Bizdə belə hallara rast gəlinirmi?

- Biz çox tez-tez hansısa manyakın törətdiyi silsilə qətllər, psixi pozğunluğu olan insanların cinayətləri haqda eşidirik. Hələlik Azərbaycanda bir nəfərin digərini məqsədli şəkildə bu xəstəliyə yoluxdurması halına rast gəlinməyib. Yeri gəlmişkən, qanunvericiliyimiz İİV-in məqsədli şəkildə yayılmasına görə cəza nəzərdə tutur. Belə məhkəmə prosesləri zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlaya bilər. Lakin insan xəstə olduğunu bildirmək istəmir, bu halda ayrı-seçkiliklə üzləşəcəyini düşünür və bu səbəbdən də, belə məhkəmə prosesləri baş vermir.

- Azərbaycanda İİV infeksiyası daşıyıcılarının sosial portretini cıza bilərsiniz?

- Pikdə narkotik aludəçiləri gəlir. Aydındır ki, onların sekslə məşğul olduqları insanlar da var. 2008-ci ildən Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da parenteral yolla (şpristlərdən istifadə və s.) yoluxma halları azalıb. Əvəzində, cinsi yolla yoluxma hallarında artım var. Bu tendensiya risk qrupları arasında ciddi araşdırmalar nəticəsində üxə çıxarılıb. Cinsi yolla yoluxmanın artması nəticəsində İİV-ə yoluxmuş qadınlarıni sayı da çoxalıb. Yeri gəlmişkən, son illərdə bu infeksiya sosial rifahı daha yaxşı olan kütlə arasında yayılır. Yəni İİV marginal qrupların xəstəliyi deyil.

- Vaxtaşırı KİV-də həkimlərin QİÇS-ə qarşı peyvənd yaratmaq üzrə olduqlarına dair məlumatlar yayılır…

- Hələlik yaxın gələcəkdə belə bir peyvəndin yaranacağını təsdiqləyəcək ciddi dəlil yoxdur. Bu haqda lap çoxdan danışırlar. İnanmaq istərdik ki, bir gün bu, reallaşacaq. Lakin İİV epidemiyası həyat tərzilə bağlıdır. Elementar normalara əməl etməklə, profilaktik tədbirlər görməklə bu infeksiyadan qorunmaq çətin deyil.

- Bir çox insanı bu xəstəliyin ilk olaraq özünü necə göstərdiyi maraqlandırır…

- Problem ondadır ki, İİV-in uzun müddət heç bir simptomu üzə çıxmır. Simptomlar görünürsə belə, o, vərəmi, sətəlcəmi və s. xatırlada bilər. Çıxış yolu birdir: yoxlamadan keçmək və özünün İİV statusunu müəyyənləşdirmək. Son illərdə ictimaiyyətin şüurunda İİV yoxlamadan keçməklə bağlı inkişaf var. Əvvəllər insanlardan yoxlamadan keçmələri xahiş olunurdusa, indi, belə aksiyalar zamanı onlar özləri bizim əməkdaşlara yaxınlaşaraq, yoxlamadan keçmək istədiklərini bildirirlər. Hər bir insan özünün İİV statusunu bilməlidir. Beynəlxalq təşkilatlar qarşıya konkret məqsəd qoyub: 2030-cu ilə dünyada İİV-QİÇS-ə qalib gəlinməlidir. Ümid edirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələ biləcəyik.


MƏSLƏHƏT GÖR:

536