23 Dekabr 2024

Bazar ertəsi, 21:04

“QARABAĞ” AVROPANI NECƏ FƏTH ETDİ

Çempionlar Liqasında debüt edən Azərbaycan klubu bir neçə göstərici üzrə ilklərə imza atıb

Müəllif:

15.12.2017

Başa çatmaqda olan il Azərbaycan futbolu üçün bir sıra önəmli hadisələrlə yadda qaldı. Son illər olduğu kimi bu ildə də dünya azərbaycanlılarına qürur yaşadan “Qarabağ” klubu və baş məşqçi Qurban Qurbanov oldu. Azərbaycan futbolunda dəbi diqtə etməklə milli brendə çevrilən “Qarabağ” və Qurban Qurbanov 2017-ci ildə möhtəşəm nəticələrlə milyonlarla insana unudulmaz anlar yaşatdı.

İlin sonunda Azərbaycan futbolu üçün cari mövsüm avrokuboklar həyəcanı başa çatdı. İlk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Azərbaycan çempionu “Qarabağ” qrupda keçirdiyi 6 oyunla həm böyük təcrübə qazandı, həm də ölkəmizi bütün dünyaya tanıtdı.

Püşkdən sonra “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya), “Roma” (İtaliya) kimi komandalara rəqib olan “Qarabağ” nəinki qrupun, ümumiyyətlə, turnirin ən zəif klubu adlandırılırdı. Bu da təbiidir. Çünki Qurban Qurbanovun komandası Azərbaycanı Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə təmsil edəcəkdi. Bu, təkcə “Qarabağ”ın deyil, ümumiyyətlə ölkəmizin yarışda debütü idi. Amma indiyə qədər üç dəfə Avropa Liqasının əsas mərhələsində iştirak edən “Qarabağ” Çempionlar Liqasında da özünü itirmədi.

Doğrudur, Azərbaycan çempionu liqada elə ilk oyundaca uğursuzluğa düçar oldu. Londonda “Çelsi”yə 0-6 hesabıyla uduzan Ağdam təmsilçisinin oyununda təcrübəsizlik və həyəcan özünü göstərdi. Həyəcan hətta ikinci matçda Bakıda “Roma”yla mübarizədə də sezilirdi. Lakin Bakıdakı görüşün ikinci hissəsində biz tədricən öyrəşdiyimiz “Qarabağ”ı görə bildik. Start həyəcanını dəf edən Qurban Qurbanovun komandası xarakter nümayiş etdirməklə hətta qol da vurdu. Bu oyunda “Roma” 2-1 hesablı çətin qələbə qazandı.

Qrupda ən yaxşı oyunu “Qarabağ” “Atletiko”ya qarşı keçirdi. Bakıda çoxlu sayda qol vəziyyəti yaradan Qurban Qurbanovun komandası sonda qolsuz bərabərliyə razılaşdı. Əksəriyyət bu hesabın təsadüf olduğunu söyləsə də, “Qarabağ” səfər matçında deyilənlərin əksini sübut etdi. Madriddə Miçelin qoluyla üstünlük qazanan Ağdam təmsilçisi uzun müddət oyunu diqtə edən tərəf oldu. Pedro Enrikenin qırmızı vərəqəylə meydandan qovulmasından sonra “Atletiko” üstünlüyə yiyələndi. Və qısa zamanda buraxılan qolun əvəzini çıxdı. Bununla da, “Qarabağ” səfərdə qələbəyə layiq olduğu görüşdə 1-1 hesabıyla kifayətləndi.

“Çelsi”ylə Bakıda keçirilən oyunda da “Qarabağ” azlıqda qaldı. Matçın əvvəlində kobud oyuna görə Rəşad Sadıqova qırmızı vərəqə göstərən hakim həm də komandamızın qapısına penalti təyin etdi. Erkən qol vuran zadəganlar oyunda böyük üstünlük əldə etdi və matçı 4-0 hesablı qələbəylə başa vurdu. Qrupdakı son matçda “Roma”nın qonağı olan “Qarabağ” 0-1 hesabıyla məğlub olmaqla yarışı 2 xalla son pillədə başa vurdu.

Bununla belə, Qurban Qurbanovun komandası güclü rəqiblərə müqavimət göstərməklə yanaşı, qrupdakı sıralamaya təsir etdi. “Atletiko”dan 2 xal alan təmsilçimiz ispan klubunun pley-offa çıxmaq şansının üstündən xətt çəkdi. Göstərdiyi layiqli oyunla Azərbaycan çempionu mötəbər yarışda iştirak etməyə layiq olduğunu sübut etdi.

Çempionlar Liqasında iştirakla “Qarabağ” misilsiz təcrübə əldə etdi. Eyni zamanda futbol dünyasında hörmət qazandı. Azərbaycan çempionu ən güclülərin yarışında çıxış etməyə qadir olduğunu göstərməklə ölkədə futbola olan marağı daha da artırdı. “Çelsi”yə 0-6 hesablı məğlubiyyətdən sonra belə sınmayan komanda ayağa qalxmağı bacarmaqla özünə böyük rəğbət qazandı.

“Qarabağ" Çempionlar Liqasında oynamaqla ölkə futbolunda bir neçə ilkə imza atdı. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq yerli klub Çempionlar Liqasının qrup mərhələsinə adlamağı bacardı. Məhz Azərbaycan çempionunun sayəsində nüfuzlu Çempionlar Liqasının matçları Bakıda keçirildi. Bakı Olimpiya Stadionunda ilk dəfə futbol yarışında anşlaq qeydə alındı. 20 min azarkeş Azərbaycan tarixində ən böyük xoreoqrafiyanı nümayiş etdirdi. “Benfika” kimi komanda Çempionlar Liqasında xal toplamadığı halda “Qarabağ” “Monako”, Dortmund “Borussiya”sı kimi tanınmış, büdcəsi 100 milyonlarla ölçülən klublar kimi 2 xalı aktivinə yazdı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son illər ardıcıl uğurlarla Azərbaycanda Avropa səviyyəli məşqçilərin olduğunu nümayiş etdirdi. Ən vacibi isə komanda Azərbaycan azarkeşlərinə “Çelsi”, “Roma” və “Atletiko” kimi komandalarla matçda özümüzə və komandamıza inanmağa kömək etdi.

Çempionlar Liqasının tarixinə yeni səhifə yazan Qurban Qurbanov həm də özünün vətənpərvərlik hisslərini gizlətmədi. Londonda nüfuzlu “Çelsi”ylə matçdan sonra onun Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı və “Qarabağ” haqqında dediyi həqiqətlər dünyanın aparıcı media orqanlarında əsas xəbərlər sırasında yer aldı.

Məsələnin maliyyə tərəfini də unutmamalıyıq. Qitənin ən nüfuzlu klub turnirinin qrupunda çıxış etmək Ağdam klubunun büdcəsini xeyli artırdı. Onu da qeyd edək ki, bilet satışı və teleyayımdan gələn gəlir hələ açıqlanmayıb. Bilinən odur ki,
ÇL-də iştirak Ağdam təmsilçisini 16 milyon 440 min avro irəli saldı.

Son illər Azərbaycan futbolunda brendə çevrilmiş bu ad həm də milyonlar üçün ümid yeridir. İlin sonunda azarkeşlər, jurnalistlər, məşqçilər hətta rəsmi şəxslər də aşkar söylədi: Qurban Qurbanov Azərbaycan millisində olmalıdır. Azarkeşlərin tələbiylə təcrübəli məşqçi Azərbaycan millisinə dəvət olundu və komandanı çətin vəziyyətdən çıxarmağa razılaşdı.

Çempionlar Liqasını Azərbaycana gətirən “Qarabağ”dan gələn mövsümdə də eyni uğurun təkrarlamaq tələb olunacaq. Yeni mövsümdə reqlament dəyişsə də Azərbaycan azarkeşı “Qarabağ”a inanır.



MƏSLƏHƏT GÖR:

452