4 Dekabr 2024

Çərşənbə, 12:31

QƏFƏSDƏN AZADLIĞA

Azərbaycanda çöl heyvanlarının qəfəsdə saxlanmasına və onların qaçaqmalçılığına son qoymaq üçün tədbirlər görülür

Müəllif:

15.12.2017

Sosial şəbəkələrdə vəhşi heyvanların - ayı, canavar, tülkü, yenot, qartal, çalağan və hətta pələnglərin satışı barədə elanlara rast gəlmək mümkündür. Heyvanları əsasən əyləncə məqsədi üçün qapalı yerlərdə saxlayırlar. Onları özəl istirahət zonalarında, restoranlarda yerləşən xüsusi zooparkların dar qəfəslərində saxlayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qaçaqmalçılarla və vəhşi heyvanları belə dəhşətli şəraitdə saxlayanlara qarşı mümkün olduğu qədər mübarizə aparır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına bu işdə «İDEA Animal Care Center» heyvanlara qayğı mərkəzi və yerli zoomüdafiəçilər də kömək edirlər.

Təbiətdə gizli yaşamağa alışmış bu heyvanlar daima insanların gözü qarşısında olmağa məcbur edildiklərinə görə, istər-istəməz özünü qoruma instinktinə tabe olur və daima böyük stress içində yaşayırlar. Zorla məhdud məkana yerləşdirildiklərindən səmadan, günəşdən, havadan, hərəkətdən məhrum olurlar, qaçmağın qeyri-mümkünlüyü və insanla ünsiyyətə məcburiyyət vəhşi heyvanlarda fiziki və psixoloji sarsıntılara səbəb olur. Bundan əlavə, canavar və meymun kimi sürü halında yaşayan heyvanların təcrid olunmuş vəziyyətdə saxlanılması təbiətin qanunlarına ziddir, onların onsuz da ağır olan vəziyyətini dərinləşdirir. Bu cür əsarət heyvanlarda immuniteti zəiflədir və təbii yaşayış mühiti ilə müqayisədə onlar xəstəliklərə daha həssas olurlar. Qapalı şəraitdə saxlanılan çöl heyvanlarının əksəriyyəti iki - üç il ərzində ölürlər.

 

Heyvanlarla hər cür davranmaq olar?

Restoran və istirahət zonalarında olan xüsusi zooparklar öz bizneslərini "uşaqlarda heyvanlara qarşı qayğıkeş münasibət aşılamaq" adı altında ört-basdır edərkən yalnız əks effekt əldə edirlər - uşaqlar belə fikirləşir ki, əyləncə naminə heyvanlarla istədikləri cür davrana bilərlər. Yəni uşaqlarda ətraf mühitə qarşı tamamilə istehlakçı münasibət formalaşır ki, bu da planetimizin onsuz da katastrofik dərəcədə pisləşən ekoloji vəziyyəti üçün çox təhlükəlidir. Nəticədə, cəmiyyətdə heyvanlara qarşı qeyri-insani rəftar bir norma kimi təsdiqlənir ki, bu da psixoloqların və müəllimlərin fikrincə, sonradan yeniyetmələrdə insanlara qarşı da pis rəftarın formalaşmasına səbəb olur.  

Azərbaycan Heyvanları Müdafiə Cəmiyyətinin (AHMC) rəhbəri Azər Qarayevin sözlərinə görə, vəhşi heyvanların qorunmasına dair qanunlara əməl olunmasında çox əhəmiyyətli məsələ icra hakimiyyəti, hüquq mühafizə və ətraf mühiti mühafizə orqanları, sərhəd və gömrük xidmətləri arasında qarşılıqlı əlaqənin təmin edilməsidir. "İnanıram ki, ictimai qurumların iştirakı da buna maneə olmaz. Bu, biznesdir və hər hansı bir biznes kimi, onun əks tərəfləri də var. Bunun üzərindən pul qazanmaq istəyən insanlar da var ", - deyə A.Qarayev bildirib.

Ekspert əmindir ki, ölkənin bir çox yerlərində yaranmış xüsusi zooparklardan məcburi qaydada vəhşi heyvanları müsadirə etmək, belə heyvanların saxlandığı restoran və istirahət zonalarının sahiblərini cəzalandırmaq vacibdir. "Bəs, bundan sonra bu heyvanları nə etmək lazımdır? Bu heyvanlar uzun illər dar qəfəslərdə yaşayıblar və artıq azadlıqda yaşamağa qadir deyillər. Belə heyvanlar üçün uzunmüddətli bərpa və baytar nəzarəti təmin edilməlidir. Və yalnız bundan sonra onları təbiətə buraxmaq olar ", - deyə A.Qarayev vurğulayır.

 

Qəfəsdən çıxış yolu var  

Altıağac Milli Parkında vəhşi heyvanların və quşların xilas edilməsi və reabilitasiya mərkəzi, həmçinin qəfəsdə saxlanmaqdan zərər görmüş heyvanların həkimlər tərəfindən uzun müddət və diqqətlə müalicə edildiyi böyük baytarlıq klinikası yaradılıb. Axı, "əsirlərin" əksəriyyəti buraya məhz insanların günahı üzündən şikəst olmuş vəziyyətdə düşürlər. Mərkəzə körpə yaşında və tamamilə sağlam halda düşənlər isə qidalanmadan sonra təbii yaşayış yerlərinə - vəhşi təbiətə buraxılırlar.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi şöbəsinin sektor müdiri Raqub Mirzəyevin «R +»a verdiyi məlumata görə, bu ilin doqquz ayı ərzində qurumun əməkdaşları 9 ayı, 3 ceyran, 3 Dağıstan turu, 6 şahini xilas edərək, bərpa mərkəzinə veriblər. Bütün bu heyvanlar və quşlar «Qırmızı kitab»a düşüb. Faktlar üzrə protokollar tərtib edilib və günahkarların hər biri inzibati qaydada 500 manat cərimə edilib. Heyvanlar və quşlar isə Vəhşi heyvanların və quşların xilasedilməsi və bərpası mərkəzinə verilib. Şahin isə baytar müayinəsindən keçirildikdən sonra azadlığa buraxılacaq.  

"Vətəndaşlarımızdan xahiş edirik ki, vəhşi heyvanların qeyri-qanuni saxlanması hallarını aşkar etdikdə, telefonla 168 yığaraq nazirliyin "qaynar xətt"inə müraciət etsinlər. Belə hallara göz yummayın, səssiz qalmayın. Zəng edin. İnanın, bu çox vacibdir. Vəhşi heyvanlar insan zülmünün girovu olmamalıdır. Bu bədbəxt heyvanlar təbiətin bir hissəsi olmalıdırlar və azadlıqda yaşamalıdırlar,"- deyə R. Mirzəyev vətəndaşları fəallığa çağırır.  

Yeri gəlmişkən, bu yaxınlarda sosial şəbəkələrin Azərbaycan seqmentində üç aylıq pələng balasını 6665 $-a satışa çıxarmışdılar. Açıq deyək, bu, nonsensdir. Çünki hər kəs bilir ki, pələng «Qırmızı kitab»a düşüb. Əgər vəhşi heyvanın qanuni yolla ölkə xaricinə çıxarılmasından söhbət gedirsə, çox hüquqi əngəllərdən keçmək və yaxşı «tərləmək» lazımdır. Qaçaqmalla bağlı isə daha böyük suallar yaranır.

Üç aylıq bir pələng balası Azərbaycana hansı yollarla gəlib? Yaxud Azərbaycanda pələngləri harda saxlayırlar ki, sonra onların balalarını sata bilirlər? Üstəlik, nəzərə almaq lazımdır ki, bir heyvanın saxlanılması olduqca baha başa gələ bilər. «R +»un müxbiri bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib və təbiəti mühafizə qurumunun əməkdaşları onlarla əlaqə saxlayıblar. "Satıcı" qurum əməkdaşlarına deyib ki, belə bir qeydi dostlara zarafat etmək üçün yazıb. Mövcud vəziyyətdə, sadəcə, ona inanmaq qalır.  

"Vəhşi heyvanların qapalı şəraitdə saxlanılmasını qanuniləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmalı, heyvanın yaşayış ərazisini tələb olunan standartlara uyğunlaşdırılmalı, baytarlıq kitabçası tərtib edilməlidir, heyvanın yaxınlığında olan insanların təhlükəsizliyi təmin olunmalıdır. Şəxsən mən düşünürəm ki, vəhşi heyvanları və quşları restoran və istirahət zonalarında, necə deyərlər saxta "sahiblərinin" yanında, yaşadıqları dəhşətli şəraitdə qoymaq olmaz. Vəhşi heyvan əsirlikdə yaşamamalıdır. Bizim hər birimiz təbiət üçün məsuliyyət daşımalıyıq. Əgər hər kəs təbiətin bizim ümumi evimiz, qorunulması lazım gələn həyat mənbəyi olduğunu xatırlasa, onu çirklənmədən və məhvdən qoruyarsa, təbiət də bunun qarşılığını verər. Ətrafımızdakı dünyaya münasibəti dəyişdirmək, uşaqlarımıza təbiətə qarşı humanist münasibət aşılamaq lazımdır. Bu çox vacibdir. Axı, bütün planetin gələcəyi bu məsələdə iştiraka qərarlı olmağımızla bağlıdır ", - deyə R. Mirzəyev bildirib.

İstənilən halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanların qanunsuz şəkildə qapalı saxlanması qarşısını almaq üçün mümkün olan hər şeyi edir. Nazirliyin "qaynar xətt"i ilə yanaşı, IDEA (Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyinin də "qaynar xətt"i (1113) fəaliyyətdədir və qanunsuz şəkildə qapalı şəraitdə saxlanan vəhşi heyvanlar barədə məlumat üçün oraya zəng etmək olar. Pozuntu haqqında məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndiriləcək və orada mütləq vəziyyətin müəyyənləşdirilməsi, günahkarların cəzalandırılması üzrə tədbirlər görüləcək.

 

Heyvanlar himayə altındadır

IDEA İctimai Birliyinin «İDEA Animal Care Center» layihəsinin direktoru Surxay Hüseynovun sözlərinə görə, onların müdaxiləsi nəticəsində uzun müddət Altıağac restoranlarından birində dəhşətli şəraitdə saxlanan ayı əsirlikdən azad edilib. "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ayını Altıağac qoruğunda yerləşən Vəhşi heyvanların və quşların xilasedilməsi və reabilitasiyası mərkəzinə gətirib, oradan isə onu təbii yaşayış mühitinə - azad təbiətə göndəriblər. Elə olub ki, insanlar özləri çağırıblar və heyvanı aparmağımızı istəyiblər. Belə ki, Aran zonasının sakini həyətinə girmiş ceyranı könüllü olaraq bizim işçilərə təhvil verib. Bu heyvan da açıq təbiətə buraxılıb", - deyə Hüseynov vurğulayıb.

Ötən yay Heydər Əliyev Mərkəzində IDEA-nın dəstəyi ilə "Vəhşi heyvan qaçaqmalçılığı" mövzusunda "dəyirmi masa" keçirilib. IDEA-nın təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Böyük Qafqaz beşliyi" müəyyən edilib. Bu beşliyə nəslinin tükənməsi təhlükəsi ilə qarşılaşmış beş heyvan növü - leopard, ceyran, qonur ayı, boz qurd və imperiya qartalı aid edilib. Ötən müddət ərzində IDEA İctimai Birliyi Ekologiya Nazirliyi, həmçinin beynəlxalq tərəfdaşlarla birlikdə qeyd olunan heyvan növlərini qorumaq üçün bir sıra uğurlu layihələr həyata keçirib. Nəticədə, onların müdafiəsi gücləndirilib, yaşayış yerləri bərpa edilib və onların artımı üçün əlverişli şərait yaradılıb.

Nəsli kəsilməkdə olan növlərin qorunması ilə yanaşı, IDEA İctimai Birliyi Böyük Qafqazın faunasının yerli təmsilçisi olmuş və 100 il əvvəl məhv edilmiş zubrun yenidən təbiətə inteqrasiya edilməsini planlaşdırır. Həmçinin IDEA Dünya Vəhşi Təbiət Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə, zubrun reintroduksiyası üçün fəaliyyət planı hazırlayıb. Beynəlxalq ekspertlərin rəyinə görə, İsmayıllı rayonunda yerləşən "Şahdağ" Milli Parkı layihənin icrası üçün ən əlverişli məkandır. Önəmli texniki məsələləri həll etdikdən sonra, karantin komplekslərinin və volyerlərin tikintisinə başlamaq planlaşdırılır. Layihə çərçivəsində sözügedən ərazidə bizon yetişdirilməsi mərkəzi də açılacaq. Karantin dövrünün mərkəzindən keçən bizonlar azadlığa buraxılacaq.

Heyvanların mühafizəsi və qorunması üçün dövlət tərəfindən görülən genişmiqyaslı işlər də qeyd etmək lazımdır. Belə böyük layihələrdən biri də bu ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şamaxı Safari Parkının açılmasıdır. Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, balıqçılıq, açıq ərazidə təbii şəraitdə heyvanları seyr etmək üçün təşkil edilən turizm növü kimi dünyada məşhurdur. Ənənəvi safari heyvanlarının nəslinin kəsilmə təhlükəsinə görə, son zamanlar təşkilatçılar ovçuluq turlarından imtina edərək, yalnız fotosafariyə üz tutmaqdadırlar. Fotosafariyə məcazi olaraq həm də "səssiz ov" deyirlər. Azərbaycanda da fotosafari turlarının keçirilməsi üçün geniş imkanlar var. Dövlət tərəfindən xüsusi qorunan təbii ərazilər - milli parklar, qoruqlar heyvanları məhv etmədən xarici turistləri bu cür turlara cəlb etmək baxımından mühüm rol oynaya bilər.

Şamaxı rayonunda heyvanlar üçün ekoloji qoruq yaratmaq məqsədilə sahəsi 620 hektar olan Pirqulu meşəsinin ərazisində 480 hektar çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstanda yerləşən təsərrüfatlardan buraya üç növdən ibarət olan 420 baş genetik cəhətdən qiymətli heyvanlar - nəcib maral, xallı maral və muflon gətirilib və xüsusi qorunan əraziyə buraxılıb. Seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı, təxminən, iki dəfə artırılıb. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və 280 xallı maral saxlanır.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması üçün də mühüm işlər görülüb. Uzunluğu 36 kilometr olan geniş yol çəkilib. Bundan əlavə, heyvanlar üçün çox sayda təbii sığınacaq yaradılıb. Nəcib maral, muflon və xallı maralları xarici təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün 52 kilometrlik hasar çəkilib.

Vəhşi heyvanların qorunmasından danışarkən, Bakıda dünyadakı kimi xüsusi kontakt zooparkların açılması təcrübəsini də qeyd etməmək olmaz. Burada kiçik ərazilərdə, amma demək olar ki, steril şəraitdə dovşanlar, ekzotik toyuqlar və xoruzlar, dağ siçanları, tısbağalar, keçilər, pişiklər və s. saxlanır. Uşaqlar onları yemləyə, sığallaya, bu heyvanlar haqqında daha çox məlumat əldə edə bilərlər. Bu cür müəssisələrin işçiləri heyvanlara çox böyük diqqət və sevgi ilə yanaşırlar. Elə heyvanlara qarşı münasibətin formalaşması üçün uşaqların görməli olduğu da məhz belə yanaşmadır.

 



MƏSLƏHƏT GÖR:

559