Müəllif: Nurlanə QULİYEVA
Sərt büdcə qənaətindən yumşaq tənzimləmə rejiminə keçid - 2018-ci il üçün Azərbaycanın dövlət büdcəsini belə xarakterizə etmək mümkündür. Əvvəlki illərdə olduğu kimi büdcə xərclərinin gəlirlərdən çox olması ilə yanaşı, parametrlərin ümumi artım templəri də saxlanılacaq. Bununla yanaşı, büdcənin keyfiyyət göstəriciləri də ciddi dəyişikliklərə məruz qalmayıb: həmişə olduğu kimi mühüm infrastruktur layihələrinə və sosial layihələrə dövlət dəstəyinə xüsusi diqqət yetirilib.
Əsas rəqəmlər
Beləliklə, parlamentdə müzakirələrdən sonra gələn il dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat (2017-ci ilin proqnozuna nisbətdə 20 faiz artım), xərcləri 21 milyard manat (17,3 faiz artım) ilə təsdiq edilib. Büdcə kəsiri ÜDM-in 1,3% -ni təşkil edəcək. Qeyd edək ki, millət vəkilləri ilə müzakirələrdən sonra hökumət xərcləri 141,3 milyon manat artırmağa qərar verib, amma bu barədə daha sonra.
Büdcənin artırılması üçün əsas mənbələr eynidir - vergilər, rüsumlar və neft gəlirləri. Belə ki, yalnız ƏDV-dən gəlirlər 4,3 milyard manat səviyyəsində, mənfəət vergisi 2,3 milyard manat, fiziki şəxslərdən gəlir vergisi isə 1,2 milyard manat səviyyəsində nəzərdə tutulur. Büdcə gəlirləri sırasında gömrük rüsumları 535 milyon manat, aksizlər isə 726 milyon manat təşkil edəcək.
Əvvəl olduğu kimi büdcə təminatının böyük hissəsi, daha dəqiqi, gəlirlərin 45,8% -i Dövlət Neft Fondunun payına düşəcək.
Bütünlüklə, büdcənin neft gəlirləri, Dövlət Neft Fondundan transfertlər də daxil olmaqla, 11,1 milyard manat təşkil edəcək, onların xüsusi payı isə 55,1 faiz olacaq. Bu zaman 2017-ci ilə nisbətən dövlət büdcəsində neft gəlirlərinin artımı 39,7% təşkil edəcək. Bu, əsasən onunla bağlıdır ki, 2017-ci il büdcəsi neftin qiyməti bir barel üçün 40 dollardan hesablandığı halda, 2018-ci il üçün artıq 45 dollar nəzərdə tutulur.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu, təklif olunan üç büdcə ssenarisinin ən yaxşısıdır. "Neft qiymətini 45 dollardan aşağı və ya ondan yuxarı götürsək, bu, müəyyən risklərə gətirib çıxara bilərdi", - deyə Z. Səmədzadə bildirib.
"Pessimist proqnoz neftin qiymətinin 30 dollar olması, optimist proqnoz isə 50 dollara satılması üçün nəzərdə tutulub. Nəhayət, baza variantı kimi 45 dollar götürülüb", - deyə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib. Onun sözlərinə görə, Rusiyada 2018-ci ildə neftin qiyməti bir barel üçün 43,8 dollar, Qazaxıstanda isə 45 dollar götürülüb.
Bundan başqa, Milli Məclisin sədri Oqtay Əsədovun dediyi kimi, dünya bazarlarında neftin qiymətinin artım meyilləri davam edəcəyi halda dövlət büdcəsinin parametrlərinə dəyişiklik də edə bilər. "Biz, əlbəttə ki, neft qiymətlərinin yüksək qalmasını istərdik. Bu gün olduğu kimi neftin qiyməti gələn il də bir barelə görə 60 $-dan yuxarı olarsa, biz may ayında büdcəyə dəyişiklik edə bilərik", - deyə Əsədov bildirib.
Neft amili
Bununla yanaşı, son illərdə dünya neft birjalarındakı vəziyyət neftin qiymətinin dəyişkən və riskli olduğunu göstərib. Buna görə, millət vəkili Vahid Əhmədovun dediyi kimi, neftin qiyməti xarici amil kimi, bank sistemində yaranan problemlər isə daxili amil kimi dövlət büdcəsinə mənfi təsir göstərir. Bu faktdır ki, neftin qiymətinin 1 dollaradək dəyişməsi büdcəyə 13 milyon manat səviyyəsində təsir edir.
"Təqdirəlayiqdir ki, dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Amma unutmamalıyıq ki, dünyada baş verən siyasi proseslərin fonunda neft qiymətləri istənilən vaxt dəyişə bilər. Üstəlik, neft qiymətlərinin manatın məzənnəsinə təsiri də nəzərə alınmalıdır ", - deyə deputat xəbərdarlıq edib.
Burada qeyd edək ki, 2017-ci ildə Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə 6,1 milyard manat köçürüldüyü halda, 2018-ci ildə, yuxarıda qeyd edildiyi kimi, bu, 9,2 milyard manat məbləğində müəyyən edilib. Ümumilikdə, son 10 il ərzində neft gəlirlərindən büdcəyə köçürmələr 76 milyard $ təşkil edib.
V.Əhmədovun sözlərinə görə, növbəti üç-beş il də enerji sektoru büdcənin əsas gəlir mənbəyi olaraq qalacaq. "Sahibkarlıq təcrübəsi əsasında deyə bilərəm ki, işə salınmış qeyri-neft sektoru müəssisələri növbəti bir neçə il ərzində yatırılmış sərmayələri ödəyəcək və yalnız ən yaxşı halda, üç ildən sonra mənfəətə çıxıb, dövlət büdcəsinin gəlir mənbəyinə çevrilə bilərlər", - deyə o vurğulayıb.
Digər tərəfdən ekspertlər əmindirlər ki, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi və kölgə iqtisadiyyatının "təmizə" çıxarılması ilə prosesi sürətləndirmək mümkündür. "İndi kimin və hansı yolla kapital topladığını soruşmaq lazım deyil, önəmli odur ki, pullar Azərbaycan iqtisadiyyatı üçün işləsin və müvafiq olaraq, büdcəyə əlavə vergilər daxil olsun", - deyə Əhmədov bildirib.
Eyni zamanda dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirlərinin xüsusi çəkisi də artmaqda davam edir. 2018-ci il üçün onlar 9 milyard manat səviyyəsində gözlənilir ki, bu da 2017-ci ilə olan proqnozlardan 2,3 faiz çoxdur.
Öhdəlik və istəklər
Büdcənin qeyri-neft gəlirlərinin artması ARDNF-də daha çox vəsaitə qənaət edilməsinə kömək edərdi ki, yeri gəlmişkən, bu məsələ maliyyə naziri Samir Şərifovun da diqqətini çəkib. "Biz xərclərimizi optimal şəkildə tənzimləməli və qeyri-neft sektoru hesabına gəlirləri artırmağa çalışmalıyıq. Neft gəlirləri ehtiyatda saxlanılmalıdır, çünki həmişə çətin vaxtlarda onlar lazım olur", - deyə S.Şərifov bildirib.
Eyni zamanda hökumət, yuxarıda qeyd edildiyi kimi, xərclərin bir qədər (141,3 milyon AZN) artırılmasına razılıq verib və millət vəkillərinin parlamentin ehtiyacları ilə bağlı ayrılan vəsaitlərinin artırılması barədə xahişini də yerə salmayıb.
Sosial layihələr
Müdafiə, sosial müdafiə, təhsil və s. kimi mühüm sahələrə nəzərdə tutulmuş xərclərin də həcmi artıb. Bununla yanaşı millət vəkilləri 2018-ci il üçün dövlət büdcəsindən səhiyyəyə ayrılmış xərclərin bu il gözləniləndən bir qədər aşağı olmasından narazı qalıblar. Proqnozlara əsasən, bu məqsədlə 2017-ci ildə 745,4 milyon manat ayrılması planlaşdırıldığı halda, 2018-ci il üçün 740,7 milyon manat nəzərdə tutulur.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hesab edir ki, dövlət büdcəsində həkimlərin maaşlarının artırılması və orqan nəqli əməliyyatı olunmuş şəxslərə dərmanların alınması üçün əlavə maliyyə vəsaitləri təmin edilməlidir. "Orqan nəqlindən sonra insanlar daim dərmanlar istifadə etməyə məcburdurlar, bu dərmanlar bahalıdırlar və insanların bu dərmanları almağa pulu çatmır ", - deyə Əmiraslanov bildirib.
Bununla yanaşı, 2018-ci ildə əhaliyə pensiya ödənişləri 9% artacaq və Azərbaycanda orta pensiya 216,5 manat təşkil edəcək. Yəni 2017-ci ildəki 208,9 manat göstəricisi ilə müqayisədə 3,6% artım olacaq. Prezidentin təklifinə əsasən, gələn il Azərbaycanda ehtiyac meyarı 14 manat, yaxud 12% artacaq və 130 manata qədər çatdırılacaq.
2018-ci ildə digər iri sosial layihə isə İşsizlik Sığortası Fondu olacaq. 2018-ci il üçün onun büdcəsi 89.04 milyon manat təsdiq olunub, bu da işsizliyə görə sığorta ödənişləri ilə yanaşı, həm də peşə təhsili və əlavə təhsilin, əmək mübadiləsi və yarmarkaların təşkil olunmasına yönəldiləcək.
Büdcənin 2018-ci ildəki müsbət meyillərindən biri regionlara subsidiyaların azaldılmasıdır. Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, ölkənin 33 şəhər və rayonu üçün subsidiyalar nəzərdə tutulmayıb və ümumilikdə, yerli büdcələrin xərcləri 724,1 milyon manat səviyyəsində hesablanıb ki, bu, 2017-ci ilin göstəricisindən 0,4 faiz çoxdur. Gələn il yerli büdcə təşkilatlarının gəlirləri 650,7 milyon manat təşkil edəcək, dotasiyalar isə 73,4 milyon manat olacaq.
Bir sözlə, yeni çağırışlar və xarici amillər nəzərə alınmaqla dövlət ölkənin inkişafının sosial və iqtisadi cəhətdən əhəmiyyətli sahələrini dəstəkləməyə davam edəcək, həmçinin əhalinin rifahına təsir edən sahələrin tənzimlənməsinə xüsusi diqqət yetirəcək.
MƏSLƏHƏT GÖR: