Müəllif: Nadir SƏNANOĞLU
2017-ci il Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə zəngin oldu. İdmançılarımız mötəbər yarışlarda ölkənin idman şərəfini layiqincə qorumaqla müxtəlif yarışlarda, ümumilikdə, 851 medal qazandı.
«2017-ci ildə Azərbaycan idmançıları 234 beynəlxalq yarışda, o cümlədən dünya və Avropa çempionatlarında iştirak edib. Ölkəmiz 55 beynəlxalq yarışa ev sahibliyi edib. Onlardan ən əhəmiyyətlisi IV İslam Həmrəyliyi Oyunları olub», - deyə gənclər və idman naziri Azad Rəhimov ötən ilə yekun vurub.
İslam dünyasının güclüləri
IV İslam Həmrəyliyi Oyunlarının ötən il Bakıda keçirilməsi Azərbaycan üçün tarixi hadisə oldu. Bu mötəbər idman yarışını ilk dəfə keçirilən ölkəmiz ona yüksək səviyyədə ev sahibliyi etdi. Bakı turniri indiyə qədər keçirilən islamiadalar arasında ən yaxşısı oldu.
İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord idi, çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçdi.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Ümumilikdə, 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürüldü. Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşdü, onlardan 75-i qızıl, 50-si gümüş və 37-si bürünc medal oldu.
Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, 4 qızıl cox qazanan yığmamız İslamiadanın qalibi oldu. Bununla da, ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz iki il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.
Çempionlar Liqasında ilk dəfə
2017-ci ildə ölkə çempionu “Qarabağ” Azərbaycan azarkeşlərinin uzun illər arzulamağa belə çəkindiyi Çempionlar Liqasına vəsiqə qazandı. Əslində, bu tarixi qələbəni dərk etməyə müəyyən vaxt lazımdır. Bir çox şərhçilər hesab edir ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı idmançımızın Yay Olimpiya Oyunlarındakı qələbəsinə bərabərdir. Kollektiv idman növlərində ölkə idmanı tarixində ən böyük nəticə deməkdir.
Uzun illər Azərbaycan azarkeşi Avropanın nüfuzlu klub turnirlərinin final matçının Bakıda təşkil olunmasını arzulayırdı. Həmişə bütün dünyada maraqla izlənilən Çempionlar Liqası və Avropa Liqasının final matçının paytaxtımızda təşkilini istəmişik. 2017-ci ildə arzular reallaşdı. UEFA 2018-2019 mövsümündə qitənin ikinci ən nüfuzlu klub turniri Avropa Liqasının final matçını Azərbaycana həvalə etdi.
Bu il isə Futbolun İnkişafı üzrə Dövlət Proqramının qəbulu gözlənilir. “Ölkə prezidentinin tapşırığı ilə müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramı 2018 və ya 2019-cu ildə qəbul etmək planlaşdırılır”, - deyə Azad Rəhimov bildirib.
Gimnastika – idman nəticələri və siyasi nüfuz
Yola saldığımız il Azərbaycan gimnastikası üçün də bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qaldı. İlin sonuna yaxın Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməklə beynəlxalq idman təşkilatına rəhbərlik edən ilk azərbaycanlı kimi tarixə düşdü.
Bilavasitə idman nəticələrinə gəldikdə isə, fevral ayında gimnastlarımız Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokunu 3 gümüş medalla başa vurdular.
Mart ayında paytaxtımızda keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsində isə Azərbaycan təmsilçisi Marina Nekrasova aktivimizi daha bir bürünc medalla zənginləşdirdi.
IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə təmsilçilərimiz, ümumilikdə, 4 qızıl, 2 gümüş və 2 bürünc medal, idman gimnastlarımız isə 5 qızıl, 5 gümüş və 2 bürünc qazandılar.
2017-ci ildə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası ənənəvi Qran-pri yarışlarında çoxnövçülük yarışlarında gümüş medal, ayrı-ayrı kompozisiyalar üzrə hər iki finalda qızıl medala layiq görüldülər.
Polşanın Vroslav şəhərində Ümumdünya Oyunları çərçivəsində baş tutan gimnastika yarışlarında batut gimnastikası üzrə millimizin üzvləri sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü ikinci pilləyə yüksələrək, gümüş medal qazanıblar. Qızlarımız Minsk (Belarus) şəhərində baş tutmuş Dünya Kuboku mərhələsində də uğurla çıxış edərək sinxron proqramda gümüş medal əldə ediblər.
Polşanın Jeşuv şəhərində Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatında iştirak edən Ağasif Rəhimov və Nurcan Cabbarlı cütlüyü Qitə Çempionatının bürünc medalına nail olublar. Qarışıq cütlüyümüz çoxnövçülük yarışlarında da fərqlənərək ikinci bürünc medallarını əldə ediblər. Bu çempionatda 3-cü bürünc medalı isə ilk dəfə bu qəbildən olan yarışlarda iştirak edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü yazdırıb.
Azərbaycan Gimnastika Federasiyası ardıcıl üçüncü dəfə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil edildi. Milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi ölkənin beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiq etdi.
Əlbəyaxa döyüş
2017-ci ildə taekvando üzrə Azərbaycan millisi Cənubi Koreyanın Muju şəhərində keçirilən Dünya Çempionatında iki medal qazandı. Dünyanın ən güclü idmançılarının iştirak etdiyi turnirdə, ilk olaraq, məşqçiləri Məhəmməd Məmmədov sevindirdi. 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yerlə kifayətlənməklə minimum vəzifənin öhdəsindən gəldi. Yığmamızda ən böyük nəticəni Milad Beiqi Harçeqani qazandı. İlk Avropa Oyunları və Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi 80 kq-da sözünü dedi. Olimpiya mükafatçımız həlledici görüşdə Anton Kotkovla gücünü yoxladı və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələndi. Qeyd edək ki, Harçeqani Azərbaycan taekvandosunda üçüncü dünya çempionu kimi tarixə düşdü. Ondan əvvəl Niyaməddin Paşayev və Radik İsayev dünyanın ən güclüsü olduqlarını sübut edib.
Budapeştdəki cüdo Dünya Çempionatı həm məşqçilərin, həm də azarkeşlərin ümidini doğrultdu. Millimiz tarixində ilk dəfə mundialda 4 mükafat qazandı. 127 ölkənin iştirak etdiyi mötəbər yarışda Azərbaycan millisi 2 qızıl və 2 gümüş medalla yadda qaldı. Azərbaycan cüdoçularının çempionluğa gedən yolunu yalnız yapon idmançıları kəsə bildi. Qadınların yarışında Azərbaycan millisi uzun fasilədən sonra mükafat əldə etdi. 78 kq-dan yuxarı çəkidə təmsil olunan İrina Kindzerskaya yarımfinalda çinli Sonq Yuya uduzsa da, təsəlliverici görüşlərdə layiqli çıxış edərək, milliyə bürünc medal qazandırdı.
Güləşçilərimiz 2017-ci il ərzində 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazandı. Yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla, toplam 99 medal qazanıb. Son ilin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb.
Şahmat
Yunanıstanın Krit adasında təşkil olunan şahmat üzrə komandalar arasında Avropa Çempionatı Azərbaycan millisinin tarixi qələbəsiylə başa çatdı. İlk dəfə 2009, ardınca 2013-cü illərdə qitənin ən güclüsü olan kişi qrossmeysterlərimiz 4 il sonra üçüncü dəfə Avropa çempionu oldu. Kişi və qadın şahmatçılardan ibarət "Odlar Yurdu" klubu Avropa Çempionlar Kubokunda mükafatçılar sırasında yer aldı. Xanım şahmatçılarımız gümüş, kişi qrossmeysterlər isə bürünc medala layiq görüldü. Rauf Məmmədov reytinq xalını 2700-ə çatdırmaqla elit şahmatçılar sırasına daxil oldu. Ölkə idmanı tarixində ilk dəfə əmsalını 2800-ə çatdıran Şəhriyar Məmmədyarov FİDE Qran-Pri turnirinin qalibi olmaqla, dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazandı.
Voleybol
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olan qadın voleybolçulardan ibarət yığmamız üçün əsas sınaq 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi idi. Qrup oyunları Bakıda təşkil olunacağından voleybolçularımızın mundiala vəsiqə qazanacağına inam artmışdı. Bununla belə, bəlkə də, ən nikbin azarkeş belə komandamızın bir set uduzmadan arzusuna çatacağını düşünmürdü. Faiq Qarayevin yetirmələri ümidləri doğrultmaqla dördüncü dəfə mundialda iştirak etmək imkanı qazandı. Bakıda keçirilən Avropa Çempionatında isə voleybolçularımız 4-cü yeri tutdu.
Və sonda ...
... Beləliklə, 2017-ci il Azərbaycan idmançılarının parlaq qələbələri və ölkəmizin idman dünyasında nüfuzunun artması ilə yadda qaldı. Bütün digər nailiyyətlərlə yanaşı, “Formula 1”in Azərbaycan Qran-prisi ötən ilin ən yaxşı təşkil olunmuş və ən maraqlı mərhələsi adını qazandı.
Maraqlı idman hadisələri baxımından 2018-ci ilin də zəngin olacağı gözlənilir. Bu sırada Azad Rəhimov Bakıda keçiriləcək Avropa tennis turnirini, gimnastika yarışlarını, “Formula-1”in Azərbaycan Qran-prisini, BMX və cüdo üzrə dünya çempionatlarını qeyd edib.
MƏSLƏHƏT GÖR: