Müəllif: Valentina REZNİKOVA
«Gözəllik və monumentallıq». Azərbaycanın xalq rəssamı Ömər Eldarovun 90 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən fərdi sərgisi belə adlanır.
Gözəllik
Bakıda sadəcə gəzişməyiniz kifayətdir ki, mütləq Ömər Eldarovla görüşəsiniz. Təbii ki, şəxsən onunla deyil, əsərləri ilə qarşılaşacaqsınız. Bu sətirlərin müəllifinin heykəltəraşla ilk görüşü, təxminən, 30 il əvvəl - Bakıya ilk gəlişi zamanı Natəvanın heykəlini görən zaman baş verib. O zaman Xan qızının nə yaradıcılığından, nə də taleyindən xəbərdar idim. Sadəcə, qadının həm faciəli taleyinin, həm gizli gücünün, həm də mənəvi gözəlliyinin əks olunduğu bu monumental heykəli bəyənmişdim. Bu, məndə maraq doğurmuşdu.
Kitabxanaya üz tutdum - kimdir Natəvan? Çox illər sonra heykəltəraş özü də müsahibələrinin birində bu abidənin yaranma hekayəsini danışacaq. Sən demə, fotoda Natəvanın üzünü görən sənətkar həm sarsılıb, həm də heyran qalıb. Onun ruh halını ifadə edən baxışlarının dərinliyi heykəltəraşı elə sarsıdıb ki, sanki onun ruhunu görər kimi mütləq heykəlini yaratmaq qərarına gəlir. Və artıq çox illərdir ki, Natəvanın heykəli Məmməd Əmin Rəsulzadə və İsmayıl Hidayətzadə küçələrinin kəsişməsində dayanır. Ancaq bu, onun tək işi deyil, Bakı onun əsərləri ilə zəngindir.
Böyük heykəllər və relyeflər paytaxtımıza elə üzvi daxil olub ki, artıq memarlıq gözəlliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Buna görə də Hüseyn Cavid, Nikola Tesla, Səttar Bəhlulzadə, Əzim Əzimzadənin abidələri artıq çoxdan gündəlik şəhər həyatının ayrılmaz tərkib hissəsi kimi qavranır. Bu, artıq bizimlə olmayan, amma özü haqqında bəşəriyyətin həyatında xoş xatirələr qoymuş insanlar haqqında bizim yaddaşımızdır. Buna görə də heykəltəraşın əsərlərinin bir hissəsi öz yerini Fəxri xiyabanda tapıb. Ora hər gün insanlar gəlir: şəhər əhalisi və turistlər.
Ümummilli lider Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın, Azərbaycan xalqının görkəmli oğulları Şıxəli Qurbanovun, Niyazinin, Fikrət Əmirovun, Müslüm Maqomayevin, Rəşid Behbudovun, Tofiq Quliyevin məzarüstü abidələri böyük incəsənət əsəri kimi təqdim olunmaqla yanaşı, həm də onların necə bir insan olması, hansı işlərlə ölkələrini şöhrətləndirmələri və adlarını tarixə qızıl hərflərlə yazdırmaları barədə məlumat verir.
Monumentallıq
Heydər Əliyev
Ümummilli liderin şəxsiyyəti heykəltəraşın yaradıcılığında ayrıca bir mövzudur. Bu, ilk növbədə, XX əsrin sonunda bütün dünya ictimaiyyətinin qəbul etdiyi bir dühaya sənətkarın şəxsi təəssüratlarından doğan baxışıdır. Qarşımızda XX əsrin insanı dayanıb. Yalnız bir dövrü deyil, onun mahiyyətini və humanist ideallarını səciyyələndirən bir insan. Xalqını xilas edərək, ona milli özünüdərki və gələcəyə inamı qaytaran insan.
Hüseyn Cavidin heykəli
Hüseyn Cavidin heykəli onun adını daşıyan prospektdə və adına olan parkda quraşdırılıb. Şair başını aşağı salaraq düşüncəyə dalıb. Onun ətrafını bürüyən zaman burulğanı şər qüvvələri üzə çıxarır. Bu şərin təcəssümü isə əlində qılınc başını əyərək şairin ayağına düşən İblisdir. Şairin başının üstündə ilham pəriləri, onun fikir və düşüncələri dolaşır ki, heykəltəraş tərəfindən onlar İntibah dövrünə xas qadın fiqurları ilə təsvir edilib. Zaman və İnsan. Əbədi seçim problemi.
Səttar Bəhlulzadə
Bürüncdən tökülmüş bir büst. Uzun əl sümükləri, mastixini sıxan nazik barmaqları, dodaq xəttinin istehzalı əyrisi, bir yerə dikilmiş gözləri. Bu adam daimi dialoq içindədir: ürəyi, dostları, tamaşaçıları ilə. Onun belə ruh halına ehtiyacı var, axı o, rəssamdır!
Hüseyn Ərəblinski
Aktyor həyatının mahiyyətini, mənası və məqsədini təcəssüm etdirən belə bir səs-küylü işi yalnız sərgidə görmək olar! Hər iki əli ilə pərdəni tutan aktyor getmək üzrədir. Amma kimdən və hara? Səhnədə tərəfdaşlarını tərk edərək yarıişıqlı zalın tavan işaqlarınamı doğru qalxmaq istəyir? Yoxsa əksinə izləyiciləri tərk edərək pərdəarxasının qaranlqlarındamı itmək? Bəlkə, əbədiyyətə qərq olaraq bizi həmişəlik suallarla üz-üzə qoydu: Kim? Nə üçün? Niyə? Onun ölümünün sirri elə sirr olaraq qaldı. Hətta Ərəblinskiyə "Artist" pyesini həsr etmiş Elçin Əfəndiyev də bu sirri aça bilmədi...
Mahatma Qandi
Heykəl ağacdan düzəldilib. Mütəfəkkir, siyasətçi, humanist, Mahatma Qandi alışdığı və onun üçün rahat olan bir vəziyyətdə oturub. Yəni əksər hind yoqları kimi. Onun oturuşunda biliyin müdrik özünəinamı var: dünya mükəmməl ola bilər, amma ona (dünyaya) kömək lazımdır. Bunu necə etmək lazımdır sualına cavabı isə hər kəs özü tapmalıdır. Mahatma bu həqiqətin nə olduğu və harda gizləndiyini tam olaraq bilir! Buna görə də o, gözlərini azca qıyaraq və şən işartı ilə bizə baxır: yaxşı, siz bilirsinizmi?
Zamanın dörd rəngi
Heykəl ağacdandır. Dörd qadın fiqurundan ibarətdir və insan həyatının dörd fəslini təcəssüm etdirir: azğın yeniyetməlik, gənclik, yetkinlik və yaşlılıq, hətta qocalıq da demək olar. Bu, estetik və bədii cazibəyə malik bir alleqoriyadır. Bəs, insana bədəncə və ruhca qocalmamaq üçün nə lazımdır? Özünü bütünlüklə həsr etdiyi işmi? Hər şeyi ağuşuna almış sevgimi? Bəlkə, hər ikisi lazımdır?
Dirijor Niyazi
Kompozisiya ağacdandır. Portretdir. Maestronu tanıyanlar deyirlər bu iş inanılmaz dərəcədə bənzər olmaqla yanaşı, xarakterin məğzi, ürək duyğularının və emossiyaların hərəkəti ilə də oxşardır. Maestronun arxasında musiqinin enerjisi fışqırır və burulur, əllərin barmaqları bu enerji axınlarını idarə edərək titrəyir. Qarşımızda dahi var və biz onun müasirləriyik.
"Heykəltəraş öz əsərlərində ruh halını ifadə etməlidir"- Sokrat
90 yaş son deyil. Bu, Ömər Eldarovun başladığı, inamla və sədaqətlə xidmət göstərdiyi işin davamıdır. Azərbaycanın görkəmli heykəltəraşı, monumentalist, xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət mükafatları laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur.
Dekabrın 21-də heykəltəraşlıq musiqisinin maestrosu 90 illik yubileyini qeyd etdi. Onun yaradıcılığı dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb. Lakin xidmətləri və milli incəsənətin inkişafına verdiyi töhfələrə ən yüksək qiymət ölkəmizin prezidenti tərəfindən ona verilən « Heydər Əliyev» ordeni oldu. Heykəltəraşı 20 dekabrda ordenlə təltif edən respublika Prezidentinin sərəncamında bu, belə səslənir: «Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov «Heydər Əliyev» ordeni ilə təltif edilsin».
Jurnalın redaksiyası böyük sənətkarın ünvanına söylənilmiş bütün təbriklərə qoşulur, ona möhkəm cansağlığı, bütün işlərində, yaradıcılığında, pedaqoji fəaliyyətində uğurlar arzulayır.
MƏSLƏHƏT GÖR: