Müəllif: Xəzər AXUNDOV
Yeni elmi-texniki nailiyyətlərin nümayiş olunduğu ən böyük beynəlxalq sərgi olan «WorldExpo» artıq 167 ildir keçirilir. Bu gün o, dünya miqyasında əhəmiyyəti və nüfuzuna görə Olimpiya oyunları ilə müqayisə olunur. Hər iki tədbirə ev sahibliyi etmək üçün dünyanın bir çox şəhəri amansız mübarizə aparır. Ötən il Azərbaycan da bu cərgəyə qoşulub. Bakı 2025-ci ildə bu ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
«WorldExpo» sərgisinə ev sahibliyi etmək kimi beynəlxalq təcrübə təşkilatçı ölkənin çoxsaylı imkanlarının göstəricisi sayılır. Söhbət turizmin inkişafından, investisiyaların təşviqi və texnoloji innovasiyalardan, ixracyönümlü məhsulların inkişafından və əlbəttə ki, ölkə brendinin formalaşmasından gedir.
Qlobal platforma
«WorldExpo» ümumdünya sərgisi ictimai təhsil, innovasiya, inkişaf və beynəlxalq kooperasiya ideyalarının populyarlaşdırılmasına yönəlmiş qlobal sərgi layihəsidir. İlk ümumdünya sərgisi ilk sənaye inqilabı ilə birbaşa bağlıdır: o, şahzadə Albertin təşəbbüsü ilə təşkil olunub və 1851-ci il mayın 1-dən oktyabrın 15-dək Londonda keçirilib. Bu təşəbbüsü fransızlar alqışlayıb və ingilislərin bu çağırışına 1855-ci ildə cavab verib. O vaxtdan belə tədbirlər mütəmadi qaydada keçirilməyə başlayıb. 1928-ci ildən isə sözügedən sərginin dövriliyi, keçirilmə qaydaları və digər aspektlərilə xüsusi yaradılmış təşkilat - Beynəlxalq Sərgilər Bürosu (Bureau International des Expositions, BIE) məşğul olur. O, 100-dən artıq üzv ölkədə beynəlxalq ekspozisiyaların təşkilinə dəstək verir.
XX əsrin ikinci yarısından sərginin əsas mövzusu texnoloji sahədəki nailiyyətlərlə məhdudlaşmır. O vaxtdan tədbir çərçivəsində sivilizasiyanın qarşısında dayanan qlobal problemlər də müzakirə olunmağa başlayıb: ekspozisiyanın mövzusundan asılı olaraq, tədbir insanın inkişafı və onun dünyadakı rolu, ekologiya məsələləri, urbanizasiya, təhsil, kosmosdan istifadə və s. məsələlər müzakirə edilib. Bütün bunlarla yanaşı, müasir Expo sərgiləri əvvəlkitək, elmi-texniki inkişafın rəmzi, təşkilatçı ölkənin ən müxtəlif sahələrdə əldə etdiyi əhəmiyyətli nailiyyətlərini nümayiş etdirməsi üçün açıq platforma olaraq qalır.
İndi dünyanın ən böyük sərgisi olan «WorldExpo» 5 ildən bir keçirilir. Sonuncu dəfə o, 2015-ci ildə İtaliyanın ən nəhəng meqapolisi olan Milanda keçirilib və «Planetin qidalanması. Həyat üçün enerji» mövzusuna həsr olunub. Növbəti sərgi - «Exro-2020» Dubayda təşkil olunacaq. O, «Ağılları birləşdirmək, gələcəyi yaratmaq» şüarı altında keçiriləcək.
Bu nəhəng tədbirlərin arasında daha kiçikmiqyaslı ixtisaslaşmış beynəlxalq sərgilər də keçirilir. Məsələn, sonuncu «Expo-2017» Beynəlxalq ixtisaslaşmış sərgi Qazaxıstanın paytaxtı Astanada «Gələcəyin enerjisi» mövzusunda baş tutub. Maraqlıdır ki, Qazaxıstan bu nüfuzlu beynəlxalq foruma ev sahibliyi edən ilk postsovet ölkəsi olub.
Beynəlxalq Sərgilər Bürosunun üzvləri arasında Azərbaycan da var və o, 2000-ci ildən Expo sərgilərində iştirak edir: 2015-ci ildə Milanda qurulmuş milli pavilyona 3 milyondan artıq insan baş çəkmişdi. Sonrakı illərdə Antalya və Astanada da iştirakımız dizaynına və ekspozisiyanın məzmununa görə mükafata layiq görülüb. Bu forumlar bənzər sərgilərdə iştirakla bağlı təcrübənin toplanmasında ilk addımlar idi. Odur ki, 7 ildən sonra Azərbaycanın «WorldExpo» Beynəlxalq sərgisinə ev sahibliyi edəcək ilk Şərqi Avropa ölkəsi, MDB üzvü olacağı istisna deyil.
İnsan kapitalının inkişafı
Ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna rəsmi ərizə göndərərək, Bakının «Expo-2025»ə ev sahibliyi etməsi üçün namizədliyini irəli sürüb. Azərbaycan paytaxtı ilə yanaşı, buna Yekaterinburq (Rusiya), Osaka (Yaponiya) və Paris (Fransa) də iddialıdır.
Bu istiqamətdə ilk addımlar uğurlu alınıb və ötən il noyabrın 14-də Bakının namizədliyi seçim mərhələsinə qəbul edilib. Nəticədə, Beynəlxalq Sərgilər Bürosu Baş Assambleyasının Parisdə keçirilən 162-ci sessiyasında Bakıda «Expo-2025»in təşkili ilə bağlı təqdimat olub.
«…bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. İki min il ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib», -deyə ötən il noyabrın ortalarında Parisdə təşkil olunmuş qəbulda Beynəlxalq Sərgilər Bürosu üzvlərinə və digər iştirakçılara müraciət edən Azərbaycanın Birinci vitse-prezidenti Meriban Əliyeva bildirib.
Azərbaycan paytaxtında beynəlxalq sərgilərin təşkilinin üstünlüyündən danışan M.Əliyeva ölkənin müstəqillik qazandığı son 25 ildə əldə etdiyi digər müsbət amilləri də sadalayıb. Dinamik inkişaf edən iqtisadiyyat, sosial sahə, siyasi sabitlik və təhlükəsizlik, mədəniyyət, idman və turizm sahələrindəki inkişaf, qədim tarixlə müasirliyin bir araya gəldiyi Bakının sürətlə inkişaf edən infrastrukturu bunlara daxildir. Azərbaycan turist axınının da sürətlə artmaqda olduğu, dünyanın 90-dan çox ölkəsinin vətəndaşları üçün ölkəyə girişin asanlaşdırıldığı, onlara elektron vizaların verilməsinin təmin edildiyi dövlətdir. Onun üstünlükləri sırasında, əlbəttə ki, zəngin mətbəxini, mülayim iqlimini, həmçinin ənənəvi qonaqpərvərliyini də vurğulamaq lazımdır.
Azərbaycan «Expo-2025»i aktual mövzuya - «İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması»na həsr etmək niyyətindədir. Bu mövzu regionun bütün ölkələri üçün vacibdir və beynəlxalq inkişaf gündəminə, xüsusilə BMT-nin dayanıqlı inkişaf hədəflərinə uyğundur.
«Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Baku Expo -2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq», - deyə Birinci vitse-prezident qeyd edib. O, Bakının bütünlükdə Şərqi Avropada, Qafqazda və Xəzər hövzəsində ümumdünya sərgisinə ev sahibliyi edəcək ilk şəhər ola biləcəyini bildirib.
Zəngin təcrübə və yeni kompleks
Ekspertlərin, eyni zamanda region ölkələri nümayəndələrinin qiymətləndirməsinə görə, Azərbaycan bu cür beynəlxalq sərginin təşkili üçün lazımi potensiala, infrastruktura və maddi resurslara malikdir. O, bu məsələdə dünyanın dəstəyinə də arxalana bilər.
«WorldExpo-2025»in Bakıda keçirilməsi perspektivi və bu istiqamətdə görülən işlər ötən il dekabrın ortalarında Heydər Əliyev Mərkəzində təşkil olunmuş təqdimatda da müzakirə mövzusu olub. Xatırladaq ki, təqdimat Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri üçün keçirilirdi. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov təqdimatda bildirib ki, ölkə beynəlxalq səviyyəli tədbirlərin təşkili ilə bağlı zəngin təcrübəyə malikdir. Beynəlxalq böhranın neft hasilatçısı olan ölkələrin iqtisadiyyatında yaratdığı bəzi mənfi proseslərə baxmayaraq, Bakı beynəlxalq forumların təşkilində əvvəlki fəallığını qoruyub saxlayır. Məsələn, 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Festivalı, 2020-ci ildə isə karate üzrə Avropa Çempionatı və futbol üzrə «Avro-2020»nin qrup mərhələsinin qarşılaşmaları keçiriləcək.
Maraqlıdır ki, sadalanan tədbirlərin, eyni zamanda bir sıra digər beynəlxalq forumların təşkili ölkənin son dərəcə dəyərli təşkilatçılıq təcrübəsi toplamasına imkan verməklə yanaşı, müasir, effektiv və həcmli infrastrukturun yaranmasına da kömək edib. Nəticədə, ölkədə çoxsaylı hotellər, idman qurğuları, konqres mərkəzləri, sərgi kompleksləri və digər elementlər yaranıb. Onlar ən yüksək səviyyəli tədbirlərin uğurla təşkil olunmasına imkan verir.
Bu, son dərəcə vacib məqamdır. Çünki «WorldExpo» səviyyəli sərginin təşkili üçün ev sahibi ölkənin lazımi mehmanxana potensialı da olmalıdır. Bu mənada Azərbaycan regionda ən öndə olan ölkələrdəndir: Azərbaycanda 540 mehmanxana tipli obyekt var. Onların, təxminən, 130-u Bakıda yerləşir. Bu gün paytaxt hotellərinin ümumi qonaq tutumu 12 mini ötür. 2025-ci il üçün Bakının namizədliyinin təsdiqlənəcəyi təqdirdə, bu potensialın ən azı 50% də artacağına şübhə yoxdur.
Son onillikdə Bakı sərgilərin, idman yarışlarının, konsert və digər dünya miqyaslı kütləvi tədbirlərin keçirilməsi üçün xüsusi obyektlərin inşasında da xeyli təcrübə toplayıb («Crystal Hall», Olimpiya Stadionu, Bakı Ekspo Mərkəzi və s.). Bakının namizədliyi təsdiqlənərsə, mövcud potensial «WorldExpo» forumunun keçirilməsi üçün miqyaslı sərgi kompleksinin tikintisi ilə daha da artacaq.
«Baku Expo-2025»in Operativ Katibliyinin icraçı direktoru Pol Fosterin sözlərinə görə, sərgi üçün kompleksin tikilməli olduğu ərazi Bakının şərqindədir. Onun üçün 200 hektarlıq ərazi ayrılıb. Sərgi meydançasının 8 guşəli ulduz formasında yaradılması nəzərdə tutulur. O, Azərbaycan gerbini xatırladacaq. Ümumiyyətlə, ərazidə miqyaslı işlərin aparılması, nəqliyyat və digər infrastrukturun yaradılması planlaşdırılır. Ərazi 4 əsas zonadan, o cümlədən Ekspo mərkəzi və Ekspo kəndindən ibarət olacaq. «Sərgidən sonra bu ərazi Milli Ekspo parka çevriləcək. Bu, gələcəkdə ölkəyə turist cəlbi baxımından vacib amildir», - deyə P.Foster bildirib. Onun sözlərinə görə, «Expo-2025»də dünyanın 100-dən artıq ölkəsindən 18 milyon qonağın iştirak edəcəyini gözləmək olar.
Şanslar pis deyil
Beləliklə, Bakı 2025-ci ildə «WorldExpo»ya ev sahibliyi etmək üçün mövzunu müəyyənləşdirib, mövcud potensialını ortaya qoyub və görülməli olan işləri dəqiqləşdirib. Ötən ilin noyabrından www.bakuexpo2025.com saytı da istifadəyə verilib. Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyovun sözlərinə görə, Bakının namizədlik dosyesindəki informasiyaların hamısı Parisdə Büro rəhbərliyinə təqdim edilib. 2018-ci ilin mart-aprel aylarında Beynəlxalq Sərgilər Bürosunun növbəti missiyası Bakıya gələcək, noyabrın 18-də isə növbəti sərginin keçiriləcəyi şəhərin adı elan olunacaq.
Bəs, Bakının «Expo-2025»ə ev sahibliyi etmək şansı nə qədərdir? Ekspertlərin fikrincə, şanslar heç də pis deyil. Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında bu yaxınlarda keçirilmiş üçtərəfli görüşdə bu ölkələrin də Bakının namizədliyini dəstəklədiyi elan edilib.
Bir müddət əvvəl baş tutmuş İtaliya-Azərbaycan parlamentlərarası assosiasiyasının iclasında assosiasiyanın sədri, italiyalı senator Sercio Divin də Bakının namizədliyinə dəstəyini dilə gətirib.
«Bakı beynəlxalq şəhərdir və artıq nəhəng beynəlxalq tədbirlərin təşkilində kifayət qədər təcrübəyə malikdir. Bu şəhər böyük beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qəbul edə bildiyini hər kəsə göstərib. İnanıram ki, «Expo-2025»in təşkili onun inkişafına əlavə impuls olacaq», - deyə Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kertkentzeç bildirib. Onun sözlərinə görə, bu gün əsas məqsəd şəhərin ən güclü tərəflərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Bakının «WorldExpo»nun keçirilməsi üçün ən uyğun məkan olduğuna hər kəsin inandırılmasıdır. Dünyanın Azərbaycanın təklif etdiyi «İnsan potensialı» mövzusunun ən yaxşı mövzu olduğuna inandırılması da lazımdır.
Ekspertlərin fikrincə, beynəlxalq sərginin Bakıda keçirilməsi iqtisadiyyatın inkişafına, ölkənin turizm potensialının artmasına kömək edəcək. «Sərginin Bakıda keçirilməsi yerli biznesin imkanlarının genişlənməsində, dünyanın aparıcı şirkətlərinin Azərbaycana cəlb olunmasında, yeni investisiya axınında və işgüzar əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Bu, son illər turistlərin maraq göstərdiyi Azərbaycana daha çox xarici qonağın gəlişinə təkan olacaq», - deyə E.Əmirbəyov bildirib.
Bu gözləntilər kifayət qədər əsaslıdır. Bunu qonşu Qazaxıstanın təcrübəsi də təsdiqləyir. Qazaxıstan 2017-ci il iyunun 10-dan sentyabrın 10-dək «Expo-2017» beynəlxalq ixtisaslaşmış sərgisinə ev sahibliyi edib və bu, ölkənin iqtisadi göstəricilərinin kifayət qədər artmasına imkan verib. Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanovun sözlərinə görə, bu dövrdə ölkədə nəqliyyat xidmətlərinin səviyyəsi 4,8% artıb. Yaşayış və qida xidməti sahəsində 4,2, rabitə sahəsində 3,3, ticarətdə isə 3,2%-lik artım qeydə alınıb.
«WorldExpo»nun təşkilinin kifayət qədər xərc tələb edən iş olmasına və qonaqların qəbulu və digər xidmətlər sayəsində bu xərclərin heç də həmişə gəlir gətirmədiyinə baxmayaraq, bu hadisənin ölkə brendinin inkişafı baxımdan əhəmiyyəti çox böyükdür. Sonda bu, ölkəyə investisiya axınına, uzun bir dövr üçün biznes-kooperasiyanın genişlənməsinə imkan verir.
MƏSLƏHƏT GÖR: