MÜVƏQQƏTİ REJİMLİ HÖKUMƏT
Almaniyada hökumət böhranı yaşansa da, Merkel dövrü hələ bitməyib
Müəllif: Cahangir HÜSEYNOV
Angela Merkel üçün bədlik sentyabrda keçirilmiş və onun rəhbərlik etdiyi XDİ/XSİ alyansının 1949-cu ildən başlamış tarixi ərzində ən az səs topladığı parlament seçkisilə gəlib. Bu seçkidən sonra sosial-demokratlarla (ASDP) əməkdaşlığa ümid etmək alınmadı, çünki səsvermənin nəticələrindən narazı qalan Martin Şults nəticələr açıqlanar-açıqlanmaz müxalifətə keçdiyini bəyan etdi.
Parlament seçkisi nəticəsində mandatların sayına görə üçüncü yeri ultrasağçı Almaniya üçün Alternativ (AüA) partiyası tutub. Lakin bu partiyanın liderinin mənfi imici və partiyanın daşıdığı ideyalar üzündən onlarla əməkdaşlığı da kimsə ağlından belə keçirmir.
Nəticədə, iki partiya ilə çətin və artıq məlum olduğu kimi, perspektivsiz danışıqlara başlanıb. Söhbət XDİ/XSİ-nin hökumət koalisiyasındakı keçmiş tərəfdaşı (2009-2013) olan Azad Demokratlar Partiyası (ADP) ilə «90/Yaşıllar İttifaqı»ndan gedir.
Müzakirələrə başlanmasından ayyarım sonra ADP lideri Kristian Lindner gözlənilmədən partiyasının danışıqları dayandırdığını bəyan edib və bunu müzakirə aparan qüvvələr arasında elementar inamın belə olmaması ilə əsaslandırıb. «Ölkəni yanlış idarə etməkdənsə, idarə etməmək daha yaxşıdır», - deyə Lindner bildirib: «1 həfət davam edən danışıqlardan sonra önümüzdə saysız-hesabsız ziddiyyət, açıq qalan məqamlar və hədəf toqquşmaları var».
Hadisələrin bu cür inkişafından sonra Merkelin 3 variantı qalmışdı.
Birincisi, heç kəslə koalisiyaya getmədən azlığın hökumətini qurmaq və ya o anadək danışıqların normal alındığı «yaşıllar»la koalisiyaya getmək. Bu, qərarların qəbulunda ciddi çətinliklər yarada bilərdi. Çünki istənilən qərarın parlament tərəfindən təsdiqlənməsi tələb olunur. İkincisi, Bundestaqın buraxılması proseduruna başlamaq və növbədənkənar seçki elan etmək. Lakin aparılan ictimai rəy sorğuları bu halda qüvvələr nisbətində ciddi dəyişikliyin olmayacağını göstərir. Demək, problem olduğu kimi qalacaqdı.
Nəhayət, üçüncüsü, sosial-demokratlarla «böyük» koalisiyanın qorunub saxlanılmasına çalışmaq. Lakin Şultsun müxalifətə keçmək qərarından sonra bu, inandırıcı görünmürdü.
Yeri gəlmişkən, bu qərarın bir neçə səbəbi var. ASDP də XDİ/XSİ bloku ilə oxşar problemlə üzləşib - müharibədən sonrakı dövr ərzində partiyaya seçici marağı ən aşağı həddə düşüb. Partiya liderləri bunu ASDP-nin uzun müddət sağ-mərkəzçi siyasi partiyalarla hökumət koalisiyasında kiçik tərəfdaş qismində yer alması ilə izah edir (2005-2009-cu illər - Merkelin dövründə və 2013-cü ildən indiyədək). Onların fikrincə, müxalifətdə olmaqla hökumətin konstruktiv şəkildə tənqidi partiyaya vətəndaşların inamını qaytara bilər. Bundan başqa, ölkənin aparıcı müxalifət partiyası icraedici hakimiyyətə ciddi təsir rıçaqlarına malik olur - parlamentin bir sıra aparıcı komissiyalarına rəhbər təyin etmək səlahiyyəti, büdcə məsələlərinə müdaxilə imkanı, qanun layihələri təşəbbüsü ilə çıxış etmək və debatlarda hökumətdən sonra ilk söz onda olur. ASDP yeidən XDİ/XSİ ilə koalisiyaya gedərsə, bütün bu üstünlüklər ultrasağçı AüA partiyasının əlinə keçəcək ki, bunu da heç kəs arzulamır.
Lakin razılığa gəlmək qaçılmaz oldu
Belə olan təqdirdə, məsələyə Almaniya prezidenti Frank-Valter Ştaynmayer müdaxilə etməli olub. Yeri gəlmişkən, o da sosial-demokratdır. Konstitusiyaya əsasən, ölkə prezidenti daha çox formal funksiya daşıyır. Ölkəni faktiki olaraq, kanslerin başçılığı ilə hökumət idarə edir. Lakin istisna hallarda (hazırkı hökumət böhranı kimi) prezidentin sözü həlledicidir.
Ştaynmayer 3 partiyanın (ASDP, XDİ, XSİ) liderlərilə ayrı-ayrılıqda danışıqlar aparıb və sonda noyabrın 30-na ümumi görüş təyin edib. Bütün bu danışıqların yekununda Martin Şultsu Angela Merkelin başçılıq edəcəyi hökumət koalisiyasına qayıtmağa razı salmaq mümkün olub. Amma ASDP lideri bu zaman da koalisiyaya qayıdacağına birmənalı zəmanət verə bilməyib. Çünki prezidentlə görüşdən 1 həftə sonra onun partiyasının qurultayı keçirilməli idi. Qurultayda nələrin yaşanacağını heç kəs bilmirdi. Hər halda, bu ilin martında partiya lideri seçilmiş Şults partiyadaşlarının inamını doğrultmamışdı: sosial-demokratlar onu bu posta seçərkən sentyabrda keçiriləcək parlament seçkisində qələbə qazanacaqlarına ümid edirdilər.
Amma partiyanın qurultayında qeyri-adi heç nə baş verməyib. Dekabrın 7-9-da keçirilmiş qurultayın sonunda Martin Şults yenidən partiyanın sədri seçilib. Danışıqlara gəlincə, bununla bağlı, toplantıda qızğın debatlar olub. Danışıqların əleyhdarları ASDP-nin siyasi platformasının XDİ/XSİ-nin platformasından ciddi şəkildə fərqləndiyini, bu alyansla əməkdaşlığın ASDP-də sağçı qanadın mövqelərini gücləndirdiyini deyir, partiyanın gənclər qanadı isə kanslerin «Merkel ana» ləqəbinə eyham vuraraq, zarafatla artıq özlərinə «ana tapdıqlarını» deyirdilər.
Amma sonda qurultay iştirakçıları Şultsun bir fikrilə razılaşıblar: «Biz «nəyin bahasına olursa olsun idarəçiliyə» can atmamalı, lakin eyni zamanda var gücümüzlə idarəçilikdən qaçmağa da çalışmamalıyıq!» Beləliklə, ona danışıqlar aparması üçün mandat verilib. Lakin onun qarşısına danışıqları mütləq müsbət sonluqla bitirmək tələbi qoyulmayıb.
Əvvəlcə, Merkellə əməkdaşlığın şərtlərinə dair məsləhətləşmələr aparılmalıdır. Bu məsləhətləşmələr uğurlu alınarsa, yanvarda partiyanın növbədənkənar qurultayında koalisiyaya qoşulmaq haqda danışıqlara start verilməsinə dair qərar çıxarılmalıdır.
Beləliklə, hər şey uğurlu alınacaqsa, Merkel yeni hökuməti qurmaq imkanını yalnız gələn ilin yazında əldə edəcək. Əlbəttə ki, bu, o vaxtadək ölkənin icraedici orqansız qalacağı anlamına gəlmir. Hökumətin köhnə tərkibi «səlahiyyətlərin icraçısı» qismində fəaliyyətini davam etdirəcək. Üstəlik, elə həmin ASDP də koalisiyanın tərkibində fəaliyyətdədir. Problem ondadır ki, kansler yeni kabinetin formalaşdırılmasınadək kimisə bir vəzifədən digərinə keçirmək, yaxud yeni təyinata imza atmaq səlahiyyətində deyil. Odur ki, hər hansı nazir «sıradan çıxarsa», onun səlahiyyətləri başqa nazirə verilməlidir. Məsələn, kənd təsərrüfatı naziri, XSİ partiyasının təmsilçisi Kristian Şmidt müvəqqəti olaraq Nəqliyyat Nazirliyinə də başçılıq edir. Səbəb onun yaxşı menecerliyi yox, digər həmkarlarının işinin həddindən artıq çox olmasıdır.
Yeri gəlmişkən, onun qəribə əməllərilə bağlı əfsanələr dolaşır. Məsələn, bir neçə il əvvəl Rusiyanın Almaniyadan alma idxalına qoyduğu embarqo ilə bağlı sualı cavablandırarkən o, elə məbuat konfransındaca kameralar qarşısında alma yeməyə başlayıb və bir məşhur deyimi bir qədər fərqli şəkildə dilə gətirib: «An apple a day keeps the Putin away» («Gündə bir alma yesək, Putin bizə heç nə edə bilməz»). Yaxud, bir vaxtlar o, vegetarianları məyus etmişdi: nazir tərkibində ət olmayan məhsulların «kolbasa» və ya «sosis» adlandırılmasını qadağan etməyə çalışırdı.
Amma nazirin Avropa Komissiyasındakı alman nümayəndə heyətinə verdiyi tapşırığın fonunda bütün bunlar heç nədir: Kristian Şmidt nümayəndə heyətinə Aİ ölkələrində tərkibində ən çox kanserogen maddələrin olduğu herbisit qlifosatın tətbiqinə icazənin daha 5 il uzadılmasına səs verməyi tapşırmışdı. Halbuki onun həmkarı, Almaniyanın ətraf mühitin mühafizəsi naziri Barbara Hendriks bu maddədən istifadənin əleyhinədir.
Belə hallarda, adətən, səsvermə zamanı bitərəf qalırlar. Bu dəfə isə belə çıxıb ki, bir nazir digər nazirin istəyinə məhəl qoymur. Səbəb Hendriksin ASDP üzvü olması idi. Özü də bu hadisə onun partiya liderilə əməkdaşlığın davam etdirilməsinə dair çətin danışıqların getdiyi vaxta təsadüf etmişdi. Təbii ki, Şultsun ətrafında bunu Merkelin ASDP-nin fikrinə məhəl qoymadığının bariz nümunəsi kimi şərh edənlər var.
Bu qalmaqal, əlbəttə ki, kansleri səlahiyyətlərini icra edən Merkelin əhvalını əməlli-başlı pozub. Lakin o, naziri vəzifədən kənarlaşdıra bilməyib. Kristian Şmidt canını şiddətli töhmətlə qurtarıb.
Bütün bunlarla yanaşı, son zamanlar Merkelin rəhbərlik etdiyi blokda yer alan XSİ ilə də münasibətləri qaydasında deyil. Fikir ayrılığı onun miqrasiya siyasətilə bağlıdır. Bu münaqişəni həll edər-etməz, yeni problem yaranıb. Merkelin köhnə tərəfdaşı, XSİ lideri Xorst Zeexofer partiyasında dəstəyi itirdiyindən 2018-ci ilin ilk rübündə Bavariyanın baş naziri postunu tərk edəcəyini açıqlayıb. Onun rəqibləri partiya rəhbərliyindən də istefa verməsini tələb edir. Səbəb kimi isə yenə də, sentyabrda keçirilmiş parlament seçkisindəki uğursuz nəticə göstərilir.
Bütün bunlarla yanaşı, alman jurnalistlərinin dediyi kimi, Almaniyada böhran yaşansa da, Merkel dövrü hələ bitməyib. Onun şəxsi reytinqi partiyasının reytinqindən xeyli yüksəkdir - 54%. Seçicilərin 61%-i isə ASDP ilə danışıqların bərpasını dəstəkləyir. Sosial-demokratlarla birgə hökumətin yaradılması ideyasını Almaniya Həmkarlar İttifaqları Birliyi (DGB) də alqışlayır. Bir sözlə, «Merkel ana»nın hər zaman olduğu kimi, bu dəfə də vəziyyətdən çıxış yolu tapacağına inam böyükdür. «Bizim brendlərimizdən biri Made in Germany sabitliyidir», - deyə kansler administrasiyasının rəhbəri Peter Altmayer bildirir.
Dünya gözlənti içərisindədir
Beləliklə, Almaniya daxilində çətin siyasi proseslər yaşanır. Bu, Merkelin Aİ-nin Heteborq sammitinə yollanmasına belə, mane olub. Dünya isə gözlənti içərisindədir.
«Almaniya iqtisadiyyatı hökumət olmadan da işləyəcək qədər güclü ola bilər. Avropa və dünya isə qitənin düz ürəyində belə vəziyyəti qəbul edə bilməz», - deyə «Handelsblatt» qəzeti yazır.
MƏSLƏHƏT GÖR:



572

