Müəllif: Elya ƏNVƏRLİ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış müğənni Fəridə Məmmədova həm də təbii istedad, yüksək intellekt və baxış açıqlığı ilə çuğlaşmış qeyri-adi və gözəl görkəmi ilə seçilir. Bütün bunlara onu yeni formasiya musiqiçisi adlandırmağa imkan verir. Hər hansı bir primadonna şıltaqlığı olmadan özünə qarşı tələbkar davranaraq, özünü tamamilə peşə fəaliyyətinə həsr edərək, o, yaradıcılığının gerçəkləşdirilməsinə mane olan artıq hər şeyi özündən uzaqlaşdırır. Almaniya və Fransa, Çexiya və Hollandiya, Avstriya və İsveçrə, Türkiyə və Monqolustan, Rusiya və Qazaxıstan, Litva və Ukrayna kimi ölkələrdə xarici festivallarda iştirak edib və solo konsertlər verib - özü də, bu, onun qastrolda olduğu ölkələrin tam siyahısı deyil. Yeni il tətilindən sonra Fəridə xanımla görüşə bildik.
- Fəridə xanım, nə vaxtdan oxumağa başlamısınız?
- Necə deyərlər, mən həmişə oxumuşam. Uşaqlığımda ilk dəfə bizim teatrın səhnəsində Verdinin «Riqoletto» operasını eşidən zaman bu mənim üçün emosional sarsıntı oldu. Bülbül adına xüsusi orta musiqi məktəbinin fortepiano sinfində oxuyan zaman müəllimlərim dəfələrlə mənə vokalla məşğul olmağı məsləhət görürdülər. Yadımdadır, 15 yaşımda məktəb tədbirlərindən birində mən ilk dəfə qəflətən "Karmen" operasından fransızca Habaneri oxuduqdan sonra peşəkar dairələrdə mənim opera müğənnisi olacağımı deyirdilər. Amma ən böyük öncəgörmə atamdan gəlirdi və doğulanda mənim adımı türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanının baş qəhrəmanının şərəfinə Fəridə qoymuşdu. Atam Kamal Məmmədov Musiqili Komediya Teatrında dirijor işləyirdi, amma təəssüf ki, dünyadan erkən getdi, foto, afişa və bukletlərdən başqa yadımda onunla bağlı heç bir xatirə qalmayıb. Anam incəsənət adamı olmasa da, mənim tam keyfiyyətli musiqi təhsili almağım üçün hər cür şərait yarada bilmişdi. Məktəbi bitirdikdən sonra mən Bakı Musiqi Akademiyasına (BMA) daxil oldum, bir istisna kimi eyni zamanda iki fakültəyə - fortepiano və vokal siniflərinə qəbul olundum. Bakıdakı təhsildən sonra mən müntəzəm olaraq Avropaya məşğələlərə və master-klasslara gedirdim. Mənim həyatımda mühüm yaradıcılıq mərhələsi 2000-ci ildə Bülbül adına İkinci Beynəlxalq müsabiqədə iştirakım oldu, mən qalib gəldim və bu, mənim üçün yeni üfüqlər açdı, münsiflər heyətinin sədri, SSRİ xalq artisti İrina Arxipovadan mən əsl xeyir-dua aldım.
- Karyeranız sonra necə inkişaf etdi?
- Mən hər şeylə maraqlananam, həmişə nəsə öyrənirəm, risk etməyi və özümü yeni janrlarda, obrazlarda sınamağı sevirəm. Bu il 20 illiyi tamam olan opera fəaliyyəti, ifa etdiyim çox sayda rollar və premyera tamaşaları ilə yanaşı, mən daima öz repertuarımı kamera janrında da genişləndirirəm, solo proqramlarla çıxış edirəm, həm ölkəmizdə, həm də xaricdə beynəlxalq festivallara dəvət alıram.
Bu günə qədər mənim iş dəftərçəmə Azərbaycan müəlliflərinin əsərləri qarışıq, barokko dövrünün opera və kamera klassikasından avanqarda qədər çox şey daxildir. Tez-tez ölkəmizdə indiyə kimi səslənməyən əsərlərə müraciət edirəm ki, bu, ictimaiyyətdə böyük maraq oyadır. Həm də mono tamaşaları, performans elementli konsertləri və ya az sayda ifaçısı olan layihələri sevirəm. Məsələn, bir zaman pianoçu Salman Qəmbərov ilə birgə gerçəkləşdirdiyimiz «Lieder Leaders» layihəsi - klassika ilə cazın sintezi böyük uğur gətirdi, biz layihə ilə bir neçə dəfə xaricdə olduq. Mənim son işlərimdən biri "Gəzinti" ("Sevgi əhvalatı") tamaşası olub - rejissor Rauf Məmmədov idi, fortepiano partiyasını Gülşən Ənnağıyeva ifa edib. Premyera Moskvada, Meyerhold Mərkəzində gerçəkləşdi. Tamaşa alman - Avstriya ekspressionizmi mahnılarına əsaslanırdı. Tapdalanmış qadının əhvalatı - onun həyat və taleyi haqqında musiqi monoloqu idi, biri səhnədə, digəri isə videoproeksiyalarda olan iki paralel idi.
- Siz digər ölkələrin müəllimlərinin vokalistlərlə necə məşğul olması barədə eşitmisiniz, bir çox master-klasslarda iştirak etmisiniz, lütfən, qərb təhsil sisteminin xüsusiyyətləri haqqında danışın.
- Vokalı öyrətmək musiqi aləti ilə müqayisədə daha çətindir, çünki səs tellərini adi gözlə görmək mümkün deyil, pedaqoqdan böyük təcrübə, səbir və həssas dinləmə tələb olunur ki, yeni başlayan müğənni düzgün əzələ refleksləri qazana bilsin. Vokal konsertmeysterinin - kouçun rolu da çox vacibdir. Mən müəyyən bir üslublu əsərlərin üzərində dar profil mütəxəssislərinin işləməsini sevirəm, hər birindən müəyyən ifa xüsusiyyətləri öyrənmək olur. Açıq dərslər sistemi, tələbələrin digər müəllimlərin dərslərində iştirakı, təhsilə demokratik yanaşma və əvəzsiz xeyirxahlıq da mühümdür.
- Siz özünüz də tədris fəaliyyəti ilə məşğulsunuz...
- Bəli. Artıq bir neçə ildir ki, Bülbül adına məktəbdə vokalçılara dərs keçirəm, bu il məni BMA-nın solo ifa kafedrasına dərs keçməyə dəvət ediblər, orada mən vokal ansamblına rəhbərlik edirəm - tələbələrə səhnə tərəfdaşı ilə qarşılıqlı davranış sənətini, bir-birini dinləyə bilmək qabiliyyətini öyrədirəm.
- Bizə yeni bir əsəri öyrənmə prosesini necə işlədiyiniz barədə danışın?
- İlk növbədə, bu, musiqi və poetik mətnin müstəqil və hərtərəfli təhlilidir, daha sonra konsertmeyster və dirijor ilə birlikə interpretasiya və üslub xüsusiyyətləri üzərində iş gəlir. Mən, adətən, məşq prosesini diktofona yazıram ki, özümü eşitmək imkanım olsun və müəyyən səviyyədə özünütənqidlə nüansları cilalaya bilim. Çox şadam ki, bu illər boyu mənimlə həmfikir olan çoxsaylı həmkarlar və peşəkarlar komandası yaranıb. Onlarla ünsiyyət qarşılıqlı zənginləşdirir.
- Uzun illərdir xarici səfirliklərlə sıx əməkdaşlıq edirsiniz, mədəniyyət tədbirlərinə qatılırsınız...
- Bu il parlaq konsertlərdən biri yunan və amerikan müğənnisi, XX əsrin görkəmli opera müğənnilərindən biri olan Mariya Kallasın şərəfinə Yunanıstan səfirliyi tərəfindən təşkil edilmiş xatirə axşamı oldu. Bu il bu böyük şəxsiyyətin ölümünün 40 illiyi qeyd edilir. Mənim payıma da Dövlət Simfonik Orkestri ilə birlikdə (dirijor E.Quliyev idi) Kallasın repertuarından məşhur ariyaların birini ifa etmək şərəfi və böyük məsuliyyəti düşmüşdü. Bundan əlavə, bizim konsert filarmoniya salonundan Avropa Günü çərçivəsində Avropa Birliyinin Avropa Günü çərçivəsində Lənkəranda olan nümayəndə heyəti üçün birbaşa yayımlanırdı.
- Digər ölkələrə tez-tez olan səfərlərinizdə nələr xüsusi cəlb edir?
- Səfər hər zaman digər ölkələrin və xalqların mədəniyyəti, incəsənəti və tarixi ilə tanış olmaq imkanıdır. Muzeylər, abidələr, məbədlər və görməli yerlər - mənim yaddaşımda həm qədim Efesi xarabalıqları, həm Monqolustandakı buddist monastırları, həm Qente kilsəsi, həm də Drezden qalereyası eyni coşqu ilə canlanır…
- Boş vaxtınızı necə keçirirsiniz?
- Mən nadir olan istirahət və təklik saatlarını kitab oxumağa və özünü təhsilə həsr etməyə çalışıram. Gənc yaşlarımdan mən tarix, ədəbiyyat və xarici dillər ilə maraqlanıram, bir neçə xarici dildə yetərincə sərbəst danışıram və oxuyuram. Bundan əlavə, mən artıq yeddi ildir ki, bal rəqsləri ilə məşğul oluram, bu da mənə əlavə enerji verir.
- 2018-ci il də gəldi, bu ildən nə gözləyirsiniz?
- Düşündüyüm yaradıcılıq planlarının həyata keçməsini, peşəkar inkişaf və yeni perspektivlər gözləyirəm. Fürsətdən istifadə edərək, bütün oxucularınıza yeni ildə sağlamlıq, rifah və xoşbəxtlik, xalqımıza firavanlıq arzulayıram.
- Söhbət üçün təşəkkür edirik!
MƏSLƏHƏT GÖR: