23 Dekabr 2024

Bazar ertəsi, 21:30

MİNİMUM VƏZİFƏ YERİNƏ YETİRİLİB

Lakin Azərbaycan futzalında ciddi islahatlara ehtiyac var

Müəllif:

15.02.2018

Futzal yığmamız Avropa Çempionatına yaxşı başlasa da, çox uzağa gedə bilmədi. Qrup mərhələsində Fransaya 5-3 hesabıyla qalib gələrək pley-offa vəsiqəni təmin etdi. Ardınca İspaniyaya 0-1 hesabıyla uduzan yığma 14 finalda gələcək çempion Portuqaliyaya rəqib oldu. 

Artıq 54-cü saniyədə Portuqaliya hesabda geri düşsə də, oyunda böyük hesab fərqilə qalib gəldi. Əslində, Qallonun fərqləndiyi epizodda da qolu bizə rəqib qapıçı “bağışlamışdı”. Cəmi dəqiqəyarım sonra tarazlığı bərpa edən, fasiləyə qədər isə hesabı 5:1-ə çatdıran pireneylilər sonda 7 top fərqilə qələbəylə yarımfinala adladı. Nəticə 1:8 və Azərbaycan yığmasının dünya və Avropa çempionatlarındakı böyük hesabla yeddinci məğlubiyyəti. Beynəlxalq arenada 1995-ci ildə debüt edən komandamız indiyədək altı dəfə belə məğlubiyyətin acısını yaşamışdı. 

Doğrudur, Azərbaycan millisinin ilk hədəfi Avro-2018-ə vəsiqə qazanmaq idi. Qitə birinciliyində iştirakını rəsmiləşdirdikdən sonra isə yığmadan qrupdan çıxmaq tələb olunurdu. Bu vəzifəsinin öhdəsindən gəlinsə belə 14 finalda uğradığımız acı məğlubiyyət araşdırılmalıdır. 

Azərbaycan millisi böyük yarışlarda iştirak etsə də, oyun baxımından inkişaf etmir. Etiraf etməliyik ki, son illər çox tez-tez dəyişdiyimiz braziliyalı oyunçular da bizə kömək edə bilmir. Dünyanın dörd bir yanına səpələnən, hətta Rusiya, İtaliya kimi nəhənglərin, bu gün finala vəsiqə üçün mübarizə aparacaq Qazaxıstanın da heyətinə yol tapan “sambaçıları”n səviyyəliləri bizə yox, futzal ənənələri və çempionatı güclü olan ölkələrə üz tutur. 

Ölkə çempionatında “Araz” rəqib tanımır. Yığma isə tam başqa səviyyədir. Eyni braziliyalılar millidə daha güclü komandalara qarşı layiqli oyun nümayiş etdirə bilmir. Digər tərəfdən yığma Avropa Çempionatına hazırlıqsız getmişdi. Baxmayaraq ki, dekabrda və yanvarda iki toplanış keçildi, Rusiya, İran və Qazaxıstan kimi güclü komandalarla beş yoldaşlıq görüşü təşkil olundu. 

Qitə birinciliyində Fransanı bütün komponentlərdə üstələdik, ispanlarla görüşdə olan-qalan güc də sərf edildi. Belə ki, Portuqaliya kimi sürətli komanda qarşısında “ağ bayraq qaldırmalı” olduq.

Millimizin AÇ-yə hazır getməməsinin əsas səbəbkarı kimi əksər ekspertlər baş məşqçi Joze Alesio da Silvanı görür. Hazırkı vəziyyətdən yeganə çıxış yolu ciddi islahatlara başlamaqdır. Yaxın perspektivdə beynəlxalq yarışların olmaması buna tam imkan verir. UEFA İcraiyyə Komitəsinin ötən ilin martında keçirilən iclasında futzalla bağlı dəyişiklikləri islahatlar həyata keçirməyimiz üçün yaxşı fürsətdir. Belə ki, növbəti Avropa Çempionatı iki yox, dörd ildən sonra - 2022-dən və yeni formatda baş tutacaq. DÇ-2020-nin seçmə mərhələsinin oyunlarına isə bir ildən çox vaxt var. Bu müddətdə Futzal Federasiyası nəsildəyişmə prosesinə start verməli, çempionatda gənclərə meydan açmalıdır.

Budəfəki Avropa Çempionatının yekunlarına gəlincə Portuqaliya milli komandası tarixində ilk dəfə Avropa çempionu oldu. Jorje Brazın baş məşqçi olduğu kollektiv Sloveniyada keçirilən yarışın finalında 7 qat Avropa çempionu İspaniyaya qalib gəldi - 3:2. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Qazaxıstana 1:0 hesabı ilə qalib gələn Rusiya qazandı.



MƏSLƏHƏT GÖR:

405