23 Dekabr 2024

Bazar ertəsi, 20:58

ŞAXRİƏR NAMEREN POKORİTĞ BERLİN

FİDE reytinqində ikinci pilləyə yüksələn qrossmeysterimiz öz karyerasında yeni səhifə açıb

Müəllif:

15.02.2018

Dünya şahmatının parlaq siması olan Şəhriyar Məmmədyarov karyerasının ən vacib yarışına hazırlığa başlayıb. Söhbət martda Almaniyanın Berlin şəhərində təşkil olunacaq iddiaçılar turnirindən gedir. Məmmədyarov əvvəllər də iddiaçılar turnirində Azərbaycanı təmsil edib. Amma o son illər heç vaxt bu qədər inamlı və parlaq oyun sərgiləməyib.

Reytinqini 2814-ə çatdırmaqla və dünyada ikinci yerə yüksəlməklə ikiqat ölkə rekorduna imza atan sumqayıtlı qrossmeyster artıq karyerasında yeni - elit mərhələyə qədəm qoyub. İndi məqsəd bu mərhələdə mövqeyini qorumaq, nəticələri sabitləşdirmək və daha da irəli getməkdir.

Bu ilin ilk yarışı Hollandiyada keçirilən ənənəvi Veyk-An-Zee turniri oldu. Sərgilədiyi oyunla çoxlarının rəğbətini qazanan Məmmədyarov reytinqini nəzərəçarpan dərəcədə artırdı. Turnirə ABŞ-dan olan Uesli So (2792) ilə heç-heçəylə başlayan Şəhriyar ilk qələbəsini ikinci turda Çinli Hou Yifan (2680) üzərində qazandı. Sumqayıtlı qrossmeyster ruslar - Maksim Matlakov (2718) və Sergey Karyakin (2753) ilə “sülh”ə razılaşdıqdan sonra amerikalı Fabiano Karuana (2811), Hindistan şahmatçısı Baskaran Adhiban (2655) və Çindən olan Yi Vey (2743) üzərində ardıcıl üç qələbə qazanaraq hamını təəccübləndirdi. Ən yaxın izləyicisini 1,5 xal qabaqlayan həmyerlimiz bir anda superturnirin tituluna ən yaxın namizədə çevrildi.

Yeddi tura 5,5 xal - bunu ən nikbin azarkeş belə proqnozlaşdırmırdı! Ancaq hollandiyalı Aniş Giri (2752) şahmatçımızın məğlubiyyətsizlik seriyasını qırdı. Demək olmaz ki, bu məğlubiyyət Məmmədyarovu ruhdan saldı. Əksinə, sabiq dünya çempionu Vladimir Kramniklə (2787) xalı yarı bölən Şəhriyar digər rus qrossmeysteri Pyotr Svidlerə (2768) qalib gəldi.

Sona 3 tur qalmış superturnirdə üçhakimiyyətlilik yaranmışdı. Ancaq əlavə əmsallara görə təmsilçimiz həm Giridən, həm də norveçli Maqnus Karlsendən (2834) geri qalırdı. Tərslikdən son üç rəqibdən ikisi elit şahmatçı idi. Şahmat tacının hazırkı sahibi ilə heç-heçə başadüşülən idi. Ancaq ingiltərəli Qavleyn Cons (2640) məğlub edilməliydi. Amma gözlənilməz hadisə baş verdi və artıq 12-ci gedişdə “sülh” qaçılmaz oldu. Adətən, risk etməyi sevən Məmmədyarov 12-ci gedişdə ənənəsinə sadiq qalmadı. Son turda hindistanlı Vişvanatan Anandla (2767) heç-heçə isə 4-cü yerin rəsmiləşməsi demək idi.

Şəhriyarın çıxışına onun ilk məşqçisinin - atası Həmid Məmmədyarovun qiymət verməsini istədik. Həmid Məmmədyarov oğlunun çıxışını müsbət dəyərləndirdi: “Mən özüm Veyk-An-Zeedə bir neçə dəfə olmuşam. İlk dəfə görürəm ki, birinci yerlə dördüncü yer arasında 0,5 xal fərq var. Həmişə qalib turniri 1-2 xal öndə başa vururdu. Bu il çox gərgin mübarizə getdi. Şəhriyarın çıxışından razı qaldım. Əsas odur ki, keyfiyyətli oyun nümayiş etdirdi. Yalnız Giri ilə görüşdən narazı qaldım. Düzdür, şahmatçılar partiyanın sonunu hesablayırlar. Ancaq fikrimcə, Zeynəb və ya Türkan Şəhriyarın yerində olsaydı, həmin qarşılaşmanı sonadək oynayardı. Çünki rəqib istənilən gedişdə səhv edə bilər. Onun tez təslim olması məni təəccübləndirdi. Şəhriyarda hərdən belə olur. Partiyanı başa vurduqdan sonra görür ki, oyunda heç-heçə edə bilərmiş. Bəzən isə sonadək mübarizə aparır. Məsələn, Anandla sonadək oynadı. Cüzi üstünlük var idi. Ancaq həmin üstünlüyü qələbəyə çevirmək üçün, bəlkə də, xeyli gediş edilməliydi. Qavleyn Consla erkən bitən görüşə gəlincə, unutmayaq ki, rəqib sıradan şahmatçı deyildi. Bəzən qalib gəlmək üçün rəqibin oynamaq istəyi də önəmlidir. O, oynamaq istəmirsə, o zaman qalib gəlmək çətindir. Şəhriyar xasiyyətcə çılğındır. Bəzən heç-heçəlik vəziyyətdə qələbəyə oynayır və bu məğlubiyyətlə nəticələnir. Ümumilikdə, FİDE reytinqində ikinci yerə yüksəlməklə karyerasında yeni səhifə açdı. Əsas yarış iddiaçılar turniridir. Orada qalib gəlmək lazımdır. Onun potensialı yüksəkdir. Öz oyununu oynasa, heç bir rəqib Şəhriyarla bacarmaz”.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionatının 2018-ci ilin noyabrında Londonda keçiriləcəyini müəyyən edib. Çempionluq görüşləri 9-28 noyabr tarixlərində təşkil olunacaq. Hazırda dünya çempionu 26 yaşlı norveçli qrossmeyster Maqnus Karlsendir. O, şahmat tacını 2013-cü ildən özündə saxlayır. Karlsenin rəqibi 10-28 mart tarixlərində Berlində keçiriləcək iddiaçılar turnirinin qalibi olacaq. Turnirdə səkkiz qrossmeyster iştirak edəcək: sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), dünya birinciliyində əvvəlki matçın iştirakçısı Sergey Karyakin (Rusiya), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ), Uesli So (ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Din Lijen (Çin), Levon Aronyan (Ermənistan).

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2017-ci ili parlaq qələbələrlə keçirdi. Vüqar Həşimov Memorialında qələbənin ardınca, FİDE Qran-Pri turniri, klublar arasında Rusiya çempionatı, Avropa Kuboku, Azərbaycan millisiylə Avropa çempionatında qızıl medala layiq görüldü. İndi şahmatçımız bütün fikrini Almaniyada keçiriləcək iddiaçılar turnirinə yönəldib. Hazırlığın detallarını və məşqçilərinin adını açıqlamayan Məmmədyarov martın ilk günlərində Almaniyaya yollanacaq. Səfərə məşqçiləriylə gedəcək Şəhriyar son hazırlıq proqramını Berlində keçirəcək. Əksər rəqiblər kimi həmyerlimiz də hazırlıq proqramını və məşqçilərinin adını açıqlamaq fikrində deyil.

Hazırda müsahibə vermək istəməyən Şəhriyar Məmmədyarov “R+” jurnalı üçün qısa açıqlamayla kifayətləndi: “Hazırlıq artıq başlayıb. Ona görə yalnız iddiaçılar turnirini düşünürəm. Bütün fikrim Berlindədir. Yarış ərəfəsində rəqibləri təhlil edirik. Çalışıram Veyk-An-Zeedəki yarışdan sonra yorğunluq çıxsın. Yəqin məni düzgün başa düşərsiniz. Hollandiyadakı çıxışımı yaxşı qiymətləndirirəm. Əmsalımı artırdım. İddiaçılar turnirində qələbə qazanmaq arzusundayam. Ona görə fevralda mümkün qədər bütün fikrim yalnız şahmatla bağlı olmalıdır. Heç kimlə əlaqəyə girmirəm, yalnız şahmat oynayıram. Mənə göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm”.



MƏSLƏHƏT GÖR:

417