Müəllif: Valentina REZNİKOVA
Fevralın 10-da Rus Dram Teatrının (RDT) baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin 70 yaşı tamam oldu. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aleksandr Şarovskinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Teatrın səhnəsində həmin gecə artistin açıqlama-monoloqları səslənmişdi. O, bu şəhərə və çevrəsində böyüdüyü insanlara, ölkə hökumətinə, onun müəllimi olmuş teatr korifeylərinə, ona aktyor olmağı nəsib etmiş taleyinə sevgisini etiraf edib.
Hər şey sevgidən başladı
O, Çadrovı küçəsindən olan bütün uşaqlar kimi, futbol oynayırmış və futbolçu olmağı arzulayırmış. Həm də sirki və klounları sevirmiş. Onlar qeyri-adi və sirli insanlar kimi görünürdülər, sanki sehrli çevrilmənin, virtuoz dəyişmənin, maqnetik cazibənin sirrini daşıyırdılar. Bu, onu Tələbə Teatrına apardı. Sonra da Onu gördü: qız Gənc Tamaşaçılar Teatrının orkestrində ifa edirdi və elə gözəl idi ki, o, Gənc Tamaşaçılar Teatrına getdi və çəkinmədən baş rejissor Zəfər Nemətovla görüşdü. Artıq geri çəkilmək mümkün deyildi və onun geri çəkilməklə bağlı fikri də yox idi. Beləliklə, artist olmağa qərar verdi. Görünür, baş rejissor Şarovskinin bu cəsarətində nəsə gördü və peşəyə yararlılıqla bağlı "sınaq"dan keçməsinə imkan yaratdı. Qəhrəmanımızın bəxti gətirdi və ona kütləvi səhnələrdə qaçmağa və "Atın quyruğu" rolunu oynamağa imkan yaratdı. Bu, yeni başlayan artisti heç də narahat etmirdi, çünki onun sevgi obyekti həmişə yanında idi və bunun xatirinə nə istəsələr oynaya bilərdi. Lazım gəlsə idi, hətta at quyruğu da olmağa hazır idi. Gənc gözəl pərəstişkarının bu "fədakarlığını" təqdir etdi və tezliklə ona ərə getdi. O isə "Atın quyruğu " rolundan Don Juan, D'Artanyan, Jadova rollarına keçdi. "Üç müşketyor"un rejissoru Yuli Qusmanın əli yüngül oldu - D'Artanyan aktyora görünməmiş populyarlıq və şöhrət gətirdi. "Yuxudan oyandı və məşhur oldu" ifadəsi məhz buna aid idi. Şöhrət və populyarlıq sınağından çıxmaq elə də asan deyildi. Bir müddətdən sonra ailəsi dağıldı. Evlilikdən bir oğul qaldı və Şarovskilər soyunu o davam etdirdi, sonra da qəhrəmanımıza altı nəvə bəxş etdi. Böyük oğluna babalarının şərəfinə Yakov adı qoydular.
Qəbul edilmə
Yubilyar səmimiyyətlə ilk addımlarını və uğurlarını xatırladı. O, bu şəhərdə bir çoxları kimi çoxmillətli həyətdə böyüyüb. Ona Sara adlı bir dayə baxırmış. Bu, yaşlı bir qadın olub, uşaqları çoxdan böyüyübmüş, o, kiçik Şurikə öz nəvəsi kimi baxırmış. Hər dəfə ona elə gələndə ki, kimsə uşağa "bəd nəzərlə" baxır, uşağı "pis göz"lərdən qorumaq üçün çadrasının altında gizlədirmiş. Körpəni "pis göz"lərdən qorumaq Sara xalanın böyük övladları üçün də qoyulmuş qayda idi. Buna görə də, əgər yaşca böyük oğlanlardan hansısa Sara xalanın sevimlisini incitməyə qalxardısa, onun oğulları dərhal oyun meydançasında ədaləti bərpa edir və anlamayanlara başa salırmışlar ki, niyə "Şuriki heç vaxt incitmək olmaz".
Bizim qəhrəmana ilk populyarlıq bax belə gəlib. Beləliklə o, Çadrovı küçəsindəki yaşıdları arasında "avtoritet"ə çevrilib. Artıq böyüyüb məşhur aktyor olandan sonra Sara xalanın oğlanları onun seçiminə hörmət edəcək, onun uğurlarına sevinərək soruşacaqdılar: "Xətrinə dəyən yoxdur ki?"
Onu incidən isə yox idi. Əksinə. Korifey sənətkarlar ona dəstək verdilər və aktyor peşəsinin sirlərinə yiyələnməyə kömək etdilər. Yubilyar bütün bunları minnətdarlıqla xatırlayır.
İlk uğur və Gənc Tamaşaçılar Teatrında sürətlə gələn populyarlıq peşəkar özünü ifadə üçün fərqli format tələb edirdi və o, Rus Dram Teatrına keçmək təklifini qəbul etdi. Burada onun teatral yüksəlişi «böyük ustadların» - Anatoli Falkoviç, Vera Şirye, Lev Qruber, Rahil Ginzburq, Sergey Yakuşev, Gülcahan Gülməmmədova -Martınova kimi sənətkarların adları və peşə fəaliyyəti ilə bağlı oldu.
Bir dəfə təcili olaraq xəstə aktyorun yerinə "Kuraj Ana" premyera tamaşasına çıxmağa məcbur oldu. O, tamaşanın gedişində kişi kimi möhkəm qucaqlamalı olduğu xalq artisti xanımın nüfuzu qarşısında dəhşətli dərəcədə çəkinirdi. Kuraj rolunu oynayan Vera Karlovna dedi: "Deməli, belə… Səhnədə hec cür çəkinmək olmaz. Bu, səhnədir, münasibətlərin həqiqətini tələb edir. Lazım olan kimi qucaqla!" O da lazım olduğu kimi qucaqladı. Tezliklə teatr aktyoru Şarovskinin öz pərəstişkarları, "Şarovskiyə" baxmağa gedən öz tamaşaçıları ortaya çıxdı. Yalnız valideynləri oğlunun peşə seçimini bəyənmədilər, onun öz sənətinin ustası olmasını etiraf etmək istəmədilər və teatra getmədilər. Prinsipial olaraq. O, artıq əməkdar artist idi, assistent kimi çıxış edərək, rejissorluq ilə məşğul olmağa başladı, ancaq valideynləri onun seçiminə çox qeyri-ciddi, hətta layiq olmayan iş kimi baxmağa davam etdilər. Xüsusilə də atası. Aleksandr Şarovski heç vaxt onun qəbul edilməsinə nail ola bilmədi: nə seçdiyi peşəni, nə uğurlarını, nə də şöhrətini. Yakov Şarovski düşünürdü ki, teatr kişi işi deyil. Boş yerə demirlər ki, valideyn xeyir-duası olmadan uğurdan belə ləzzət almaq olmur. Şöhrət və səs-küylü müvəffəqiyyətə baxmayaraq, Şarovski bu harmoniyaya ehtiyac duyurdu, amma sənətkar yenə də seçdiyi peşəsindən imtina etmək istəmirdi. Yalnız 80-ci illərin ortalarında Cənnət Səlimovanın quruluşçusu olduğu "Mendel Krikin son sevgisi" adlı tamaşada Mendel rolunu oynayırdı və tamaşaya anası gəlmişdi. O, parterin birinci sırasında oturmuşdu və Mendel (Şarovski) rampa qarşısında diz çökərkən ona baxa-baxa oxumuşdu: "Oy, anam, skripka". Anası çox həyəcanlanmışdı. Zalı alqış bürümüşdü, anası ayağa qalxdı və qürurla tamaşaçılara məlumat verdi: "Bu, mənim oğlumdur!" Ana qürurunu dəstəkləyən zal bir daha alqışa büründü. Beləliklə, Aleksandr Şarovski uğur, şöhrət və populyarlıq qazanmasından uzun illər keçəndən sonra ailəsindən çoxdan gözlədiyi xeyir-duanı aldı.
Fəza oyunları
Yəqin ki, fəza ilə oyunlar kimi heç bir şey onun peşə marağını özünə çəkə, ona həzz verə bilmir. Biriləri 3D formatda virtual oyunlar və bütöv dünyalar yaradır, o isə şəkil adlandırdığı mizan səhnələr yaradır. Peşəkarların baxış bucağından ad gülməli gəlir. Amma hər kəs dərhal hər şeyi anlayır: həm peşəkarlar, həm də həvəskarlar. Personaj - mizan səhnə - xarakter: quruluş dəyişməsinin biçimi bu qayda ilə qurulur. Bu şəkillərin içərisində qəhrəmanların yaşayış ardıcıllığı qurmaq rejissor üçün maraqlı və sevimli bir işdir. Lakin onun yaşayış fəzası yalnız səhnə qutusunun fəzası ilə məhdudlaşmır. "Həyat" adlı fəza daha böyük düşüncə tüğyanı, duyğu və hətta güc tələb edir.
Bu gün onun şəxsiyyəti yalnız ölkədə tanınan bir insan kimi məhdud olaraq qalmır. Onun çiynində cəmiyyətin yükü, ictimai fəaliyyət öhdəliyi var ki, bu da ondan güc, düşüncə, söz və hərəkət enerjisi tələb edir. Bu gün Aleksandr Yakovleviç Şarovski Avropa yəhudilərinin Azərbaycandakı yəhudi cəmiyyətinin rəhbəridir, Avrasiya Yəhudi Konqresinin İdarə Heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayədarlar Şurasının üzvüdür. Burada onun teatr bacarıqları da yerinə düşüb. Axı, natiqlik ustalığı aktyor peşəsinin bir hissəsidir!
Bu gün Aleksandr Şarovskinin özəl fəzası - uğur qazanmış insanın fəzasıdır. O, "Azərbaycanın xalq artisti" fəxri adı, Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı, "Şöhrət" və "Şərəf" ordenləri ilə mükafatlandırılıb, ictimai fəaliyyətlə məşğul olur.
Sevgi = Xoşbəxtlik
"Sevgi" sözünün kökünün nədən qaynaqlandığını kimsə bilmir. Latın, qədim yunan və qədim slavyan dillərində də belədir. Amma yəqin, heç də təsadüfi deyil ki, insanlardan kimsə bu sözü ürəklə eyniləşdirmək qərarına gəlib.
Bu yubiley gecəsi onu yalnız öz aktyorlarının təbrik etməsi ilə bitmədi. Yubilyarın ünvanına səmimi ismarıclar Rusiyanın, Gürcüstanın, Moldovanın müxtəlif şəhərlərindən, eləcə də STD Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən, Azərbaycan Teatr Xadimləri İttifaqından, tərəfdaşı və həmkarı - Azərbaycanın xalq artisti Murad Yagizarovdan gəldi. İrina İvanovanın sözlərinə bəstəkar V. Gərayzadə tərəfindən yazılmış və Şarovskinin «Büllur sarayda» tamaşasına yazılmış sevgi haqqında mahnını yubilyar və tamaşaçılar üçün xalq artisti Brilyant Dadaşova ifa etdi. Bu, əsl musiqi hədiyyəsi idi və izləyicilər tərəfindən heyranlıqla qəbul edildi! Ancaq ən önəmli məsələ isə "Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi böyük xidmətlərə görə" Aleksandr Şarovskinin "Şərəf" ordeni ilə mükafatlandırılması haqqında prezident sərəncamı barədə məlumat verilməsi oldu.
Gecənin sonunda pərdələr enməzdən öncə, yubilyar etiraf etdi ki, jurnalistlərin hamısı sanki öncədən bir-biri ilə danışmış kimi, ondan eyni şeyi soruşublar: O, xoşbəxtdirmi? Aleksandr Şarovski bildirdi ki, xoşbəxtdir, çünki onun İlham Əliyev kimi bir prezidenti, Mehriban Əliyeva kimi birinci vitse-prezidenti var, bir də onun həyatını teatr və sevimli həyat yoldaşı - aktrisa Natalya Şarovskaya bəzəyir.
MƏSLƏHƏT GÖR: