27 Noyabr 2024

Çərşənbə, 16:22

TƏLATÜMDƏN DAYANIQLI ARTIMA

Aparıcı reytinq agentlikləri Azərbaycanın suveren reytinqi üzrə proqnozları yaxşılaşdırıblar

Müəllif:

15.02.2018

«Standard & Poor’s» və «Fitch Ratings» beynəlxalq reytinq agentlikləri Azərbaycanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqini "BB +" səviyyəsində təsdiqləyib, proqnozu "mənfi"dən "müsbət"ə dəyişib.

«Moody’s» də onunla həmahəng olaraq "Suveren emitentlər - MDB. 2018-ci il üçün proqnoz sabitdir, çünki sağlam artım templəri borc , bank və siyasi riskləri tarazlaşdırır" hesabatı ilə çıxış edib. Agentliyin analitikləri zəif olsa da, Azərbaycan iqtisadiyyatı üçün artım proqnozlaşdırırlar.

 

Sarsıntıların başa çatması

Qeyd edək ki, 2016-cı ilin əvvəllərində üç aparıcı reytinq agentliyi Azərbaycanın suveren reytinqini investisiya "BBB-" reytinqindən mənfi proqnozlu spekulyativ "BB +" reytinqinə endirmişdi.

Bu azalma dünya üzrə neft qiymətlərində ani və nəzərəçarpacaq dərəcədə müşahidə edilən azalma ilə bağlı idi. Milli valyuta - manatın iki dəfə gerçəkləşdirilmiş devalvasiyası ölkənin əriməyə başlayan valyuta ehtiyatlarını saxlamaq məqsədi daşıyırdı. Nəticədə, ikirəqəmli inflyasiya müşahidə edilməyə başladı, halbuki devalvasiyadan öncəki 2013-2015-ci illər üzrə inflyasiya 2 faizdən çox olmamışdı.

Reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı üzrə mənfi proqnozu 2016-cı il üzrə özünü təsdiqlədi, onda ÜDM 3,8% azalmışdı. Ancaq bir il sonra vəziyyət kökündən dəyişdi və 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1% artımla turbulent zonadan çıxdı. Reytinq agentliklərinin mütəxəssisləri 2014-cü ilin sonlarında başlayan mənfi dövrün sona çatdığını elan etdilər.

«Standard & Poor’s»un proqnozlarına görə, növbəti dörd il ərzində Azərbaycanda ÜDM-in artımı bir 3,3% təşkil edəcək, inflyasiya isə 2018-ci ildə 8% və növbəti üç il ərzində, orta hesabla, 5% olacaq.

 

Neft və qaz gözləntiləri

Dünya bazarında neft qiymətlərinin artması fonunda beynəlxalq ekspertlər ölkənin valyuta ehtiyatlarının, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) yığımların daha da artmasını gözləyirlər. Azərbaycanın suveren reytinqi üzrə proqnozun yaxşılaşması da, ilk növbədə, dünya bazarlarında neftin qiymətinin artması ilə bağlıdır.

Reytinq agentliklərinin mütəxəssisləri Azərbaycan hökumətinin dünya neft qiymətlərinin proqnozlaşdırılması zamanı nümayiş etdirdikləri mühafizəkar yanaşmanı və ARDNF-in ehtiyatlarının qənaətlə istifadə olunmasını müsbət qiymətləndirirlər. Belə ki, «S&P» 2018-ci il üçün neftin orta qiymətinin 1 barel üçün 60 $və 2019-cu il üçün 55 $ olacağını gözləyir.

«Fitch»in mütəxəssislərinin hesablamalarına görə isə 2018-ci ildə neftin orta qiyməti barel üzrə 52,5 $, 2019-cu ildə isə barel üzrə 55 $ olacaq. « Moody's» analitikləri həmçinin gözləyirlər ki, orta yaxın müddətdə neftin qiyməti barel üzrə 40-60 dollar arasında dəyişəcək. Eyni zamanda Azərbaycan hökuməti büdcəni bir barel üçün 45 dollar səviyyəsində proqnozlaşdırıb.

«Moody's» analitiklərinin fikrincə, neftin qiymətinin indiki səviyyədə olması Azərbaycan, Rusiya və Qazaxıstanda ticarətə təzyiqi azaldır. Ümumiyyətlə, iqtisadi artım və dayanıqlı neft qiymətləri nəzərə alındıqda 2018-ci il üzrə MDB ölkələri üçün suveren kredit qabiliyyəti proqnozu sabit olaraq qalır.

Reytinq agentliklərinin ekspertləri "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı üzrə sazişin 2050-ci ilə qədər uzadılmasını yüksək qiymətləndirirlər, sazişə görə növbəti səkkiz ildə ARDNF-ə bərabər hissələrlə 3,6 milyard $ daxil olacaq. Lakin «S&P» analitiklərinin fikrincə, Azərbaycan iqtisadiyyatı üçün xüsusi vacib məsələ «Şahdəniz» yatağından təbii qaz istehsalına başlanması və qazın Avropa bazarlarına nəqli olacaq.

Beləliklə, beynəlxalq ekspertlərin fikrincə, hətta mənfi ssenarinin tətbiqində belə 2018-ci ilin sonuna ARDNF-nin aktivləri ÜDM-in, təxminən, 60% -nə bərabər olacaq.

 

İnvestisiya reytinqinə doğru

Ölkəyə xarici valyuta daxil olmasının əsas mənbəyi neft-qaz sektoru məhsullarının satışıdır. Bununla yanaşı, Azərbaycanın investisiya reytinqinin bərpası üçün vacib şərtlərdən biri iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, o cümlədən ixracı strukturunun yaxşılaşdırılmasıdır.

Bununla yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının istehsalı və bu seqmentdə ixracın artırılması istiqamətində əhəmiyyətli irəliləyişlər üçün etibarlı baza hazırlanıb. Bu baxımdan, əgər 2017-ci ildə qeyri-neft sektorunda ixrac məhsullarının istehsalının artımı kənd təsərrüfatı sektorunun hesabına həyata keçirildisə, 2018-ci ildə qeyri-neft sənayesinin payının artırılacağı gözlənilir.

Cari ildə maşınqayırma, toxuculuq və əczaçılıq sənayesində böyük müəssisələrin açılması planlaşdırılır. «SOCAR Polymer» və «SOCAR Carbamid» kimya sənayesi müəssisələrinin açılması qeyri-neft sektorundan ixracı yüz milyonlarla dollar artıracaq.

Azərbaycanın suveren reytinqinin artmasına, şübhəsiz ki, Ələtdə azad iqtisadi zonanın yaradılması da kömək edəcək, zonada sərmayəçilər və işgüzar dairələrə biznesin təşkili üçün maksimum azadlıq təklif ediləcək.

Beynəlxalq analitiklər bu gün üçün ən arzuolunmaz amil kimi hesab edirlər ki, daxili borc kapitalı bazarı biznesin inkişafı üçün kiçik və yetərincə inkişaf etməmiş olaraq qalır. Buna görə, neft-qaz iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid işgüzar dairələrin maliyyə resurslarına çıxışının məhdudluğu üzündən bir qədər mürəkkəbləşir.

Bununla yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə, müsbət trendlər artıq maliyyə-bank sektorunda da hiss olunur. "Manatın sabitliyi, inflyasiya tepmlərinin tədricən azalması, dollarlaşmanın azalması, bankların gəlirliliyinin və kapital axınının artması və digər amillər maliyyə-bank sektorunda islahatların nəticəsidir. Bütün bunlar hamısı kredit reytinqinə müsbət təsir edir",- deyə o vurğulayıb.

Qasımlının sözlərinə görə, beynəlxalq reytinq agentlikləri islahatların nəticələrini qəbul ediblər və təsdiq ediblər ki, Azərbaycan MDB ölkələri arasında ən çox islahat keçirən ölkədir.

"Kredit reytinqi suveren və pensiya fondları, həmçinin digər sərmayəçilər üçün Azərbaycanın ödəniş qabiliyyətini qiymətləndirmək baxımından yaxşı imkandır. Kredit reytinqi nə qədər yüksək olarsa, ölkə kredit cəlbi zamanı bir o qədər çox imtiyaz əldə bilər. Bundan əlavə, yüksək kredit reytinqi Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışını genişləndirir, həmçinin qiymətli kağızlar bazarının inkişafına imkan yaradır", - deyə Qasımlı «Trend» agentliyinə bildirib.

Beləliklə, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ötən ildən etibarən neft qiymətlərinin kəskin enməsi dövründə düşdüyü turbulentlik zonasından inamla çıxmağa başlayıb. Dünyanın aparıcı reytinq agentliklərinin proqnozlarının "mənfi"dən "müsbət" səviyyəyə çatdırılması bu il yenidən Azərbaycanın suveren reytinqini yenidən investisiya baxımından qiymətləndirilməsinə imkan yaradır.



MƏSLƏHƏT GÖR:

413