23 Dekabr 2024

Bazar ertəsi, 21:33

QARA ZOLAQ

"Neftçi"nin yeni prezidenti flaqmanı "ağ gün"ə çıxara biləcəkmi?

Müəllif:

01.03.2018

Azərbaycan futbolunun flaqmanı, 81 yaşlı "Neftçi" son illər yaxşı günlərini yaşamır. Tez-tez rəhbərlik və məşqçi dəyişikliyi edən ağ-qaralar bununla da ölkə çempionatında son pillələrdən qurtula bilmir. Uzun illər ölkə futbolunun rəmzi olmuş "Neftçi"nin xilas yollarını tapmaq çətinə düşüb.

Üstəlik tez-tez baş verən baş məşqçi və prezident dəyişiklikləri də klubun imicinə zərərdən başqa bir şey deyil. Ötən il əksəriyyət yeni prezident Orxan Hüseyzadənin gəlişindən sonra komandada vəziyyətin düzələcəyinə ümid edirdi. Lakin ümidlər doğrulmadı və rəhbərlik yenidən dəyişdi. Bu dəfə "Neftçi" "Sumqayıt" klubunun artıq sabiq prezidenti Kamran Quliyevə tapşırıldı.

Yeni prezident Kamran Quliyevin məşqçilər heyətini dəyişəcəyi artıq dəqiqdir. Lakin bunun üçün ən uyğun zaman gözləniləcək. Futbolçularla bağlı qərarların yaya qalacağı qaçılmaz reallıqdı. “Neftçi” büdcəsinə görə hazırda ölkənin 3-cü komandasıdır. Lakin aylıq xərclər, üstəlik sabiq futbolçuların maaşları da ödənildiyi üçün heyətə güclü futbolçu cəlb etmək real görünmür.

"Neftçi" Azərbaycan Kubokun yarımfinal mərhələsinə adlasa da, premyer liqada 5-ci pillədədir. Bu mövqe komandaya avrokuboklara yollanmağa imkan vermir. Kubokda isə yarımfinal mərhələsində rəqib iddialı "Qəbələ" olacaq. Bu mənada mövsümün sonunda "Neftçi" avrokuboklara vəsiqə qazanmasa məşqçi heyətinin istefaya göndəriləcəyi qaçılmazdır.

"Neftçi"nin yeni prezidenti Kamran Quliyev gələcəyə nikbin baxır. Yeni prezident R+ açıqlamasında komandanı bu vəziyyətdən çıxaracağına inanır: “Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi. Məni tanıyanlar bilir ki, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi birləşib işləyəcəyik. Hamıyla yaxından tanış olub, onlar haqda özümdə fikir formalaşdırmalıyam. Əlimə balta götürüb qabağıma keçəni baltalamaq fikrim yoxdu. İnsanları tanımaq lazımdı. Hazırkı“Neftçi”də işləmək üçün bir insanda üç xüsusiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik. Bu xüsusiyyətlərin heç olmasa, birini özündə əks etdirməyən insanlarla işləmək fikrim yoxdu. Bu, futbolçulardan tutmuş, klubda çalışan hər kəsə şamil olunur. Yalnız “Neftçi”yə layiq adamlar burda işləyəcək".

"Neftçi" rəhbəri uşaqlıqdan bu komandanın azarkeşi olduğunu bildirdi: "Uşaqlıqdan qanımda ağ-qara var. Özüm neftçi ailəsində böyümüşəm. Babam, nəslimizdə başqa şəxslər bu sahənin mütəxəssisləri olublar. Ona görə də uşaqlıqdan “Neftçi” azarkeşi olmuşam. Yəqin ki, mənim yaşıdlarımın böyük hissəsi məhz bu klubun sevgisi ilə futbola həvəs göstərib. Dərin problemləri hələ qabartmaq istəmirəm. Məncə, əsas problem kollektivdə birliyin olmamasıdı. Mən işlədiyim yerlərdə ən önəmli məsələ klubdaxili ab-hava olub. Bu gün əsasən klubun daxilindəki qeyri-sağlam mühitin üzərində işləməliyik.

Baş məşqçinin tələbi ilə mövqe üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və onun rəhbərlik etdiyi komanda məşğul olacaq. Baş məşqçinin razılığı ilə futbolçu gətirilə bilər. Dünyada başqa bir model yoxdu. “Neftçi”nin yerli futbolçularla oynamaq üçün böyük potensialı var. Buna böyük önəm verəcəyik. “Neftçi” adına layiq, ən yüksək zirvələrdə olmalıdı. Bunun üçün vaxt lazımdı. Əcnəbilərə gəlincə, bir neçə güclü legioner gətirməliyik ki, rəqabət artsın, yerlilər onlardan nəsə öyrənsinlər. Bu, bizim əsas strategiyamızdı".

Cari mövsüm hədəflərə gəlincə Kamran Quliyev yüksək nəticələrdən danışmaq istəmədi. Komandaya yeni gəldiyini deyən "Neftçi"nin prezidenti mövsümün sonunda avrokuboklarda oynamaq istədiyini vurğuladı: "Bir həftə ərzində idman direktorumuz komandanın durumu ilə bağlı mənə hesabat təqdim edəcək. İlk baxışdan nəsə görmək mümkündü. Amma bizə daha dəqiq məlumat lazımdı. Bundan sonra hədəfimizi müəyyənləşdirə bilərik. Çalışacağıq bu komanda ilə Avroliqaya düşək. Təbii ki, ardıcıl ikinci il avrokuboklardan kənarda qalmaq bizim üçün uğursuzluq olacaq. Ona görə burdayıq ki, işlərimizdə irəliləyiş olsun. Amma hazırda komandanı tanımadığımız üçün hədəflərdən danışa bilmirik. Əlbəttə, “Neftçi” ölkəmizi avrokuboklarda təmsil etməlidi, bu danılmaz faktdır. Komandanı daha yaxından tanıyandan sonra ətraflı fikir söyləyə bilərəm".

Qış transfer dönəmindən sonra "Neftçi" yalnız 1 qələbə qazanıb. Autsayder "Kəpəz"ə 1 qolla qalib gələn ağ-qaralar ardınca "Sumqayıt"a uduzdu (0-2). "Zirə" klubuyla matçda isə Tərlan Əhmədovun komandası azlıqda qalan rəqiblə bacarmadı və matç 1-1 hesabıyla yekunlaşdı. Bu "Neftçi" üçün müsbət nəricə sayıla bilməz.

"Neftçi"nin əsas problemlərindən biri tez-tez məşqçi dəyişikliyidir. Digər səbəb transfer zamanı çoxlu sayda səhvlərə yol verilməsidir. Bu komanda həmişə güclü legioner və yerli futbolçularıyla diqqəti cəlb edib. Hazırda isə ölkə futbolunun ən zəif legionerləri məhz "Neftçi"də cəmləşib.

Fikrimizcə yeni prezident Kamran Quliyev "Neftçi" üçün son şansdır. "Sumqayıt" klubunda böyük işlər görməklə hamının rəğbətini qazanan Quliyevdən indi daha böyük sınaq qarşısındadır. Cari mövsüm ağ-qaraların medal qazanacağı real görünmür. Yeni rəhbərlik əsas işini yeni mövsümdə göstərəcək. Ona görə də yayda ciddi islahatları gözləyin.



MƏSLƏHƏT GÖR:

446