Müəllif: Valentina REZNİKOVA
Şərqə və Asiyaya Yeni il yazla gəlir - güllər açanda, ağaclar çiçəkləyəndə, quşlar yuva quranda, insanlar yeri əkir və tarlalarda səpin aparır. Təbiət yeni bir həyata oyanır, insana sevinc, ümid və daha yaxşı bir gələcəyə inam bəxş edir. Bu, həmişə belə olub. Bu gün də belədir.
Çin Xalq Respublikasının səfirliyi ilə birgə Azərbaycan Xalça Muzeyi tərəfindən "Xalçalar və əfsanələr" layihəsi çərçivəsində təşkil edilmiş "Çin təqvimi ilə Yeni il" adlı sərgi şəhərin qonaqları və sakinlər arasında həqiqi marağa səbəb olub.
Rəsmi açılışda Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhua, eləcə də Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət və Turizm Nazirliyinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Şirin Məlikova ölkələrimiz arasında hələ qədim İpək Yolu çağlarında yaranmış mədəni əlaqələr barədə danışıb. Xalça ipliyi vasitəsilə gələcək nəsillərə şifrələnmiş ismarıclar yollayan hər iki ölkənin xalça sənəti ənənələrində birləşdirici elementlərin olmasının əhəmiyyətindən bəhs edən direktor əlavə edib: "Dünyaya inanılmaz sayda yeniliklər bəxş etmiş Böyük Çin mədəniyyəti bütün dünyanın mədəniyyətinə böyük təsir göstərib. Hər iki xalqın mədəniyyətində itin təsviri insanı pis ruhlardan qoruyan bir müdafiəçidir". 2018-ci il Çin təqvimi ilə it ili olduğundan bu heyvanın Çin mədəniyyətində və Azərbaycan xalça məmulatlarında XIX və XX əsrlərdə rast gəlinən rəmzi və realist təsvirlərdən söhbət gedir.
Ekspozisiyada Qazax, Şirvan və Qarabağ xalçaları təqdim olunub. Muzeyin ekspozisiyasında təqdim olunan bir neçə xalça muzeyin anbarlarından çıxarılıb və ilk dəfə sərgilənib.
Totem varlıq
Xüsusən Qarabağ bölgəsinin realist xalçalarında it təsvirlərinə çox rast gəlinir. Onlar atların və ya insanların yanında, digər heyvanlarla birlikdə təsvir olunub. Azərbaycanda it insana sadiq gözətçi-mühafiz, ovçu köməkçisi kimi xidmət edən ev heyvanı rolunu oynayır. Çində isə it totem heyvandır. Onun rəsminə Yeni il qravürası kimi ağac məhsullar, dulusçuluq məmulatları, kağız lövhələr, tikmə işləri, heykəllər və binaların üzərində rast gəlinə bilər. Rəngli bayram karnavalları da xeyirxah əjdaha kimi təsvir olunan bu totem heyvanının rəsmi olmadan keçirilmir.
İtin totem heyvan kimi kodlaşdırılmış simvol şəklində təsviri və onun realist rəsmi insan həyatının ayrılmaz tərkib hissəsi kimi konseptual şəkildə ekspozisiya komponentlərini birləşdirib. Ekspozisiya təqdim olunan xalçalardan, cizgi filmlərində simvol-təsvirin təbiətini və mahiyyətini ətraflı izah edən multimedia dəstəyindən ibarətdir. Həm də Çin xalq mədəniyyətində İt təsviri ənənəsini izah edən videohekayələr kompozisiyası da bura daxil idi.
Multimedia dəstəyi
Xalçanın üstündə bədii şəkildə tərtib edilmiş sxematik naxışlar, simvollar canlanmış obraza çevrildi. Demək lazımdır ki, bu multimedia təsvir effekti
sərginin qonaqları üçün ən yaxşı müşahidə vasitəsidir. Bu yenilik canlı və bölünməz maraq doğurdu. O cümlədən uşaqlar və yeni başlamış rəssamlar arasında da maraq doğurdu. Eləcə də tematik olaraq İt rəmzi ilə bağlı olan Çin incəsənəti haqqında videoməlumat bloku da maraq yaratdı.
Yeni il Bahar bayramıdır. "Yeni il" sözü hərfən Çin dilindən tərcümədə bahar bayramı mənasını verir. Onu çox vaxt qeyri-rəsmi olaraq Ay Yeni ili adlandırırlar, çünki bu bayram gününün tarixi ay-günəş Çin təqvimi ilə hesablanır və dəqiq tarixi Ay fazaları əsasında müəyyən edilir. Tarixi mənbələrə görə, bu bayram bizim eradan 180 il əvvəl Çində qeyd olunmağa başlayıb.
Azərbaycan xalqının mədəniyyət ənənəsində bu, Novruz bayramıdır, elm adamlarının fikrincə, bu bayramın yaşı "ən azı 3700 - ən çox 5000 ildir." Çində Yeni il olduğu kimi Novruz da Azərbaycanda ən sevilən və ən məşhur bayramdır. Əgər Çində Yeni ilin totem heyvan simvolu varsa (bu il - İtdir) və 15 gün (16.02-02.03.2018) davam edirsə, bizim Novruz həmişə yaz bərabərlik günü (20-21 mart) baş verir və beş gün davam edir, halbuki bunun üçün hazırlıq bayramdan bir ay əvvəl başlayır.
Ənənələr
Çində. İnsanın öz evini diqqətlə təmizləməsi, öz həyatını istənilən uğursuzluqdan təmizləməsi, xoşbəxtlik üçün yer ayırmaq qaydaya çevrilib. Bu günlərdə Çin sakinləri mütləq böyüdükləri evə gəlib, ailələri ilə birlikdə bayram şam yeməyi ətrafında birləşirlər. Bayramın ilk günündə pis ruhları hürkütmək və ailəyə uğur ruhu gətirmək üçün atəşfəşanlıq təşkil edirlər. Növbəti günün səhəri uşaqlar öz valideynlərini təbrik edir, onlara sağlamlıq diləyir və əvəzində qırmızı kağız zərflərdə pul alırlar. Həmkarlara da bu cür zərflər verirlər. İnanca görə, qırmızı rəng uğur gətirir. Çin ənənələrinə görə, bayram hədiyyələri, çay pulu, toy günü yeni evlənənlərə nəmər pulu belə zərflərin içində verilir.
Zərfdəki məbləğ hətta cüt olmalıdır. Ancaq son illərdə hədiyyə sertifikatları dəb halına gəlib. Yeni il günləri qırmızı fənərlər bayramı ilə sona çatır. Bu mifoloji kökləri olan çox qədim ənənədir. Əfsanəyə görə, hər ilin əvvəlində çinlilər hər şeyi - mal-qaranı, taxılı, ərzaq ehtiyatını və hətta insanları yeyən dəhşətli divdən gizlənirlər. Bu acgöz divin ürəyini yumşaltmaq üçün insanlar qapının önünə qida qoyurlar. Qida nə qədər çox olsa, bir o qədər yaxşıdır. Amma insanlar bir dəfə anlayıblar ki, div qırmızı geyimli körpə uşaqdan qorxdu və bu qərara gəldilər ki, qırmızı rəng divi dəhşətə gətirir.
O vaxtdan bəri, Yeni il günü insanlar öz evlərinin qapı və pəncərələrindən qırmızı fənərlər və qırmızı işıqlar asırlar. Onlar inanırlar ki, divi qorxudaraq evlərindən yan keçməyə məcbur edirlər. Qırmızı fənərlər günündə folklor tamaşaları təşkil edirlər: ağacayaqların gəzintisini keçirirlər, pələng rəqsi ifa edilir və 2006-cı ildə UNESCO tərəfindən Çinin qeyri-maddi mədəni irs siyahısına salınmış Yanqe rəqsi oynayırlar.
Qeyd etmək lazımdır ki, hər bir Çin regionunda bu rəqs üçün öz hekayəsi var. Amma istənilən variantda ifa zamanı dəsmaldan, çətirdən, zərb alətlərindən və yelpikdən istifadə edilir. Süjetin əsasında miflər, əfsanələr, ədəbi əsərlər, gündəlik həyat səhnələri, tarixi rəvayətlər dayanır. Yeni il günləri - barışıq üçün ən yaxşı vaxtdır: bu zaman bütün kin və incikliklər unudulur, insanlar bir-birinə xoşbəxtlik və sülh arzulayırlar. Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhua sərginin açılış mərasimində bildirib ki, Novruz azərbaycanlılar üçün mühüm və əziz olduğu kimi Yeni il də Çin xalqı üçün önəmli və əzizdir.
Azərbaycanda. Novruz hazırlıqları yazda gecə- gündüz bərabərliyinə (20-21 marta) bir ay qalmış başlayır və hər həftənin çərşənbə axşamı qeyd edilir. İlk gələn axşamı Su çərşənbəsidir: bu gün su və su qaynaqları yenilənir və hərəkətə gəlir. Su ilə təmizlənmək bu günə kimi qorunan xalq ənənələri sırasındadır. İnanca görə, bir arx üstündə və ya dar çay yatağından tullanmaq əvvəlki günahların yuyulması deməkdir. Ötən ilin son gecəsi yatmazdan əvvəl bir-birinə su atmaq adətdir. İnanca görə, ilin son gecəsi bütün hövzələrdə suların hərəkəti dayanır və yer üzündə bütün canlılar ona baş əyir, o cümlədən ağaclar da budaqlarını əyir. İkinci çərşənbə axşamı təmizlənmə aparan Od çərşənbəsidir. Üçüncü çərşənbə axşamı Yel çərşənbəsi, dördüncü - sonuncu çərşənbə axşamı Torpaq çərşənbəsidir. İnanca görə, məhz həmin gün yer qış yuxusundan oyanır və yeni həyat başlayır.
Həmin gün evləri təmizləyir, pəncərələri və qapıları açırlar ki, hava kütlələri evə daxil olsun. Çində buna Tsi enerjisi deyərdilər. Yəni həyat enerjisi. Gördüyümüz kimi, hələ qədim dövrlərdən xalq arasında dörd ünsürə hörmət və ehtiram göstərmək adəti var. Bayrama bu qədim ritual yanaşma tərzi xalqın xatirəsində bir ənənə olaraq qalıb və buna bu gün də riayət edilir. Ancaq atalarımız buna tamamilə fərqli məna verirdilər. Ritual və praktik məna. Şübhəsiz ki, onlar yalnız stixiyalara hörmət göstərməklə yanaşı, həm də onlarla qarşılıqlı əlaqə qura bilirdilər. Bu qabiliyyəti, təəssüf ki, biz itirmişik. Novruzdan əvvəl sonuncu çərşənbə axşamı günü hər yerdə tonqal yandırılır, onun üstündən yeddi dəfə atlamaq lazımdır: yaşından asılı olmayaraq, hər kəs bunu etməlidir.
Odu su ilə söndürmək qadağandır. Özünün sönməyini gözləmək lazımdır, sonra külü toplamaq və evdən uzağa atmaq lazımdır. İnanca görə, küllə birlikdə odla yanmış bütün bəla və dərdlər də atılır. Çinlilər kimi, azərbaycanlılarda da bayramın ilk günündə hamı evdə olmalıdır, bayram masası ətrafına toplanmalıdır.
Populyar bir inanc var: "Əgər insan Novruzun ilk günündə evdə deyilsə, onu yeddi il evdə görməyəcəksiniz." Bayram masasında ləziz təamların olmasına böyük diqqət yetirilir. Ənənəvi olaraq, masada "s" hərfi ilə başlayan yeddi nemət, o cümlədən səməni olmalıdır. Xalq inancına görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış əlaməti sayılır. Yəni həmin günlər necə olacaqsa, fəsil də elə keçəcək.
Azərbaycan Xalça Muzeyinin direktorunun assistenti Aynur Məmmədova xalça ilə əlaqəli maraqlı ritualı xatırladı. Həmin gün evini təmizləyən və sahmana salan zaman xalçaları təmizləmək üçün küçəyə çıxarırlar. İnanca görə, qız mütləq xalça üzərində oturmalı və niyyət tutmalıdır ki, təbiətin yeni il halı sayəsində arzu çin olsun.
Xalçalar ritual həyatın bir hissəsi kimi
Azərbaycanda xalçalar ritual xalq fəaliyyətinin xüsusi bir hissəsidir. Yəni hər hansı başqa bir xalqın həyatında olduğu kimi. Qədim dövrlərdə xalça toxuculuğu qadınların məişət yaradıcılığının səlahiyyətində idi. Bu gün isə bu, tətbiqi sənətin bir hissəsidir. Azərbaycanın hər bir etnik rayonuna müəyyən naxış və rəng qamması ilə xarakterizə olunur. Qarabağ zonasının xovlu xalçaları azərbaycanlıların gündəlik həyatı barədə realist süjetlərlə doludur. Tez-tez yanaşı it və at təsvirləri, at üstə süvariləri, qoyunları görmək mümkündür.
İtlər həm realist təsvir manerasında, həm də kökləri itin totem heyvanı olduğu tarixi keçmişə bağlı olan kodlu simvollarla təqdim olunub. Amma xalçaçıların işində bir şey dəyişməz olaraq qalır: daha yaxşı bir gələcəyə inam. Əslində, xalçanı yaradan qadın müəllif onu öz həyatının detalları ilə şifrələyib. Təcrübəli və məlumatlı sənətşünaslar ötən əsrin və daha öncələrin ismarıclarını bu gün oxumağa qadirdirlər. Bu ismarıclar barələrində bilinməyə layiqdir. Yalnız kompozisiya və rənglərinin estetik qavrayışı baxımından deyil, həm də kodlanmış informasiya yükü baxımından layiqdir. Bu ismarıclar xalça məhsulları vasitəsi ilə gələcək nəsillərə dünyəvi etiraf, dünya xəritəsində Azərbaycan adlı coğrafi məkanın etnik, tarixi və zaman mənsubiyyəti barədə sübutlardır.
MƏSLƏHƏT GÖR: