Müəllif: Natalya QARAXANOVA
Təhsil Nazirliyi və beynəlxalq təhsil şirkəti "Alqoritmika" (uşaqlara proqramlaşdırma öyrədilməsi üçün IT-sistemlərinin və kursların layihələndiricisi) tərəfindən 2017-ci ilin sentyabr ayında başladılan pilot layihəyə Bakıda ən azı 40 orta məktəb qoşulub. Layihənin mahiyyəti məktəblərdə informatika fənninin fərqli formatda tədrisidir ki, bu, uşaqlara praktikada yeni texnologiyalar və rəqəmsal vərdişlər öyrətməyə imkan yaradır. Layihə Bakının iki məktəbində beşinci siniflərində başlanılıb. Noyabr ayında daha beş məktəb də bu yeniliyə qatılıb. Beləliklə, altı ay ərzində pilot layihə 5000-ə yaxın şagirdi əhatə edib.
"Alqoritmika" platforması artıq uğurla Rusiya və Qazaxıstanın 35 şəhərində istifadə edilib. Əgər uzaq xarici ölkələr haqqında danışılarsa, proqramlaşdırma üzrə ilk master-klasslar Polşa, Avstraliya və İsraildə keçirilib. Layihəçilər hər bir ölkə üçün interfeysi dövlət dilinə tərcümə edirlər.
Marsın fəthi
«Alqoritmika» yalnız uşaqlara kodu necə yazmağı öyrətməyi qarşısına məqsəd qoymayıb - əgər uşağın alqoritmik təfəkkürü yoxdursa, bu, çox çətin ola bilər. Təlimin əsas məqsədi aşağıdakılardır: gələcəkdə kompüter elmləri, riyaziyyat, fizika kimi fənləri qavramaqda yardımçı olacaq düşüncə tərzi formalaşdırmaq, layihə təfəkkürünü və marağa meyilliyi inkişaf etdirmək. Əlbəttə ki, prosesin gedişində uşaqlar proqramlaşdırmanın əsaslarını öyrənirlər.
Buna onlayn platforma kömək edəcək ki, onun vasitəsi ilə uşaqlar yeni bilik əldə edirlər. Hər bir məşğələ bloku uşaqda xüsusi bacarıq inkişaf etdirir, lakin bütün bloklar bir süjetdə birləşir: Marsa kosmik gəmi göndərmək. Təlimin asan və əyləncəli keçməsi üçün uşaqlar rəngli blokları istifadə edərək, proqram komandaları verirlər. Beləliklə, uşaqlar addım-addım bu gün ən çox tələb olunan proqramçı peşəsi üzrə ilk addımlarını atırlar.
Təlim proqramında qarışıq tədris (blended learning) yanaşmasından istifadə olunub ki, bu, sinifdə onlayn simulyator ilə fərdi işləri və müəllim məşğələlərini birləşdirir. Müəllim və şagirdlər internetə bağlı istənilən kompüterdən girişi olan vahid IT sistemində işləmək üçün fərdi hesablar əldə edirlər. Platformanın texniki həllərinin hesabına şagird öz qavramasından asılı olaraq, daha yüngül və ya daha mürəkkəb proqram ilə məşğul ola bilər. Platforma təhlil apararaq şagirdin hansı mövzuları xüsusilə yaxşı yerinə yetirdiyini, hansıları isə qüvvətləndirməli olduğunu təyin edir və onun üçün unikal proqram seçir.
Müəllimlər məktəblilərin tədris yolu ilə rahat irəliləməsinə kömək edirlər. "Alqoritmika" müəllimlər ilə mümkün qədər çox işləməyə çalışır. Onların hamısı pedaqogika sahəsində böyük təcrübəyə malik olmaqla yanaşı, uşaqlara məntiqi düşünmə və proqramlaşdırma öyrətməyə can atırlar, amma hər bir uşağa fərdi olaraq yanaşmağa çalışırlar. Layihə rəhbərləri əmindirlər ki, effektiv təhsil üçün şagirdlərlə müəllim arasında dostluq münasibətləri çox vacibdir. Beləliklə, müəllimlər yaşca böyük ustadlar kimi fəaliyyət göstərirlər.
"Mən sanıram ki, indi Azərbaycanda informatikaya maraq daha keyfiyyətli bir səviyyəyə yüksəlib!" - deyə 160 saylı məktəbin informatika müəllimi Növrəstə Əliyeva fikirlərini bölüşür: - "Uşaqların heç də hamısı və heç də həmişə uğuru asanlıqla əldə etmir, buna görə də biz yardım etməyə və bu fənnə marağı dəstəkləməyə, uşaqları səy göstrməyə həvəsləndirməyə çalışırıq. Biz inanırıq ki, bizim beşinci sinif şagirdləri çox bacarıqlıdır!"
Yeni səviyyəyə çıxmağın vaxtıdır
"Bakıda layihənin başlanması anından biz onun inkişafını yaxından müşahidə edirik, bütövlükdə yeniliyin necə inkişaf etməsini təhlil etməklə qalmırıq, həm də onun öz ətrafındakı mühiti necə dəyişməsini izləyirik", - deyə «Alqoritmika. Azərbaycan» layihəsinin baş direktoru Renat Əsədov bildirib: "Bizim müəllimlərlə əks əlaqəmiz var, biz uşaqların öyrədilməsi prosesinin necə getdiyini, onların materialı nə qədər tez və asanlıqla öyrəndiyini izləyirik. Həm də izləyirik ki, yeni düşüncə formasının inkişafı digər fənlərdəki qavramaya necə təsir göstərir və buradakı nəticələr bizi çox sevindirir".
Renat Əsədovun sözlərinə görə, layihə qrupu yalnız müəllimlərlə deyil, həm də şagirdlərin valideynləri ilə sıx əlaqə saxlayır ki, məqsəd həm məktəbdə, həm də evdə uşaqların müsbət irəliləyişlər əldə etdiyini müəyyən etməkdir. Valideynlər qeyd edirlər ki, uşaqlarda alqoritmik, yaradıcı düşüncə inkişaf edir. Pişəvəri adına Humanitar gimnaziyanın IT müəllimi Gülnarə Şahmərdanova deyir ki, onlar özləri üçün tanış olan şeylərə - cizgi filmlərinə, oyunlara və s.-ə fərqli gözlərlə baxırlar: "Biz müəllimlər üçün bu valideynlərdən təşəkkür almaq çox xoşdur. Həm də müşahidə etmək xoşdur ki, fənnin mənimsənilməsi uşaqların düşüncəsinin inkişafı ilə yanaşı, həmyaşıdları ilə münasibətlərinə də müsbət təsir göstərir".
Yeni imkanlar
"Belə bir termin var - "rəqəmsal bərabərsizlik". Onun mahiyyəti ondan ibarətdir ki, ölkə əhalisinin yalnız kiçik bir hissəsi müasir rəqəmsal texnologiyaların təqdim etdiyi imkanlardan istifadə edə bilir. Mən şadam ki, Azərbaycan uğurla rəqəmsal bərabərsizliyi aradan qaldırır və "1 şagird - 1 kompüter" təhsil sistemi istiqamətində addımlar atır ", - deyə «STEP IT Academy Baku»nun direktoru Aleksey Sleptsov bildirib.
"Alqoritmika" mükəmməl bir innovasiya məhsuludur və irəliyə böyük bir sıçrayışdır. Bu, uşağın interaktiv mühitə daha çox girişinə imkan yaradır. Ümumilikdə interaktiv təhsil haqqında danışsaq, mən düşünürəm ki, əldə etdiklərimizlə dayanmamalıyıq. Biz çalışmalıyıq ki, yalnız informatika deyil, bütün digər məktəb fənləri, interaktiv rejimdə tədris edilsin ki, hər bir məktəbli məktəblə fərdi kompüterdən və ya planşetdən istifadə edərək, tapşırıqları
yerinə yetirə və təhsil-tədqiqat layihələrində iştirak edə bilsin. Bu, yeni imkanlara və yeni resurslara böyük bir addım olacaq», - deyə həmsöhbətimiz yekunlaşdırıb.
İnformatika fənninin tədris formatının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi nəticəsində məktəb məzunlarının kompüter savadı səviyyəsini yetərincə artırmaq, şagirdlərin yüksək texnologiyalı peşələrə diqqətini cəlb etmək, kompüter və rəqəmsal sahələrdə universitetlərə qəbul üçün abituriyent bazasını artırmaq planlaşdırılır. Təqdimatlardan birində layihə rəhbəri Fəxri Qurbanov qeyd edib ki, proqramlaşdırmanın populyarlaşdırılması və ixtisaslı kadrların sayının artırılması Azərbaycana beynəlxalq arenada daha rəqabətqabiliyyətli olmaq üçün imkan yaradır, çünki bütün dünyada rəqəmsal vərdişlərin tədrisi məktəb proqramının ayrılmaz hissəsinə çevrilir.
Şagirdlərin özlərinə gəldikdə isə onlar heyranlıq içindədirlər. 160 saylı məktəbin şagirdlərindən biri bizimlə söhbətində etiraf edib ki, "Alqoritmika" sayəsində çox şey onun üçün o qədər aydın olub ki, bu fənsiz necə keçiniləcəyini təsəvvür belə edə bilmir. Yəni yaxşı bir başlanğıc üçün çox yaxşı bir səbəbdir. Yalnız ümid etmək qalır ki, bu effektiv proqrama yalnız Bakı məktəbləri deyil, həm də region məktəbləri də cəlb ediləcək və Azərbaycanın ucqar ərazilərində yaşayan şagirdlər də proqrama qoşulacaq.
MƏSLƏHƏT GÖR: