Müəllif: Valentina REZNİKOVA
Məşhur alman rəssamı Mişa Kuball özünün Space-Speech-Speed («Fəza - Nitq - Sürət») instalyasiyasını Bakıda təqdim etmək fikrinə hələ 2017-ci ildə, Azərbaycan paytaxtına ilk səfəri zamanı düşmüşdü. Və budur, bu, baş verdi. İnstalyasiya «Goetce-Zentrum Baku»nun dəstəyi ilə "Kapelhaus" Almaniya - Azərbaycan Mədəniyyət Cəmiyyətinin sərgi salonunda baş tutub. «Goetce-Zentrum Baku» dünyanın bir çox ölkələrində şöbələri olan Alman mədəniyyət müəssisəsi «Goethe Institut»un bir qoludur. Təşkilatın fəaliyyəti alman dilinin xaricdə yayılmasına və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlib.
İşıq rəssamı
Mişa Kuball (Mischa Kuball) 1959-cu ildə Düsseldorfda anadan olub. Slavyan kökləri var (atası serbdir), tibb, sonra psixologiya üzrə təhsil alıb. Nəticədə, rəssam olub. Gəncliyində yaşadığı incəsənətlə məşğul olmaq arzusu gerçəkləşib. Bu gün o, Köln İncəsənət Akademiyasının professorudur, Avropada və ABŞ-da tanınmış bir rəssamıdır. Onun fərdi sərgisi dünyanın böyük muzey və qalereyalarında təqdim edilib: Sao Paulo Biennale (1998), Nyu-York Yəhudi Muzeyi (2002), Moskva Tretyakov Qalereyası (2003), (2008) Tokioda NTT-Communication Center, Pompidu -Mets Mərkəzi (2010) və s. Onun yaradıcılığı barədə mübahisə edir, kitablar yazırlar. Və Kuballı hər şeydən daha yaxşı onun barəsində diskussiyalara qatılanların adları xarakterizə edir: Boris Qroys (sovet və alman incəsənət tarixçisi, filosof, yazıçı və publisist), Peter Vaybel (Avstriya rəssamı, media incəsənəti nəzəriyyəçisi), Florian Mattsner - çağdaş dünya mədəniyyəti kontekstində öndə gedən insanlardır.
İnstalyasiya
Kiçikölçülü zalda kosmik məkan ab-havası yaranır və bu, ikinci reallıq hissi oyadır. Burada siz tavan və divarları unudursunuz. Başınızı geri ataraq, gözlərinizi sanki səmaya - ənginliklərə yönəldirsiniz, sonra özünüzü orda "hiss edirsiniz", saysız-hesabsız ulduzlar üzərinizə axır, sizsə onların arasında uçaraq səssizlik fəzasını yarıb keçirsiniz. Siz və göylər. Siz və ulduzlar. Siz və kosmik gerçəklik. Fantastik və inanılmazdır. Alışdığımız gündəlik həyata, Yer həyatına bənzəmir. Yəqin ki, kosmos öz qalaktikaları, qara dəlikləri, planetləri ilə belə görünür. İstəmədən Ayzek Əzimovun, Stanislav Lemanın, İvan Yefremovun, Ursula Lequinin romanlarını xatırladır...
Sonsuzluq fəzasında yerdəyişmə illüziyası yaranır. Fantastik, heç nəyə bənzəməyən hissdir! Baş fırlanır və yer ayaqlar altından qaçır. Burada meditasiya etmək, xəyala dalmaq, fantastik süjetlər düşünmək, gerçəkliyi unutmaq məsləhətdir. Bəlkə də, bu, arzu və gerçəkliyin birləşməsidir? Yaxud ikinci reallıqdır? Fantaziya və yaradıcılıq qanunlarının tənzimlədiyi bir məkandır? Arzuların bədii təzahür fəzasıdır? Dinclik. Arzu. Harmoniya. Ruhun təmizlənməsi. Yaradıcılıq və quruculuq iradəsi. Həyat!
İdeal fəza arzusu
Rəssamlar xoşbəxt insanlardır. Onlar fəzaya daha mükəmməl forma və məzmun verərək çevirə bilirlər. Mişa Kuball işıq ilə işləyir, işıq instalyasiyası janrında işləyir, «dabl - post» - eyni şeyin təkrarı mədəniyyətinə üstünük verir. Bu mədəniyyətin təməlində parçalanmış postmodern dünya modelinin dinamik xaos modelinə transformasiya edən rəqəmsal üslub dayanır. Əsasların sonsuz çoxluğunu sonsuz çoxluqların əsası əvəzləyir - təkrarlamadır. Bu mədəniyyətə hərəkətin qeyri-xəttiliyi, fəzanın toxunma və cismani virtuallaşması səciyyəvi olan kinetik format xasdır. Nəticə - baxımlı və möhtəşəm bir əhatədir.
Bu sənət növünə keçid birdən-birə olmayıb, olduqca qanunanuyğun şəkildə baş verib. Banilərindən biri macar rəssamı Lásló Mohoy-Nad olan işıq-kinetik incəsənətinin keçmişinə elə də nüfuz etmədən yalnız onu deyə bilərik ki, işıq instalyasiyası xüsusi bir sənət növü kimi dünya incəsənətinin tarixinə 1990-cı illərdə daxil olub. Bu istiqamətdə işləyən rəssamlar öz konsepsiyalarının ifadəsi üçün yalnız işıqdan deyil, həm də müxtəlif (açıq, qapalı) fəzalardan, əşyalardan, təbiətdən (ağaclardan, sututarlardan), memarlıqdan (binaların fasadlarından, şəhərlərin küçə və meydanlarından), kompüterdən, musiqidən, sözlərdən istifadə edirlər.
Mişa Kuball qaranlıq qapalı fəzada işıqla işləyir və real işıq xoreoqrafiyası yaradır. Kosmik fəzanın illüziyası güzgülü plitələrlə əhatə olunmuş kürələrin və onlara yönəlmiş işıq axınının iştirakı ilə yaranır. Kürələr fırlanır və onların güzgü səthlərinin üzərinə düşən işıq seli hərəkət edən saysız-hesabsız ulduzlar yaradır, Ayı və ya onun nazik dilimini - ayparanı əks etdirir. Bu işıq nümayişində şəkillər daima dəyişir və tamaşaçıları öz sehrinə cəlb edir. Gözəl, ürəyi sakitləşdirən dünyanın illüziyası doğulur. Bu, ovsunlayır və ideal fəza arzusunu reallığa çevirir.
Bakıda bu cür sərgi ilk dəfədir ki, keçirilir və həm turistlər, həm də Bakı sakinləri arasında böyük uğurlar qazanır. Bu, şəhərin mədəni konteksti baxımından maarifilik əhəmiyyətinə malikdir, yerli art-rəssamlar və 3D-qrafika mütəxəssisləri arasında işıq dizaynının inkişafı üçün perspektivlər açır. Özəlliklə, Mişa Kuballın sərgisi teatr rejissorları və rəssamları üçün tamaşaların bədii tərtibatı baxımından fantastik imkanlar yaradır.
Beynəlxalq işıq festivalı
İşıq 21-ci əsrin dizayn incəsənətinin strukturuna möhkəm daxil olaraq, müxtəlif ölkələrin rəssamları arasında bədii dialoq predmetinə çevrilib. Bununla bağlı, mütəmadi olaraq beynəlxalq festivallar keçirilir, orada işıq instalyasiyasının estetikliyi, energetik effektivliyi və erqonomikliyi nümayiş etdirilir. Moskvada belə bir festival "İşıq kürəsi", Lionda (Fransa) "İşıq bayramı", Nürenburqda (Almaniya) "Mavi gecə" adlanır.
Bu festivallarda işıq instalyasiyası şəhərlərin küçələrində, meydanlarında və parklarında keçirilir. Gecələr muzeylər işləyir, şəhər boyunca musiqi və rəqs illüziyaları, illüminasiyaları təşkil edilir. Festivallar ümumşəhər bayramlarına çevrilir. Onlar sakinlərə gözəl əhval bəxş edir və peşəkarlara sənət təcrübəsi mübadiləsi imkanları verir. İnanmaq istəyirik ki, Mişa Kuballın Bakı "qastrolları" Azərbaycan paytaxtında kök ata biləcək yeni bir cərəyanın başlamasına səbəb olacaq.
Musiqi və işıq ritmlərində
«Fəza - Nitq - Sürət» rəssamın yaradıcılığında çox sayda işıq instalyasiyalarından biridir. O, işığın təkcə əhvali-ruhiyyəni deyil, həm də ictimai yerin mənasını dəyişdiyini təsdiq edən bir çox əsərlərin müəllifidir.
Rəssam yaradıcılığını muzey binaları çərçivəsində məhdudlaşdırmır. O, memarlıq binaları ilə işləyir, sübut edir ki, bədii-konseptual düşüncə istənilən məkanı dəyişə bilər. O cümlədən ətraf mühiti də. Bəzən bu sərgisini o, sükutla və səssizliklə keçirir: yalnız işıq, insanlar və sakitlik hökm sürür, bəzən isə bunu musiqi müşayiət edir.
Bakıda sərginin müvəffəqiyyətli açılışını «DJ Hazi»nin ifası müşayiət edirdi. Təşkilatçılar tamaşaçılara daha bir musiqi proqramı - «Dihaj»ı təqdim etdilər. Səslər divarlarına fırlanan işıq instalyasiyaları proeksiya edilmiş "Kapelhaus" fəzasında istifadə edilir, bu, rəssamın izləyicilərin qavrayışı ilə duyğusal, estetik və vizual qovuşma ideyasını gerçəkləşdirir. Çünki onun fikrincə, insan 60% sudan təşkil olunduğu üçün rezonans üçün yaradılıb. «Bu, müasir memarlığın, işığın, elektron musiqinin və pablik-artın qarışığından ibarət sərhəd layihəsidir», - deyə o bildirir, yəni hazırlıqsız tamaşaçıya ünvanlanmış bir şəhər mühiti sənətdir.
MƏSLƏHƏT GÖR: