Müəllif: Müəllif: Fuad Allahverdiyev, “AzerTelecom” MMC-nin Baş icraçı direktoru
İnformasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin və dövlətin həyatının dəyişilməsi, yeni inkişaf tendensiyalarının tətbiqində mühüm rolu var. Qloballaşma şəraitində İKT sahəsində həyata keçirilən mühüm layihələr insan həyatına öz müsbət təsirini göstərir, rəqəmsallaşma, elektron xidmətlərin artımı informasiya cəmiyyətinə keçidi daha da sürətləndirir ki, burada da ilk öncə bu texnologiyaların düzgün şəkildə tətbiqi və sağlam baza üzərində reallaşması aktuallıq kəsb edir.
Səsli rabitədən data xidmətlərinə
Müasir tendensiyalara cavab vermək iqtidarında olan texnoloji sistemin qurulması, rəqəmsal transformasiyanın tam sürətlə həyata keçirilməsi heç də asan deyil. Bu həm müvafiq texnologiyaların tətbiqini, həm də sərmayə yatırımını tələb edir. Həmçinin mühüm məqamlardan biri də ilk öncə texnoloji təməlin – sabit (fixed) bazanın olmasıdır. Belə bir təməl olmadan texnoloji inkişaf mümkün ola bilməz. Müxtəlif inkişaf etmiş ölkələrdə müşahidə olunan texnoloji inkişafın da əsasında məhz sağlam və keyfiyyətli baza dayanır. Digər məqamlardan biri də texnoloji təməlin, yəni bazanın müasir standartlara cavab vermək imkanına malik olması, düzgün qurulması və onun üzərində innovativ texnoloji platformaların yüksəldilməsidir.
Hazırda istər Mobil biznes, Fixed Broadband Business (Sabit Genişzolaqlı Biznes) istərsə də MFS (Mobile Financial Services - Mobil Maliyyə Xidmətləri), FinTech (Maliyyə texnologiyaları) və ya IoT kimi platformalar üzrə sistemlər sabit texnoloji baza və infrastruktur olmadan çalışa bilməz. Məsələn, keyfiyyətli İPTV və ya OTT xidməti üçün sürətli internet və proqram təminatı, MFS üçün mobil telefon üzərindən maliyyə ödəmələrinə imkan verən infrastruktur və hüquqi nizamlama mexanizmlərinin olması vacibdir. Həmçinin də FMC (Fixed Mobile Convergence – Sabit Mobil Konvergensiya) sisteminin işləməsi üçün sabit xətt biznesi ilə mobil biznesin konvergensiyası – yəni fəaliyyət nöqtələrinin birləşməsi istiqamətində tam bir infrastruktur olmalıdır. Əks halda bu biznes üçün böyük itkilərə gətirib çıxara bilər. Eləcə də M2M, Big Data kimi texnoloji istiqamətlərdə də bu amil mühüm əhəmiyyət kəsb edir.
Mobil operatorların güclü sabit (fixed) baza üzərindən sürətli xidmətlər təqdim etməsi günün tələbidir. Hazırda mobil operatorlar özlərinin yeni inkişaf mərhələsinə qədəm qoyur, gələcək biznesin artıq səsli rabitə deyil, data xidmətləri və məzmun (kontent) əsasında inkişaf edəcəyini yaxşı anlayırlar. Mobil və sabit xətt biznesinin konvergensiyası şəraitində dünya üzrə telekommunikasiya operatorları tərəfindən təqdim edilən “triple play” (3 xidmət - mobil, televiziya, internet xidməti) və ya “quadruple play” (4 xidmət - mobil, televiziya, sabit (fix) xətt telefon xidməti və internet) xidmətlərinin sürətli və qüsursuz şəkildə çalışması üçün də ilk öncə sabit bazanın güclü və dayanıqlı olması lazımdır.
Hazırda dünya miqyasında yeni inkişaf istiqaməti olan 5G texnologiyasının tətbiqi ilə bağlı da mobil operatorların ilk öncə bu sistemə hazır olması, sabit (fixed) şəbəkəni düzgün şəkildə qurması lazımdır ki, bu da yeni sərmayə və əməliyyat xərclərini özündə ehtiva edir. Qarşıdakı dövrdə mobil operatorların 4G sistemindən 4.5G Pro sisteminə daha sonra isə 5G sisteminə keçidi ilə bağlı sabit infrastruktur daha da güclənməli, innovativ texnoloji istiqamətlərdə həm dövlət, həm də özəl sektorun sərmayə yatırımı ilə bağlı işlər aparılmalıdır. Bu gün dünya miqyasında 5G texnologiyası test rejimindədir və yaxın müddətdə bu sistemin tətbiqi planlaşdırılır. Mobil operatorlar bu texnologiyanın onlara yeni imkanlar açacağını dərk edirlər. Onlar həm də bunun tətbiqi üçün sabit infrastruktura olan yatırımlarının da həcminin artacağını anlayırlar. Eyni zamanda operatorlar istifadəçilərin artan tələbləri fonunda mövcud 4G sistemini də təkmilləşdirirlər. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “Mobil İqtisadiyyat 2017” adlı hesabatına əsasən, 5G istiqamətində bir çox ölkələr tezliklə kommersiya buraxılışını həyata keçirəcəklər. Belə ki, Cənubi Koreyanın “KT” (Korea Telekom) korporasiyası 5G kommersiya buraxılışını 2019-cu ildə reallaşdıracaq. Yaponiyanın “NTT DoCoMo” şirkəti bu xidməti 2020-ci ildə istifadəyə verəcək. Çin Xalq Respublikasının “China Mobile” şirkəti 10 min 5G stansiyasını 2020-ci ilə qurmağı planlaşdırır. Avropa ölkələrində Avropa İttifaqının ən azı bir şəhərində 2020-ci ildə bu xidmətin istifadəsi planlaşdırılır. Yaxın Şərqdə isə “Etisalat” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Expo-2020 üçün ümummilli miqyasda 5G-ni buraxmağı nəzərdə tutur. Təşkilatın hesabatına əsasən, 5G şəbəkəsi 2025-ci ilə qədər dünya əhalisinin 1/3 hissəsini əhatə edəcək.
“Deloitte” şirkəti də 2023-cü ilə qədər 5G sisteminin bir çox inkişaf etmiş bazarlarda tətbiqini qeyd edir. Şirkət “Texnologiya, Media və Telekommunikasiya proqnozları 2018” adlı hesabatında bildirir ki, 5G daha yüksək sürət və qoşulma imkanları təklif edəcək.
Ümumilikdə, beynəlxalq təşkilatlar operatorların gələcəkdə infrastruktura olan xərclərinin artacağını qeyd edirlər. IDC (International Data Corporation – Beynəlxalq Data Korporasiyası) təşkilatının proqnozlarına görə 2021-ci ilə qədər bulud xidmətlərə və infrastruktura, avadanlıq, proqram təminatı və bulud hesablamaları üçün dünya üzrə xərclər ikiqat artacaq və 530 milyard dollara çatacaq.
Azərbaycan: elektron hökumətdən mobil hökumətə
Qeyd olunan məsələlər Azərbaycan üçün də aktuallıq kəsb edir. Hazırda ölkəmizdə İKT sahəsində yeni istiqamətlər formalaşmaqdadır. 10 il öncə reallaşması çətin görünən texnoloji layihələr bu gün uğurla icra olunur. Müasir standartlara cavab verə bilən Data Mərkəzlərin təsis edilməsi və dövlət tərəfindən bu istiqamətdə mühüm diqqətin ayrılması, operatorlar tərəfdən mobil maliyyə istiqamətində ilk addımların atılması, internetə qoşulan əşyaların sayının gündən günə artması və beləliklə də IoT və M2M istiqamətlərinin inkişafı bunu göstərir. Həmçinin OTT platformasının da artıq, demək olar ki, bütün ənənəvi və yeni nəsil kabel operatorları tərəfindən göstərilməsi bu sahədə oturuşmuş bir təməlin artıq formalaşdığının göstəricisidir. Bir müddətdən sonra ölkəmizdə mobil maliyyə xidmətləri də aktuallıq kəsb edəcək. Mobil operatorlar artıq səs, əlavə dəyər yaradan xidmətlər, internet rabitəsi ilə yanaşı, mobil ödəmələr bazarına daxil olacaqlar. Bu rəqəmsal ödənişlər sistemində yeni imkanlar açacaq ki, bunun üçün də müasir standartlara cavab verən texnologiyaların tətbiqi, sabit (fixed) texnoloji bazanın qurulması və ya yenilənməsi indidən aktuallıq kəsb edir.
Hazırda ölkəmizin telekom sektorunun iştirakçıları olan özəl sektor nümayəndələri də innovativ texnologiyaların tətbiqi üçün texnoloji təməlin inkişafı məsələsinə xüsusi diqqət yetirməli, bu sabit bazanın inkişafı və yenilənməsinə sərmayə yatırmalıdırlar, çünki bir qayda olaraq, məhz keyfiyyətli və sağlam sabit texnoloji baza gələcəkdə əlavə xərclərin çəkilməsinin qarşısını əhəmiyyətli şəkildə alır.
İndiki şəraitdə mobil cihazlar üzərindən əməliyyatların sayının artması, mobil telefonun artıq şəxsiyyətin identifikasiyası vasitəsinə çevrilməsi, elektron xidmətlərdə istifadəsi hər ötən gün texnoloji transformasiyanı, yeni istiqamət olan mobil hökumət konsepsiyasının daha da aktuallaşmasını şərtləndirir ki, bu da məhz sağlam baza üzərində uğurla həyata keçirilə bilər. Yeri gəlmişkən onu da bildirək ki, rəqəmsal ödənişlərin genişləndirilməsi, mobil hökumətə keçid məsələsi cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı il 6 dekabr tarixli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də qeyd olunur. Burada “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olan “mobil hökumət” (mGov) konsepsiyasının hazırlanması məsələsi əks olunur. Ümumilikdə, Strateji Yol Xəritəsində qeyd olunur ki, informasiya və kommunikasiya sektoru üzrə 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış uzunmüddətli perspektivdə İKT sahəsində regionda lider ölkəyə çevrilmək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin artan tələbatını təmin edən telekommunikasiya infrastrukturu yaratmaq, sabit və mobil genişzolaqlı şəbəkə vasitələrinin əhatə dairəsini 95 faizə çatdırmaq, təhsil sistemində texnologiyayönümlü strukturlaşmanın, o cümlədən rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait yaratmaq, ölkədə bank, maliyyə, təhsil, tibb və s. sosial sahələrdə artıma təkan vermək və elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaqdır.
Bütün bu yeniliklərin icrasında əsas hərəkətverici və nizamlayıcı qüvvə olan dövlət müstəsna rola malikdir. Lakin vacib məqamlardan biri də məhz ən müxtəlif şirkətlərin – telekommunikasiya operatorlarının təşəbbüslərlə çıxış etməsi, yeni texnoloji istiqamətlərə sərmayə yatırması, ilkin sabit bazanı-təməli inkişaf etdirməsi, bununla da, İKT sektorunun dayanıqlı inkişafını təmin etməsi və informasiya cəmiyyətinə keçid prosesini sürətləndirməsidir.
MƏSLƏHƏT GÖR: