Müəllif: Nurlanə QULİYEVA
Azərbaycanın dünyanın ən nüfuzlu iqtisadi kartellərindən biri - OPEK-lə rəsmi əməkdaşlığa başlamasından bir ildən bir az artıq vaxt keçib və artıq məlumat var ki, təşkilat ölkəni öz sıralarında görmək ehtimalını nəzərdən keçirir. Bu mövzuda söhbətlərin yaranmasının əsas səbəbi OPEK baş katibi Məhəmməd Barkindonun Bakıya bu yaxınlarda etdiyi səfər olub və o, neft hasilatının azaldılması üzrə OPEK və OPEK+ arasında müqavilənin imzalanmasında Azərbaycanın mühüm rolunu qeyd edib. Bununla yanaşı, ekspertlər ölkənin kartelə daxil olmasının məqsədəuyğunluğundan əmin deyil və onunla əməkdaşlıq çərçivəsinin mövcud səviyyəsini dəstəkləyirlər.
OPEK-in yeni görüş yeri
Bəllidir ki, Azərbaycan 2016-cı il dekabrın 10-da neft hasilatını gündə 558 min barel məhdudlaşdırmağa razılaşan neft ölkələri sırasına daxil olub. Bu, neft qiymətlərini sabitləşdirmək məqsədi daşıyırdı. 2017-ci il mayın 25-də OPEK Nazirlər Şurasının 172-ci iclasında müqavilənin müddətini 2018-ci ilin birinci rübünün sonuna qədər uzatmaq barədə razılığa gəlinib. Müqaviləyə əsasən, Azərbaycan öz neft istehsalını sutkada 35 min barel azaltmağı öhdəlik götürüb. Ötən il noyabrın 30-da OPEK Nazirlər Şurasının 173-cü iclasında tərəflər sazişin daha 9 ay müddətinə - 2018-ci ilin sonunadək uzadılmasına razılıq veriblər.
Azərbaycan da yeni razılaşmaya qoşulub və hasilatı gündə 35 min barel azaltmağı öhdəsinə götürüb. Anlaşmaya əsasən ölkə OPEK-in Müşahidə Komitəsinin birgə texniki komissiyasına gündəlik neft istehsalı üzrə hesabat verir və götürdüyü öhdəlikləri yerinə yetirir. "Azərbaycan dövləti olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, hasilatın məhdudlaşdırılması haqqında müqavilənin gələn ilin sonuna qədər uzadılması məqsədəuyğundur və bu qərar neft bazarında əldə edilmiş nailiyyətləri möhkəmləndirəcək , nəticələri daha uzunmüddətli edəcək", - deyə energetika naziri Pərviz Şahbazovun bildirib. Lakin ilk başdan ekspertlər qeyd ediblər ki, Azərbaycan üçün Vyana müqaviləsinin özünə aid hissəsini yerinə yetirmək elə də çətin olmayacaq, çünki bu mərhələdə ölkədə istehsalı kəskin artıra biləcək heç bir yeni neft yatağının işə salınması üzrə hansısa iri bir layihələr yoxdur.
Bundan əlavə, OPEK elə bu il Azərbaycanda neft hasilatının ötən 2017-ci illə müqayisədə sutkada 0,03 milyon barel azalmasını gözləyir. Bu barədə kartelin açıqladığı aylıq hesabatda vurğulanır. Azərbaycanda neft hasilatı orta hesabla gündə 0,77 milyon barel səviyyəsində proqnozlaşdırılır. "2017-ci ildə Azərbaycan neftinin hasilat həcmi sutkada 0,05 milyon barel azalaraq 0,80 milyon barel oldu", - deyə hesabatda qeyd edilib.
Hər halda, Azərbaycan tərəfindən OPEK-in təşəbbüsünün dəstəklənməsi hər iki tərəf üçün strateji xarakter daşıyır. Buna görə qurumun baş katibi Məhəmməd Barkindonun Bakıya səfəri, onun açıqlaması neft bazarının söz sahibləri arasında Azərbaycanın yerinin müəyyən edilməsi ilə bağlı önəmli hadisə kimi qiymətləndirilə bilər. "Mən neft bazarı üçün ən çətin vaxtlarda mühüm rol oynamış bu tarixi razılaşmanı dəstəklədiyi üçün Azərbaycana minnətdarlığımı bildirirəm", - deyə M.Barkindo bildirib.
Bundan başqa, onun sözlərindən aydın olub ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev təklif edib ki, neft hasilatının dondurulması üzrə OPEK və OPEK+ çərçivəsində görüşlərin biri Bakıda keçirilsin və bu təklif qəbul olunub. Yada salaq ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirdiyini xatırladıb, həmçinin neft qiymətlərinin sabitliyinin təmin edilməsi üçün koordinasiya edilmiş fəaliyyəti yüksək qiymətləndirib, çünki onlar yaxşı nəticələr verirlər. O, qeyd edib ki, dünya bazarında neft qiymətlərinin dəstəklənməsi üzrə ən faydalı tədbirləri müəyyənləşdirmək üçün OPEK və Azərbaycan əməkdaşlığı davam etdirirlər.
Neft qiymətlərinin keşiyində
Bakıda M.Barkindo həm də bildirib ki, bir il ərzində dünya neft bazarlarında sabitliyi bərpa etmək üçün istehsalın azaldılması üzrə qlobal razılaşmanın təsir edəcəyinə ümid edir. Onun sözlərinə görə, bazar yavaş-yavaş sabitləşir və bunda iştirak edən neft istehsalçısı ölkələr hazırda müqaviləni 2018-ci ilin dekabrınadək genişləndirməyə yönəliblər. O, vurğulayıb ki, sazişin vaxtının uzadılması OPEK üzü olan, eləcə də OPEK+ sazişinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin 2018-ci il iyun və noyabr konfranslarında müzakirə olunacaq.
"Biz şadıq ki, bildirək, müqavilənin iştirakçısı olan, demək olar ki, bütün ölkələr neft hasilatının məhdudlaşdırılmasını nəzərdə tutan öhdəliklərini 100% yerinə yetirirlər. OPEK+ ölkələri müqavilənin və onun gələcəkdə uzadılmasının səmərəliliyinin öyrənilməsi çərçivəsində işi davam etdirirlər ", - deyə M. Barkindo bildirib.
Baş katib bildirib ki, OPEK+ müqaviləsinə qoşulmuş digər ölkələrə də səfər etməyi planlaşdırır və onlarla uzunmüddətli əməkdaşlığa ümid edir. Onun sözlərinə görə, təşkilat yalnız istehsalçıların deyil, həm də neft istehlakçılarının maraqlarını müdafiə edir və ümumiyyətlə, bazarda mövcud tendensiyalar əvvəllər verilmiş qərarların doğru olduğunu göstərir. Eyni zamanda baş katib bazarda fərqli fikirlərin mövcudluğunu da inkar etmir. Amma bununla belə, qeyd edir ki, əgər 30 ölkə istehsalın azaldılması qərarına qoşulubsa, onlar ümumi məxrəcə gələ bilərlər.
Buna görə kartel neft qiymətlərində kəskin dəyişmələrinin qarşısını almaq üçün səylərini davam etdirəcək. Lakin hətta Amerika Birləşmiş Ştatları özü OPEK üzvü ölkələr və kartelə daxil olmayan ölkələr (OPEK+) arasında əməkdaşlığı alqışlayır və dünya üzrə neft qiymətlərinin cari artımında bunun rolunu yüksək qiymətləndirir. Bu barədə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Energetika Nazirliyinin rəhbəri P. Şahbazovla görüşü zamanı məlumat verilib.
Lakin uzun müddətdir ki, ekspertlər arasında belə fikir dolaşır ki, OPEK artıq neft bazarında sabitləşdirici və əlaqələndirici orqan kimi mövqeyini itirir, artıq böyük şirkətlərin və ABŞ-ın təzyiqinə çətinliklə sinə gərir. Bu yaxınlarda dünya mətbuatında belə bir məlumat yayıldı ki, OPEK-in aparıcı ölkələrinin arasında "düzgün" neft qiymətləri barədə fikir birliyi yoxdur. Belə ki, Səudiyyə Ərəbistanı qiyməti barel üçün qiyməti 70 dollar və ya daha yüksək görmək istəyir, İran qiymətləri 60 dollar ətrafında görməyi üstün tutur.
İranın neft naziri Bijan Namdar Zəngənə «The Wall Street Journal»a bildirib ki, Tehran çalışacaq ki, OPEK neftin qiymətinin barelə görə 60 $ səviyyəsində
saxlanılması marağı ətrafında fəaliyyət göstərsin. Onun fikrincə, bu, ABŞ-da şist neft istehsalının artmasına maneəçilik törədər.
Eyni zamanda özəl söhbətlər zamanı Səudiyyə rəsmiləri bildirirlər ki, büdcə xərclərinin maliyyələşdirilməsi və «Aramco» dövlət neft şirkətinin səhmlərinin uğurlu ilkin yerləşdirilməsi üçün qiymət bir barel üçün 70 $ olmalıdır.
Həm də məlumdur ki, bu yaxınlarda OPEK-ə iki yeni ölkə - Qabon və Ekvatorial Qvineya daxil olub, beləliklə, kartel üzvlərinin sayı 14-ə çatdı. Amma bununla belə, qlobal neft hasilatının kartelin payı ötən əsrin 70-ci illərinin əvvəlindəki 55% səviyəsindən 40%-ə qədər azalıb. Bununla bağlı, sual yaranır: Azərbaycana kartelin üzvü olmaq lazımdır, yaxud mövcud OPEK+ müstəvisində əməkdaşlıq tamamilə yetərlidir?
Olum, ya ölüm?
Başlanğıc üçün qeyd edək ki, Azərbaycanda istehsal səviyyəsinin təşkilata üzvlük üçün kifayət olmaması barədə iddialar doğru deyil, çünki bu məsələdə istehsal olunan barellərin məbləğ əsas amil deyil. Belə ki, yaxınlarda OPEK-ə üzvlük üçün Çad, Konqo və Malayziya müraciət edib.
"İndoneziya da daxil olmaqla, Asiya ölkələri əvvəlcə müşahidəçi olmaq üçün OPEK-dən çıxdılar, indi onlar geri dönmək istəyirlər. Ancaq Malayziya kimi ölkələr də var. Onlar artıq ərizə veriblər, biz onu nəzərdən keçiririk", - deyə bu yaxınlarda Ekvatorial Qvineyanın dağ-mədən sənayesi və karbohidrogenlər naziri Qabriel Mbeqa Obiane Lima bildirib. Ancaq bu ölkələrdə istehsal həcminin yalnız gələcəkdə gündə 3-4 min barelə qədər artırılması planlaşdırılır.
M.Barkindonun dediyi kimi, əlbəttə, Azərbaycan "neftin beşiyi" kimi kartelə daxil olmağa daha böyük şansa malikdir, xüsusilə də yeni namizədlərlə müqayisədə ölkənin istehsal səviyyəsi bir neçə dəfə böyükdür. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyi kimi, "təşkilata Azərbaycandan xeyli az neft hasil belə ölkələr daxil olur. Rusiya və ABŞ kimi ölkələr təşkilata daxil olmurlar. Onlar inkişaf və manevr imkanlarını hansısa çərçivələrdə məhdudlaşdırmaq istəmirlər".
Əslində, təşkilatın yaradılmasında məqsəd təsir mexanizmlərindən yararlanmaqdır. "1961-ci ildən 1973-cü ilə qədər OPEK-in mövcudluğu heç də hiss olunmayıb. Amma 1973-cü ildə Misirlə İsrailin münaqişədən sonra ərəb dünyası İsrailə və Qərb ölkələrinə qarşı embarqo tətbiq etdi. Beləliklə, OPEK bazara təsir imkanlarını nümayiş etdirdi. Amma əslində, bu OPEK-in bir nailiyyəti yox, ABŞ-la Səudiyyə Ərəbistanının gizli razılaşmasının nəticəsi idi. Bütün bunları nəzərə alaraq Azərbaycan OPEK-ə üzvlükdə maraqlı deyil, çünki öz neft siyasətini məhdudlaşdırmaq istəmir",- deyə Şaban vurğulayıb.
Milli Energetika Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç də sanır ki, bu gün Azərbaycan kifayət qədər müstəqildir, istədikdə OPEK+un neft hasilatının azaldılması müqavilə qoşula bilər, belə bir istəyi olmadıqda müqavilədən çıxa bilər. "Azərbaycanın kartelə daxil olması o demək deyil ki, ölkə və ya təşkilat üçün vəziyyət əsaslı dəyişəcək ", - deyə S.Mitraxoviç vurğulayır.
Bir sözlə, OPEK ilə mövcud münasibətlər hələ ki ən optimaldır. Özü də Azərbaycanın kartelə daxil olmaqla bağlı müraciəti barədə söhbətlər rəsmi təsdiqini hələ tapmayıb...
MƏSLƏHƏT GÖR: