Müəllif: Nadir ŞƏFİZADƏ
Xanım voleybolçularımız üçün bu mövsüm erkən bitdi. Sona üç tur qalmış ölkənin ən güclü klubu artıq məlum idi. Qadın voleybolçuların ölkə çempionatında 9-cu turun oyunları, demək olar ki, bütün mükafatçıları rəsmiləşdirdi. Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşlər həlledici oldu. Belə ki, “Azərreyl” ardıcıl 2-ci çempionluğu bayram etdi. “Lokomotiv” isə AVF-yə uduzmaqla mövsümü “zirzəmi”də başa vuracağını dəqiqləşdirdi.
2017-ci ildə voleybol üzrə Avropa Çempionatına ev sahibliyi edən Azərbaycanda maraq olduqca böyükdür. Xüsusilə qadınlar arasında yarışa diqqət həmişə hiss olunub. Avrokubok görüşləri zamanı oyunlara biletin tapılmaması dediklərimizi təsdiqləyir. Amma təəssüf ki, ölkə çempionatı haqqında xoş sözlər demək çətindir.
İki il əvvəl Azərbaycan superliqası qitənin ən güclü yarışları sırasında idi. Avropanın eləcə də dünyanın güclü voleybolçuları məhz superliqada forma geyirdi. Lakin sonradan klubların sayı azaldı, əksər legionerlər Vətəninə qayıtdı. Beləcə Azərbaycan çempionatı 4 klubun ümidinə qaldı.
Ölkə çempionatının zəifləməsi, güclü klubların autsayderə çevrilməsi ən böyük zərbəni milli komandaya vurdu. Axı, 4 klubu olan ölkə çempionatı sayəsində güclü yığma formalaşdırmaq mümkün deyil. “Azərreyl”, “Abşeron”, AVF və “Lokomotiv” klublarının mübarizəsi ölkə çempionatının baş tutması üçün vacibdir. Bu klublar Azərbaycan yığmasının yüksək səviyyəyə yüksəlməsində heç bir rol oynamır.
Azərbaycan yığmasının əsas voleybolçuları xarici çempionatlarda çıxış etməklə təcrübəsini qoruyur. Millinin baş məşqçisi Faiq Qarayev bu yolla millinin gücünü qorumağa çalışır. Payızda qadın voleybolçularımız dördüncü dəfə dünya çempionatında çıxış edəcək. Mötəbər yarış ərəfəsində əsas voleybolçuların praktikadan əziyyət çəkməməsi çox vacibdir.
Yığma dördüncü dəfə dünya çempionatında mübarizə aparacaq. Voleybol üzrə ən mötəbər yarış sayılan mundiala hər komanda vəsiqə əldə etmir. Lakin etiraf etməliyik ki, son mundialla indiki arasında Azərbaycan yığmasının heyətində ciddi dəyişiklik baş verməyib. On il əvvəl də livero Valeriya Məmmədova idi, payızda da Məmmədova olacaq. Yəni yığma üçün yeni nəsil voleybolçular yetişməyib. Klublar qısa zamanda avrokuboklarda uğur qazanmağı qarşıya əsas məqsəd qoyub. Belədə milli ikinci plana keçib.
Qadın voleybolçulardan ibarət millinin baş məşqçisi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev həmişə yerli voleybolçulara şans verilməli olduğunu qeyd edir. Çünki milli komanda məhz yerli voleybolçulardan formalaşır. Legionerlər ölkə çempionatına rəqabət gətirsə də, yığmaya kömək etmək imkanına malik deyil.
Etiraf etmək lazımdır ki, “Azərreyl”in çempion olduğu cari mövsüm voleybol tariximizdə ən zəif birincilik oldu. Rəqabət, müqavimət hiss olunmadı. İstənilən çempionatın bəzəyi olacaq derbi görüşlər baş tutmadı. Çünki klublar, demək olar ki, bərabər gücdə olmadılar. Görüşlərin taleyini həll edəcək lider voleybolçular görünmədi. Bu mənada yayda klublarda ciddi islahatların olacağı qaçılmazdı.
Voleybolçularla yanaşı, yerli mütəxəssis-məşqçilərə ehtiyac yaranıb. Uzun müddət xarici məşqçilərlə çalışan klublarımız indi yerli adlara üstünlük verir. Ona görə voleybolçu karyerasını başa vuran veteranlar təcrübələrini artırmalı, ardınca məşqçi kimi çalışmalıdırlar. Ölkə voleybolunda isə məşqçi olmaq istəyənlər azlıq təşkil edir. Belə olan halda gənc məşqçilərin xarici ölkələrdə öyrənməsi ən məqbul hal olardı.
Azərbaycan millisində rəqabət yaratmaq üçün bir neçə yaş kateqoriyasında ölkə birinciliyini keçirmək lazımdır. Klubların çempionatıyla yanaşı, 15 və 18 yaşlılar idmançılar arasında turnirin olması mütləqdir. Bu yarışlar formallıq üçün deyil, gələcəkdə yığmanın əsasını təşkil edəcək yüksək səviyyəli voleybolçuların yetişməsi üçün təşkil olunmalıdır.
Yeni mövsümdən ölkə çempionatında bir sıra dəyişikliklərin olacağı gözlənilir. Komandaların sayının artacağı, reqlamentin dəyişəcəyi istisna edilmir. Bununla belə, yeni mövsümdə avrokuboklarda böyük hədəflər uğrunda yarışmağın mümkün olmadığı aydındır. İndiki halda voleybol klublarımız yalnız təcrübə toplamaq üçün mübarizəyə qoşulacaq.
Azərbaycan yığmasının əsas diqqəti isə sentyabrda keçiriləcək dünya çempionatına yönəlib. Baş məşqçi Faiq Qarayev mötəbər yarışdan əvvəl yığmanın təlim-məşq toplanışında iştirak edəcəyini söyləyib. Hazırlıq zamanı üç yoxlama görüşünün keçiriləcəyi planlaşdırılır.
MƏSLƏHƏT GÖR: