Müəllif: Valentina REZNİKOVA
Qoşa Qala qapısından keçərək İçərişəhərə daxil olsanız, kiçik alış-veriş meydanından keçdikdən sonra Böyük Qala küçəsinə çıxarsınız. Həmin küçədə "Ensiklopediya" binasını və Arxeologiya və Etnoqrafiya İnstitutu Muzeyinin binasını (keçmiş birjanı) keçdikdən sonra - sol əllə küçəni yuxarı qalxaraq 28 saylı evə çatacaqsınız. Bu, İçərişəhərdə tarixi abidədir - mədəni irs kimi dövlət tərəfindən qorunur. Fasaddakı lövhə Maqsud İbrahimbəyovun yaradıcılıq mərkəzinin burada yerləşdiyini xatırladır.
Başlanğıc nöqtəsi
İçərişəhərin tarixi abidələri siyahısına salınan bu evin bu il 104 yaşı tamam olur. 1914-cü ildə tikilib və Maqsud İbrahimbəyovun babası - neft sənayeçisi Ələkbər Məşədibəyova məxsus olub. Babanı 1924-cü ildə bolşeviklər güllələyiblər, evi isə ailənin əlindən alıb sovet vətəndaşları ilə doldurublar. Lakin tarixi ədalət istənilən halda qələbə çalıb: 1978-ci ildə şəhər hakimiyyəti sakinləri bu evdən köçürmək barədə qərar qəbul edib, binanı isə xalq yazıçısı və Məşədibəyovun nəvəsi - bizim Maqsud İbrahimbəyovun 1983-2016-cı illərdə başçılıq etdiyi Sülh Komitəsinə veriblər. Maraqlı məsələdir: Maqsuda komitəyə rəhbərlik etməyi təklif etdikdə, yazıçı bilməyib ki, təklifi qəbul etdiyi həmin gün doğma yuvaya qayıtmaq üçün başlanğıc nöqtəsi olub.
Həmin gündən o, son nəfəsinə qədər hər gün bura, öz əcdadlarının evinə gələcək ki, onu yaradıcılıq atmosferi ilə doldursun: romanları, povestləri, hekayələri, esseləri, pyesləri, kinossenariləri, publisistikası bu yüksək mənəvi başlanğıcla işarələnib. Kökdə xeyirxahlıq, əxlaq və öz torpağının insanlarına sonsuz sevgi dərsləri dayanır. Onun rus dilində yazılmış əsərləri mahiyyətcə milli, ruhca beynəlmiləldir. O, Dünya insanı kimi düşünüb və iki əsrin - XX və XXI əsrlərin böyük humanisti kimi yaşayıb.
Amma xalq yazıçısı Maqsud İbrahimbəyovun necə insan və vətəndaş olduğunu anlamaq üçün, onun bütün bədii irsini layiqincə qiymətləndirmək üçün, onun milli incəsənətə töhfəsinə düzgün qiymət vermək üçün onun bütün kitablarını yenidən oxumaq lazımdır! Həm də böyüməkdə olan nəslin naminə, bizim mədəni və mənəvi dəyərlərimizin qorunması naminə, onun yaradıcılığının öyrənilməsi məktəb və universitetlərin tədris proqramına daxil edilməlidir!
Ancaq hələ ki, 70-ci illərin sonuna qayıdaq! İstərdik ki, zamanla yaxın keçmişə səyahət edək və birdən-birə anası Fatimənin böyüdüyü və böyük ailələrinin naharda masa ətrafında toplaşdığı evə ilk dəfə daxil olduğu zaman onun yanında olaq. Şübhəsiz ki, ona bu böyük evin otaqlarından keçərkən, kiçik, gözəl terrasa çıxarkən nə hiss etdiyini və nə düşündüyünü soruşmaq lazım gələrdi. Ümumiyyətlə, ata-baba yuvası ilə qarşılaşma - olduqca intim andır və buna hətta fantaziyalarınızda belə müdaxilə etmək istəməzdiniz.
Görünür, yuxarının yazısıdır ki, Ələkbər bəyin törəməsi yaradıcılıqla və həmin andan həyatının ayrılmaz hissəsinə çevrilmiş ictimai fəaliyyətlə məşğul olsun, humanist ideyalar, mənəvi prinsiplər və uca ideallar daşıyan bir missiyanı yerinə yetirsin. Elə buna görə də o, 1993-cü ildən «PENclub Azərbaycan»a (bütün dünyada yazıçıları birləşdirən beynəlxalq təşkilatın bölməsinə), 1999-cu ildə isə Əsilzadələr Məclisinə rəhbərlik edib (Məclis yazıçı tərəfindən Prezident Heydər Əliyevin dəstəyi ilə bərpa edilib). Həm də Maqsud İbrahimbəyov Milli Məclisin deputatı (1985-2010), Luiziana (ABŞ) ştatının fəxri senatoru, Minneapolis (ABŞ) şəhərinin fəxri vətəndaşı, "Azərbaycan - Rusiya" Cəmiyyətinin prezidenti, sülh səfiri idi.
Maqsudun Evi
"Maqsudun Evi" - bu, onun şəxsi əşyalarının, kitabxanasının, məişət əşyalarının, təsviri-incəsənət nümunələrinin sərgiləndiyi muzey və konfrans zalıdır. Bu da yazıçının şəxsi kitabxanası. Rəflərdə çox sayda kitablar var. Onlar tələb olunan və sevilən kitablardır. Çətin ki, aralarında sahibinin oxumadığı biri var. İçlərində onun öz əsərləri də var. Adını xəyalən "Yaradıcılıq" qoymaq mümkün olan otaqda onun əsərləri dərc edilmiş jurnallar, müxtəlif dillərə tərcümə edilmiş və bir çox ölkələrdə nəşr edilmiş kitabları, Maqsud İbrahimbəyovun səhnə və kino əsərlərinin tarixçəsini əks etdirən stendlər toplanıb. Burada həm də onun bütün mükafatları saxlanır.
Bura gəlmək olar və muzeyin otaqlarını gəzərək, açıq ünsiyyətə və yaradıcılığa meyilli olan evin atmosferi ilə qidalanaraq oturmaq və maraq doğuran istənilən kitabı oxumaq olar! Onun kabinetinə də girmək və sahibi gələnə qədər gözləmək olar, axı, stolüstü lampa hələ yanır, kompüter açıqdar, siqar durmalı olduğu yerdədir, eynəklər, lupa da buradadır. Hər şey onun qayıdacağını göstərir! Əgər siz sahibin iş yerinin qarşısında ağ rahat divanda çox gözlədinizsə, çıxıb otağı gəzə bilərsiniz və sonra silah kolleksiyası ilə tanış olmaq imkanı qazanarsınız. Sonra isə onun saysız mükafatlarını görmək üçün digər otağa keçə bilərsiniz, bu mükafatlar bizim xalq dahisinin həyatda çox təvazökar bir şəxs olduğunu təsdiqləyən şəhadətnamələrdir. O, adları, mükafatları, şöhrəti və soy-kökü ilə öyünməyi sevmirdi.
Bioqrafiya faktları: Qırmızı Əmək Bayrağı (SSRİ) ordeni, "Şərəf", "Şöhrət" və "İstiqlal" ordenləri, "Dostluq" (Rusiya) ordeni , Roma papasının ordeni, Rusiya Pravoslav Kilsəsinin "Şöhrət və Şərəf" ordeni.
Ümumiyyətlə, özlərini bu cür yalnız genetik olaraq gözütoxluq, nəciblik və ləyaqət kodu bəxş edilmiş gerçək bəylər belə aparırlar. Onlar öz ətraflarında səs-küy yaratmadan yaşayırlar. Onların aristokrat anlayışında Vətənə mənfəət güdmədən xidmət etmək nəfəs almaq kimi təbii davranışdır. Onlar əbədi olaraq yalançı pafos olmadan və özlərini reklam etmədən vətənpərvər olaraq qalırlar, lakin əməl və hərəkətləri ilə doğma torpaqlarına sədaqət və sevgilərini təsdiq edirlər. Onlar xalqın duzu, vicdanı və ruhudur. «Vəhşi diviziya»da bizi təmsil edən zadəganlarımızı xatırlayaq! Onlar şərəf məcəlləsinə riayət edərək Vətənə xidmət etdilər. Bu, onlara soy-köklərindən ayrılmadan Vətənə sevgilərini sözlə deyil, əməlləri ilə təsdiq etməyə imkan yaradır. Bu cür insanlar quşlar kimi həmişə öz vətənlərinə qayıdırlar.
Fatimə Məşədibəyovanın və Məmmədibrahim İbrahimbəyovun oğlu Maqsud İbrahimbəyov özünü uzun səfərləri sevənlər sırasına aid etməyib. Əgər gedirdisə, ən qısa müddətdə evə dönməyə çalışırdı. Uzaq xarici ölkələrdə o, özünü narahat hiss edirdi. O, doğma məkanından, yoldaşlarından, Xəzər sahilindəki evindən, öz yaradıcılığından, erkən uşaqlığından sevdiyi itlərindən ayrı yaşaya bilmirdi. Onun "Əlvida, Miledi" hekayəsini xatırlayırsınızmı? Həmişə elə gəlirdi ki, müəllif özünü ağrıdan əziyyət çəkən itin yerində hiss edir və bu ağrını oxuculara çatdırır. "Miledi" oxuyan hansısa on bir yaşlı qız ağlayıb hıçqırırdı. Ona baxanda necə ağladığımızı xatırladım - bizim onda artıq 20 yaşımız vardı! Lakin bu, heç də onun itin əsas personajlardan birinə çevriliyi yeganə işi deyil! O, bağbanlıqla da , köhnə silahlarla da, mopslarla da maraqlanırdı.
Cazibə mərkəzi
2018-ci il fevralın 1-də ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Böyük qala küçəsi, 28 ünvanında yerləşən bu evdə Maqsud İbrahimbəyovun yaradıcılıq mərkəzi açılıb. Açılış mərasimi iki gün keçirilib: 30 və 31 martda, çünki Məşədibəyovların böyük evi "Maqsud"u ziyarət etmək istəyənlərin hamısını yerləşdirə bilməzdi. Maqsud ilə ünsiyyət qurmaq istəyən qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə böyük bərpa təmiri aparılmış gözəl bir bina ilə qarşılaşdılar. Mərkəzin açılışında Birinci vitse-prezident Mehriban Əliyeva sevimli xalq yazıçısının ünvanına təsirli nitqlə çıxış etdi. RİA TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman öz nitqini birbaşa Maqsuda ünvanlayıb: "Bilirsən, Maqsud ...". Qusman hər kəsin hiss etdiyini və hər kəsin fikirləşdiyini yüksək səslə ifadə etmişdi: Ustad orda idi. Sonra Oqtay Mir-qasımov çıxış edərək Maqsudla birgə keçmiş gəncliyini xatırladı və iştirakçılara təklif etdi: "Gəlin, Maqsudun yanına çay içmək üçün mümkün qədər tez-tez gələk. Məncə, o, yalnız buna sevinərdi!" Anna İbrahimbəyova (yazıçının həyat yoldaşı - V.R.) bu fikri dəstəkləyərək, iştirakçıları əmin etdi ki, Maqsud kimi onun özü də bundan çox razı qalacaq. Çünki Maqsud həmişə dostlarla masa arxasında oturmağı və söhbətləri çox sevərdi - bu cür ünsiyyətlər yalnız bir-birinə maraqlı insanların arasında qəbul olunur. Buna görə də hər zaman bura gələr və Maqsudla, bir-birinizlə danışa bilərsiniz. Anna xanım ümid etdiyini bildirib ki, Yaradıcılıq Mərkəzi sadəcə yazıçının yaradıcılığını tanıtmaqla qalmayacaq, həm də yaradıcılıqla: ədəbiyyat, teatr, araşdırma yaradıcılığı ilə məşğul olmaq istəyənlər üçün cazibə mərkəzinə çevriləcək.
- Mən istərdim ki, Maqsudun öz sevimli kitablarında, öz yaradıcılığında, ona estetik zövq verən şeylərdə yaşamağa davam etdiyi, onun gözə görünməz varlığı havasında hiss edilən bu evin fəzasında yaradıcı həyat kəsilməsin. Biz - mən və mərkəz əməkdaşlarının heyəti yazıçının yaradıcı irsinin qorunması üzrə layihə üzərində işləyirik; maarifçilik və tərbiyə tədbirlərinin keçirilməsi barədə düşünürük: şeir və ədəbiyyat axşamları, yaradıcı insanlarla görüşlər, müzakirələr, müəllif əsərlərinin müzakirəsi və oxunması nəzərdə tutulur. Planlar və ideyalar çoxdur ...
"Mənim dostlarım - Maqsud və Anna"
Anna xanım gələcək planlarını paylaşdı, yeri gəlmişkən, artıq aprel ayının əvvəlində müəllif şeiri axşamı keçirildi. Evin birinci mərtəbəsində rahat, yaradıcılıq tədbirləri gözəl tərtib edilmiş kamera zalı var. Həmin axşam mərkəzin qonaqları Nigar Həsənzadənin "Söz" ədəbi layihəsinin iştirakçıları oldular. Axşamı Fərhad Bədəlbəyli açdı, onun ifaçılıq istedadının çoxsaylı sərrafları üçün aydın oldu ki, o həm də şeir yazır! İlk oxunan şeir Maqsudun ilham pərisinə - Annaya həsr olunmuşdu.
Əsl yenilik isə gənc şairlərin - Atika Əliyevanın, Mehman Rəsulovun, Səidə Sübhinin yaradıcılığı idi. Bu adlar ilk dəfə səsləndi və gerçək şeir sərrafları üçün xoş bir hədiyyə oldu. Yeni başlayan şairlər təcrübəli və ölkədə tanınan şairlərini - Nigar Həsənzadə və Leyla Əliyevanın fonunda itməmişdilər. Nigar və Leyla isə izləyiciləri sevindirərək həm məşhur, həm də yeni şeirlərini oxudular...
Zaman şairlərin ruhlarını, düşüncələrini və duyğularını ortaya qoyan poetik sözə yol verərək, öz mənasını və önəmini itirdi. Sanki bu məkanda bir-birlərini çoxdan tanıyan, lakin nadir hallarda görüşən insanlar görüşmüşdü. Onlar bir-birləri ilə ünsiyyət qurmaq - bir anda hər şeydən və konkret olaraq xüsusi nədənsə danışmaq istəyirdilər.
Leyla Əliyeva ümumi rəyi ifadə edərək bildirdi ki, insan bu evdən getmək istəmir. Hamı bu fikri dəstəklədi və gənc şairlər, rəssamlar üçün birgə layihə işlənməsi barədə söhbətlərə davam etdilər. Şeir dinləmələrində iştirak edən gənclər bədii təəssüratlarını gerçəkləşdirə bilərlər, örnək kimi həmin axşam gənc rəssam Fidan Kim bunu etdi. Onun qrafik tonlarında yerinə yetirdiyi miniatürü "Təəssürat" adlandırmaq olardı...
Maraqlıdır, Maqsud belə paralel yaradıcılığa necə reaksiya verərdi? Bu barədə nə deyərdi? Görəndə ki, insanlar onun bu qədər çox işıq və sevgi dolu evini tərk etmək istəmir, deyəcəyi söz nə olardı?..
MƏSLƏHƏT GÖR: