Müəllif: Fuad ASİM
Lap yaxınlarda Azərbaycan növbəti böyük sənaye layihəsi - Neftçala sənaye məhəlləsində (NSM) yerləşən Azərbaycan-İran avtomobil fabriki «Khazar» işə başladı. Əslində, yeni avtomobil brendinin yaradılmasından söhbət gedir və bu, ekspertlər tərəfindən milli iqtisadiyyatın inkişafında dövlət - özəl tərəfdaşlığı nümunəsinin ən parlaq təzahürü kimi qiymətləndirilir. Digər tərəfdən bu, yerli biznesin istehsal sektorunda daha aktiv iştiraka can atdığına dair parlaq nümunələrdən biridir.
Yerli avtomobil istehsalını dəstəkləmək
Faktiki olaraq, Azərbaycanda avtomobil sənayesi yalnız müstəqillik illərində yaranmağa başlayıb. Bu dövr ərzində bu sahədə bir neçə yığım layihəsi gerçəkləşdirilib ki, çox vaxt onlar elə də uğurlu olmayıblar. Lakin buna baxmayaraq, onların icrası zamanı müəyyən təcrübə əldə edilib, ən əsası isə sektora biznes marağı itməyib, əksinə dövləti dəstəyi yeni təşəbbüslərlə nəticələnib.
Əlbəttə ki, yüz faiz Azərbaycana məxsus avtomobil markası yaradılması haqqında söhbət etmək çox erkəndir - bunun üçün daha böyük həcmlərdə sərmayə və texnologiya cəlb etmək gərəkdir və əlbəttə ki, təcrübə lazımdır. Ancaq artıq tanınmış brendlərdə birgə müəssisələr çərçivəsində, qiymətin aşağı olması nəzərə alınmaqla, rəqabətə davamlı ixrac məhsulu əldə etmək mümkündür.
Azərbaycanın avtomobil bazarında bu günə kimi ən uzunömürlü müəssisə 2004-cü ildə fəaliyyətə başlayan Gəncə Avtomobil Zavodu sayılır. Doğrudur, o, Minsk Avtomobil Zavodu ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini traktor və digər kənd təsərrüfatı maşınlarının istehsalına yönəldib. Bu il 10000-ci "Gəncə-Belarus" traktoru istehsal olunub. "Bu traktorlarla çox maraqlanırlar. Regionlarda, tarlalarda olanda mən maraqlanıram, bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Biz indi onları ixrac edirik və üçüncü ölkələrdə "Gəncə -Belarus" traktorlarının istehsalına başlayırıq", - deyə bu yaxınlarda çıxışlarından birində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Minik avtomobillərinə gəldikdə isə, məlum olduğu kimi, bu gün Azərbaycanda onların istehsalı ilə həm də Naxçıvan Avtomobil Zavodu da məşğul olur. Zavod 2009-cu ildə Çin-Azərbaycan biznes forumu çərçivəsində Çin «Lifan» korporasiyası ilə eyniadlı markada maşın yığılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Öz işinə 2010-cu ildə başlamış zavodun gücü ildə 5 min avtomobil təşkil edir. Layihəyə əsasən Naxçıvan Avtomobil Zavodu hazırda bu markadan səkkiz model üzrə avtomobil istehsal edə bilər - NAZ-Lifan 720, NAZ-Lifan 820 (premium model), NAZ-Lifan 620, NAZ-Lifan 630 (sedan), NAZ-Lifan X50 və NAZ-Lifan X60 (yolsuzluq avtomobili), NAZ-Lifan 320 və NAZ-Lifan 330 (mini). Ancaq son vaxtlara qədər müəssisə böyük satış problemləri yaşadı, buna görə real buraxılış bir neçə dəfə az idi. Hələ ki, ən yüksək səviyyədə dövlət məmurlarına yerli avtomobillərə "keçid" edilməsi əmr edilməyib. Bildirilir ki, son aylarda NAZ Lifan avtomobillərinin satışı bir qədər artıb, lakin bu, daha çox dövlət sifarişlərinin artması ilə bağlıdır.
Demək lazımdır ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında hökumət adamlarını yerli avtomobil sənayesini dəstəkləməyə və məhsullarını istifadə etməyə çağırıb. Bu yaxınlarda o, avtomobil idxalının kəskin artımı fonunda bu mövzuya toxunaraq bildirib ki, bu, bir tərəfdən ölkədəki iqtisadi canlanmanın nəticəsidir, digər tərəfdən - ölkədən xaricə valyuta axımının kəskin artmasının göstəricisidir.
"Buna görə də, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət strukturları tərəfindən satın alınmalıdır. Əminəm ki, vətəndaşlar da bu maşınların yüksək standartlara cavab verdiyinə və qiymətinin xaricdən gətirilən avtomobillərlə müqayisədə daha məqbul olduğuna əmin olacaq", - deyə dövlət başçısı bildirib.
Bu müraciət, ikinci yerli avtomobil brendinin işə başlaması nəzərə alındıqda, xüsusilə aktualdır. Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin simvolik olaraq düyməni basması ilə açılışa və ilk «Khazar» avtomobilinin yığılmasına 2018-ci il martın 29-da keçirilmiş Azərbaycan-İran birgə biznes forumunda başlanılıb. Avtomobil zavodu özəl kapital hesabına tikilib. Müəssisənin yaradılmasına birinci mərhələdə sərmayələr 15 mln. dollar təşkil edib, onların 75% -i «Azərmaş» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC), 25% -i isə İranın "Iran Khodro" şirkətinin payına düşüb.
«Khazar» standartları
İllik gücü 10 min avtomobil olan «Khazar» zavodunun yaradılmasına Azərbaycan hökuməti də öz töhfəsini verib, o cümlədən hökumət 10 hektar ərazi ayırıb və lazımi infrastrukturları yaradıb. Ümumiyyətlə, Azərbaycan hökuməti tərəfindən güzəştlər tikinti və avadanlığın gətirilməsi mərhələsində 5 milyon dollara qənaət etməyə imkan verib.
«Azərmaş» şirkətinin İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, Azərbaycanda ilk dəfə avtomobil istehsalı üçün konveyer olacaq, bu, yalnız yığım, daha doğrusu, bu, sadəcə, vintaçan yığımı deyil. Beləliklə, yeni «Khazar» zavodunun oxşar müəssisələrdən əsas fərq yerli avtomobili öz istehsalımız olan detallarla təmin etmək imkanı olacaq.
İşlərin hazırkı mərhələsində Azərbaycan-İran müəssisəsinin qarşısında saatda beş avtomobil istehsal edən konveyerin yaradılması durur. "Hər 12 dəqiqədə konveyerdən bir avtomobil çıxmalıdır, zavodun sabit işi üçün bir dəqiqə tez və ya gec ola bilməz",- deyə Axundov vurğulayıb.
Onun sözlərinə görə, aparılan marketinq tədqiqatları çərçivəsində üç kateqoriyalı - ekonom, biznes və premium klass avtomobillərin buraxılışı məsələsi nəzərdən keçirilirdi. Aparılan tədqiqatın nəticələrinə görə, yaxın 6 ildə zavodda istehsal olunan 10 min ekonom klass avtomobilin satış potensialı yaranacaq və bu avtomobillərin mühərriklərinin gücü 1,4 litrdən 1,8 litrə qədər olacaq. Burada istehsal olunan "Khazar" avtomobilləri Avro-5 standartlarına cavab verir ki, bu, onların Azərbaycanda müştəri tapmasına, istifadəsi başa çatmış köhnə avtomobilləri əvəzləməsinə yardım edəcək.
Bununla yanaşı, 2018-ci ildə istehsal edilən avtomobillərin 20% -nin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac olunması düşünülür. Eyni zamanda zavod Runna, Samand, Soren, Dena, Peugeot-206, Peugeot-207, Renault-Tondar, Renault-Pickup model sıralarının istehsalını da nəzərdən keçirir. Bununla belə, marketinq araşdırmaları göstərir ki, həm yerli bazarda, həm də ölkə xaricində daha bahalı seqmentlərdə alıcı tapmaq daha çətin olardı.
Zavod rəhbərinin sözlərinə görə, həmçinin elektromobillərin istehsal edilməsi variantına da baxılıb, lakin onların dəyəri daxili yanma mühərrik avtomobilləri ilə müqayisədə daha çoxdur. Buna görə də seçim ekonom-klass avtomobillərin üzərində dayandı.
Azərbaycan-İran zavodunun ilk qaranquşu mühərrikinin həcmi 1,7 litr olan, mexaniki ötürmələr qutusuna malik "Khazar" avtomobilidir. E. Axundov qeyd edib ki, avtomobillərin qiyməti bu sinfindən olan digər markalara nisbətən daha aşağı olacaq - 14-16 min manat ətrafında dəyişəcək. Bu model sırası həm də avtomobillərin daha yüksək klirensi hesabına MDB, Yaxın Şərq və Afrikanın yollarına da uyğundur.
Bununla yanaşı, ekspertlər əmindirlər ki, avtomobil sənayesi sahəsində layihələr davam etdirilməlidir və indi yerli sahibkarların ölkənin avtomobil sənayesinin inkişafı üçün göstərdikləri təşəbbüslərinin dəstəklənməsi vacibdir. Xüsusilə, yeni yaradılan Hacıqabul sənaye məhəlləsində aztonnajlı yük maşınlarının istehsalı ilə bağlı danışıqlar yekun mərhələdədir.
Bütün bunlarla yanaşı, avtomobil sənayesinin inkişafı digər yanaşı sahələrin - metallurgiyanın və kimya sənayesinin inkişafına təkan verə bilər. Bu səbəbdən, yerli avtomobil markalarının savadlı reklam kampaniyası təşkil etmək, müxtəlif sərgilərdə iştirak etməklə onları yerli bazarda və xaricdə populyarlaşdırmaq çox vacibdir. Digər tərəfdən, ekspertlər bu markadan olan avtomobilləri satın almaq istəyənlər üçün müəyyən güzəştli kredit proqramlarının işlənməsini təklif edirlər ki, bu da öz növbəsində onlara marağın artmasına kömək edə bilər.
MƏSLƏHƏT GÖR: