Müəllif: Alyona MOROZ
Bakının küçələrində çox sayda turist var, hotel və mehmanxanalar yüz faiz dolur, mərkəzi kafe və restoranlarda növbələr yaranıb - son bir neçə il ərzində Azərbaycan, nəhayət ki, giriş turizminin inkişafında önəmli dəyişikliklərə nail olub. Ümumiyyətlə, hökumət bundan xeyli qabaq vəd vermişdi ki, turizm sənayesi Azərbaycan iqtisadiyyatının sistem yaradan və gəlirli bir bölməsi ola bilər və olmalıdır. Artıq neçə illərdir ki, bu mövzu "AITF - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi"nə ənənəvi olaraq baş çəkən dövlət adamlarının və müstəqil ekspertlərin çıxışlarında və şərhlərində qırmızı xətt kimi keçir.
Daxildə inkişaf
Əvvəlcədən qeyd edək ki, AITF çoxdan təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbirə çevrilib. Bu il sərgi artıq 17-ci dəfə keçirilib, bir platformada 20 ölkədən 277 şirkət və təşkilat toplayıb, 13 milli və regional ekspozisiya təqdim edib. AITF 2018-in iştirakçılarının ümumi sayının 31%-ni təşkil edən ölkələr iştirak ediblər. Eyni zamanda iştirakçı şirkətlər turizm sahəsində 90-dan çox istiqaməti və digər xidmət növlərini təqdim ediblər.
Azərbacanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev öz çıxışında bildirib ki, 2017-ci ildə ölkənin turizm sənayesində 20% artım olub, 2018-ci ilin birinci rübündə isə artım göstəricisi 12,5%-ə bərabər olub. Konkret olaraq, bu ilin yanvar-mart aylarında Azərbaycana 627.835 xarici ölkə vətəndaşı səfər edib ki, bu, 2017-ci ilin birinci rübündə qeydə alınan göstəricidən 12,6% çoxdur.
Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 190,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən 20 faiz çoxdur. Öz növbəsində, Azərbaycan vətəndaşları xaricdə 179,5 mln. manatlıq nağdsız hesablaşma gerçəkləşdiriblər. Göründüyü kimi, 11,4 milyon manatdan artıq müsbət saldo yaranıb.
Bu, nədən xəbər verir? Ondan xəbər verir ki, turizmdən əldə edilən milyonlarla dollar vəsait ölkənin büdcəsini ciddi şəkildə doldurmağa başlayır.
Daxili turizm kimi əhəmiyyətli bir göstəricidə də nəzərəçarpacaq artım müşahidə olunur. Sərginin açılışında A.Qarayev deyib ki, bu gün Azərbaycan vətəndaşları ölkədən kənara maneəsiz gedə bilirlər, yəni dünyadakı yüzlərlə turizm şirkətinin təkliflərini istifadə edə bilirlər. Ancaq getdikcə daha çox vətəndaşlar bayram və tətilləri xaricdə deyil, ölkə daxilində keçirməyə üstünlük verirlər.
Əslində, bu amili yalnız dövlət xəzinədarlığının artırılması baxımından müsbət saymaqla kifayətlənmək düzgün olmaz. Özünüz qərar verin: daxili turizmin inkişafı daha yeni iş yerlərinin açılmasına səbəb olur, özü də bu, bütün HoReCa (Hotel, Restoran, Kafe) sahəsi - böyük qonaq qəbulu sənayesi üzrə müşahidə edilir. Bu, hotel, mehmanxana, qonaq evləri, hostellər və s.-lə yanaşı, həmçinin kiçik yolkənarı yeməkxanalardan tutmuş nüfuzlu kafe və restoranlara qədər bir çox iaşə obyektlərini də əhatə edir. Tələbə uyğun olaraq təkliflər də - turizm obyektlərinin ehtiyaclarını ödəmək üçün lazım olan yerli mal və xidmətlərin istehsalı da artır.
İkinci məqam isə turizm infrastrukturunun daha da təkmilləşdirilməsidir. Xoşbəxtlikdən, turizm obyektlərinin sahiblərinin əksəriyyəti də olmasa, böyük hissəsi ən yüksək səviyyədə xidmət göstərilməsinin vacibliyini başa düşürlər. Söhbət yalnız təmiz süfrələrdən və yataqdan, təzə və dadlı yeməklərdən, nəzakətli və qayğıkeş işçi heyətindən getmir. Bu gün istirahət və ya sağlamlıq məqsədilə Azərbaycana gələn hər bir turist yaxşı asfaltlaşmış yollar, yaşıllıq əkilmiş sahələr görməli, peşəkar reklam və informasiya, nəqliyyat, tərcümə, ekskursiya, əyləncə və sair xidmətlərdən istifadə etməlidir. Eyni zamanda nəqliyyat əlaqələrinin yeni növləri - bərələr, kruiz laynerləri, turist vertolyotları və s. istifadəyə verilməlidir.
Biz obyekt sahiblərini boş yerə yada salmadıq. Məlumdur ki, bu gün dövlətimiz turizm obyektlərinin ən yüksək dünya standartlarına uyğunluğunu təmin etmək üçün gücü daxilində olan hər şeyi edir. Buna görə də, sahənin bütün oyunçuları bu yüksək ölçülərə riayət etməlidirlər.
Pozuntular aradan qaldırılmalı!
Üçüncü də yetərincə vacib aspektdir. Daxili turizmin inkişafı giriş turizminin də intensivləşməsinə kömək edir. Daha çox əcnəbilər Azərbaycanda yaradılan şərait haqqında məlumat alırlar və əlbəttə ki, onlardan istifadə etmək istəyirlər. Bildirmək lazımdır ki, son illərdə ən əhəmiyyətli hadisələrdən biri xarici ölkə vətəndaşları üçün viza rejiminin önəmli dərəcədə sadələşdirilməsi olub, o cümlədən elektron vizaların verilməsi prosedurları sadələşdirilib və ASAN Viza sistemi yaradılıb. Məsələ bundadır ki, bu sahədə böyük pozuntulara yol verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda etdiyi çıxışında bu barədə yetərincə kəskin formada xatırladıb.
«Xarici həmkarlarımdan biri mənə deyir ki, siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz, axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar», - deyə prezident xəbərdarlıq edib.
Buna görə, may ayından etibarən aeroportlarda yeni bir sistem tətbiq olunacaq ki, bütün sərhəd keçid məntəqələrində qonaqlar üçün maksimum komfortlu şərait təmin edilsin. Ancaq turistlərin problemləri yalnız sərhəddən keçməklə məhdudlaşmır.
Hotellərdə çoxsaylı pozuntular, bəzi idarəçilərin özbaşınalığı, onların qonaqlara qarşı tətbiq etdikləri «havadan götürülmüş» tələblər və məhdudiyyətlər uzun müddətdir yalnız xarici qonaqların deyil, həm də yerli vətəndaşların və KİV-lərin tənqid obyektinə çevrilib.
«Bəzən hüquq mühafizə orqanlarının işçiləri hotellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır», - deyə dövlət başçısı yekunlaşdırıb.
Həndəsi silsilə ilə artım
Göründüyü kimi, turizm sənayesi ilə bağlı bütün məsələlər daim dövlət başçısının diqqəti altındadır və bu, Azərbaycanı bütün bölgənin turizm mərkəzinə çevirmək məqsədinə tez bir zamanda nail olmaq üçün yetərincə güclü dəstəkdir. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovun sözlərinə görə, 2018-ci ildə xarici turistlər tərəfindən tələb həndəsi silsilə ilə artmaqdadır. Buna yalnız ərəb dünyası ölkələrindən deyil, həm də Avropa və Asiyadan yeni aviareyslərin açılması imkan yaradır.
Həqiqətən, Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatlarına istinad edilərsə, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın əsas hava limanı 545 min sərnişinə xidmət edilib. Bu, ötən ilin ilk iki ayının göstəricilərindən 16% çoxdur.
Bununla belə, Turizm Nazirliyinin məlumatları ilə Azərbaycanda turistlərin əksəriyyətinin ərəb dünyasından olduğunu düşünən çox sayda vətəndaşın fikirləri ilə üst-üstə düşmür. Beləliklə, ilin birinci rübündə ən çox xarici vətəndaş Rusiyadan (171,8 min nəfər), Gürcüstandan (138,9 min), İrandan (99,2 min) və Türkiyədən (72,7 min) gəlib. Eyni zamanda BƏƏ-dən 29,3 min, Ukraynadan 11,9 min, İraqdan isə 11,1 min nəfər qeydə alınıb. Özü də, bütün istiqamətlərdə nəzərəçarpacaq artım qeydə alınıb.
Son illərin, xüsusilə də 2015-2017-ci illərin meyilləri əsasında, demək olar ki, Azərbaycana giriş turizminin coğrafiyası sürətlə genişlənəcək. N. Bağırovun sözlərinə görə, bu baxımdan dünyanın, demək olar ki, bütün regionları perspektivlidir. Belə ki, qısa müddət ərzində assosiasiya özü Malayziya və Hindistanda ofis açıb. Azərbaycan və Hindistan arasında birbaşa aviauçuşlar olmasa da, hindistanlı turistlər bizim ölkəyə ərəb istiqamətindən - Dubaydan tranzitlə gəlirlər. Bakı - Nyu- Delhi arasında aviareys açılarsa, nə baş verəcəyini təsəvvür etmək çətin deyil - hindistanlı turistlərin sayı minlərlə hesablanacaq.
Digər vacib bir sahə Şərqi Asiya, xüsusilə Çindir. Ümumiyyətlə, Turizm İnkişafı Strateji Yol Xəritəsinə görə, 2020-ci ildə Bakının hotel və mehmanxanalarında 900.000 turist qalmalıdır. Müqayisə üçün: 2015-ci ildə bu göstərici 500 min nəfər olub. Eyni zamanda mehmanxana və hotel xidmətlərindən istifadə etməyən insanların sayı 800 mindən 1,5 milyona qədər çatmalı, az büdcəli turistlərin sayı isə 265 minə çatmalıdır.
Yəni nəzəri baxımdan 2025-ci ilədək ölkəmizin turizm sənayesi önəmli dəyişikliklərə məruz qalacaq. Turizm dövlət və özəl sektor üçün prioritet sektorlardan biri olaraq qaldığına görə, bu dəyişikliklər yalnız kəmiyyətcə deyil, həm də keyfiyyətcə olacaq. Ona görə, bizlər - Azərbaycan vətəndaşları üçün faydalar çox istiqamətli olacaq.
MƏSLƏHƏT GÖR: