Müəllif: Ceyhun NƏCƏFOV
Yunanıstanla Türkiyə arasında Egey dənizində yerləşən mübahisəli Kardak adaları (yunanlar onu «İmia» adlandırırlar) üzündən yaranmış yeni gərginlik iki NATO üzvü arasında hərbi qarşıdurmayadək gedib çıxa bilər. Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Evros adasında 7 minlik hərbi kontingentin göndərilməsi haqda qərar qəbul edib. Nazirin sözlərinə görə, bu, Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda yaranmış vəziyyətlə bağlıdır. Kammenos hər hansı problemi «öz gücləri hesabına çözməyə» qadir olduqlarını desə də, Brüsseldə Türkiyə və Yunanıstan hərbçiləri arasında ən cüzi, təsadüfi insidentin belə, qitə miqyaslı münaqişəyə çevirə biləcəyini anlayırlar.
Gərginliyin səbəbinə gəlincə, bu, Afinanın mübahisəli Kardak (İmia) adalarını Aİ-nin «Natura 2000» ekoloji proqramına daxil etmək qərarından sonra başlayıb. Türkiyə XİN-i Yunanıstanı Aİ-nin proqramlarından şəxsi maraqları üçün yararlanmağa çalışmaqda günahlandırıb. Nazirlik Kardak adalarının Türkiyəyə məxsusluğunun müzakirə mövzusu olmadığını bəyan edib. Yunanıstan XİN-i isə bu bəyanata cavab olaraq, Afinanın adalar üzərində suverenliyə malik olduğunu bildirib.
Ankara ümumavropa strukturlarına da müraciət edərək bildirib ki, Yunanıstanın Aİ-nin ekoloji proqramlarının, o cümlədən «Natura 2000» proqramının reallaşdırılması ilə bağlı siyasətinə münasibət Avropa Komissiyasının diqqətinə hələ 1998-ci ildə çatdırılıb.
Yunanıstanla Türkiyənin tarixi keçmişi regional rəqabət, müharibələr, qaçqın problemi və s. ilə bağlı qarşıdurmalarla zəngindir. Bunun fonunda ətraf mühitin mühafizəsi və ya idman tədbirləri kimi xeyirxah işlər belə, təxminedilməz fəsadlara yol aça bilər. Bütün bunlar bilavasitə Azərbaycanın maraqlarına da toxunur. Çünki Bakı Türkiyə və Yunanıstandan da keçəcək Cənub Qaz Dəhlizi qaz ixrac layihəsini reallaşdırmaqdadır. Transadriatik boru xəttinin (TAP - Yunanıstan-Albaniya-İtaliya) başlanğıc nöqtəsi məhz Yunanıstandır. Onun Transanadolu (TANAP) və Cənubi Qafqaz Qaz xəttilə (Bakı-Tbilisi-Ərzurum) birləşdirilməsi nəzərdə tutulub. Bakı üçün Cənub Qaz Dəhlizi zəncirinin Egey dənizindəki mübahisəli adalar üzündən «qırılması» yolverilməzdir.
Türkiyə parlamentinin sabiq deputatı, politoloq Canan KALSIN ilə Afina-Ankara gərginliyinin pərdəarxası məqamları haqda söhbətləşmişik.
- Bu adaların əhəmiyyəti nə qədər böyükdür ki, Türkiyə ilə Yunanıstanı az qala bir-birinə qarşı silah qaldırmağa vadar edir?
- Ankara hesab edir ki, Kardak adaları bütün beynəlxalq normalara görə, Türkiyənin ərazi sularında yerləşir. Təəssüf ki, İtaliyanın 1947-ci ildə adaları təhvil verməsindən sonra ozamankı İsmət İnönü hökuməti gələcəyi görə bilməyib və Türkiyənin adalar üzərində hüquqi suverenliyini möhkəmləndirməyib. O zaman düşünürdülər ki, adaların Türkiyəyə məxsusluğuna heç kəs şübhə etmir. Halbuki onlarla bağlı mübahisə, az qala, ötən əsrin ilk yarısından başlayıb. Tərəflərin ərazi suları zonası mütəmadi olaraq genişlənir. Son dəfə Yunanıstan Egey dənizindəki ərazi suları zonasını BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz hüquqları üzrə Beynəlxalq Konvensiyaya istinadla genişləndirmək qərarına gəlib. Bu konvensiyaya istinad edən yunan tərəfi bütün əvvəlki razılaşmaların əksinə olaraq, Egey dənizindəki ərazi suları zonasını 65% artırmaq və onu özünün daxili gölünə çevirmək haqda qərar qəbul edib. 1987-ci ildə, həmçinin 1996-cı ilin əvvəllərində isə Afina adalarının birləşdirilməsilə bağlı müxtəlif təxribatçı addımlar atıb. Məsələn, 1996-cı ildə yunan hərbçiləri adalardan birinə yerləşərək orada Yunanıstan bayrağı ucaltmışdı. Bu, çox böyük təxribat idi. Nəticədə, Ankara Türkiyə sərhədlərini pozmuş qüvvələrin oradan çıxarılması üçün addımlar atmış və bu, 3 yunan hərbçisinin ölümünə səbəb olmuşdu. Ümumilikdə, Türkiyə Afina ilə bu səbəbdən münasibətlərinin gərginləşməsini istəmir. Türkiyənin Yunanıstanla heç bir problemi yoxdur. Bu günədək həmin adalarda nə türklər, nə də yunanlar hərbi qüvvə yerləşdirib. Sual olunur, yunan hərbçilərinin Türkiyənin ərazi sularında nə işi var idi? Ankara adalar məsələsində praqmatik siyasət yürüdür. Amma vəziyyət çox gərgindir. Odur ki, hər iki tərəf üçün ən optimal variant adaların neytral zona kimi qalmasıdır. Amma indi yunan millətçiləri ada məsələsini yenidən qaldırmağa başlayıb. Ölkənin müdafiə idarəsinin rəhbəri Panos Kammenosun da millətçi «Müstəqil yunanlar» partiyasının rəhbəri olduğu məlumdur. Bu siyasi təşkilat hazırkı baş nazir Aleksis Siprasın təmsil etdiyi SİRİZA partiyasının tərəfdaşıdır.
Kardak adaları məsələsisə millətçi isteriyanın yaradılması üçün yaxşı bəhanədir. 90-cı illərdə də, sonrakı dövrlərdə də belə olub. Növbəti gərginliyin səbəbini Afinanın hazırkı siyasətinin 2 çox önəmli amilində axtarmaq lazımdır. Məsələ ondadır ki, Yunanıstan iqtisadiyyatında vəziyyət durmadan ağırlaşır. Aİ-nin yardımı sadəcə, gözlənilən defoltu bir qədər təxirə salıb. Yunanıstan büdcəsi boşdur, hökumət əməkhaqlarını ödəmək iqtidarında deyil. Artıq 8 ildir ki, Yunanıstan inflyasiya və maliyyə böhranı dənizində boğulur. Hökumət anlayır ki, xalqın səbri tükənmək üzrədir. Kənar yardımlar isə nəinki ölkənin borcdan qurtulmasına kömək etmir, əksinə, ona daha çox borca və böhrana salır. Odur ki, Afina millətçiləri ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmıq qərarına gəlib. Bu üzdən, qonşu ölkə ilə yalançı problem yaradılır, «Türkiyə təhlükəsi»ndən danışılır. Beləliklə, Yunanıstan hökuməti adalar məsələsini qaldırmaqla, guya qəhrəmanlıq nümayiş etdirməyə çalışır. Populist hökumətlər, adətən, belə olur və Sipras da istisna deyil. O, hakimiyyətə də populist bəyanatlarla gəlib. Ölkəsində vəziyyəti düzəltməyə qadir olmayan Sipras xarici siyasətdə təhlükəli oyun oynayır. Yeri gəlmişkən, ötən əsrdə Türkiyənin hərbi rəhbərliyi də belə edirdi. Onlar yaşayış səviyyəsinin aşağı olmasını və iqtisadi problemləri ətrafdakı düşmənlərlə əsaslandırırdılar.
Yunanıstan-Türkiyə münasibətlərinin tarixinə diqqət yetirsək, görəcəyik ki, Türkiyə ərazilərinə iddialar Yunanıstana hər zaman çox baha başa gəlib. Afina XX əsrin əvvəlində də Türkiyənin sərhədlərini dəyişməyə cəhd göstərib və tez bir zamanda yerinə oturdulub.
- Türkiyə isə məsələyə təmkinlə yanaşır - beynəlxalq ictimaiyyət tərəfindən başqalarının sərhədlərinə və ərazi sularına hörmətlə bağlı müəyyənləşdirilmiş normalara əməl edilməsi və s. bağlı ümumi sözlər…
- Bəli, Türkiyə hökuməti, hələ ki, küləyin haradan əsdiyini müəyyənləşdirir. Birinci Dünya müharibəsinin başa çatmasındən bəri Yunanıstan Qərbin Türkiyəyə təzyiq vasitəsidir. 1996-cı ildə Türkiyə hökumətinin başçısı Tansu Çillər adada yunan bayrağının qaldırılması ilə bağlı insidentə son dərəcə sərt reaksiya vermişdi. O, adaya yaxınlaşacaq yunan gəmilərinin vurulacağını belə, bəyan etmişdi. O zaman dünya artıq müharibə gözləntisində idi. Türkiyə NATO-dan tərəfdaşı olan ölkəyə qarşı hərbi bəyanatlar verdiyi üçün sərt tənqid edilirdi.
Bu gün isə vəziyyət bir qədər fərqlidir. Ankara iki ölkə arasında qarşılıqlı anlaşmanın, xalqlar arasında isə dost münasibətinin olması üçün çox iş görür. Bu siyasət öz bəhrəsini də verməkdədir. Məsələn, Yunanıstanda ölkə iqtisadiyyatını yalnız Türkiyənin xilas edə biləcəyini deyən siyasətçilər var. Onlar hesab edir ki, yunan iqtisadiyyatının kapitallaşdırılmasını yalnız Türkiyə biznesi təmin edə bilər. Amma bu, yunan millətçilərinin «türk təhlükəsi» haqda yaratdığı miflə tam ziddiyyət təşkil edir.
Ankara problemin «şişməsinə» imkan vermir. Türkiyə özünü nə qədər təmkinli aparırsa, Yunanıstanda türkpərəst siyasətçilərin mövqeyi o qədər güclənir. Hər halda, Türkiyə real hərbi gücünü «Fərat qalxanı» və «Zeytun budağı» əməliyyatları zamanı hər kəsə göstərib. Türkiyə Silahlı Qüvvələrinin potensialının Yunanıstan ordusunun potensialından dəfələrlə artıq olduğu heç kəsə sirr deyil. Odur ki, gücünə görə Avropanın ikinci ordusu olan Türkiyə Silahlı Qüvvələri üçün adaları qorumaq heç bir problem yaratmaz. Düzdür, Ankara bir sıra hallarda xarici təhlükələri güc tətbiq etmədən aradan qaldırmağa çalışır. Lakin ərazilərinin Suriyadan atəşə tutulmasına reaksiyası Ankaranın istənilən qəti addımlara hazır olduğunu da bir daha təsdiqləyib.
- Bəzi qərbli ekspertlər bu qarşıdurmaya Egey dənizindəki qaz yataqlarının səbəb olduğunu düşünür. Yunanıstan adaları ələ keçirməklə, yaxın ərazilərdə yataqlardan karbohidrogen hasilatına başlaya bilər…
- Adaların problemi bir-birilə əlaqəli kompleks amillərlə bağlıdır. Burada qaz yataqları amili də var. Yunanıstan hələ 5 il əvvəl beynəlxalq razılaşmalara istinadla, neft-qaz hasilatına başlamaq niyyətində olduğunu açıqlamışdı. Lakin Egey dənizinin ekologiyası və coğrafiyası elədir ki, bütün məsələlər ikitərəfli qaydada çözülməlidir. Türkiyə bu məsələdə inadkarlıq göstərdiyindən yunanlar, az qala, Türkiyənin ərazi sularında qaz axtarmaq ideyasından vaz keçib. Amma qaz məsələsində Afina, güman ki, daha çox başqalarının qlobal enerji planlarının iştirakçısıdır. Son illərdə Türkiyə öz ərazisindən bir sıra strateji qaz kəmərlərinin çəkilişinə nail olub. O, artıq Mərkəzi və Şərqi Avropa ölkələri üçün enerji habına çevrilib. Ankaranın Aralıq və Egey dənizlərində qaz yataqlarının işlənilməsinə başlaması onun Qərblə münasibətlərdəki mövqeyini daha da gücləndirəcək. Bu isə Avropaya qaz ixracı ilə bağlı öz planları olan ABŞ-ı narahat edir.
Digər vacib amil Türkiyənin Rusiya ilə münasibətlərdə əldə etdiyi uğurlardır. Moskva ilə Ankara qarşılıqlı münasibətlərdə yeni səhifə açıb - istər iqtisadi, istər siyasi münasibətlərdə. Türkiyə faktiki olaraq, Aİ-yə üzvlük məsələsini gündəmindən çıxarıb və intensiv olaraq Moskva və Pekinlə münasibətlər qurur. Qərbdə Moskva ilə münasibətlərin gərginləşməsi fonunda Türkiyənin tərəflər arasında bufer rolu oynamaqdan imtina etməsindən təlaşa düşüblər. Bir sözlə, Avropanın geosiyasi xəritəsi dəyişir.
- Bəs, məsələ hərbi qarşıdurmayadək gedib çıxa bilərmi?
- Hər şey Yunanıstanın hakim elitasının məsuliyyət hissindən asılıdır. Onlar, hətta, necə deyərlər, «bulanıq suda balıq tutmaq» qərarına gəliblərsə belə, Afina qırmızı xəttin harada olduğunu bilir. Adi təsadüfi insidentlər isə mümkündür.
- Maraqlıdır ki, adalarla bağlı məsələ Kiprin rəhbəri Anastasiadisin gözlənilmədən Türkiyə ilə müttəfiq münasibətləri qurmaq istədiyini bəyan etməsilə eyni vaxtda qaldırılıb. Halbuki Ankara bu günədək Kipr Respublikasını tanımır. Bəlkə bu, Yunanıstanın mesajıdır? Deyirlər ki, «siz Kiprdən qoşunlarınızı çıxarırsınız, biz isə Kardak adaları məsələsini bağlayırıq»…
- Kipr problemi yaxın 10-15 ildə həll olunmayacaq. Bu, Qərbin Türkiyəyə təzyiq vasitələrindən biridir. Şimali Kiprin əhalisi referendumda adanın birləşməsinə «hə» deyib. Yunan tərəfilə Avropa isə Kipr probleminin həlli perspektivini rədd edib. Artıq Yunanıstanın və yunan Kiprinin ədalətli sülh istəmədiyi hər kəsə bəllidir. Belə vəziyyətdə Türkiyə qarant ölkənin üzərinə düşən işi görür - Kipr türklərinin təhlükəsizliyi təmin olunmalıdır.
MƏSLƏHƏT GÖR: