Müəllif: Fuad HİLALOV
«Vətəndaş dialoqu» müşahidə qrupunun üzvü, Avropa Parlamentinin Almaniya Milli-Demokrat Partiyasından olan deputatı Udo FOYQT «Region Plus»a müsahibəsində Azərbaycanda keçirilmiş prezident seçkisinin gedişi və seçki haqda təəssüratlarından danışıb.
- Bizimlə müsahibəyə vaxt ayırdığınız üçün sizə minnətdarlığımızı bildiririk. Seçkinin təşkililə bağlı ümumi təəssüratınız nədən ibarətdir? Fikrinizcə, ümumilikdə seçki necə keçib?
- Bu, ölkənizə ilk səfərimdir. Əvvəllər Azərbaycan haqda «demokratiyanın olmadığı» ölkə kimi, bir çox mənfi fikirlər eşitmişdim. Lakin burada gözləntilərimin əksinə olaraq, çox mehriban insanlarla qarşılaşdım.
Seçicilər tək-tək, yaxud qrup halında seçkiyə qatılırdılar. Səsvermə günü bir çox seçki məntəqəsini gəzdim, seçicilərlə söhbətləşdim. Onların hər biri siyasi məsələlərin müzakirəsinə böyük maraq göstərirdi. Çoxu öz prezidentinə səs verməyə gəldiyini gizlətmir, onun ölkə və xalq üçün çox işlər gördüyünü söyləyirdi. Əminəm ki, söhbətləşdiyim insanlar həqiqəti deyirdilər: onların səmimi olduqları hiss olunurdu. Mən burada doğma vətənim Almaniyada olmayanlara şahidlik etdim. Məsələn, səsvermə üçün şəffaf qutular çox xoşuma gəldi. Həmçinin müxtəlif səbəblərdən seçki məntəqələrinə gələ bilməyən seçicilər üçün mobil səsvermə məntəqələri fəaliyyət göstərirmiş.
- Fikrinizcə, seçkinin nəticələrinə, məhz İlham Əliyevin yenidən ölkə başçısı seçilməsinə hansı amillər təsir göstərib?
- Mən Azərbaycanın siyasəti haqda ətraflı məlumata malik deyiləm. Lakin Bakının küçələrini, xüsusilə İçərişəhəri gəzərkən iş başında olan saysız-hesabsız insanlar, gözəl avtomobillər və s. gördüm. Bu, əhalinin rifah halının göstəricisidir. Bakı, məsələn, Berlinlə müqayisədə daha təmizdir. Almaniya şəhərlərinin küçələrində, adətən, çoxsaylı bədxah, işsiz insanlarla rastlaşmaq mümkündür. Burada isə insanlar xoşbəxt, xeyirxah, qayğıkeş təsir bağışlayır. Hazırkı dövlət başçısının seçkidə uğur qazanması, bəlkə də, buradan qaynaqlanır.
- Avropanın enerji təhlükəsizliyinin təmini və enerji mənbələrinin şaxələndirilməsi baxımından Azərbaycanın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bilirəm ki, Azərbaycan Avropa İttifaqının assosiativ üzvü olmaq niyyətindədir. Amma mən ölkənizin və xalqınızın bu istiqamətdə addım atmağa tələsməməsini tövsiyə edərdim. Çünki bunun müsbət nəticələr verəcəyini düşünmürəm. Aİ-yə üzvlüyün ehtimal olunan şərtlərindən biri (İttifaqda səs sayı qarşılığında) Azərbaycanın 100 minlərlə qaçqına qucaq açması olacaq. Bundan imtina olunacağı halda isə ölkənin qəbul etmədiyi hər qaçqına görə 250 min avro ödəniş etməli olacaqsınız. Bu, ciddi məbləğdir.
Odur ki, fikrimcə, ümumilikdə, Avropada hansısa köklü dəyişikliklər edilməli, immiqrasiya ilə bağlı yaranmış qeyri-sağlam vəziyyət nəzərə alınmalıdır.
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropa ilə əməkdaşlığı ideyası isə vaxtında edilən və düşünülmüş əməkdaşlıqdır. Düşünürəm ki, Almaniya ilə Rusiya arasında müzakirə olunan «Şimal axını» layihəsi sizin enerji siyasətinizə heç bir təsir göstərməyəcək. Hər iki layihə Avropaya tədarük olunan enerji daşıyıcılarının qiymətinin tənzimlənməsinə xidmət edəcək.
- Dünən «İnterfaks-Azərbaycan»a müsahibənizi oxudum. Açıq desəm, atanızın Bakı haqda xatirələrini oxuyan zaman sözün yaxşı mənasında təəccübləndim…
- Bəli, uşaqlıq illərimdə atamdan həmin illərdə baş verənlər haqda tez-tez soruşurdum. 1944-1945-ci illərdə atam hərbi əsir kimi, Bakıda olub; daha dəqiqi, o, keçmiş Çexoslovakiya ərazisində əsir düşüb, daha sonra Odessaya, oradan isə Bakıya gətirilib. Burada o, Xəzər dənizinin sahilində yerləşən zavodlardan birində çalışıb. Onlar torpedalar üçün qutu hazırlayırlarmış. Atam buranın insanları, onların alman əsirlərə münasibəti haqda çox xoş sözlər danışırdı. Mən gənc olarkən kommunistlərə və ümumiyyətlə, keçmiş Sovet İttifaqı ilə əlaqəli hər şeyə münasibətim mənfi idi. Atam isə məni bunun əksinə inandırmağa çalışırdı. Danışırdı ki, saxlandıqları düşərgənin komandiri, rus mayoru atama vaxtilə özünün Almaniyada əsir olmasından, yerli insanların ağır müharibə illərində ona necə kömək etdiyindən söz açırmış. Onların arasında müəyyən mənəvi rabitə yaranmışdı…
MƏSLƏHƏT GÖR: