23 Dekabr 2024

Bazar ertəsi, 21:11

SÜRƏT ƏFSANƏSİ

Azərbaycan Qran-Prisi Formula 1 həvəskarlarına möhtəşəm yarış, parlaq, qızğın mübarizə bəxş edib

Müəllif:

01.05.2018

Belə görünür ki, heç bir ekstrasens, sehrbaz və ya şaman «Formula1» avtoyarışı üzrə Azərbaycan Qran-Prisinin nəticələrini öncədən deyə bilməz. Artıq ardıcıl olaraq ikinci ildir ki, Bakı yarışı inanılmaz sürprizlər bəxş edir, tamaşaçılara inanılmaz mübarizə gərginliyi və adrenalin verir. Məhz bu cür hisslər hesabına "Formula 1" yarışlar arasında populyarlıq və reytinqə görə ikinci olur, yalnız futbol üzrə dünya çempionatından geri qalır.

Yalnız "Avropa Qran-Pri" adı altında 2016-cı ildə Bakıda keçirilən ilk debüt yarışı tamaşaçıların yaddaşında öz ötmələri və gərginliyi ilə, demək olar ki, qalmayıb, çünki səhvləri demək olar ki, bağışlamayan yeni və yetərincə mürəkkəb bir trassa çıxan pilotlar həddindən artıq ehtiyatlı bir strategiya seçmişdilər.

Amma 2017-ci ilin iyun ayında "Qran-Pri Azərbaycan" adı altında keçirilən ikinci yarış çox sayda toqquşmaları və ötmələri, dəfələrlə «safety-car»a girişlər ilə yadda qalan oldu ki, bu da nüfuzlu nəşrlər - «Daily Mail», «The Times», «The Guardian», «Sky Sports» və başqaları tərəfindən 2017-ci il mövsümünün ən yaxşı yarışı seçilməsinə səbəb olub.

Ötən il «Mercedes» və «Ferrari» komandalarının pilotları Lyuis Hemilton və Sebastyan Fettelin açıq üstünlüyünə baxmayaraq, Bakıda yarışı «Red Bull» sürücüsü Deniel Rikkardo qazandı ki, bu qələbə hər kəsdən daha çox pilotun özünü təəccübləndirdi. Məhz keçənilki mübarizə gərginliyi və gözlənilməz nəticələr builki Azərbaycan Qran- Prisinə marağı artırdı.

Ümumiyyətlə, 2018-ci il çempionatının indiyə kimi keçirilmiş üç Qran-Prisi göstərir ki, artıq keçmişin yeganə lideri sayılan «Ferrari» tərəfindən olduqca güclü və «Mercedes»lə döyüşməyə qadir rəqabətqabiliyyətli bolid hazırlanıb, həmçinin «Red Bull»dan olan rəqiblər də boş oturmayıblar.

Buna görə də, Bakıda cümə və şənbə sərbət yarışlarında qeyd olunan komandaların tez-tez birindən o birinə keçən üstünlüyünü müşahidə etmək olar. Baxmayaraq, çoxları proqnozlaşdırırdı ki, Bakı trassı bu il olduqca yüksək sürət göstərmiş «Ferrari» pilotları üçün daha əlverişli olacaq. Təsadüfi deyil ki, Sebastyan Vettel üç mərhələdən ikisini qazandı, onun əsas rəqibi Lyuis Hemilton isə 2018-ci ildə ümumiyyətlə qələbə qazanmadı.

Həqiqətən, şənbə günü sıralanma yarışı göstərdi ki, «Ferrari» təmsilçiləri «Mercedes» və «Red Bull»dan olan rəqiblərindən üstündürlər - ən yaxşı vaxtı Sebastyan Fettel göstərdi, onun komanda yoldaşı Kimi Raikkonen yarış startında birinci xətti onunla bölüşməli idi, lakin son sıralanma dairəsində baş vermiş kiçik bir səhv fin pilotu «Mercedes» və «Red Bull» pilotlarından da sonra altıncı yerə atdı.

Amma bu, yarışı daha maraqlı etdi, daha sürətli avtomobilə sahib olan Kimi daha yuxarılara can atmalı idi. Lakin yarışın başlaması ilə «Force İndia» komandasından Esteban Okon ilə ilk dairələrindən birində toqquşan «Ferrari»nin ikinci pilotunun işləri qarışdı. İlk turda Sergey Sirotkin (Williams), Fernando Alonso (McLaren) və Niko Hulkenberq (Renault) də toqquşdular. Bu qəzaların nəticəsi olaraq Okon və Sirotkin yarışdan çıxdılar, yolu qırıntılardan təmizləmək üçünsə trassa «Safety Car» buraxdılar. Bundan isə zədələnmiş burun müqavimət çəmbərini dəyişdirmək üçün pit-stopa gələn Kimi Raikkonen istifadə etdi, lakin o, trassa 12-ci yerdə qayıtdı.

Yenidən başlayan yarış liderlər sırasında dəyişikliklərə gətirib çıxarmadı - Fettelin «Ferrari»si Hemilton və Valteri Bottasın «Mercedes»lərinə çatmağa çalışdı. Onların arxasında iki «Red Bull» - Maks Verstapen və Daniel Rikkardonun bolidləri tamaşaçılar üçün gerçək şou göstərdilər. Rikkardo dəfələrlə tərəfdaşını ötməyə çalışdı, amma o, sona qədər yarışdı və hətta kiçik toqquşmaları da oldu. Bu yarışdan hər iki «Red Bull» pilotunu ötmüş «Renault» pilotları karlos Sayns və Niko Hulkenberq istifadə etdilər. Lakin belə uyğunsuz vəziyyət uzun sürmədi - əvvəlcə Hulkenberq divara sürtünərək təkərlərini deşdi və yarışı dayandırmağa məcbur oldu, daha sonra Sayns təkərləri dəyişmək üçün pit-stopa girdi və bir neçə mövqe geri qaldı. Raykonen ötmələrin və rəqiblərinin təkərləri dəyişdirmək üçün pit-stopa girməsi hesabına yarışda ilkin başladığı altıncı mövqeyə dönə bildi.

Əsas mübarizə Ferstapen və Rikkardo arasında getdi, Rikkardo dördüncü mövqeyə qədər çıxmağı bacardı, lakin planlaşdırılan təkər dəyişikliyindən sonra Ferstapen yenə komanda yoldaşını ötdü. Fettel də pit-stopa girdikdən sonra ikinci sıraya düşdü, ona elə gəldi ki, qələbəni müvəqqəti də olsa «Mercedes» təmsilçisi Bottasa qapdırdı, halbuki Bottas təkərlərini məcburi dəyişdirməli idi.

Fettel, bəlkə də, mövsümün hər hansı başqa yarışında yarışa yenidən başçılıq etmək üçün Bottasın pit-stopa girmə vaxtını sakitliklə gözləyərdi, lakin Bakıda yox. Finişə cəmi 12 tur qalmış «Red Bull»dan olan "qızğın oğlanlar" öz aralarındakı mübarizəni absurda çıxardılar.

Rikkardo növbəti dəfə Ferstapenə finiş xəttində çatmağa çalışdı, amma o, komanda yoldaşına yetişmək üçün imkan buraxmadı. Ancaq yüksək sürət Rikkardonun vaxtında yavaşıtmasına imkan vermədi və o, tərəfdaşını vurub yoldan çıxardı. Nəticədə, hər iki «Red Bull» təmsilçisi oyun xaricində qaldı, halbuki sonda rahatlıqla 4-5-ci yerlərə iddia edə bilərdilər, hətta daha yaxşı nəticə də əldə edə bilərdilər, çünki yarış üçün daha yeni və tərkibinə görə daha yumşaq təkərlər onlarda idi.

Nəticədə, Safety Car ikinci dəfə trassa çıxdı və Bottas bundan istifadə etdi, o, təkərləri dəyişməyə çıxmışdı və birinci geri qayıtmağı bacarmışdı.  Vəziyyət Roman Qrojanın qəzası ilə daha da ağırlaşdı. O, sakit rejimdə təhlükəsizlik maşınını idarə edə bilmədi və divarın üzərinə düşdü. Bu qəza səbəbindən «Safety Car» finişə yalnız 4 dairə qalmış trassdan ayrıldı və bu, mübarizəni daha da qızışdırdı. İzləyicilər ilk növbədə, ikinci və dördüncü yerlərdə qərarlaşan «Ferrari» pilotlarının birinci və üçüncü yerlərdə qərarlaşmış «Mercedes»li rəqiblərinə hücumlarını gözləyirdilər. Fettel öz hücumunu uzun müddət gözlətmədi və başlanğıc xəttindən birinci döngəyə qədər Bottası keçməyə çalışdı. Lakin o, yanlış hesablamışdı və döngədən əvvəl kəskin şəkildə əyləci basmağa məcbur oldu, nəticədə yalnız Hamiltonu deyil, həm də tərəfdaşı Raykoneni qabağa buraxdı.

Bundan əlavə, Fettel bu manevr ilə təkərlərin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi, nəticədə, «Force İndia» komandasından olan Sercio Peres finişə iki tur qalmış onu ötüb keçdi. Elə gəlirdi ki, Bottanın bu mövsümdə qələbəni «Mercedes»in adına rəsmiləşdirməsinə heç bir şey mane ola bilməz. Lakin «Red Bull» pilotları Azərbaycanın Qran-Prisində qələbə uğrunda mübarizəyə dolayı yolla müdaxilə etdilər - finiş mərhələsinə bir dairə qalmış Bottas «Red Bull» bolidlərinin dağıntılarının üzərindən keçdi və təkərlərini deşərək mübarizəni dayandırmalı oldu. Belə vəziyyətdə hətta özü də gözləmədən Luis Hemilton qalib gəldi, finiş xəttini ikinci Kimi Raykonen, üçüncü isə Serxio Peres keçdi. Özü də Peres karyerasında ikinci dəfə yarışda mükafata layiq görüldü, ilk dəfə 2016-cı ildə də Bakıda üçüncü sırada yarışı başa çatdırmışdı.

Yarışı udmuş «Mercedes» pilotu Lyuis Hamiltona Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli bayrağının rənglərində kubok təqdim edildi. Finalçıları həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva, Avtomobil İdmanları Federasiyasının rəhbəri Anar Ələkbərov, gənclər və idman naziri Azad Rəhimov da mükafatlandırıblar.

"Valteri bu gün möhtəşəm bir çıxış nümayiş etdirdi və qələbəyə layiq idi. Sebastyan gözəl çıxış etdi, buna görə də bu gün mən çox şanslıyam. Birinci yerdə olmaq bir az qəribədir, amma mən bu nəticə ilə razıyam. Mən təslim olmadım, hücuma davam etdim, amma yarış mənim üçün nizamsız oldu. Mənim üçün nəticənin belə olduğuna görə taleyimə minnətdaram", - deyə Hamilton «Sky Sports»a bildirib.

Öz kariyeraları boyunca ilk dəfə Azərbaycan Qran-Prisində bal yığmış Şarl Lekleröz «Sauber»ində finiş xəttinə altıncı yerdə çatıb, Brandon isə öz «Toro Rosso»sunda pilotlar onluğunu qapayıb, 13-cü yerdən 6-cı yerədək ilk irəli çıxan Lekler "Formula 1" saytında keçirilmiş səsvermədə gününün ən yaxşı pilotu sayılıb.

Azərbaycan Qran-Prisinin nəticələri dünya çempionatının ümumi hesabatında liderlərin dəyişməsinə gətirib çıxarıb - 70 balla Lyuis Hamilton 66 xal toplamış Sebastyan Fettelin yerinə keçib. Üçüncü yerə «Ferrari» pilotu Kimi Raykonen çıxıb, 48 bal toplamış pilot Bakıda finişə çata bilməyən Valteri Bottası və Daniel Rikkardonu geridə qoyub.

Komanda yarışında birinci yeri 114 bal toplamış «Ferrari» tutub və o, «Mercedes»i 4 bal geridə qoyub. «Red Bull» onlardan əhəmiyyətli dərəcədə geri qalır, «McLaren» və «Renault» 4-5-ci yer uğrunda gərgin mübarizə aparır.

İkinci dəfədir ardıcıl olaraq Azərbaycan Qran-Prisi «Formula - 1» pərəstişkarlarına emosiyalarla dolu möhtəşəm və güzəştsiz, son ana qədər qalibin proqnozlaşdırılmasına imkan verməyən parlaq bir yarış təqdim edir. «Formula-1» pərəstişkarları məhz belə yarışlar üçün darıxmışdılar. Bakı yarışları daha iki il «Formula 1» təqvimində qalacaq, lakin müqavilənin 2025-ci ilədək uzadılması üçün 2018-ci ilin iyun ayınadək «Formula One Management» (FOM) ilə razılığa gəlmək lazımdır.

Eyni zamanda, «Baku City Circuit»in icraçı direktoru Azad Rəhimovun dediyinə görə, yarışın təşkilatçıları onun keçirilməsi hüququna ödənişin iki dəfə azaldılmasına nail olmaq istəyirlər.

"Əlbəttə, pul müqavilənin mümkün uzadılması ilə bağlı danışıqlar apararkən müzakirə etdiyimiz aspektlərdən biridir. Bir neçə belə aspekt var. Bir tərəfdən biz yarışların gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən başa düşürük ki, biz ödəməli olduğumuzdan daha çox ödəyirik. Buna görə, biz ağlabatan bir həll tapmağa çalışırıq. Hesab edirəm ki, ümumiyyətlə, Formula-1 bizim üçün çox işlər görüb, məncə, bu layihə yalnız bizim üçün deyil, həm də bildiyim qədər, F1 üçün də maraqlıdır ", - deyə A.Rəhimov bildirib.

FOM və «F1 Administration»in fəxri prezidenti Berni Ekklstuon da Bakı mərhələsinə yüksək qiymət verib.

"Hər şey gözəldir, mən çox məmnunam! - hazırda Azərbaycanda olan Ekklstuon «f1news.ru» ya bildirib. - Bu yarışı təşkil etmək və "Formula-1" haqqında heç nə eşitməmiş yerlilərı razı salmaq asan olmadı. İndi mən çox məmnunam - Bakıda gözəl iş görürlər. Gözəl insanlar, çox gözəl bir yerdir. Ümid edirəm ki, hər şey belə qalacaq".

"Bakı həm Parisin, həm Dubayın, həm Londonun, həm Budapeştin, həm Romanın, həm də İstanbulun bir hissəsidir. Bakıda hər şey var, eyni zamanda başqa heç bir yerə bənzəmir, - deyə tanınmış avtoidman icmalçısı Uill Bakston öz video bloqunda qeyd etmişdi. - Çox vaxt az şey gözlədiyimiz yer bizə ən çox təəssürat verir, Bakı da belə yerlərdən biridir. Əvvəlcə ona qarşı çoxsaylı şübhələrim vardı, amma ildən-ilə buraya daha həvəslə gəlirəm. Demək olar ki, bu şəhəri doğrudan da sevirəm".

Belə bir qiymətləndirmə ilə Azərbaycan Qran-Prisinin «Formula-1» çempionatının növbəti mərhələsinin keçirilməsi üçün digər şəhərlərin ödənişlərindən artıq olmayan və iqtisadi əsaslandırılmış ödənişlərə nail olmaq istəyi olduqca realdır.

Hər halda, "Formula-1" ölkəyə gələn turistlərin əhəmiyyətli dərəcədə artımına, iqtisadiyyatın əlavə gəlirlər əldə etməsinə gətirib çıxardı. 2017-ci ilin fevral ayında təqdim edilən hesabata görə, Bakıda keçirilən ilk iki Qran-Pri üçün ölkənin gəlirləri təxminən 280 milyon dollar təşkil edib və bu, avtomobil yarışlarının dəyərini aşıb.

İldən-ilə gəlirlər artacaq, xərclər isə əksinə azalacaq. Deməli, optimal şərait olarsa, Azərbaycan Qran-Prisi uzun illər boyu bütün dünyanın diqqətini cəlb edə bilər.



MƏSLƏHƏT GÖR:

413