Müəllif: Nadir SƏNANOĞLU
Rusiyanın Kaspiysk şəhərində keçirilən yunan-Roma, qadın və sərbəst güləşi üzrə Avropa Çempionatı Azərbaycan pəhləvanları üçün uğurlu nəticəylə əlamətdar oldu. Ötən qitə birinciliyində 8 medal qazanan güləşçilərimiz bu dəfə Vətənə 18 mükafatla qayıtdı. Pəhləvanlarımız 4 qızıl, 5 gümüş və 9 bürünc medalla yeni rekorda imza atdı.
İlk növbədə, sərbəst güləşdə karyerasında Avropa Çempionatında ikinci dəfə qızıl medal qazanan Hacı Əliyevi qeyd etməliyik. Finala qədər üç görüş keçirən dünya çempionumuz Avropa Çempionatına hazır olduğunu nümayiş etdirdi. Finalda yerli idmançı İlyas Bekbulatovla qarşılaşan Hacı Əliyev 2-7 hesabıyla geridə olduğu görüşdə dönüş yaratmağı bacardı. Əzmkarlığı və ustalığı sayəsində güləşçimiz finalda 8-7 hesablı qələbə qazanmaqla Avropa çempionu tituluna sahib çıxdı. Finaldan sonra vəziyyəti pisləşən idmançımıza dərhal tibbi yardım olundu. Eyni zamanda onun rəqibi də həkimə müraciət etdi. Həkimlərin səyinə baxmayaraq İlyas Bekbulatov vəziyyəti tam düzəlmədiyinə görə mükafatlandırma mərasimində iştirak etmədi. Hacının uğuru həm də Azərbaycan güləş məktəbinin qələbəsi oldu.
Yunan-Roma güləşində 55 kq-da çıxış edən Eldəniz Əzizlinin karyerasında ilk dəfə Avropa çempionatında qızıl medal qazanması xüsusilə vurğulanmalıdır. Əzizli bütün görüşlərini yüksək səviyyədə keçirməklə çempionluq sevinci yaşadı və bununla yığmadakı yerini möhkəmlətdi.
Sərbəst güləşdə Georgi Edişeraşvilinin qızıl medalı məşqçilərimizi sevindirməyə bilməz. Edişeraşvili bütün görüşlərdə aşkar üstünlüyünü nümayiş etdirdi.
Qadın güləşində Mariya Stadnik fenomeni qeyd olunmalıdır. 50 kq-da çıxış edən Stadnik növbəti dəfə peşəkarlığını nümayiş etdirməklə Avropada öz çəkisində güclü olduğunu isbatladı. Karyerasında səkkizinci dəfə Avropa çempionu olan Stadnik bütün görüşlərdə rəqibini döşək üzərinə çıxmağa peşman etdi. Final görüşündə isə Stadnik 32 saniyəyə qələbə qazanmaqla yerli azarkeşlərin alqışını qazandı.
Yunan-Roma güləşində Eldəniz Əzizliylə yanaşı, Rəsul Çunayevin (72 kq) də çıxışı yüksək qiymətləndirilməlidir. Rio de Janeyrodakı Yay Olimpiya Oyunlarından sonra onurğasında yaranan problemə görə karyerasını başa vurmaq barədə düşünən Çunayev Avropa Çempionatında gümüş medalla kifayətləndi. Finalda Adam Kuraka qarşı görüşdə 5-1 hesablı üstünlük qazansa da, sonda yol verilən səhv idmançımızı qızıl medaldan məhrum etdi.
Bununla yanaşı, Murad Məmmədov (60 kq), Elis Manolova (65 kq), Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) finalda uduzmaqla gümüş medalla kifayətləndi. Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçuk (59 kq), Səbirə Əliyeva (76 kq), Murtuzəli Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bürünc medala layiq görüldü. Əldə olunan medalların sayına görə Azərbaycan komanda hesabında üçüncü yeri tutdu.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov idmançılarımızın çıxışını yüksək qiymətləndirib: “Güləşçilərimiz möhtəşəm qələbə qazandılar. Rekord sayda - 4 qızıl, 5 gümüş və 9 bürünc olmaqla, ümumilikdə, 18 medal əldə etdilər. Hər zaman Azərbaycanın idman ölkəsi olduğu isbatlamağa çalışırıq. Ayovada keçirilən Dünya Kubokundan sonra Avropa Çempionatında da uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşduq.
Sözsüz ki, səhvsiz olmadı. Murad Məmmədov 5 xal öndə olduğu halda, uduzdu. Bunu daha çox onun təcrübəsizliyinə bağlayıram. Rəsul Çunayevin isə səhhətində problem, zədələri var. Hazırlıq prosesini yaxşı keçirmişdilər. Bütün məşqçi heyəti ilə görüşüb, səhvləri analiz edəcəyik. Bunlar Olimpiya Oyunlarında bağışlanılası səhvlər deyil. Məşq prosesi hər kəs üçün eyni qaydada olur. Nurməhəmməd Hacıyev ikinci hissədə taktikanı düzgün qurmadı. Hesabda 7:0 öndə olduğu halda, səhv etdi. Digər bir neçə idmançımızda da bu səhvlər oldu.
Ümumilikdə idmançılarımızın çıxışından razı qaldım. Avropa Çempionatı kimi nüfuzlu yarışda 18 medal qazanmaq yüksək nəticədir. Biz növbəti dəfə Azərbaycanın idman ölkəsi olduğunu sübut etdik. Eyni zamanda pəhləvanlarımız Avropada ən güclülərin sırasında yer aldı. Federasiya rəsmisi kimi bütün komandaların məşqçi heyətini təbrik edirəm. Lakin əldə olunan nəticələrlə kifayətlənmək olmaz. Səhvlər təhlil olunmalıdır. Zədəli idmançılarımız müayinəyə göndərilməlidir. Qısa istirahətdən sonra yığma üzvləri yenidən hazırlığa cəlb olunacaq. Heyətdə dəyişikliklər barədə danışmaq istəməzdim. Bizdə həmişə yarışa yollanan heyət hazırlıqdan sonra məlum olur”.
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev “R+”a açıqlamasında final görüşündən sonra səhhətində problem yarandığını etiraf edib: “Bu məqamı gizlədirdik. Çətin görüş oldu. Çox sevinirəm ki, qələbə qazandım. Sadəcə finaldan sonra başım fırlandı. Özümə gəlmək üçün bir neçə dəqiqə vaxt lazım oldu. Rəqib də pis olmuşdu. Ona görə hətta mükafatanlandırma mərasiminə çıxmadı. Onun medalını məşqçisinə təqdim etdilər. Finalda həyəcan çox idi. Yerli azarkeşlər rəqibə güclü dəstəklə kömək olurdu. Ona görə qələbə çox çətinliklə qazanıldı. Məşqçilərin tapşırığını yerinə yetirdim. Növbəti hədəfim Dünya Çempionatında qızıl medal qazanmaqdır”.
Xatırladaq ki, güləş yığmamızı qarşıda daha bir ciddi sınaq gözləyir. Bir neçə aydan sonra Azərbaycan millisi Budapeştdə keçiriləcək Dünya Çempionatında iştirak edəcək.
MƏSLƏHƏT GÖR: