23 Dekabr 2024

Bazar ertəsi, 13:24

«ƏSAS ODUR Kİ, ÜRƏYİNDƏ YER OLSUN…»

Görkəmli bakılı, sadiq dost və qonaqpərvər ev sahibi Saveli Kolmanovski haqqında

Müəllif:

15.05.2018

Hadisələr, təxminən, 30 il əvvəl Moskvada cərəyan edir. Məkan İvanovsk adlanır. Oraya getmək üçün Entuziastov şosesi ilə, təxminən, dairəvi yoladək hərəkət etməlisən. İribloklu, 12 mərtəbəli binanın 1-ci mərtəbəsində o qədər də böyük olmayan 3 otaqlı və rahat bir mənzil. Burada hər şey qeyri-standartdır. Azərbaycanın mis qablarının asıldığı dəhlizdən tutmuş, taxta qaşıqların çox gözəl kolleksiyasının yer aldığı mətbəxədək. Bundan başqa, mənzilin divarlarından möhtəşəm ingilis çini boşqabları da («Vecvud», «Meyson» və ya mənə tanış olmayan başqa qablar - ev sahibi bu işdə peşəkardır) asılıb. Bir məqamı da əlavə edim: kolleksiyanın qonaqların seyr etməsi üçün nəzərdə tutulmuş hissəsi buraya ilk dəfə gələn insanda heyrət, təəccüb və hətta inamsızlıq yaradır - belə bir kolleksiyanın yığılması üçün neçə il lazımdır?

Belə təəssürat yarana bilər ki, buraya təşrif buyuran şəxslər gözlənilmədən özlərini sanki muzeydə hiss edir. Bu, yanlış təəssüratdır. Muzey zallarında bir qayda olaraq, sakitlik hökm sürür, diqqəti şedevrlərə yönəlmiş az sayda insan və s. Kolmanovskinin mənim canlandırmağa çalışdığım mənzilində isə şedevrlər (yəni, kolleksiyalar) ola bilər və var. Lakin burada sakitliyə, boşluğa rast gəlmək mümkün deyil. Burada hər zaman saysız-hesabsız qonaq görərsiniz - istər moskvalıları, istərsə də ev sahibinin vətəni olan Bakıdan gələnləri. Danışdığımız dövrdə isə onların sırasında «gedənlər» - SSRİ-dən kimi ABŞ-a, kimi İsrailə, kimi Almaniyaya, Avstraliyaya - bir sözlə, hara gəldi, köçməyə hazırlaşanlar da olurdu…

Bəzən bu qədər insan selinin olduğu bir məkanda bu gözəl ailənin necə yaşaya bildiyinə heyrət edirsən: redaktor, televiziya və radio üçün yazan ssenarist Saveli Abramoviç Kolmanovski, xanımı, təcrübəli mühəndis, uzun illər müdafiə «poçt qutu»larından birində (Sovet İttifaqı illərində aşkar adı olmayan məxfi müəssisələr, elmi tədqiqat institutları belə adlandırılırdı) çalışmış Emma Abramovna Levina, qızı, Moskvada çalışan proqramçı Lenoçka. Həmin dövrdə özü də daxil olmaqla, heç kəs onun ABŞ-ın müxtəlif şəhərlərində çalışacağını, sonradan Rusiyaya dönəcəyini, əfsanəvi «Yandeks»in yaradılmasında iştirak edəcəyini bilmirdi. Bu, uzaq gələcəkdə olacaqdı.(İstənilən münasibətdə möhkəmlənmiş qaydalar olur. Və mənim Yelena Savelyevnanı Lyudoçka adlandırmağım da onilliklər boyu formalaşmış stereotipdir).

…İndisə hələ gecə saat 3-dür. Saveli ilə asta-asta mətbəxə gedirik - mən yaxından keçirdim və bilirdim ki, Kolmanovskigilə istənilən vaxt xəbər-ətərsiz qonaq gəlmək olar. Ona görə pəncərədən içəri boylandım və gördüm ki, Sava hələ yatmayıb. Lakin bu dəfə içəridəki növbəti qonaqları görə bilmədim. Neçə nəfərdilər? Üç? Beş?

- Bu gün yeddi! Odur ki, qonaq otağında yatmalı olacaqsan… Rauf ilə Lyalya artıq oradadırlar. Acmısan?

Dəqiq bilirəm: «hə» desəm, dadlı yemək və bir qədəh tünd içki məni gözləyir. Lakin ayıbdır…. Savaya əvvəllər vermədiyim bir sual ünvanlayıram:

- Mənə bax, sən Allah incimə, belə şəraitdə necə yaşayırsınız? Axı, burada tərpənmək belə olmur?! (Etiraf edirəm ki, gecə yarısı qonaq gəlmiş adamın dilindən bu sual çox qəribə səslənir. Amma, doğrudan, elə bu cür soruşdum).

Gözləmədiyim halda Savadan cavab dərhal gəldi:

- Əsas odur ki, burada (sinəsini göstərir) yer olsun… Qalan şeylər problem deyil.

Bu sözlərdən sonra o, şkafdan adyal və mələfə götürərək mənə verdi.

Onun dediyi söz, sanki tost idi. Amma o, pafosdan tam uzaq səslənirdi. Bu, informasiya idi. Bu mənzilin xarakterini açan informasiya. Saveli Kolmanovskini anladacaq informasiya.

Sava deyirdi: «Moskvaya köçdükdən sonra günlərin birində Emma ilə hesabladıq ki, 3 il qonaqsız yaşamışıq. 6 il isə bizdə başqa adamlar da yaşayıb».

Hesablamaq çətin deyil: 6 il 2191 gündür. Kolmanovskigildə tək qonaq nadir hallarda olur. Demək, ikiyə vuraq. Belə çıxır ki, bu mənzildə 9 ildə, təxminən, 4500 gün qonaq olub! Təsəvvür edirsiz? Dörd min yarım adam! Bu rəqəmi hərflə yazmağa dəyərmiş...

Demək, Saveli Kolmanovskinin xarakterinin əsas və ilk cəhəti dostluq etmək bacarığıdır. Özü də, təkcə yaxınlarla yox! O, hər kəsə faydalı olmağı bacarır. Sevinc gətirməyi bacarır. Bütün bu bacarıqlar ondan hansısa səylər tələb etmir, hər şey, təbii, sanki öz-özünə yaranıb.

Elə insanlar olur ki, sənə kiçik bir lütfkarlıq göstərir, lakin bunu elə təqdim edir ki, özünü az qala ömürlük ona borclu sayırsan. Elə insanlar da var ki, sizə həyati əhəmiyyətli yardım göstərir, lakin özünü elə aparır ki, sanki heç bir ciddi iş görməyib. Allah məni istəyir: dostlarım arasında belə insanlar var və Sava da onlardan biridir.

Sava Kolmanovskinin əvəzsiz dostluğu bacardığını demək düzgün olmazdı. Mən bunu «Borodinski çörəyi sindromu» adlandırıram. Məsələ belə olub: Sava Moskvada, ailəsi - anası Fanya Emmanuilovna və böyük qardaşı Vitali (o, Savelinin həyatında böyük rol oynayıb və bu haqda danışacağıq) Bakıda yaşayırdı. Sava məndən bir xahiş etmişdi- Bakıdakı ailə üzvlərinə Moskvada bişirilmiş «Borodinski» çörəyini çatdırmalı idim. Bakıda bu çörəkdən, həqiqətən, yox idi. Sava üçün əsas münasibət idi (ən azı mən belə düşünürdüm) - onun xahişinə necə yanaşdın, necə əməl etdin…

Daha bir ədalətli yanaşma - Sava hansısa xahişi etdikdə (bu, nadir hallarda olurdu) gözləyirdi ki, buna onun özünün xahişi yanaşdığı kimi yanaşılsın. Lakin həyatda bəzən başqa cür də olur.

Savelinin böyük qardaşı Vitali Kolmanovski - Vika haqda ayrıca danışaq. Təəssüf ki, bu gün o, bizimlə deyil… Bu qeyri-adi, parlaq, möhtəşəm insan erudit, alim, ədib idi. Onu hər kəs sevirdi. Vikanın Savanın həyatındakı rolu isə qiymətləndirmək belə, çətindir. Günlərin birində Kaliforniyadan Vikanın ölüm xəbəri gəldi (onun ölümü də həyatı kimi, rahat və əziyyətsiz olub: evinin həyətinə aparan metal qapının qarşısında yıxılıb)… Kaliforniyadan gələn bu üzücü xəbər Sava və Lenoçka ilə birlikdə bizi Bakıda haqladı. Mən böyük qardaşım Romanla yazıçıların qurultayına dəvət olunmuşduq. Kolmanovskilər isə bizi görmək üçün Moskvadan gəlirdilər. San-Xosedən zəng gələn zaman biz gözəl bakılı dostlarımız İntiqam və Fuadla masa arxasında əyləşmişdik… Həmin axşam canlı klassik, gözəl şair və nadir ürəyə malik əfsanəvi Fikrət Qoca da bizimlə idi.

Sava Kolmanovski üçün bundan ağır xəbər ola bilməzdi… Lakin o, özündə masa arxasında bir kəlmə də danışmamaq gücü tapdı. Yalnız məclisdən qalxdıqdan sonra məni bir kənara çəkərək bu qara xəbəri mənə dedi. Bunadək isə nə gözündə yaş, nə simasında kədər var idi. Onun bunu necə bacardığını hələ də bilmirəm…

Yaxşı ki, həmin an biz Bakıda idik! Fikrimcə, Saveli üçün bu ağır itkini sevimli şəhərində yaşamaq cüzi də olsa, yüngül idi…

Bakıya gəlincə, o, hər zaman gözəl olub… Gənclik illərimizdə də, indi də.

Savanın pafoslu çıxışlardan heç xoşu gəlmir. Lakin Bakıya sevgisi haqda, az qala, şeirlərlə danışır… Moskvaya köçməsindən sonrakı ilk illərdə ondan orada necə yaşadığını soruşmuşdum. «Yaşayış yaxşıdır», - deyə o, qəmli səslə cavab vermiş, ardınca başını yana yelləyərək demişdi: «Amma Bakı Bakıdır, özün bilirsən…».

Xoşbəxtlikdən son illər Saveli Bakıda tez-tez olur. O, bu torpağı, buradakı insanları sevir. Buradakılar da Savanı sevirlər. Bu səfərlər nəticəsində Savelinin hekayələr repertuarı zənginləşir. Mən bu janrı «şifahi poetik rəsmlər» adlandırardım.

Kolmanovskini dinləyən zaman onun qeyd etdiyi insanları sanki görürsən - səhər saatlarında mis qabları Günəş şüaları altında daha yaxşı parlaması üçün piştaxtaya düzən şəxsi, alıcını israrla mal almağa çağıran, lakin onun yorulduğunu eşitdikdə sadəcə içəri daxil olub əyləşməyə dəvət edən, hətta ona çay da gətirən satıcını: «Heç nə almaq lazım deyil, dincəlin!»… Torpaq təndirdə çörək bişirən qadını…

- Bilirsən, Bakı ilə bağlı hadisələri harada danışıram-danışım - Moskvada, Sankt-Peterburqda, Parisdə, Venesiyada və ya Hafyada - cavab bir olur: «Belə şey ola bilməz!»

Bunu mənə Sava nəql edir. «Mən isə onlara izah edirəm ki, özümdən belə hekayələr uydura bilsəydim, nəhəng yazıçı olardım! Və sizin kimi adi insanlarla heç oturub-durmazdım…», - deyə o, bildirir.

Haqqında ayrıca bəhs edilməli olan daha bir məqam Savelinin Fikrət Qocaya münasibətidir. Adətən, belə olur ki, insan dahi yazıçının əsərlərilə tanış olur və yalnız bundan sonra bəxti gətirərsə, onun özülə tanışlıq imkanı qazanır. Sava isə Fikrət Qoca ilə Bakıya səfərlərindən birində dost məclisində tanış olub. Məhz bu görüşdə o, Fikrət Qocanın söhbətlərinə, hər zaman paradoksal və gözlənilməz mülahizələrinə heyran qalıb… Bir sözlə, şairin şəxsiyyəti Kolmanovskidə elə dərin təəssürat yaradıb ki, o, Fikrət Qocanın rus dilinə tərcümə olunmuş əsərlərinin, demək olar ki, hamısını oxuyub. Daha sonra şairin şeirlərini öz dilindən azərbaycanca dinləyib… Üstəlik, son səfərlər zamanı görüşlər...

Kolmanovski Fikrət haqda yalnız gözəl fikirlər səsləndirir. O, Fikrət Qocanı Şərq poeziyasının nəhəng ənənələrinin görkəmli davamçısı sayır. Hər zaman onun haqqında «Qaya, Mütəfəkkir, Klassik…» sözlərini işlədir. Fikrət Qoca heç nədən məhrum deyil: onilliklərdən gələn xalq sevgisi, orden-nişan, vəzifə… Amma Saveli Kolmanovskinin fikirləri də bu siyahıya artıqlıq etmir. Fikrət ad günündə Savadan poetik təbrik almasının nə qədər xoş olduğunu şəxsən mənə danışıb.

Sava da şeir yazır. O, bununla, poetik peşəkarlığa iddia etmədən, sadəcə, insanlara sevinc bəxş etmək üçün məşğul olur. İstəyinə nail olduğunu da deyə bilərik. Onun şeirlə yazılmış təbriklərini insanların hansı məmnunluqla oxuduqlarına özüm şahidlik etmişəm. Bunlar hər zaman şən, zərif və məzəli şeirlər olur. Buraya ekzotikanı da əlavə etmək olar: Kolmanovski kafedə tanımadığı bir qadına yaxınlaşa, icazə alaraq yenicə beyninə gəlmiş şeirini onun üçün səsləndirə bilər. Mən bunun şahidi olmuşam. Bir neçə il əvvəl Kolmanovski kiçik şeir kitabı da buraxıb və mən onu məmnuniyyətlə qoruyub saxlayıram. Onun yeni kitabı isə bu yaxınlarda Moskvada işıq üzü görüb.

Sava haqda bu söhbəti onun bəzi suallara cavabı ilə tamamlamaq istərdim. Bu sualları ona yazılı şəkildə ünvanladığım üçün şadam. Çünki bəzən insan kağız üzərində daha yaxşı «görünür», nəinki üz-üzə. Beləliklə, söz Saveli Kolmanovskinindir.

- Valideynlərin haqda danış.

- Atam çoxuşaqlı yoxsul ailədə doğulub. Lakin (ura!) Sovet hakimiyyətinin qurulması ilə o, Bakı Konservatoriyasının alt sinfinə daxil olub. Atam Rostrapoviçin tələbəsi olub və 3-cü kursda oxuyarkən artıq konsertlər verməyə başlayıb (afişaları bu gün də qalır). Bir qədər sonra, 8 illik tanışlıqdan sonra anamla ailə qurub. Sovet hakimiyyətinin (təəssüf) müdaxiləsi və «komsomol»un qərarı ilə atamı konservatoriyadan kənarlaşdırıblar. Məsələ ondadır ki, atam yoxsul, anam isə varlı ailəni təmsil edirdilər. Babam provizor idi və ticarət məkanlarından birində apteki var idi. Demək, o və bütün yaxınları «yad elementlər»dir.

1928-ci ildə atam Bakıda sonradan Gənc Tamaşaçılar Teatrına çevrilmiş Fəhlə Uşaqlar Teatrını yaratmış entuziastlardan olub. 40 ildən artıq müddətdə (xəstəliyilə əlaqədar pensiyaya çıxanadək) o, teatrda musiqi bölməsinin müdiri və teatr orkestrinin dirijoru kimi çalışıb. Eyni zamanda dolana bilmək üçün musiqi məktəbində müəllimlik edib, Operetta Teatrının, Azərbaycan Kinostudiyasının, Yəhudi və Ukrayna teatrlarının orkestrlərində çalışıb. Atam not yazmaqla da pul qazanıb.

Yeri gəlmişkən, atamın istedadı və təşkilatçılığı onun doğma teatrına daha bir fayda gətirib. 1962-ci ildə atam Gənc Tamaşaçılar Teatrının ilk mənzil-tikinti kooperativini yaradıb və onun sədri olub. O, bu işə Fəhlə Uşaqlar Teatrının qurulmasından da çox zəhmət çəkib. Yeri gəlmişkən - atam işdə orkestrə rəhbərlik etsə də, evdə əsas söz sahibi - «birinci skripka» anam olub.

Anam tətbiqçi-rəssam idi. 1939-cu ildə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi (sonradan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) açılan zaman Azərbaycanın respublika pavilyonunda yüngül sənaye stendinin qurulmasını ona həvalə etmişdilər.1950-ci illərdə Bakıda ilk dəfə olaraq texniku "batik" v rospisi po şelku məhz anam tətbiq edib.

Lakin bütün bunlar quru rəsmiyyətdir. Əsas odur ki, mənim valideynlərim ağıllı, şən və gülərüz insanlar olub. Onlar maraqlı yaşamağı, sevməyi, dostluq etməyi bacarıblar. Əldə etdiklərilə kifayətlənib və iztirablardan qorxmayıblar. Onların bizə - övladlarına münasibətinə gəlincə, hər birimiz valideynlərimizə borcluyuq. Bizi onlar böyüdüb, tərbiyələndirib, bizim üçün əllərindən gələni ediblər. O vaxt Bakıda tez-tez eşitdiyim zarafatyana «iradı» hələ də yadımda saxlayıram: «Sən kimin üstünə qışqırırsan?? Doğma anan-atanın? O insanların ki, səni yedirdib, içirdib, evakuasiyadan çıxarıb və instituta soxub?!»

Biz evakuasiyada olmamışıq, qalanlar isə uyğun gəlir. Yox, bir də biz heç vaxt valideynlərimizə səsimizi qaldırmamışıq.

- Həyat sənə nə öyrədib?

- Kitabı sevmək və biliyə hörmət;

İnsanları sevmək və hörmətlə yanaşmaq;

Böyüklərə ehtiram;

Yıxılanı vurmamaq;

Dostluğu qiymətləndirmək;

Namus və ləyaqəti qorumaq;

Lovğa insanlara rişxənd etmək;

Bəzən lovğa insanı yerinə oturtmaq:

Başqalarının fikrinə hörmətlə yanaşmaq, lakin öz fikrini qorumağı bacarmaq;

Anlamaq ki, sənin fikrinlə üst-üstə düşməyən fikir səhv fikir deyil, sadəcə, fərqli fikirdir;

Vədinə əməl etmək;

«Metal» uğrunda ölməmək;

İnsanlığın yalnız bir prinsip əsasında iki yerə bölündüyünü anlamaq: yaxşılar və pislər. Bütün qalanları (irq, boy, milliyyət, dil, göz rəngi, təhsil, mentalitet və s.) vacib olsa da, prinsipial əhəmiyyət daşımır;

Yaxınlarla kədəri deyil, sevinci bölmək;

İnsanlara zəifliyini göstərməmək;

Xeyirxah yumoru və sərt sözü qiymətləndirmək;

Özünə ironiya mütləqdir;

Kinli olmamaq, lakin həm xeyirə, həm şərə qarşı yaxşı yaddaşa malik olmaq. Borclu qalmamaq;

Acgöz olmamaq;

Ən yüksək nümunələrə nisbətdə bacarıq, bilik, ağıl, məharət səviyyəni müəyyənləşdirmək;

Qonaqpərvərlik;

Başqalarının uğuruna sevinmək;

Yaxınlarına xırda nöqsanları bağışlamaq;

Heç bir halda «başqa monastıra öz qaydalarınla getməmək»;

Heç kəsi alçaltmamaq;

Paxıllıq etməmək;

Kütlənin ardınca getməmək;

Uşaqları və qadınları qorumaq.

- Peşən haqda danış.

- Bekaram. Amma bayağı tənbəl yox, bekarlıq üzrə yüksək peşəkar. Əsas məşğuliyyətimdən (bekarlıqdan) sərbəst olduqda isə - bu, 16 saat davam edir - oxumuşam, idmanla məşğul olmuşam, çilingərlik, mühəndislik etmişəm, Bakı və Moskvanın ali məktəblərində dərs demişəm, jurnalistika ilə məşğul olmuşam, Mərkəzi Televiziya üçün ssenari yazmışam, «Vesti»də və TNT-də çalışmışam, redaktələr etmiş, elmi ədəbiyyat yazmışam. Əmək kitabçamda nələr yoxdur: BMZ və trolleybus parkı, Axundov adına APU və «Xalq təsərrüfatı», Moskva Polad və Ərinti İnstitutu, Üçüncü med, televiziya və s… Əsas qazanc yerim isə ədəbiyyat sahəsidir. Yeri gəlmişkən, hipotetik məsləkdaşlarımı xəbərdar etmək istərdim: bekarlıq çətin və ağır ixtisasdır. O, böyük güc, gərginlik tələb edir, üstəlik, təəssüf ki, o qədər də gəlirli sahə deyil.

- Özünü iki kəlmə ilə xarakterizə et.

- Homo sapiens (ümid edirəm).

- Ən böyük uğurun.

- Qızım. (Qızı, əlbəttə ki, adını dəfələrlə çəkdiyimiz Lenoçkadır - Yelena Savelyevna Kolmanovski. «Yandeks»in yaradıcılarından biri, «Xoroşıy tekst» portalının yaradıcısı və sponsoru. Saveli məhz Lenoçkanın sayəsində bəzi dairələrdə «Yandeksin atası» adını qazanıb - A.Q.).

- Ən böyük uğursuzluğun.

- Mənim heç kiçik uğursuzluğum da olmayıb. Əlbəttə, hər şey istədiyim kimi alınmayıb. Lakin günahkar özüm olmuşam: bəzən doğru hesablamamışam, bəzən tənbəllik etmişəm… «Uğursuzluq» olmayıb.

-  Nəyin arzusundasan?

- Adətən, reallaşması mümkün olmayan nəyisə arzulayırlar, mən isə realist və optimistəm. Ona görə nə qədər ki, işgüzarlığım var, mən arzulamıram, ümid edirəm. Amma, əlbəttə ki, mənim də istəyim var - yaxınlarımdın sonra vəfat etmək istəməzdim.

 

                         *  *  *

Bu da mənim kiçik anketim. Mən, taleyin mənə bəxş etdiyi ən böyük hədiyyələrdən biri haqda danışmaq, bölüşmək istədim. Əslində, yalnız məni deyil, yazılanlardan göründüyü kimi, çoxlarını mükafatlandırıb.

Bu həyat hədiyyəsinin adı var - Saveli Abramoviç Kolmanovski.



MƏSLƏHƏT GÖR:

413