Müəllif: Sənan ŞƏFİZADƏ
Haqqında söhbət açacağımız insan gözəl şahmat oynamaqla yanaşı, basketbol və futbolu da pis bacarmır. Gənc yaşından dünya çempionu olmağı bacaran bu insan həm də titulunu bu günədək qoruyub saxlaya bilib.
FİDE reytinqinin lideri, planetin bir nömrəli şahmatçısı Maqnus Karlsen hər il Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir turnirində iştirak etmək üçün ölkəmizə gəlir.
Bu il dünya çempionu ShamkirChess-2018 superturniriylə əlaqədar iki həftəyə yaxın ölkəmizdə oldu. Biz də fürsətdən istifadə edib ondan özəl müsahibə ala bildik.
- Deyəsən, jurnalistlərlə ünsiyyəti çox sevmirsiniz?
- Yanılırsınız. Sadəcə yarış vaxtı müsahibə vermirəm. Adətən, şahmat oyunlarından sonra rəsmi mətbuat konfranslarında iştirak edirik. Orada partiya barədə suallara cavab veririk. Ona görə əlavə müsahibəyə ehtiyac olmur.
- Siz Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess superturnirində qələbə qazandınız. Həmkarlarınıza şans vermirsiniz…
- Shamkir Chess superturnirində qalib olduğuma görə sevinirəm. Yarışın əvvəlində istədiyim oyunu göstərə bilmədim. Son turlarda bir qədər rahat oynadım. Anış Giri üzərində qələbə qazandığım partiya, bəlkə də, Şəmkirdə ən yaxşı oyunum oldu. Digər halda etiraf etmək lazımdır ki, istədiyim Maqnusu görmədim. Yəni maksimum bacardığım oyunu nümayiş etdirə bilmədim. Bununla belə, sonda əsas mükafata sahib çıxdığıma görə uğursuzluqları unuduram.
- Hansı qələbəni daha çətin hesab edirsiniz?
- İlk dəfə 2014-cü ildə Şəmkirə gəlmişəm. Çox güclü heyət var idi. İki partiyada məğlubiyyətdən sonra özümə gəldim. Sonradan nail olduğum ardıcıl qələbələr yarışı ilk pillədə başa vurmağa kömək etdi. 2014-cü ildəki yarış həm də birinci turnir oldu. Ona görə xüsusilə çətin mübarizəylə yadımda qalıb.
2015-ci ildə də asan mübarizə olmayıb. Vişvanatan Anandla oyunumu xatırlayıram. Çətin vəziyyət var idi. Anandla oyunumuz xüsusi maraq kəsb edirdi. Həmin ildə də birinci oldum.
Bu il fərqli oldu. Ardıcıl üç tur heç-heçə oynadım. Sanki qələbə qazana bilmirdim. Turnirin əvvəlində bütün şahmatçılar eyni vəziyyətdə idi. 3 turdan sonra hamı 1.5 xal toplamışdı. Mənim üçün ardıcıl 3 oyunda qələbə qazanmamaq normal deyil. Bir qədər pis olmuşdum. Yaxşı ki, sonda istəyimə çatdım.
- Deyirlər Maqnus iştirak etdiyi turnirlərdə əksər hallarda digər şahmatçıların qələbə qazanmaq şansı yoxdur. Bu fikirlə razısınız?
- (gülür) Kim deyir? Mən bununla razı deyiləm. Sadəcə bütün yarışlarda qalib olmaq istəyirəm. Çox vaxt istəyimə çatsam da, inanın bu heç də asan olmur. Bunun üçün gərgin məşqlər çox vacibdir. Eyni zamanda mənimlə çalışan insanların - komandamın uğurumda böyük payı var.
- Şəmkirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovla qarşılaşdınız. Daha çox, deyəsən, sonuncuyla oyunda əsəbləşdiniz?
- Yox əsəbləşmədim. Adlarını çəkdiyiniz şahmatçıların oyunları bir-birindən fərqlənir. Maraqlıdır ki, azərbaycanlı şahmatçılarla partiyalarım heç-heçə bitdi. Əslində, qalib gəlmək istəyirdim, sadəcə alınmadı. Bilmirəm, bəlkə, Şəmkirin havası onlara kömək oldu. Məmmədyarov, Rəcəbov, Məmmədov kifayət qədər diqqətli oynadılar. Raufla partiyada fürsət əldə etmişdim, sadəcə üstünlüyü reallaşdıra bilmədim. Rauf yaxşı oynadı.
- Həmin partiyadan sonra mətbuat konfransına gəlmədiniz...
- Çox yorulmuşdum. Təəssüflənirdim ki, qalib gələ bilmədim. Üstəlik, mətbuat konfransları bəzən çox vaxt aparır. Partiyadan sonra mətbuat konfranslarında suallara cavab vermək insanı daha da yorur. Raufla oyundan sonra dərhal hotelə gedərək növbəti tura hazırlaşmağa başladım.
- Şəmkirə şəxsi aşpazınız da gəlib. Bu məqam çox maraqlıdır. Bəlkə, hoteldə təqdim olunan Azərbaycan mətbəxindəki yeməkləri xoşlamırsınız?
- Hoteldə həm Azərbaycan, həm də Avropa mətbəxindən olan yeməklər təqdim olunurdu. Qidayla bağlı heç bir problem yox idi, çünki təşkilatçılar ən xırda detalı belə dəqiqliklə fikirləşiblər. Buna görə Təşkilat Komitəsinə təşəkkür etməyə borc bilirəm. Menyuda olmayan amma istədiyim yemək olsaydı onu da hazırlayardılar. Sadəcə bir neçə il əvvəl aşpazla çalışmağa başladım. Bəzən getdiyim ölkədə qidayla bağlı problem yaşanır. O zaman aşpaz kömək edir. Azərbaycan və Türkiyə mətbəxləri çox oxşardır. Türkiyə mətbəxində bəyəndiyim yeməklər var. Sadəcə çox yağlı yeməklərdən qaçıram. Eyni zamanda şirniyyatı sevməyimə baxmayaraq çalışıram az yeyim.
- Fiziki hazırlığınız diqqəti cəlb edir. Şəmkirdə basketbol da oynadınız, futbol da. Hansını daha çox sevirsiniz?
- Ümumiyyətlə, idmanı çox sevirəm. Sağ olsunlar şərait yaratdılar. Şəmkirdə şahmat oynamaq üçün bütün şərait var. Fikrimcə, turnirlər adətən belə sakit yerlərdə keçirilməlidir. Futbolda "Real"ın oyunlarını izləyirəm. Basketbolla da maraqlanıram. İstirahət günü Şəmkirdə futbol turniri keçirildi, həmin yarışda bizim (əcnəbi şahmatçılardan ibarət dünya yığması) komanda qalib gəldi. Orada bacarığımı göstərdim.
- "Real" uduzanda Maqnus Karlsenə şahmat oynamaq çətin olmur?
- Bu klubu çox sevirəm. Amma şahmatla müqayisə etmək çətindir. Əlbəttə "Real" uduzanda təəssüflənirəm. Ona görə şahmat oyununa daha ciddi hazırlaşıram.
- Noyabrda şahmat tacı uğrunda ABŞ təmsilçisi Fabiano Karuanayla görüşəcəksiniz. Hazırlığa nə vaxtdan başlamaq istəyirsiniz?
- Azərbaycanda bu barədə çox soruşurlar. Bütün məsləhətlərə hazıram. Bu barədə komanda düşünür. Belə məsələləri, adətən, mətbuata açıqlamaq düzgün deyil. Qarşıda bizi Norveçdə keçiriləcək daha bir turnir gözləyir.
- Bir neçə dəfə dünya çempionu titulunu qorumağa nail olmusunuz. Sizcə Maqnus Karlsenin uğurunun sirri nədir?
- Bilmirəm necə cavab verim. Dünya çempionu olmaq uşaqlıq arzum idi. O zaman heç bu qədər uğurlu karyeramın olacağını düşünmürdüm. Bilirsiniz dünya çempionu olmaq insana əlavə güc verir. Amma müəyyən mənada həyəcanlanırsan. Nə vaxtsa titulunu itirəcəyəni fikirləşirsən. Mən belə deyiləm. Hər çempionluqdan sonra onu qorumağın yollarını axtarıram. Əgər uduzuramsa, deməli, zəif hazırlaşmışam. Səhvi özümdə axtarıram. Rəqibin güclü olmağı mənə maneə yaratmır. Yaxşı hazırlaşmamaq əsas səbəb olur.
- Kompüter inkişaf etdikcə şahmatçıların partiyalara rahat hazırlaşmasına kömək olur. Sanki əvvəllər olduğu qədər beyin işlətmək lazım deyil...
- Bu barədə çox fikirlər səsləndirilir. Şahmat hər il inkişaf edir. Əvvəllər partiyada çətin vəziyyətdən çıxış yolu axtarmaq üçün saatlarla düşünməyə ehtiyac var idi. Müasir zamanda isə kompüter bütün gedişləri bir-iki saniyəyə göstərir. Bununla belə, insan faktoru daha vacibdir. İnsanın axtarıb-tapdığı gedişi daha düzgün hesab edirəm. Hazırlıq zamanı kompüterdən istifadə edirəm. Məşqlərdə başqa şahmatçıya qarşı yoxlama görüşlərini daha vacib sayıram. Praktika olmasa, yaxşı formada qalmaq çətindir.
- Özünüzü şahmatın hansı fiquruna bənzədərdiniz? Hansı fiquru daha çox xoşlayırsınız...
-Bütün fiqurlar eynidir. Əlbəttə, güclü və ya zəif fiqurlar var. Amma mən onları düzgün istifadə etməklə hər birini bəyənirəm. Şahmatda asan qələbələri xoşlamıram. Çətin mübarizələri sevirəm. Asan qələbələr çox olacaqsa mən inkişaf etməyəcəm. Ona görə daha çox güclü rəqiblərlə mübarizə aparmaq istəyirəm. Fiqurları düzgün istifadə edəndə hər biri çox vacib olur.
MƏSLƏHƏT GÖR: