24 Noyabr 2024

Bazar, 00:21

DƏHLİZİN SONUNDAKI QAZ

Azərbaycanda nəhəng beynəlxalq layihənin rəsmi açılışı oldu

Müəllif:

01.06.2018

Bu il XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisinin açılışı regionun enerji sektorunun hər il keçirilən bu iri tədbirinin tarixində ilk dəfə olaraq sərgi salonunun divarları arasında yox, Səngəçal terminalında keçirildi. Burada mayın 29-da daha bir mühüm tarixi bir hadisə baş verdi - Cənub Qaz Dəhlizinin (CQD) rəsmi açılışı oldu. Dünyanın bu ən iri neft-qaz terminalının ərazisində dörd il əvvəl boru kəmərinin təməli qoyulmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, "İlk dəfədir ki, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur". Dövlət başçısı xatırladıb ki, CQD sərmayələri 40 milyard $-dan artıq olacaq böyük infrastruktur layihəsidir. "Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı",- deyə İlham Əliyev vurğulayıb, əməkdaşlığa görə regional tərəfdaşlara, eləcə də ABŞ, Böyük Britaniya və Avropa Birliyi dövlətlərinin hökumətlərinə əməkdaşlığa görə təşəkkür edib.

«Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub», - deyə Prezident bildirib.

Ümumiyyətlə, CQD-nin həyata keçirilməsində yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bununla yanaşı, üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Xorvatiya və Çernoqoriyanın sonrakı mərhələdə tərəfdaş kimi bu layihəyə qatılacağı gözlənilir. «Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır», - deyə İ.Əliyev bildirib.

O xatırladıb ki, CQD həm enerji mənbələrinin, həm də enerji marşrutlarının şaxələndirilməsində çox vacib layihədir. «Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib. İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi», - deyə İ.Əliyev bildirib.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirkin sözlərinə görə, Cənub Qaz Dəhlizi birgə çalışmaq, sülh şəraitində inkişaf etmək, Aralıq dənizinin şərq hissəsindən - İraq, Mərkəzi Asiya və Qafqazdan daha böyük həcmdə təbii qazın Avropadakı istehlakçılara çatdırmaq baxımından region ölkələri üçün yaxşı imkandır və o, şaxələndirmə məqsədilə yaradılıb.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson vurğulayıb ki, neft və qaz sənayesi «Birləşmiş Krallığın Azərbaycanla ticari münasibətlərinin təməl daşı olaraq qalır. İlk Xəzər Neft-Qaz sərgi və konfransının keçirilməsindən sonra biz birgə böyük uğurlara imza atmışıq».

Baş nazir Tereza Meyin Prezident İlham Əliyevə məktubunda isə bildirilirdi ki, Böyük Britaniya bizim ölkə ilə əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunda bildirilirdi ki, "TANAP-ın başa çatdırılması - hamımız üçün qürur qaynağıdır, bu layihə bölgənin taleyini dəyişəcək". O bildirib ki, boru kəmərinin açılışı Türkiyənin Eskişehir şəhərində 12 iyunda olacaq.

OPEK baş katibi Məhəmməd Barkindo açılış mərasimindəki çıxışında «ən çox neft hasil edən ölkələr arasında olduğunu nəzərə alaraq hasilatın könüllülük prinsipi əsasında uyğunlaşdırılması ilə bağlı OPEK-lə davamlı əməkdaşlıq apardığına», göstərdiyi dəstəyə və üzərinə götürdüyü öhdəliyə görə Azərbaycana təşəkkürünü ifadə edib. O bildirib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün mümkün imkanlarla bağlı tərəflər müzakirələrini davam etdirir.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin xatırladıb ki, Avropada yerli qaz istehsalının yaxın iyirmi il ərzində azalacağı gözlənilir. Cənub Qaz Dəhlizi mövcud təchizat marşrutlarına alternativ olacaq və artan mayeləşdirilmiş təbii qaz daşımalarına, “Şimal axını” kimi yeni əlavələrlə birlikdə idxal çatışmazlığını azaltmağa kömək edəcək.

“BP Group Upstream”in baş icraçısı Bernard Luney «Şahdəniz-2»ni «dəyişmələrə yol açan inqilabi layihə» adlandırıb. «Dünyanın ən böyük qaz layihələrindən biri kimi, bu layihənin Azərbaycanın qaz hasilatını ildə 16 milyard kubmetr artıracağı gözlənilir. Layihənin pik dövründə təkcə Azərbaycanda “Şahdəniz-2”də 24 min nəfərdən çox insan işləyib. Yerli vətəndaşlar üçün iş yerləri yaratmaqla bu layihə infrastrukturun inkişafına əhəmiyyətli töhfə verir. Bakı yaxınlığında modernləşdirilmiş dünya səviyyəli istehsalat sahələri, Xəzər dənizində analoqu olmayan “Xankəndi” qabaqcıl sualtı tikinti gəmisinin inşası, yerli resurslardan maksimum istifadə və ilk dəfə olaraq bütün dəniz qurğularının, o cümlədən dünya səviyyəli iki platformanın yerli resurslarla Azərbaycanda inşa edilməsi buna əyani misaldır», - deyə B.Luney vurğulayıb.

Qeyd edək ki, CQD-nin açılış mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində sərgi ilə tanış olublar. Qeyd edilib ki, keçən 25 ildə sərgi dünya miqyasından çox nüfuzlu kimi qəbul edilir və sərgiyə qatılan şirkətlərin və ölkələrinə sayı davamlı olaraq artır. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən, təxminən, 7500 şirkət iştirak edib. Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir.

Azərbaycanın beynəlxalq səviyyədə ixtisaslaşdırılmış ilk sərgisi “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibəti ilə həmçinin unikal poçt markaları buraxılıb və sərgilərin ənənəvi təşkilatçısı “İTECA Caspian” və onun tərəfdaşı «ITE Group»un rəhbərliyinə xüsusi beynəlxalq mükafat verilib.



MƏSLƏHƏT GÖR:

370