Müəllif: Nadir SƏNANOĞLU
Azərbaycan paytaxtı daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi edib. Bu dəfə Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirilib.
Açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin, həmçinin veteranların mübarizəsinə start verilib. Dünya Çempionatında Azərbaycan səkkiz idmançı ilə təmsil olunub. “Challenge” kateqoriyasında yarışan velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas, Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış ediblər. Elit kateqoriyasında yarışan Aqşin İsmayılov isə iyunun 8-də start xəttində bacarığını nümayiş etdirib.
Oğlanlar arasında yeddi kateqoriyada təşkil olunan yarışlarda 5-6 yaşlı velosipedçilər arasında ABŞ idmançısı Keyn Şultheys birinci olub. 7 yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib - Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb. Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birincilik əldə edib. 9 yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci yeri yeri tutub. 10 yaşlı velosipedçilər arasında Avstraliyanın digər təmsilçisi Tama Onekava fərqlənib. ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında çempion olub. 12 yaşlı velosipedçilərin mübarizəsində digər ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızlar arasında 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. 9 yaşlıların mübarizəsində kolumbiyalı Qvadalupe Palasios Palomek, 10 yaşlılar arasında isə ABŞ idmançısı Taylor Sprat birinci olub. 11 yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci yeri tutub. 12 yaşlıların mübarizəsində isə Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub.
Mükafatlandırma mərasimində Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartien, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak ediblər.
Turnirin son günü yarışın keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq Dünya Çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib. Qeyd edək ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.
Son yarış günündə gənclər və Elit kateqoriyasında qaliblər müəyyənləşib. Gənc qızların mübarizəsində hollandiyalı İndi Şipers 38.038 saniyə nəticə ilə hamıdan üstün olaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.
Gənc oğlanların yarışında birinci yeri 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan tutub. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurub.
Elit kateqoriyada yarışan qadınlar arasında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35.690 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau bürünc medala sahib olub.
Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk 2 pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31.426 saniyə nəticə ilə Silven Andre birinci olub. Onun komanda yoldaşı Joris Dode ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezekel de Souza Filho tamamlayıb. Qaliblərə medalları Beynəlxalq Velosipedçilər İttifaqının vitse-prezidenti Renato Di Rokko, qurumun BMX komissiyasının sədri və İdarə Heyətinin üzvü Artur Lopes, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.
İlk üç pillədə qərarlaşan idmançılara medal və çempionatın rəsmi talismanı olan Qafqaz bəbiri, qalib idmançılara isə çempionluq köynəyi verilib. Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. Qeyd edək ki, Dünya Çempionatında 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib.
BMX üzrə Dünya Çempionatı ilə əlaqədar Bakıda olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Qonaq daha sonra jurnalistlərə açıqlamasında dövlət başçısıyla görüş barədə danışıb: “Prezident İlham Əliyevlə görüşmək mənim üçün çox böyük şərəfdir. Ölkənizdə idmanın bütün növləri kimi, velosiped idmanının da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdaram”.
Ölkəmizə səfərə gələrkən, ilk növbədə, Dünya Çempionatının keçirildiyi Bakı Veloparkına baş çəkdiyini vurğulayan David Lappartyen yarışın yüksək səviyyədə keçirildiyini qeyd edib: “Nəinki Veloparkın ərazisi, ümumiyyətlə, burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı. Mən 2015-ci ildə ilk Avropa Oyunları zamanı burada olmuşam. O vaxtdan bu günədək trek yenidən qurulub, səviyyəsi artırılıb. Bu, bizi çox sevindirir. Bu il BMX üzrə Dünya Çempionatında 43 ölkədən 1500-dən çox idmançının iştirak etməsi bu idman tədbirinin uğurunun göstəricisidir. Biz Dünya Çempionatının yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Məşqçilər, idmançılar və onların valideynləri ilə söhbətlərimizdə çempionatın yüksək səviyyədə təşkil edildiyi bildirildi”.
“UCI-nin prezidenti seçildikdən sonra bir sıra mühüm tədbirlər həyata keçirmişik. İlk növbədə, milli federasiyalara dəstək göstərməyə çalışırıq. Əsas məqsədimiz bütün ölkələrdə velosiped idmanının inkişafına nail olmaqdır. Buna görə bütün ölkələri bu prosesə cəlb edəcəyik. Biz dopinqə və digər mənfi hallara qarşı amansız mübarizə aparmaqda davam edəcəyik. Əsas məqsədlərimizdən biri də velosiped idmanını əsrin idman növünə çevirməkdir”.
MƏSLƏHƏT GÖR: