Müəllif: Sənan ŞƏFİZADƏ
İspaniyanın Qvadalaxara şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatı Azərbaycan millisi üçün ikiqat uğurlu olub. Yığmamız qitə birinciliyini iki medal və Minsk-2019-a iki vəsiqə ilə başa vurub.
Azərbaycan gimnastlarının ilin ən mötəbər yarışlardan birində uğur qazanması ölkə idmanı tarixində yeni səhifə açıb. Sirr deyil ki, bədii gimnastikada Rusiya, Belarus, Ukrayna, Bolqarıstan kimi ölkələr istənilən yarışın favoritlərindən sayılır. Onlarla mübarizə apararaq ilk üçlükdə yer almaq çox çətin görünür. Bununla belə, idmançılarımız Qvadalaxarada əzmkar mübarizəylə ölkə idmanının nüfuzunu layiqincə qoruyub. Musiqi seçimi, çətin hərəkətlərin ustalıqla nümayişi qitə birinciliyində həm tamaşaçıları, həm də rəqibləri valeh etdi.
Fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə dörd alət üzrə finala vəsiqə qazanan Arzu Cəlilova topla çıxışına görə fəxri kürsüdə yer alıb. 17,100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan təmsilçimiz karyerasında ən uğurlu nailiyyətinə imza atıb.
Həm halqa, həm də gürzlərlə finalda xalçaya çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq, 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.
Fərdi yarışlarda böyüklər arasında isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil edib. Hər 4 alət üzrə ümumi nəticəyə əsasən Veronika 61,250 xalla 22-ci yerdə qərarlaşıb. 63,200 xal toplayaraq 18-ci olan Zöhrə isə 2019-cu ildə baş tutacaq Avropa Oyunlarına vəsiqəni təmin edib.
Komandamızın növbəti bürünc medalı isə 3 top - 2 iplə mübarizə aparan yığmamızdan gəlib. Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik 20,350 xalla fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. Bununla qrup hərəkətləri üzrə Azərbaycan yığması həm də 2019-cu ildə Belarusda təşkil olunacaq Avropa Oyunlarında iştirak etmək imkanı qazanıb.
Nəticədən razı olan bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyeva “R+”a açıqlamasında gimnastlarının hazırlığından danışdı: “Qitə birinciliyi ilin ən böyük yarışlarından biridir. Yarışda Avropanın ən güclü komandaları mübarizə aparır. Mötəbər yarışda iki bürünc medal qazanmaq böyük nəticədir. Üstəlik, hər ölkəyə verilən maksimum sayda - iki lisenziya əldə etmək qızların yüksək səviyyədə çıxışından xəbər verir. Gimnastlarımızın çıxışından razıyam. Qarşıda komandanı böyük yarışlar gözləyir. Ona görə məşqlərdə daha səylə çalışmaq lazım olacaq”.
İspaniyada əldə olunan medalların Azərbaycanda gimnastikanın inkişafına yaradılan şəraitin bəhrəsi olduğunu vurğulayan M. Vasilyeva, buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
Yığmanın kapitanı Siyana Vasilyeva da təəssüratlarını bizimlə bölüşüb. Gimnast Avropa Çempionatında əldə olunan bürünc medalı yüksək nəticə kimi dəyərləndirib: “Bütün gimnastika həvəskarlarını təbrik edirik. Federasiya rəhbərliyi və məşqçilərə “çox sağ ol” deyirik. Bürünc medal Avropa Çempionatı kimi güclü yarışda böyük nəticədir”.
Milli komandamızın üzvü Ayşən Bayramova da hisslərini belə ifadə edib: “İspaniyada yaşadığımız sevinci sözlə izah etmək çətindir. Təsəvvür edin, finaldan sonra nəticəni gözlədiyimiz dəqiqələr bizə çox uzun göründü. Hakimlərin verdiyi xalı ekranda görəndə özümüzü dünyanın xoşbəxti kimi hiss etdik. Avropa Çempionatı kimi nüfuzlu yarışda bürünc medal qazanmaq böyük nəticədir”.
Karyerasında dördüncü Avropa Çempionatında iştirak edən Aliyə Paşayeva da eyni fikirdədir: “Karyeramda ikinci dəfə bürünc medala layiq görülürəm. Bütün komandamızı yenidən təbrik edirəm. Çox sevinirik ki, Azərbaycanı layiqincə təmsil etdik”.
Qeyd edək ki, Bakı daha bir mötəbər gimnastika yarışına ev sahibliyi edəcək. İyunun 23-də Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçiriləcək. Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) Olimpiya Oyunlarına vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.
Ən mötəbər turnirə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar. Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə lisenziya qazanacaq.
MƏSLƏHƏT GÖR: