23 Dekabr 2024

Bazar ertəsi, 14:56

ONUN QƏLBİNİN TELLƏRİ

Vamiq MƏMMƏDƏLİYEV: «Öz təcrübə və biliklərimi özümlə aparmağı günah sayıram»

Müəllif:

15.06.2018

Vamiq Məmmədəliyev. O, tarı əlinə alıb simlərə toxunan zaman ətraf inanılmaz musiqi ilə dolur - kainat qədər qədim və sehrli musiqi. Bu gözəl ifaçının çalğısı yalnız ürək döyüntüsü ilə, onun ahəngi isə ruhun zərifliyi ilə müqayisə edilə bilər. Vamiq Məmmədəliyevin ifa etdiyi hər bir muğamda bütöv bir ömür yaşayır. Musiqiçinin fikrincə, muğam qan kimi azərbaycanlıların damarlarında axır, hətta dərhal olmasa da, ona qarşı anlayış və sevgi mütləq millətin hər bir nümayəndəsinin qəlbində yer tapır. May ayının sonunda Vamiq müəllim «Azərbaycanın xalq artisti» fəxri adına layiq görülüb, iyunun əvvəlində isə o, 72 yaşını qeyd etdi. Tanınmış musiqiçi, xalq artisti, prezident təqaüdçüsü Vamiq Məmmədəliyev «R +»a tara sevgisi, uşaqlığı və gəncliyi barədə danışıb.  

- Vamiq müəllim, sizi «Xalq artisti» adı almağınız münasibətilə ürəkdən təbrik edirik! Yəqin ki, ad gününüz ərəfəsində belə bir hədiyyə almaq çox yaxşı oldu? İyunun 9-da 72 yaşınız tamam oldu, bununla bağlı da sizi təbrik edirik!

- Təşəkkür edirəm! Hər şeydən əvvəl, qeyd etmək istərdim ki, mənim üçün fəxri ad almağımı qeyd etmək ikiqat sevincdir. Mayın 28-də mən də bütün ölkə vətəndaşları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd etmişəm. Əlbəttə ki, sevildiyimi və qiymətləndirildiyimi bilmək gözəldir. Yaradıcılığımı belə yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Mən bütün həyatımı musiqiyə, muğama vermişəm. Mən dünyanın hər yerində Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən gələni etmişəm. Mənə bu dünyada Yaradan tərəfindən nə qədər vaxt ayrılıb, bilmirəm, amma çalışıram ki, Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti və ənənələri haqqında mümkün qədər çox insan öyrənsin.  

- Tara marağınız hardan qaynaqlanıb?

- Mən Kürdəxanı kəndində böyük və mehriban bir ailədə doğulmuşam. Biz səkkiz uşaq idik: beş qardaş və üç bacı. Atam terapevt, anam mama-ginekoloq idi. Qəsəbədə onlara hörmət edir, dəyər verirdilər. Müharibədən sonrakı illər idi, demək olar ki, bütün ölkə yoxsulluq içində yaşayırdı. Ağ çörək və şəkər biz uşaqlar üçün əsl nemət idi. Ancaq bütün çətinliklərə və sınaqlara baxmayaraq, biz həyatdan şikayətlənmirdik. Özümü xatırlayandan evimizdən hər zaman tar səsi gəlib. Atam bu musiqi alətində gözəl çalırdı və bizi də öyrətməyə çalışırdı. Mən altı ya da yeddi yaşımda olardım, atam "Yeri ha yeri" mahnısını çalırdı, mən dinlədikcə deyirdim ki, kaş ki, mən də belə çala biləydim. Həmin dövrdə mənim böyük qardaşlarım yerli klubda musiqi dərnəyinə gedirdilər və mən səssizcə qapının açar yerindən baxıb onların çalğısını dinləyirdim. 12 yaşım olanda valideynlərim məni eyni musiqi dərnəyinə yazdırdılar. İlk müəllimim Dərdayıl Aydəmirov idi, o mənə çox şey öyrədirdi və mən bu günə kimi ona çox minnətdaram. Uşaqlıqda mən solaxay idim və mən "sağ əl"li alətlə çalmağa uyğunlaşmaq üçün uzun müddət məşq etmişəm.

1963-cü ildə qəsəbə uşaq bağçasında musiqi müəllimi lazım olduğunu eşitdim, uşaq bağçasının rəhbərliyinə müraciət etdim və onlar məni işə götürdülər. Bayramlarda uşaqları müşayiət edirdim, onlara xalq mahnılarını öyrədirdim. Bir il sonra Kürdəxanıda musiqi dərnəyi açdım, burada 25 oğlan uşağı tar çalmağı öyrənirdi. Yadımdadır ki, o vaxt hər şagird dərnəyə ayda 5 manat ödəyirdi və mən evə yaxşı qazanc gətirirdim. Böyük qardaşım Nasim kamança çalırdı və biz tez-tez ənənəvi toyqabağı mərasimlərə - xınayaxdıya, paltarbiçdiyə, eləcə də toylar, ad günlərinə, müxtəlif ailə şənliklərinə çağırırdılar. İnsanlar onda yoxsul yaşayırdılar, lakin çox mehriban və səmimi idilər. Çıxışlarımıza görə bizə konfet və şirniyyatlarla dolu dəsmal, yəni boxça verirdilər, biz də minnətdarlıqla qəbul edirdik. O vaxt musiqiçilərə böyük hörmət edirdilər (gülür). Qəsəbə ilə əlində tar ilə gedirsən, hər kəs səninlə hörmətlə salamlaşır və sən özünü yer üzünün ən xoşbəxt insanı kimi hiss edirsən.

Sonra mən əsgər getdim. Astarada xidmət edirdim. Hərbi hissəyə gəlib çatan kimi valideynlərimin mənim sevimli tarımı gətirməsini istədim. Beləliklə, ordu illərim də musiqi və mahnılarla keçdi.

- Ordudan sonrakı həyatınız necə alındı?  

- Əvvəlcə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə, sonra isə Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Ona qədər isə mən xalq artisti, xanəndə, xalq musiqisi və muğamların böyük bilicisi və ifaçısı Hacıbaba Hüseynovun yanında məşğul olmuşdum. Xalq mahnılarını necə çalmağım onun xoşuna gəlirdi. Bir dəfə məni dahi Üzeyir Hacıbəyovun yaxın dostu və böyük tarzən Əhməd Bakıxanova təqdim etmək niyyətində olduğunu söylədi. Mən, əlbəttə ki, utandım və həyəcanlandım, ancaq müəllimimə etiraz etmədim. Küçədə soyuq və ayaz var idi. Biz Bakıxanov öz ansamblı ilə məşq etdiyi səhiyyə işçilərinin mədəniyyət evinə çatana kimi mənim əllərim elə donmuşdu ki, barmaqlarımı tərpədə bilmirdim.  

Əhməd müəllim tarda bir şey çalmağımı istəmişdi, amma soyuqdan qurumuş əllərim sözümə baxmırdı. Amma nə olursa olsun, mən tarda "Xaric segah"ı çaldım. Bütün ürəyimi bu musiqiyə qoydum. Əhməd Bakıxanov mənə diqqətlə qulaq asdı və Hacıbaba Hüseynova dedi: "Sən bir, bax, necə ürəklə çalır". Mənim üçün bu, ən yüksək tərif idi! Bundan sonra məni Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə götürdülər. Təəssüf ki, bir il sonra Əhməd Bakıxanov vəfat etdi, mən isə Bəhram Mansurovun yanında məşğul olmağa başladım.

Konservatoriyaya girəndə 35 yaşındaydım. Ali təhsil diplomunu 39 yaşımda aldım. Mən, yəqin ki, o vaxt ali məktəbin ən böyük tələbəsi idim (gülür). Bəzi müəllimlər mənə hörmətlə «müəllim» deyə müraciət edirdilər. Mənə Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi muğam ustaları dərs keçiblər.  

Mən onların hər birinə minnətdaram, çünki onlar mənə çox şey öyrətdilər, çox şey verdilər. Müəllimləri həmişə xatırlayacağam. Hələ tələbə ikən 1982-ci ildə mənim ifa etdiyimi "Xaric segah", "Rahab", "Bayatı-Şiraz" kimi muğamlar dövlət radiofonduna salınmışdı. Gənc musiqiçinin, xüsusilə də bir tələbənin yaradıcılığı üçün, bu, çox yüksək qiymət idi. İki il sonra mənim ifamda daha üç muğam - «Humayun», «Bayatı Qacar» ​​və «Rahab» radioarxivə daxil edildi.

- 1985-ci ildə isə sizin ifa etdiyiniz "Xaric segah" və "Rahab" muğamı ümumittifaq səsyazma firması olan "Melodiya"da vala köçürülüb və böyük tirajla nəşr olunub. Ümumittifaq səviyyəsinə çıxmaq çətin idimi?

- Çox çətin idi. O dövrdə bu səviyyədə bir plastinka SSRİ-nin bütün musiqiçilərinin arzusu idi. Həmin plastinka hələ də mənim ev arxivimdə saxlanılır. 1989-cu ildə mən ilk dəfə beynəlxalq festivalda iştirak etmişəm - "Falun Folkmusic Festival"da. İsveçdə keçirilən bu populyar folklor festivalında 30-dan çox ölkənin nümayəndələri iştirak edirdilər. Azərbaycan muğamı münsiflər heyətini fəth etdi və mənə birinci yer verdilər. Beş ildən sonra Fransanın ən böyük səsyazma şirkətlərindən biri olan «Maison Des Cultures Du Monde» mənim ifamda iki muğam - «Nəva» və «Rahab»ı yazdı.

Albomun buraxılması münasibətilə Parisdə böyük bir təqdimat təşkil edildi. Disk bir çox Avropa ölkəsində böyük tirajla nəşr edildi və böyük müvəffəqiyyət qazandı. Avropalılar muğamla maraqlandılar - bu musiqi, onların fikrincə, Yaradanla ən yüksək səviyyədə dialoq, kosmosla hansısa ünsiyyət sirri kimi səslənirdi (gülümsəyir). Bilirsiniz, mən musiqinin mənə nə qədər gəlir gətirə biləcəyi barədə heç vaxt düşünməmişəm. Mənim üçün pul hər zaman sonuncu yerdə olub. Mən muğamla yaşayırdım, o, sanki genetik səviyyədə mənim taleyimə yazılmışdı.  

Uşaqlıqdan yalnız musiqiçi olmaq istəyim vardı, tarda - bu xalq aləti çalmaq arzusunda idim. Əminəm ki, qarşına bir hədəf qoysan və ona doğru hərəkət etsən, ürəkdən bir şeyi istəsən - o, mütləq gerçəkləşəcək. Bir arzuya çatmaqda əhəmiyyətli rol, əlbəttə, istedad oynayır, amma onu da inkişaf etdirmək lazımdır. Daim öz üzərində işləməli, oxumalı, çalmalı, təcrübə qazanmalı, yeni şeylər öyrənməli, təhsil almaq lazımdır. Bilirsiniz, mən musiqiçilərin gənc nəslinə muğam barədə mümkün qədər çox məlumat verməyə çalışıram. Hesab edirəm ki, təcrübə və biliklərimi özümlə aparmaq günahdır.

Tar, həqiqətən, digər xalq alətləri kimi, özünə qarşı yaramaz münasibətə dözmür. Bu, çox mürəkkəb və şıltaq bir alətdir. Onu tam səsi ilə "oxutmaq" üçün uzun müddət və qayğı ilə kökləmək lazımdır. Tarın çox həssas və incə simləri var. Adama elə gəlir ki, artıq aləti kökləmisən, amma otağa girib qayıtdıqdan sonra görürsən ki, simlər lazım olan kimi səslənmir.  

- Sizdə misdən hazırlanmış antik qabların böyük bir kolleksiyası var. Bu hobbiniz nədən başladı?

- Evimizdə ulu nənələrdən və nənələrdən qalma köhnə mis cəmlər, qazanlar, qədim mətbəx ləvazimatları çox idi. Hər dəfə onları əlimə alanda qabların səthindəki cızıqları və əzikləri görürəm, evimizi və doğmalarımızı xatırlayırdım. Mən həmişə antik əşyaları xoşlamışam. Onlar sanki bizi keçmişə qaytarır, atalarımızla hansısa bağ hiss etməyə imkan verir. Mənə antik əşyalar xoş gəldiyindən bazarlarda köhnə qabları almağa başladım. Hazırda mənim kolleksiyamda 300-dən çox mis qab, üç qədim patefon və bir neçə samovar var.

- Ailəniz haqqında bizə məlumat verin. Uşaqlarınızdan və ya nəvələrinizdən hansısa biri sizin izinizlə gedirmi?

- Üç oğlum və bir qızım var. Oğullarım həyatlarını televiziyaya həsr ediblər. Böyük oğlum İqbal - "ARB Aran" telekanalının rejissoru, prodüseri, baş direktorudur, həmçinin "ARB Media Qrup" şurasının üzvüdür, ortancıl oğlum Salam və kiçik oğlum Qurban İctimai TV-də işləyirlər. Qızım Nərminə 113 saylı Bakı orta məktəbində ingilis dili dərsi keçir. Təəssüf ki, uşaqlarımın heç biri mənim izimlə getmədilər, baxmayaraq ki, onların musiqi qabiliyyətləri var. Amma mən heç vaxt onlara təzyiq göstərməmişəm. Onlar öz seçimlərini etdilər. Mənim 11 nəvəm var və bəlkə də, onlardan biri bir gün tarı əlinə alacaq və mənim işimi davam etdirəcək. Mən özüm yer üzündə ən xoşbəxt insan hesab edirəm. Böyük, mehriban ailəm, sevimli işim var, xalqın sevgisini qazanmışam - xoşbəxtlik üçün insana başqa nə lazımdır?



MƏSLƏHƏT GÖR:

440