Müəllif: Fasim ƏLİZADƏ
Artıq uzun müddətdir ki, Azərbaycanla Avropa Birliyi (AB) arasında ticari-iqtisadi əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət alıb və bu gün ölkənin ümumi ticarət dövriyyəsinin 42%-i AB ölkələrinin payına düşür. Bundan əlavə, Azərbaycan Avropa Birliyinin 24 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş bağlayıb, doqquz ölkə ilə strateji tərəfdaşlıq barədə bəyannamə imzalayıb, həmçinin 17 hökumətlərarası komissiya və işçi qrupu da fəaliyyət göstərir.
Odur ki, avropalı investorların Azərbaycanda aparılan islahatlara və sərmayə mühitinə verdikləri qiymət ölkədəki iqtisadi proseslərin bütün iştirakçıları üçün maraqlıdır. "Azərbaycan-Avropa Birliyi" IV Biznes Forumunda ölkənin bütün dövlət qurumlarının nümayəndələrinin iştirakı da bununla izah edilə bilər.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov çıxışında bildirib ki, son 5 ildə Avropa Birliyindən Azərbaycana yatırılan sərmayələrin həcmi 15,3 milyard dollara çatıb: "Hazırda ölkədə AB ölkələrindən 1,5 min şirkət fəaliyyət göstərir. 2012-ci ildən bu yana Avropa Birliyinə üzv olan ölkələrin iştirakı ilə 130 tədbir təşkil edilib", - deyə Məmmədov bildirib.
Nazir müavini bildirib ki, Azərbaycanda struktur islahatları həyata keçirilir, qeyri-neft ixracını stimullaşdırmaq üçün addımlar atılır. "Yalnız sənaye parklarına işgüzar dairələr tərəfindən 1,1 milyard dollar əlavə sərmayə qoyulacaq, indiyə kimi isə artıq 2,5 milyard dollar sərmayə yatırılıb. Ümumi dəyəri 2,5 milyard manata bərabər olan 276 investisiya layihəsinin icrası çərçivəsində investisiya təşviqi sənədləri verilib", - deyə R.Məmmədov vurğulayıb.
Onun həmkarı, iqtisadiyyat nazirinin digər müavini Sevinc Həsənova isə son islahatların sahibkarların fəaliyyətinə təsirini sübut edən statistikanı xüsusi vurğulayıb. "Sahibkarların yoxlanılmasına moratorium tətbiqindən bəri keçən 30 ay ərzində yalnız 194 yoxlama keçirilib, halbuki moratoriuma qədər uyğun müddətdə onların sayı 148 minə çatırdı. Eyni zamanda tələb olunan lisenziyaların sayı 59-dan 37-ə endirilib və icazələr müddətsiz verilib", - deyə Həsənova vurğulayıb.
Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyətə başlamasından bu yana 2.2 mlrd. manat həcmində güzəştli kreditlər verib. "Bununla da, fondun vəsaitləri sayəsində sahibkarların maliyyə resurslarına çıxış məsələsi qismən həll edilib", - deyə nazir müavini bildirib.
Dünya Bankının tanınmış «Doing Business» hesabatında da əhəmiyyətli islahatların həyata keçirildiyi əksini tapıb. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, işçilərin qeydiyyatı da daxil olmaqla, biznesə başlamaq üçün cəmi iki biznes proseduru və iki gün tələb olunur. "Bir pəncərə" vasitəsilə tikinti icazələrinin alınması üçün prosedurların sayı 21-dən 9-dək azalıb, elektrik enerjisinə çıxış üçün posedurların keçənilki 7-dən bu il 2-yə endirilib, bunun üçün tələb olunan gün sayı isə 69-dan 20-dək azalıb.
Ötən il ərzində həmçinin vergi ödənişləri ilə bağlı məsələlər həll olunub, ƏDV-nin geri qaytarılması müddəti 45 gündən 20 günə endirilib, kameral yoxlamaların aparılması isə 30 günlə məhdudlaşdırılıb. «Elektron məhkəmə (elektron ödəniş, elektron protokol, göstərişlərin elektron icrası, elektron kabinet və s.) sahəsindəki islahatlar «Doing Business» hesabatında «Müqavilələrin yerinə yetirilməsi" indikatoru üzrə Azərbaycanın mövqeyini gücləndirəcək», - deyə V.Qasımlı bildirib.
Beynəlxalq ekspertlər də Azərbaycanda həyata keçirilən islahatların effektivliyini təsdiqləyirlər. Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri (DB) Navid Hasan Naqvi qeyd edib ki, Azərbaycanda makroiqtisadi vəziyyət xeyli yaxşılaşıb və Dünya Bankının proqnozuna görə, ölkə iqtisadiyyatı 2018-ci ildə 2% və 2019-cu ildə 3-4% artacaq. Yəni müsbət meyillər göz qabağındadır, məsələn, neft qiymətlərinin aşağı olduğu çətin şəraitində qeyri-neft sektorunda artım əldə edilib.
Lakin iqtisadiyyatın neftdən yüksək asılılığı kimi amillər hələ də narahat etməkdə davam edir, buna görə də struktur islahatların davam etdirilməsi vacibdir. Özü də, bu islahatların əsasında insan kapitalının inkişafına sərmayələr dayanmalıdır. Beləliklə, Dünya Bankının meneceri təhsil sahəsinə lazımi investisiyaların yatırılmasını vacib sayır.
AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə Avropa Komissiyasının Baş Direktorluğunun "Şərq tərəfdaşlığı" departamentinin rəsmisi Lourens Meredit qeyd edib ki, Avropa Birliyi Azərbaycanda islahatların keçirilməsinə yardım etməyə hazırdır - bu məsələdə ən effektiv vasitə tvinninq layihələrdir. Yeri gəlmişkən, region üzrə müxtəlif dövlət qurumlarında tvinninq layihələri ən çox məhz bizim ölkədə gerçəkləşdirilib ki, bu, idarəetmə strukturunun təkmilləşdirilməsi və mövcud hüquqi aktları beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində müsbət nəticələr verir.
L.Meredit vurğulayıb ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının şaxələndirilməsi, o cümlədən innovativ layihələrin həyata keçirilməsi üçün tədbirləri davam etdirməlidir. "Azərbaycan kiçik və orta biznesin inkişafına kömək etməlidir. Məsələn, Avropada istehsalın 60%-i kiçik müəssisələrin payına düşür, Azərbaycanda isə bu göstərici yalnız 10%-dir. Bu istiqamətdə Avropa Birliyi Azərbaycana lazımi yardımları göstərməyə hazırdır", - deyə o vurğulayıb.
Ancaq AB-dən olan biznes nümayəndələri Azərbaycanda keçirilən islahatların gedişindən razıdırlar ki, bu, AB-nin 2018-ci il üçün Azərbaycanda işgüzar mühitin vəziyyətinə dair hesabatında göstərilib. Sorğuda iştirak edən Avropa şirkətlərin 82% -i elektron vizaların verilməsi portalının (e-Visa Portal xidməti) işə salınmasını bəyəniblər. Bu yeniliyin tətbiqi nəticəsində viza almaq müddəti azalaraq müraciətin təqdim edildiyi gündən başlayaraq üç günə enib ki, bu da xarici şirkətlərin Azərbaycanda fəaliyyəti məsələsində mühüm rol oynayır. İkinci yerdə (55%), respondentlərin fikrincə, sahibkarların yoxlanılmasına moratoriumun genişləndirilməsi gəlir. Üçüncü yeri isə gömrük sistemində aparılmış islahatlar tutur (50%), dördüncü yer isə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına verilib.
Xarici şirkətlərin ölkədə biznesin genişləndirilməsi imkanları ilə bağlı sorğusunun nəticələri xüsusi maraq doğurur. Beləliklə, Avropa biznesmenlərinin 66%-dən çoxu bugünkü reallıqlarda Azərbaycana sərmayələrini artırmağa hazırdır. Digər 24% isə bildirib ki, müəyyən islahatlar gözləyirlər və yalnız 10%-ni sərmayələrini artırmaq niyyətində deyillər.
Qeyd edək ki, sorğu 131 respondent arasında aparılıb. Yəni yuxarıda göstərildiyi kimi, AB-dən olan şirkətlər ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair ümumi islahatlardan razıdırlar. Onların Azərbaycandan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək və hətta genişləndirmək istəyi bu islahatların dərinləşdirilməsi üçün əlavə stimul ola bilər.
MƏSLƏHƏT GÖR: